Calxanqala Qala - Wikipedia
Çalxanqala — Naxçıvan şəhərindən 22 km şimal-qərbdə, təbii cəhətdən əlverişli mövqedə yerləşən Tunc dövrünə aid qala.[1]
Çalxanqala | |
---|---|
Ölkə | Azərbaycan |
Yerləşir | Çalxanqala |
Tikilmə tarixi | Tunc dövrü |
İstinad nöm. | 50 |
Kateqoriya | Qala |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
|
Ümumi məlumat
redaktəQala Payız kəndi yaxınlığında, Cəhriçayın sağ sahilində, hündür təpə üstündə yerləşir. İri qaya daşlarından bərkidici məhlul işlədilmədən hörülmüşdür. Qalaya təkcə cənub tərəfdən giriş yolu vardır. Tunc dövrü siklop tikililərinin ən yaxşı qorunmuş nümunələrindən olan Çalxanqalanın dövrümüzədək gəlib çatmış divarlarının uzunluğu 450 m, hündürlüyü 2,5 – 3 m, eni 2,7 – 3 m-dir.[2]
Çalxanqalanın Naxçıvan ərazisində e.ə. II minillikdə təşəkkül tapmış iri tayfa ittifaqının əsas müdafiə qalası olduğu güman edilir.[1]
Tədqiqi
redaktəÇalxanqala ərazisində arxeoloji tədqiqatlar 1978-ci ildə Naxçıvan arxeoloji ekspedisiyası tərəfindən aparılmışdır. Tədqiqatlar zamanı qalınlığı iki metr olan mədəni təbəqə müəyyənləşdirilmişdir.
Aşınma nəticəsində mədəni təbəqə dağılmış, zəngin arxeoloji materiallar üzə çıxmışdır. Müəyyən edilmişdir ki, mədəni təbəqə kül qarışığı gil laylarından ibarət olub, maddi mədəniyyət qalıqları ilə zəngindir. Buradan keramika məmulatı qalıqları, xırda buynuzlu heyvan sümükləri, çaxmaqdaşı qırıntıları tapılmışdır.
Gil qablar əsasən üzəri qara və qırmızı rənglərlə naxışlanmış monoxrom boyalı qablardan ibarətdir. Dalğalı və düz xəttlərlə, cızma ornamentlərlə bəzədilmiş boz və qırmızı rəngli sadə gil qablara da təsadüf olunmuşdur. Tapıntılar arasında tufdan düzəldilmiş dən daşları, həvəngdəstələr, sürtkəclər və sair əşyalar da vardır.[2]