Olkem - Wikipedia
Ölkəm — 1928-ci ildə Asəf Zeynallının Cəfər Cabbarlının "Sevimli ölkəm" şeirinə bəstələdiyi romans.[1]
"Ölkəm" | |
---|---|
tərəfindən ifa olunmuş mahnı | |
Yayımlanıb | 1931 |
Janr | romans |
Dil | Azərbaycan dili |
Bəstəkar | Asəf Zeynallı |
Sözlərin müəllifi | Cəfər Cabbarlı |
Yazılma tarixi
redaktəCəfər Cabbarlı 1919-cu ildə 20 yaşı olarkən "Ölkəm" adlı şeiri yazıb. Şeir "Azərbaycan" qəzetinin 1 yanvar 1919-cu ildə çapdan çıxmış 92-ci buraxılışında «Sevimli ölkəm» adı ilə oxuculara təqdim olunub. O zaman şeir altı bənddən ibarət idi. Ancaq sovet ittifaqı dövründə, Asəf Zeynallı bu şeirə musiqi bəstələyəndə onun iki bəndi istifadə olunmadı. Buna səbəb bu iki bənddə sovet ideologiyasına zidd sətirlərin mövcudluğu idi.
Asəf Zeynallı isə Cəfər Cabbarlının bu şeirinə 1928-ci ildə 19 yaşında "Ölkəm" romansını bəstələyib. Bununla da Azərbaycan musiqi tarixində klassik Avropa romansının ilk nümunəsi meydana gəlir. Romans yalnız 1931-ci ildə ifa olundu. Milan Opera Teatrında öz 4 illik təhsilini bitirmiş 33 yaşlı Bülbül "Ölkəm" əsəri ilə tanış olur. Deyilənə görə, əvvəlcə Bülbülü Asəf Zeynallı özü royalda müşayiət edirmiş. 1956-cı ildə Vladimir Kozlovun müşayiəti ilə Bülbülənin ifası lentə yazılır. Təəssüflər olsun ki, Bülübüln simfonik orkestrin müşayiəti ilə etdiyi bu ifa sonradan tapılmayıb.
1956-cı ilə qədər "Ölkəm" romansının bir neçə ifası yazılıb. Qızıl fondda romansın 1955-ci ildə yazılmış nümunəsi var. İfaçılar Rauf Atakişiyev və romansın ilk qadın ifaçısı Sona Aslanova olub. Rauf Atakişiyev Bülbüldən fərqli olaraq, romansı Avropa ahənginə uyğun ifa etmişdir. Bu ifada bir dənə də olsun milli not yox idi. Ancaq Rauf Atakişiyevin səs imkanlarının sayəsində, ifa çox maraqlı alındı. Sona Aslanova isə bu romansı ifa etmiş ilk qadın oldu.
Romansı 1957-ci ildə opera müğənnisi Firəngiz Əhmədova, 1958-ci ildə Mobil Əhmədov, 1963-cü ildə Lütfiyar İmanov, 1972-ci ildə Rauf Adıgözəlov və Fidan Qasımova, 1975-ci ildə Yaşar Səfərov, 1980-ci ildə Xuraman Qasımova, 1987-ci ildə isə Gülağa Məmmədov ifa edib.[2]
Sözləri
redaktəŞiş ucları buludlarla döyüşən,
Dağlarında buzları var ölkəmin. Göy otlardan ipək paltar geyinən Tarlaları, düzləri var ölkəmin. Verimli torpağı, geniş çölləri, Çalışqan ərləri, igid elləri, Böyük dənizlər, dəmir yolları, Keçidləri, rizləri var ölkəmin. Göllərində ördəkləri üzərlər, Çöllərində maralları gəzərlər, Güllərindən gəlinlər tac bəzərlər, Ceyran gözlü qızları var ölkəmin. Coşğun Xəzər oynar ayaqlarında, İşıq saçan nefti torpaqlarında, Tarixlərin qızıl yarpaqlarında Dadlı-dadlı sözləri var ölkəmin. |
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Cavid Qədir. "Son əsərini xəstəxana divarına yazan dahi: Asəf Zeynallı". 525.az. 27 oktyabr 2018. 27 oktyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2020.
- ↑ Aliyə Haqverdi. "Bir mahnının tarixçəsi: "Ölkəm"". kayzen.az. 21 yanvar 2014. 25 yanvar 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2020.