Cin Iqtisadiyyati - Wikipedia
Çin iqtisadiyyatı
redaktə80-ci illərin sonunda Çin kollektiv cəmiyyət tipli bir çox digər dövlətlərin üzləşdiyi eyni problemlə üz-üzə qaldı. Qərb təkidlə bu dövlətlərə individual cəmiyyətə məxsus "demokratik" inkişaf yolu təklif edirdi. Bəzi postsovet dövlətləri bu təklifi qəbul etdilər və tarixən formalaşmış cəmiyyət tipini dəyişdilər. Çin isə Tyananmen meydanında bu yolun tərəfdarlarının qarşısını qətiyyətlə aldı və bu qüdrətli ölkədə xalq hakimiyyətini qoruyub saxladı. Bu tarixi əsasa söykənərək Çin dünya iqtisadi təcrübəsini fəal surətdə öyrənməyə və öz spesifikliyini nəzərə almaqla mütərəqqi texnologiyaları tətbiq etməyə başladı. Bununla belə, Çin, əksər keçmiş Sovet İttifaqı ölkələrində olduğu kimi ideologiyanın, iqtisadi və siyasi strukturun əsaslarını məhv etmədi. Nəticədə islahatlar dövründə Çində adambaşına düşən ÜDM 180-dən 1100 ABŞ dollarına qədər, yəni 6 dəfədən çox artdı. Yoxsulluq həddində olan insanların sayı 250 mln.-dan 25 mln.-dək (1,3 mlrd. əhaliyə nisbətdə) 10 dəfə azaldı, yəni 25%-dən 2%ə düşdü. Çin öz müəssisələrini özəlləşmə və azad bazarla dağıtmadı. Dövlət bazarı düzgün tənzimləmə yolunu tutdu və əmtəə istehsalını fəal surətdə artırdı. İstehsal olunan əmtəə və xidmətin həcminə görə Çin artıq dünyada 6-cı yerə, ÜDM inkişaf tempinə görə isə (ildə 10 %) birinci yerə çıxıb. Bu gün Çini "dünya emalatxanası" adlandırırlar. Onun məhsulları ilə ABŞ, Kanada, Avropanın olduğu kimi Azərbaycanın da mağazaları doludur. Kommunist Çin sərmayə qoyuluşunun cəlb edilməsinə görə dünyada birinci yerə çıxıb. Təkcə 2004-cü ildə oraya 60 mlrd. ABŞ dollarından çox pul qoyulub. Qızıl valyuta ehtiyatlarına görə Çin dünyada ikinci yerə çıxıb.
Ölkənin sosial-iqtisadi inkişaf perspektivlərini, eləcə də Çinin dünyada iqtisadi nüfuzunun güclənməsini təmin edən mühüm xarici faktorlardan biri də 2001-ci ilin noyabrında ÇXR-in ÜTT-yə daxil olmasıdır, bu da öz növbəsində xarici partnyorların Çinə məhsul idxalındakı gömrük maneələri və məhdudiyyətlərinin tədricən aradan qaldırılmasına gətirib çıxarır. Bununla belə, ÇXR-in ÜTT-na üzv olandan sonrakı dövrü göstərdi ki, ölkənin ÜTT-yə daxil olmasının əsas nəticəsi xarici ticarət həcminin – 2001-ci il üçün 510 mlrd. ABŞ dollarından, 2003-cü il üçün 851 mlrd. ABŞ dollarına qədər güclü artımıdır. Bu göstəriciyə görə Çin yalnız ABŞ, AB və Yaponiyadan sonra dünyada 4-cü yeri tutmuşdur. Burada əlavə etmək lazımdır ki, birbaşa xarici investisiyaların həcmi 2001-ci ildə 46,9 mlrd. ABŞ dollarından 2005-ci ildə 60 mlrd. ABŞ dollarınadək, ölkənin valyuta ehtiyatlarının həcmi 2001-ci ildə 212,2 mlrd. dollardan 2005-ci ildə 710 mlrd. dollaradək ardıcıl artmışdır. Hazırda Çin təkcə dünya iqtisadiyyatına daha sıx inteqrasiyanı həyata keçirmir, o, eyni zamanda, ÜTT-yə üzvlüyün ilk illərindən başlayaraq açıq dünya ticarət sisteminə daxil olması nəticəsində, ölkə iqtisadiyyatının inkişafı üçün mühüm irəliləyişlər əldə etməyə nail olur.
ÜTT-yə üzvlükdən iki il sonra – 2002–2003-cü illərin ÇXR iqtisadi inkişaf nəticələri göstərir ki, əvvəllər rəqabətə qabiliyyətsiz hesab edilən, məsələn, avtomobil sənayesi kimi bəzi sahələr daha yüksək artım templəri ilə inkişaf etməyə başladı. Misal üçün, ÇXR daxili bazarında avtomaşın satışının artım tempi 2002–2004-cü illərədə əvvəlki illərə müqayisədə 50%-ə çatmışdır. Çin hökuməti xaricdə satış bazarının genişləndirilməsi üçün bütün addımları atır. Axır onillikdə və xüsusən ÜTT-yə qoşulduqdan sonra o, bunu daha fəal surətdə etməkdədir. ÇXR xalq təsərrüfatının ÜDM-in illik 7,5% artımını nəzərdə tutan inkişaf planlarının yerinə yetiriləcəyi halda istehsal edilən məhsulun realizasiyası üçün həddən artıq tutumlu Çin bazarından əlavə, xüsusən sahilboyu rayonlarda, eksportun artırılması imkanları genişlənir. Çin bu yolda qətiyyətlə gedir. Çin bazar elemntlərinə malik bir ölkədir. Çinin bütün bank sistemi dövlətə aiddir, bütün iri korporasiyalara dövlət nəzarət edir. Qiymətlər yalnız əyalətlərin 1/3-də azaddır, qalan hallarda o, dövlət nəzarətindədir. Çin bütün sərhədlərində gömrük rüsumlarını azaltmışdır, lakin ölkə daxilində məhdudiyyətlər tətbiq etmişdir. Yəni kağız üzərində Çində liberalizmdir, əslində isə dövlət tərəfindən iqtisadiyyata məharətli və sərt nəzarət mövcuddur. ÜTT-nin köməyi ilə xarici dünyanı üzünə açan Çin ÜTT-nin tələblərini yerinə yetirməyə tələsmir və iqtisadiyyatının aqrar sektorunu maliyyələşdirməkdə davam edir.
Çin rəhbərliyi vətəndaşlarının daha varlı yaşaması probleminin qayğısına qalır, o, sahibkarlıq fəaliyyətinin inkişafı üçün şərait yaradır və sahibkarlara aşağı faizlə kreditlər verir. Əksər keçmiş Sovet İttifaqı ölkələrindən fərqli olaraq ÇXR-in qızıl ehtiyatları Çində saxlanılır.
İnvestisiyanın ölkəyə cəlb olunması üçün Çində bütün şərait yaradılmışdır.
Çin iqtisadiyyatı – bütün dünyadan sərmayə qoyuluşu cəlb edən özünəməxsus bir möcüzədir. Xarici kompaniyaların Çin iqtisadiyyatına sərmayəsi rekord sürətli templərlə artmaqdadır. Dünyanın Çin iqtisadiyyatına nəzərə çarpan və ardıcıl artan marağı son iyirmi beş ildə davam etməkdədir. XX əsrin 70-ci illərinin ortalarında bunu təsəvvür etmək belə mümkün deyildi. Hal-hazırda isə bir çox əlamətlərə görə, bu ölkənin yaxın perspektivdə artan xətt üzrə inkişaf edəcəyi aydın görünür. Çin Yaponiya və Cənubi Koreya təcrübəsini təkrarlamaq imkanına malikdir.
Den Syaopin tərəfindən 1978-ci ildə iqtisadi sistemdə başlanılan və eyni zamanda dövlətin siyasi açıqlığını da həyata keçirən islahatlar artıq 2000-ci ilə qədər çox böyük müsbət nəticələrə gətirib çıxarıtdı. Qısa zaman ərzində ümumdaxili məhsul (ÜDM) 4 dəfə artmış, bu da yüz milyonlarla insanın yoxsulluqdan çıxmasına imkan vermişdir. 2005-ci ildə isə alıcılıq qabiliyyəti paritetinə görə Çin dünyanın ikinci ölkəsi olmuşdur, hərçənd ki, əhalinin adambaşına düşən gəlirlərinə görə o, çox kasıb qalmaqdadır. Çində iqtisadi islahatlar bu gün də davam etməkdədir. ÇKP-nın XVI qurultayının sənədlərində qeyd olunduğu kimi Çin "üç addım" proqramının birinci və ikinci mərhələsinin tapşırıqlarının öhdəsindən müvəffəqiyyətlə gəlmişdir, bu da xalqı "isitmək və doydurmaq" vəzifəsini həll etməyə və əhalinin yaşayış səviyyəsini yüksəltməyi təmin etməyə imkan vermişdir. Proqramın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrlə bir səviyyəyə çıxmaq məqsədi daşıyan üçüncü mərhələsinin həyata keçirilməsinə başlanmışdır. Bu mərhələni müəyyən ardıcıllıqla reallaşdırmaq planlaşdırılır. Məsələn, 2020-ci ilə qədər ÜDM-u 2000-ci ilə müqayisədə 4 dəfə artırmaq nəzərdə tutulur. Başqa sözlə, rəsmi valyuta kursuna görə ÜDM 4 trln. ABŞ dollarından artıq təşkil etməlidir. Bu öz növbəsində ölkənin ümumi qüdrətini və beynəlxalq rəqabət qabiliyyətini xeyli gücləndirəcək və sənayeləşməni həyata keçirməyə, mükəmməl və azad bazar iqtisadiyyatı sistemi yaratmağa, şəhər əhalisinin xüsusi çəkisinin artmasına, sənaye və kənd təsərrüfatı, şəhər və kəndlər, ayrı-ayrı regionlar arasında fərqin dərinləşmə tendensiyasını aradan qaldırmağa, sosial təminat sistemini təkmilləşdirməyə, əhalinin gəlirlərini artırmağa və xalqın rifah halını qaldırmağa kömək edəcəkdir. 2050-ci ilə qədər Çində aşağıdakı strateji əqsədlərə nail olunmalıdır:
- — sosial-iqtisadi inkişafın kamilliyə çatması üçün hərtərəfli sosialist modernizasiyanı təmin etmək;
- — beynəlxalq arenada ölkənin statusunu əhəmiyyətli dərəcədə artırmaq və dövləti ümumi qüdrətinə görə dünyada birinci yerə çıxarmaq;
- — ölkənin, əhalinin adambaşına düşən ÜDM-un həcminə görə orta səviyyəli dövlətlərlə bir sıraya çıxmasını təmin etmək;
- — xalq üçün varlı, xoşbəxt həyat yaratmaq;
- — ölkəni yüksək maddi, hüquqi və mənəvi sivilizasiya səviyyəsi olan qüdrətli dövlətə çevirmək.
Ölkənin inkişaf proqramına müvafiq olaraq ÇXR –də ÜDM-un orta illik artım tempi 2010-cu ilə qədər 7,5%, 2020-ci ilə qədər 6,5%, 2030-cu ilə qədər 5,5%, 2040-cı ilə qədər 4,5% və 2050-ci ilə qədər 3,5% təşkil etməlidir.
Son illər ÇXR-də iqtisadi siyasətin işlənib hazırlanmasında ümumi tələbin dəyişməsinə daha çox diqqət ayrılır, bu da ölkənin sosial-iqtisadi inkişaf tendensiyalarının formalaşmasının əsas faktoru olmuşdur. Bu cür yanaşma nəticəsində ÜDM-in orta illik inkişaf tempi 1979-cu ildən 2005-ci ilə kimi müqayisəli qiymətlərdə ildə 9,5%, 2000–2005-ci illərdəki son beş ildə isə — 8,0% təşkil etmişdir, bu da dünya iqtisadiyyatınln orta illik inkişaf templərindən xeyli yüksəkdir – 3,8%.
Beləliklə, Birləşmiş Ştatların ÜDM-in indiki artım tempi – 3,24% saxlanarsa və Çində 2050-ci ilə qədər nəzərdə tutulan ÜDM-in artım templəri yerinə yetirilərsə, XXI əsrin ortalarına Çin ÜDM-in həcminə görə ABŞ ötmək iqtidarında olacaq.
İqtisadi rayonların xarakteristikası
redaktə1978-ci ildən Çin hökuməti iqtisadi sistemi dəyişdirməkdə, və eyni zamanda ölkənin açıqlığı siyasətini planlı və ardıcıl həyata keçiməkdədir.
1980-ci ildən başlayaraq Çində 5 xüsusi iqtisadi rayon: Şençjen, Çjuxay, Şantou (Quandun əyaləti), Syamen (Futszyan əyaləti) və Xaynan (bütün Xaynan əyalətini əhatə edir) yaradılmışdır. 1984-cü ildə Çin hökuməti ölkənin xarici aləmə açılışı üçün daha yeni bir addım atdı: 14 şəhər – Dalyan, Tsinxuandao, Tyantszin, Yantay, Tsindao, Lyanyunqan, Nantun, Şanxay, Ninbo, Vençjou, Quançjou, Fuçjou, Çjantszyan və Beyxay açıq dənizkənarı şəhər statusu aldı.
1985-ci ildən Yantszı və Çjutszyanın deltalarında, Futszyan əyalətini cənubundakı iqtisadi üçbucaqda, Şandun və Lyaodun yarımadalarında, Xebey əyalətində və Quansi-Çjuan muxtar rayonunda açıq iqtisadi zonalar yaradılmağa başlandı. Nəticədə ölkənin dənizboyu ərazilərində açıq iqtisadi zolaq formalaşdı. 1992-ci ildən başlayaraq Dövlət Şurasının sanksiyası ilə bir sıra sahilboyu şəhərlər, həmçinin daxili əyalətlərin və muxtar vilayətlərin inzibati mərkəzləri xarici dünya üçün açıq zona statusu aldılar.
Ölkənin iri və orta şəhərlərində 15 rüsumsuz sona, 32 texniki-iqtisadi istismar zonası və 52 dövlət əhəmiyyətli yeni və yüksək texnologiyaların mənimsənilməsi zonası yaradılmışdır. Beləliklə, dənizkənarı bazada, Yantszının hövzəsində, ölkənin sərhədyanı və daxili rayonlarında Çinin xarici aləmə çoxpilləli və hərtərəfli açıqlığının strukturu əmələ gəlmişdir. Xarici dünya üçün açıq olan bütün bu rayonlar xarici bazara meyllənən iqtisadiyyatın inkişafı gedişində, valyuta gəlirlərinin artmasında, müasir xarici texnika və texnologiyaların idxalında "pəncərə" və vasitəçi rolunu oynayır. 5 xüsusi iqtisadi rayon xarici aləmə istiqamətlənən zonadır. Bu rayonlar, əsasən, ixrac məhsulları istehsal edən emal sənayesini inkişaf etdirir, həmçinin elmi tədqiqatları, istehsalatı və ticarəti bütöv kompleksdə birləşdirir. Onun ərazisində spesifik iqtisadi siyasət həyata keçirilir və iqtisadi idarəetmənin xüsusi sistemi tətbiq edilir. Xüsusi İqtisadi Rayonlar (XİR) Çinin xarici ticarətinin inkişafı üçün xarici sərmayənin cəlb edilməsində və beynəlxalq bazarların mənimsənilməsində böyük təcrübə yığmışdılar. Son illər XİR yenilik axtarışında, sənaye potensialının artırılmasında, xarici əlaqələrin genişləndirilməsində və digər sahələrdə öndə gedir, bununla da bütün ölkə üçün nümunə rolunu oynayır. 1998-ci iləd Şençjen bankların xarici kapitalın iştirakı ilə əməli qaydada jenminbi (Çinin pul vahidi) ilə əməliyyatlar apara biləcəyi ikinci eksperimental şəhər elan olundu. Avropa və Amerikanın transmilli korporasiyaları bir-birinin ardınca burada kapital qoyuluşu barədə danışıqlar aparır, bu da Şençjen XİR-ə yeni impuls verir.
Çin hökuməti yeni Pudun rayonuna XİR-lə müqayisədə daha geniş güzəştlər vermişdir. Belə ki, Pudunda nəinki XİR və texniki-iqtisadi istismar zonaları üçün hökumət tərəfindən işlənib hazırlanmış bütün qanun və müddəalar işləyir (məsələn, gömrük rüsumlarından və əlavə dəyər vergisindən qismən və tam azadolma), həmçinin yalnız Pudun ərazisində fəaliyyət göstərən güzəştlər müəyyənləşdirilmişdir. Məsələn, dövlət xarici investorların Pudunda üçüncü sənaye maliyyə idarələri və müəssisələr yaratmasıyla, Şanxayda fond birjası açmasıyla və səhmlər buraxmasıyla, hətta kapital qoyuluşunun təsdiqinə gorə onun səlahiyyətlərini artırmiş və banklara xarici kapitalın iştirakı ilə jenminbi ilə əməliyyatlar aparmağa icazə vermişdir.
Hal-hazırda Pudunda xarici investisiyanın iştirakı ilə 70 maliyyə təsisatı qeydiyyatdan keçmişdir. Xarici kapitalı olan 18 banka jenminbi ilə əməliyyatlar aparmağa icazə verilmiş, 28 əyalət, mərkəz tabeliyində olan şəhər və muxtar rayon isə Pudunda öz ticarət kampaniyalarını yaratmışlar. Ölkənin 14 əyalət və şəhərindən olan 38 tanınmış iri birlik və müəssisələri bu rayonda qeydiyyatdan keçmişdir; dünyanın 60-dan çox ölkəsinin və regionunun iştirak etdiyi obyektlər artıq Pudunda kök salmış və bunun əhəmiyyətli iqtisadi effektini qazanmışlar. Pudunun "əjdaha başı" kimi bütün ölkə iqtisadiyyatının inkişafına təsiri gündən-günə daha da böyüyür.
Sənaye və istehsalat
redaktəİnqilabaqədərki Çin milliləşdirilməmiş iqtisadi sistemi və inkişafdan qalmış sənayesi olan yarımfeodal ölkə idi. 1949-cu ildən sonrakı qısa müddət ərzində isə respublikada sənayeləşmə həyata keçirilmiş, istehsal sənayesi məhsulları dəfələrlə artırılmış, onun sahə strukturları genişləndirilmişdir.
Hasilat
redaktəSon illər ərzində Çində kömür hasilatı sənayesinin gücü çox mənada artmışdır. Potensial kömür ehtiyatları 3200 mlrd. ton, tədqiq olunanlar isə cəmi 850 mlrd. ton təşkil etmişdir. Ehtiyatlar qeyri-bərabər paylanmışdır, təxminən 80% Şimali və Şimal-Qərbi Çinin payına düşür, ölkədə ən iri yataq isə Datun şəhərinin yaxınlığında yerləşir (Şansi əyaləti). Ümumilikdə ölkədə 100-dən artıq iri kömür hasilatı mərkəzi var.
Energetika
redaktəİstehsalatın yanacaq-energetika sahəsi Çin sənaye kompleksinin zəif bəndlərindən sayılır. Zəngin təbii ehtiyatların mövcudluğuna baxmayaraq, hasilat sahələrinin inkişafı ümumilikdə emaledicidən geri qalır. Çinin energetika sahəsində xarici mənbələrdən asılılığı daim artır. Hazırda Çində istifadə olunan bütün neftin həcmində idxal neftinin payı təxminən 32% təşkil edir və bu artım tempini saxlamaqla 2010-cu ilə qədər ikiqat arta bilər. Yaxın Şərq bazarında öz yerini tutmağa cəhd edən Çin bir də baxıb gördü ki, bu bazar artıq Birləşmiş Ştatlar, Yaponiya və Avropa ölkələri tərəfindən demək olar ki, tam tutulmuşdur. Bu cür şərtlər daxilində Çin hələ tutulmamış, yaxud heç kimi maraqlandırmayan çox az sayda azad "riskli" bazarları mənimsəməyə və bazara heç kimin təklif etmədiyi məhsulları təklif etməyə məcbur oldu. 1990-cı ildə Çinin yaxın Şərq ölkələrinə ixracı 1,5 mlrd. ABŞ dolları təşkil edirdi. Eyni zamanda 50 min çinli fəhlə və qulluqçu bu region ölkələrində əsasən tikintidə çalışırdı. 1994-cü ildə Çinlə Fars körfəzindəki ərəb ölkələri arasında yalnız ticarət dövriyyəsi 2,26 mlrd. ABŞ dolları təşkil edirdi.
Xarici energetika bazarında Çinin üç əsas dövlət kompaniyaları – CNPC, CNOOC və Petrochina fəaliyyət göstərir, bunlar da son illər Yaxın Şərqdə, Şimali Afrikada, Cənub-Şərqi Asiyada, Mərkəzi Asiyada, Avstraliya, İndoneziya, Rusiya və Azərbaycanda neft axtarışı və hasilatında öz fəaliyyətlərini xeyli artırmışdılar. Onların fəaliyyətlərini genişlənməsi ilk növbədə Çinin özündə enerji daşıyıcısı hasilatı həcminin azalmasından doğur.
Metallurgiya
redaktəƏlində böyük xammal ehtiyatları olduğundan Çin metallurgiya sənayesinin inkişafı üçün möhkəm bazaya malikdir. Son illərdə keçirilən genişmiqyaslı geoloji işlərin nəticəsində isə dəmir və maqnezium filizləri, kömür, neft və digər xammal növlərinin yeni yataqları müəyyənləşdirilmiş və köhnələrin hüdudları dəqiqləşdirilmişdir. Dəmir filizi ehtiyatlarına görə Çin dünyada üçüncü (Rusiya və Belçikadan sonra), tədqiq olunmuş maqnezium filizi ehtiyatlarına görə isə ikinci yeri tutur.
Ümumilikdə qara metallurgiya müəssisələri 1,5 mindən çoxdur və onlar demək olar ki , bütün əyalət və muxtar rayonlar boyu yayılmışlar. Bununla yanaşı metallurgiya sənayesinin ümumi texniki səviyyəsi yüksək deyil, aparıcı müəssisələrin müasir avadanlıq növləri ilə təchizatı isə qismən və idxalın hesabına həyata keçirilir. Bu sahənin müəssisələrinin 70%-dən çoxu isə ümumiyyətlə təmizləyici qurğulara malik deyillər. Çində aviasiya sənayesi üçün hərarətə davamlı ərintilər, nüvə hissəcikləri sürətləndiriciləri üçün çox aşqarlanmış ərintilər və əvvəlcədən xüsusiyyətləri verilmiş ərintilər də daxil olmaqla mindən artıq polad növü əridirlər. Bundan başqa ölkədə antimon, qalay, volfram, civə və molibden konsentratlar da istehsal olunur ki, bunlar da xarici bazarlarda yüksək tələbata malikdir. Bununla belə ölkənin alüminium, qurğuşun və sink tələbatları tam təmin olunmur və Çin bu metalları idxal etməli olur.
Maşınqayırma
redaktə70-ci illərin ikinci yarısında Çinin təsərrüfatın modernizasiyasına və nəhəng iqtisadi dəyişiliklərə keçidi dünyada ikinci Elmi Texniki Tərəqqinin (ETT) inkişafı ilə üst-üstə düşürdü. Onun başlıca istiqamətləri mikroelektronika, informatika, biotexnologiya idi. ETT-nin yeniliklərinə uyğunlaşmaq Çin üçün asan başa gəlmədi. Məhdud maliyyə imkanları, nisbətən aşağı elmi potensial (əsasən mədəni inqilab dövründə zəifləmiş), əhalinin nisbətən aşağı təhsil və mədəni səviyyəsi – bütün bunlar genişmiqyaslı elmi-texniki inqilabın inkişafına mane olurdu. Bununla belə, 70-ci illərin sonunda Çində 1978–1985-ci illər üçün elmin inkişafı üçün səkkizillik plan işlənib hazırlanmış və qəbul edilmişdir, bu da mikroelektronika, yeni EHM nəslinin, habelə informatika, gen mühəndisliyi sahəsində geniş həcmli tədqiqatların və araşdırmaların aparılmasını, eləcə də kənd təsərrüfatında böyük texniki dəyişiklikləri nəzərdə tuturdu. Tezliklə aydın oldu ki, bu plan həddən artıq genişdir və bir sıra səbəblərdən hazırkı şəraitdə yerinə yetiriləsi deyil.
Çoxsaylı müşavirələr və məsləhətləşmələr, xaricdə, o cümlədən ABŞ, Yaponiya, Rusiya və Qərbi Avropa ölklələrində elm və texnikanın inkişafı təcrübəsinin əsaslı öyrənilməsi 1986–2000-ci illər üçün Dövlət planının əsasını təşkil edən elm və texnikanın inkişafının 12 başlıca istiqamətini ayırmağa imkan verdi. Bu gün Çində elmi texnologiyanın inkişafının əsas vəzifələri aşağıdakı kimi müəyyən edilmişdir:
- — xalq təsərrüfatının yüksəlişi;
- — istehsal qüvvələri səviyyəsinin artımı;
- — elmi-texniki tərəqqinin sənaye inkişafının mühüm faktoruna çevrilməsi;
- — ənənəvi sənaye sahələrinin texniki səviyyəsinin hər vasitə ilə artımı;
- — ictimai istehsalın effektivliyinin artımı;
- — dünya bazarı üçün keyfiyyətli, rəqabətə davamlı malların buraxılışı.
Elmi texnika və texnologiyaların yeddi prioritet sahədə inkişafına səyləri yönlətmək qərarı qəbul olunmuşdur. Onların arasında: biotexnologiya, informatika, avtomatlaşdırma, energetika, kosmik və lazer texnikası, yəni ki, ETT-nin əsas istiqamətlərinin adları sadalanır.
Biotexnologiya sahəsində tədqiqat və araşdırmalar ərzaq ehtiyatlarının kəskin artımına, ağır xəstəliklərin qarşısının alınması və müalicəsinə, köhnə enerji mənbələrinin bərpası və yenilərin mənimsənilməsinə, tullantısız istehsalın inkişafına və ətraf mühitə zərərli təsirin azaldılmasına yönəlmişdir.
İnformasiya texnologiyası sahəsində əsas diqqət EHM "intellektual" sistemlərinin əhəmiyyətli dərəcədə təkmilləşdirilməsini və geniş istifadəsini təmin edən texnologiyaların yaradılmasına ayrılır. Müasir ölçmə, hesablama və əlaqə texnikalarının; faydalı qazıntı axtarışları və axtarış məlumatlarının, hava proqnozu, keyfiyyətə nəzarət, kənd təsərrüfatı, meşə və sənaye məhsullarının çirklənmə dərəcəsinin işlənməsi texnikalarının təkmilləşdirilməsi sahəsində tədqiqatlar aparılır.
Qəbul edilmiş planın həyata keçirilməsində mühüm rol "Fakel" proqramına verilir, bu da bütün ölkə boyu yeni texniki və elmi texnologiyaların inkişafı rayonları və mərkəzlərinin yaradılmasını nəzərdə tutur. Bu, sahəsi bir neçə kvadrat kilometr olan iri elm və sənaye mərkəzlərinin xüsusi ayrılmış rayonlarıdır, onların ərazisində Elmi Tədqiqat İnstitutları, yeni texniki və elmi texnologiyaların mənimsənilməsi və tətbiqi üzrə müvafiq sənaye müəssisələri, kompaniya və firmalar yerləşir. Proqramın qəbul edilməsindən sonra (1990-cı ilin avqustu) Pekin, Şanxay, Tyantszin, Şenyan, Uxan, Nankində (30-dan çox rayon) belə rayonlar yaradılmışdır.
Kimya
redaktəKimya sənayesi daxili xammal bazası ilə təmin olsa da, ölkənin tələbatını tam ödəmir. Polimerlərin istehsalı nisbətən yenidir, lakin sürətlə inkişaf edir. Kimyəvi lif istehsalı (ABŞ-dən sonra dünyada ikinci) nəhəng miqyaslı toxuculuq sənayesini təchiz edir və əsasən dənizkənarı əyalətlərdə (Şanxay, Pekin, Nankin, Lançjou) təqdim olunur. ÇXR-də həm sintetik, həm də təbii kauçuk əldə olunur. Əczaçılıq sənayesi böyük miqyasa çatmışdır. Ölkədə istehsal olunan bütün əczaçılıq məhsullarının 50%-i Şanxayda cəmlənib.
Yüngül və qida sənayesi
redaktəÇində indiyə qədər yüngül sənayenin aparıcı sahələri toxuculuq və qidadır ki, bunların da hesabına bütün istehsal olunan sənaye məhsullarının 21%-i düşür. Bu sahənin müəssisələri əsasən Qərb, Şimal, Mərkəzi-Cənubi rayonlarda yerləşmişlər. Ölkənin şimal-şərqində əsasən kağız, qənd və yağ-süd sənayesi müəssisələri, şimal-qərbdə pambıq emalı və maldarlıq məhsulları müəssisələri cəmlənmiş, Cənub-qərbdə qida sənayesi daha çox inkişaf etmişdir. Ümumilikdə qida sənayesi 65,5 mindən artıq müəssisəyə malikdir, bundan başqa ölkədə 23,3 mindən çox toxuculuq sənayesi müəssisəsi vardır, amma xammalın istehsalı və emalı isə dəqiq olaraq bunlara istiqamətlənmişdir: şimalda – yun, çətənə, çənubda – ipək, cut, kənaf. Yüngül sənaye Çində qədim ənənələrə malikdir. Hələ inqilaba qədər o, Çin iqtisadiyyatında aparıcı rol oynamışdır.
Kənd təsərrüfatı
redaktə1949-cu ildə Çinin ictimai istehsal və milli gəlir strukturunda kənd təsərrüfatının payına təxminən 70% düşürdü. İnqilabdan sonrakı inkişaf illərində kənd təsərrüfatının əhəmiyyəti nisbətən azalsa da, iqtisadiyyatın başlıca sahəsi kimi qalmışdır. O, yüngül sənaye üçün xammalın əsas tədarükçüsüdür (70%). Kənd yerlərində məşğul əhalinin sayı 313 mln. nəfər, ailə üzvləri ilə birlikdə isə 850 mln. nəfər təşkil edir, bu da birlikdə götürülmüş Rusiya, Yaponiya, İngiltərə, Fransa, Almaniya, İtaliya, Meksikadan 6 dəfə artıqdır. Kənd təsərrüfatı məhsulu istehsalının ölçülərinə görə Çin dünyada nəhənglərdən hesab edilir. Əkin yerlərinin daimi çatışmazlığı kənd təsərrüfatının başlıca xüsusiyyətlərinə çevrilir. 320 mln. ha şumlanmış sahədən 224 mln. istifadə oluna bilir, eyni zamanda şumluq torpağın sahəsi təxminən 110 mln. ha təşkil edir ki, bu da dünya şumluq torpağının 7%-dir. Çin təsnifatına görə torpağın yalnız 21%-i yüksək məhsuldardır. Bu Çinin Şimal-şərq düzənlikləri, Yantszı çayının orta və aşağı hövzəsi, Çjutszyan çayınnı deltası və Sıçuan çökəkliyidir. Onlar bitkiçilik üçün münbit şəraitləri ilə fərqlənirlər ki, bu da ildə iki dəfə, Çinin uzaq cənubunda isə üç dəfə məhsul götürməyə imkan verir.
Ölkənin kənd təsərrüfatına ənənəvi olaraq bitkiçilik, hər şeydən öncə taxılçılıq istiqaməti xasdır, taxıl ölkənin qida rasionunun 3%-ni təşkil edir, əsas qida bitkiləri isə düyü, buğda, qarğıdalı, qaolyan, darı, kök yumrusu və soyadır.
Texniki bitkilər
redaktəŞumluq sahənin təxminən 20%-də düyü əkilir, onun payına ölkədə taxıl yığımının təqribən yarısı düşür. Əsas düyüçülük rayonları Xuanxe çayından aşağıda yerləşir. Çoxəsrlik düyü əkini tarixində Çində 10 min növdən çox düyü becərilmişdir. Buğda — əhəmiyyətinə görə ölkədə ikinci taxıl bitkisidir, VI–VII əsrlərdən yayılmağa başlamışdır. Hal-hazırda heç bir başqa ölkədə Çindəki qədər belə yüksək buğda məhsulu yığılmır, bundan əlavə böyük miqdarda şirin kartof (batat) becərilir. Çindəki şəraitlə texniki bitkilərin becərilməsi mühüm əhəmiyyət kəsb edir. Müəyyənləşmiş qiymətlər strukturu nəticəsində onların istehsalı buğda, pambıq, meyvə və tərəvəzdən daha gəlirlidir, baxmayaraq ki, məsələn pambıq becərilməsinə görə Çin dünyada üçüncü yeri tutur. Bundan başqa, yağ verən bitkilərin becərilməsi geniş yayılmışdır, bu da qida yağlarının əsas mənbəyidir. Onlardan əsasları Şandun əyalətində becərilən yerfındığı, raps və küncütdür. Çin bizim eranın IV əsrindən dərman kimi istifadə olunmağa başlayan, VI əsrdən isə hamı tərəfindən qəbul edilən içkiyə çevrilən çay istehsalına görə də geridə qalmır. İndiyə qədər yaşıl və qırmızı çay növlərinin (Çində "qara çay" anlayışı yoxdur) əksəriyyəti demək olar ki, yalnız ixraca gedir. Çay Çjetszyan, Xunan, Anxoy əyalətlərində becərilir.
Maldarlıq
redaktəƏhalinin yüksək sıxlığı və torpaq fondundan intensiv istifadə hər şeydən əvvəl çox az rola malik maldarlığın inkişafında özünü göstərir. Çində tarixən iki tip maldarlıq formalaşmışdır. Bunun biri əkinçiliklə sıx bağlıdır və yardımçı xarakter daşıyır; əkinçilik yayılmış düzənlik rayonlarda əsasən donuz, ağır yük heyvanları və quş saxlanılır. Qərbi rayonlara isə ekstensiv, köçəri və yarımköçəri maldarlıq xasdır. Xüsusən əhalinin adambaşına hesabı ilə maldarlıq məhsullarının istehsalı və istehlakı aşağıdır. Hələ eramızdan əvvəl Çində məlum olan donuzçuluq nisbətən inkişaf etmişdir; istehsal olunan ətin 90%-i onun payına düşür. Çində maldarlığın xarakterik xüsusiyyəti işlək heyvanların yüksək payı və südverən maldarlığın zəif inkişafıdır.
Nəqliyyat
redaktə1949-cu ilə qədər nəqliyyat əlaqəsi Çində çox zəif idi. Yük daşınmaların təxminən 60%-i yük heyvanları, rikşaların köməyi ilə konkalar vasitəsilə həyata keçirilirdi. 10 km uzunluğunda ilk dəmir yolu 1881-ci ildə Xebey əyalətində çəkilmişdir.
Hal-hazırda Çində inkişaf etmiş nəqliyyat sistemi mövcuddur ki, buraya da dəmir yolu və avtomobil yolları, boru xəttləri, dəniz və çay nəqliyyatı və mülki aviaxəttlər daxildir. 1949-cu ildə Çin dəmir yollarının ümumi uzunluğu 22 min km-ə çatırdı və, istifadədə cəmi 11 min km yol var idi. Hazırda Çinin istifadədə olan dəmir yollarının uzunluğu 70 min km ötmüşdür. Bu gün Çin dəmir yolu daşımalarına görə dünyada beşinci yeri tutur.