Cay Dereleri - Wikipedia
Azərbaycanın müasir, əsasən, mövsümi, qismən daimi çayları qar, buzlaqlar, yağış və yeraltı sularla qidalanmaqla müxtəlif formalaşma xüsusiyyətlərinə, mürəkkəb quruluşa, qədim inkişaf tarixinə malik olan dərə şəbəkəsi əmələ gətirir və relyefin təkamülündə əhəmiyyətli rol oynayır. Ərazinin müxtəlif hissələrində inkişaf etmiş çay şəbəkəsi morfoloji xüsusiyyətlərinə, yaşına, tektonik strukturlarla münasibətinə, uzunluqlarına, terras səviyyələrinin sayına, sululuq dərəcəsinə və sutoplayıcı hövzələrinin ölçülərinə görə fərqlənirlər.[1]
Çay dərələrinin orta hissəsi əsasən ortadağlıqda yerləşir və bu hissədə, əsasən, yataq nisbətən genişlənir və terras səthləri aydın seçilir. Əksər çay dərələrinin yamaclarının meyilli və astanalı olması burada da davam edir, onların dərinliyi 2000 metrə çatır. Buna baxmayaraq yataqda allüvi və sel materialları toplanır. Ana süxurlar isə daha çox meyilli və astanalı sahələrdə səthə çıxır.
Çay dərələrinin aşağı hissəsi alçaqdağlığa və onların dağətəyi maili düzənliklərə çıxan sahələrinə uyğun gəlir. Bu hissədə çay dərələri xeyli genişlənir, dərinliyi isə 200-500 metrdəın artıq olmur. Səthi nisbətən hamar olub, geniş sahəni əhatə edən akkumulyativ terraslar formalaşır. Cənub yamacın gətirmə konuslarının zirvələri bir qayda olaraq burada yerləşir və burada akkumulyasiya prosesi üstünlük təşkil edir. B.Ə.Budaqova görə akkumulyasiyanın güclü olduğu bəzi selli çayların yatağı bir neçə il ərzində 1-2 metr yüksəlmişdir.[1]
Qusar maili düzənliyinin çay dərələrinin bu hissəsi qutuvari quruluşa malikdir. Samur-Dəvəçi ovalığının bu hissəyə uyğun gələn çayları çox ensiz (25-50 m) və dayaz (5-6 m) olub, yarğanvari dərələrlə axır.[1]
Kiçik Qafqazın çay dərələri
redaktəKiçik Qafqazın çay dərələri isə ərazinin geoloji strukturlarını eninə, çəpinə (diaqonal), bəzi yerlərdə isə uzununa istiqamətdə kəsir və onların genişlənmiş hissələri müasir relyefdə dağarası sinklinal quruluşlu çökəkliklərə uyğun gəlir və yaxşı saxlanılmış terras kompleksləri ilə səciyyələnir. Kiçik Qafqazın Azərbaycan hissəsində dərə morfogenezinə həsr olunmuş əsaslı tədqiqat işləri B.A.Antonov, B.Ə.Budaqov, M.A.Müseyibov, M.Ə.Abbasov, N.Ş.Şirinov, R.Y.Quliyev, X.K.Tanrıverdiyev, H.A.Xəlilov, V.D.Hacıyev, V.A.Quluzadə, R.S.Abdüllayev və başqaları tərəfindən aparılmışdır. Ərazinin müasir çay dərələri mürəkkəb plan quruluşuna malik olub, qədim inkişaf tarixi ilə səciyyələnir. Onlar bütün Kiçik Qafqaz məkanında radial planda, respublika ərazisində isə şimal - şərq, şərq, cənub - şərq istiqamətlərində olub, əsas və çoxlu sayda xırda çayların fəaliyyətinin nəticəsi kimi formalaşır. Əsasən, Kürün - sağ, Arazın - sol qollarından ibarət olan İncəsu, Ağstafaçay, Həsənsu, Tovuzçay, Axıncaçay, Əsrikçay, Zəyəmçay, Şəmkirçay, Gəncəçay, Kürəkçay, Tərtərçay, Xaçınçay, Qarqarçay, Köndələnçay, Quruçay, Hoçazçay, Həkəriçay, Oxçuçay geniş və müxtəlif xarakterli sutoplayıcı hövzələrə malik olmaları ilə yanaşı mürəkkəb morfoloji xüsusiyyətləri ilə də bir-birindən fərqlənən, iri strukturlara münasibətində uzununa, köndələninə və diaqonal istiqamətli, yaşına görə isə qədim və cavan dərələr əmələ gətirmişlər.[1]
Kiçik Qafqazın şimal-şərq yamacının əsas çay şəbəkəsi
redaktəKiçik Qafqazın şimal-şərq yamacının əsas çay şəbəkəsini təşkil edən İncəsu, Coğaz, Ağstafaçay, Həsənsu və Tovuzçayın dərələri Qazax sinklinori çökəkliyində yerləşib onun uzanma istiqamətinə qismən uyğun gəlir və şimal-şərq istiqamətlidir. Şərq yamacın çay dərələri (Tərtərçay, Xaçınçay, Qarqarçay) bütün struktur - fasial zonaları eninə kəsərək formalaşmışdır. Burada onlar Qafan struktur-fasial zonasında Kəlbəcər muldasını, Göyçə - Həkəri zonasında Sarıbaba, Xocavənd sinklinoriumlarını və Qarabağ antiklinoriumunu, Löh-Qarabağ zonasında isə Murovdağ, Ağdam antiklinoriumlarını və Ağdərə sinklinoriumunu şimal-şərq istiqamətində kəsmişdir. Bu çay dərələrinin plan quruluşu və geomorfoloji xüsusiyyətləri hövzənin inkişaf tarixini tam əks etdirir.[1]
Kiçik Qafqazın cənub-şərq yamacının əsas çay şəbəkəsi
redaktəKiçik Qafqazın cənub-şərq gömülmə hissəsinin hidroqrafik şəbəkəsi Araz çayı hövzəsinə aid olan Köndələnçay, Quruçay, Qozluçay, Cəbrayılçay, İncəçay, Həkəriçay, Oxçuçay və onların çoxsaylı qollarından ibarətdir və əksəriyyəti yeraltı sularla qidalanan çaylar qrupuna daxildirlər. Çay dərələrinin morfoloji quruluşunun mürəkkəbliyi onların kəsib keçdiyi ərazinin hipsometrik vəziyyətindən, həmçinin relyefin şaquli zonallığından asılıdır. Ərazinin çay dərələrinin başlanğıc hissələri yüksəkdağlıq qurşağa düşür. Burada onlar əsasən ana süxurları kəsir və dik yamaclı dar dərələr əmələ gətirir. Çay dərələrinin yaylalara uyğun gələn hissələri dərininə az kəsilir, azsaylı terras səviyyələrinə malik olur.[1]
Naxçıvan Muxtar Respublikasının çayları
redaktəNaxçıvan Muxtar Respublikasının çayları azsulu çaylar qurupuna aid olub (Şərqi Arpaçay istisna olmaqla Naxçıvançay, Əlincəçay, Gilançay, Düylünçay, Vənəndçay, Ordubadçay) başlanğıcını Zəngəzur silsiləsindən götürürlər. Çay dərələri dik yamaclı olmaları ilə çox aydın seçilən sərhədlə dağlıq və düzənlik hissələrə ayrılırlar. Dağlıq hissənin çay dərələri dar və genişlənən sahələrin növbələşməsi ilə səciyyələnir. Çayların orta axınında dərələrin dibi nisbətən genişlənir və adətən iri allüvidən ibarət olan subasar terras səviyyələri müşahidə olunur. Düzənlik hissədə çay dərələri daha da genişlənir və əksər hallarda (Naxçıvançay, Əlincəçay, Düylünçay) özlərinin qədim gətirmə konuslarına kəsilir.[1]
Lənkəranın çayları
redaktəLənkəranın əsas çaylarından Bolqarçay, Viləşçay, Lənkərançay, Təngərüdçay və Astaraçayı göstərmək olar. Ərazinin bütün çay dərələri üçün səciyyəvi cəhət mənbədən mənsəbə doğru dərənin genişlənməsi, bu istiqamətdə terrasların say artımı və erozion terrasların akkumulyativ terraslarla əvəz olunmasıdır.[1]