Ozge Omur Film 1987 - Wikipedia
Özgə ömür (rus. Другая жизнь) — 1987-ci ildə yazıçı Rüstəm İbrahimbəyovun ssenarisi əsasında, rejissor Rasim Ocaqov tərəfindən C. Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında istehsal edilmiş film. Əsas rolları Aleksandr Kalyagin, Fəxrəddin Manafov, İrina Kupçenko və başqaları ifa edirlər.[1] Film institut rektorunun ikili həyat yaşamasından bəhs edir. Çəkilişlər Bakıda və Moskvada aparılmışdır. 1987-ci ildə aktrisa İrina Kupçenko ən yaxşı epizodik rola görə SSRİ Kinematoqrafçılar İttifaqının təsis etdiyi "Nika" prizinə layiq görülmüşdür.
Özgə ömür | |
---|---|
Другая жизнь | |
Janr |
psixoloji kinodram məhəbbət |
Rejissor | Rasim Ocaqov |
Əsərin müəllifi | Rüstəm İbrahimbəyov |
Ssenari müəllifi | Rüstəm İbrahimbəyov |
Baş rollarda |
Aleksandr Kalyagin — Fariz Əmiroviç Rzayev Fəxrəddin Manafov — Tahirbəyov İrina Kupçenko — Lilya |
Operator | Kənan Məmmədov |
Bəstəkar | Emin Sabitoğlu |
Rəssam | Rafiz İsmayılov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 16 fevral 1987 |
Filmin digər adı | Özgə həyat |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 90,5 dəq. |
Ölkə | SSRİ |
Dil | Rusca (azərbaycanca dublyaj) |
İl | 1987 |
Texniki məlumatlar |
10 hissə 2583 metr 35 mm |
Rəng | rəngli |
IMDb | ID0173777 |
Məzmunu
redaktə1) Film Fariz Əmiroviç Rzayevin (Aleksandr Kalyagin) ömrünün son gününü əhatə edir. O, ölkənin ən böyük institutlarından birinin rektorudur. Bu vəzifədə artıq 20 ildən çoxdur ki, fəaliyyət göstərir. Məsuliyyətli, savadlı və işini mükəmməl bilən bir adamdır. Lakin vəzifəyə və işə-gücə başı o qədər qarışmışdır ki, ətrafındakı ən yaxınlarını belə unutmuşdur. Biganə və ikili həyat yaşayan Fariz Əmiroviç öz doğma evində də rahatlıq tapa bilmir. O, yalnız qonşusu və məşuqəsi olan Lilyanın (İrina Kupçenko) evində olarkən rahatdır və bütün problemlərini onunla bölüşür.
Fariz Əmiroviç səhər tezdən evindədir və həmişə olduğu kimi işə getməyə hazırlaşır. Hamamda üzünü qırxdıqdan sonra kiçik gəlini Tamillanın (Gülya Salahova) hazırladığı səhər yeməyini yemək üçün stol ətrafında əyləşir və yemək zamanı xəbər tutur ki, gəlini qaynanasının əlindən bezib, müvəqqəti olsa da evi tərk etmək istəyir. Fariz səhər yeməyindən sonra özünü xəstəliyə vuran arvadı Səkinə xanımın (Zərnigar Ağakişiyeva) yatdığı otağa baş çəkir və məsələni aydınlaşdırmağa çalışır. Lakin heç bir nəticə əldə etmir. Digər otaqda isə böyük gəlini Vika (Larisa Xələfova) əri Ramiz (Çingiz Şərifov) üçün xahişə gəlmişdir. Gəlini ona başa salır ki, onun xahişə gəlməsindən ərinin xəbəri yoxdur. Çünki o, çox məğrurdur və bilsə onu öldürər. Bunu eşidən rektor oğlunun dissertasiya işinə görə heç kəsə ağız açmaq istəmədiyini bildirir. Çünki işin məğzini bilmir və gəlininə ərinə evə baş çəkməsini, onun nəyə görə xahiş etməli olduğunu başa salmasını deməyi tapşırır.
Günü streslə başlayan Fariz Əmiroviç evini tərk edir və şəxsi xidməti maşınına əyləşir. Sürücü Əmənulla (Hamlet Xanızadə) isə yolboyu artıq bir neçə gündür ki, onları təqib edən ağ "Jiquli"dən bəhs edir. İnstitutun binasından içəri girən kimi Fariz Əmiroviçi müavinləri qarşılayır və səhər tezdən baş verən hadisəni ona dərhal bildirirlər. Otağına daxil olan rektor bir qadının iki uşağı ilə masa arxasında oturduğunu görür. Qadın instituta zorla soxulmuşdur. Rektorun gəldiyini görən qadın uşaqlarına işarə edir ki, otaqda şuluqluq salsınlar. Hər yeri kağızlara qərq edən uşaqları katibə Minə (Nuriyyə Əhmədova) sakitləşdirməyə çalışır. Katibə uşaqları otaqdan çıxarandan sonra qadın izah edir ki, adı Rozadır (Liya Axecakova), burada işləyən Həsənovun (Hacı İsmayılov) arvadıdır. Ərinin bu institutda işləyən İmanova (Şükufə Yusupova) familli qadınla əlaqəsi olduğunu bildirən Roza hədələyir ki, əgər ərini ona qaytarmasalar gətirdiyi benzinlə özünü yandıracaq. Qadını sakitləşdirən rektor onun ərizəsinə mütləq baxılacağını və lazımi tədbir görüləcəyini bildirir. Qadını yola saldıqdan sonra dərhal müavini Əfəndiyevi (Muxtar Maniyev) yanına çağırır və bildirir ki, qoy Həsənov öz xahişi ilə ərizəsini yazıb işdən çıxsın. Belə vəziyyətdə İmanovayla o bir yerdə işləyə bilməz.
Bir qoşa saatlıq dərsindən sonra kabinetinə qayıdan rektor qəbul otağının qarşısında Həsənovun onu gözlədiyini görür. Prokurorluqdan gələn müstəntiqi (Məbud Məhərrəmov) yola saldıqdan sonra Həsənovu qəbul edir. Həsənov onu işdən çıxarmamağı xahiş edir. Bu zaman otağa daxil olan prorektor Tahirbəyov (Fəxrəddin Manafov) isə onu heç kəsin işdən çıxarmayacağını deyir, lakin, arvadının da burada belə hay-küy salmasının da düzgün olmadığını bildirir. Fariz Rzayev məsələsinin müzakirə nəticəsində həll olunacağını bildirərək Həsənovu göndərir və Tahirbəyovun nəyə görə gəldiyini xəbər alır. Tahirbəyov rektorun yeni tikilən korpusun elmi-işçilərin əlindən alınaraq auditoriyalara bölünməsi qərarının düzgün olmadığını bildirir. Lakin o nəinki Tahirbəyovla razılaşmır, hətta belə davam etsə nəticədə onu işdən çıxaracağı ilə də hədələyir.
Nahar fasiləsində evinə qayıdan rektor blokda təsadüfən oğlu Ramizlə qarşılaşır. Ramiz arvadını axtardığını bildirir. Fariz Əmiroviç isə hətta onun xəstə anasını unutduğu iradını bildirir. Qısa söhbət əsnasında Ramiz arvadının səhər xahiş üçün gəldiyini öyrənəndən sonra "Haqlısan ata, o gərək səni narahat eləməyəydi. Ona mən yüz dəfə demişəm. Elə adamlar var ki, onlara bir tikə quru çörəkdən ötrü ağız açmaqdansa acından ölsən yaxşıdı." deyərək onu tərk edir.
İnstitutda isə nahar vaxtı prorektorlar gün ərzində baş verən hadisələri müzakirə edən zaman İmanova əlində ərizə ilə yeməkxanaya daxil olur və onlara yaxınlaşaraq işdən çıxmaq istəyini bildirir. Ərizəni görən Tahirbəyov buna etiraz edir və "Əgər aranızdakı əsl sevgidirsə, onda gec-tez hamı başa düşəcək. Hətta hörmətli rektorumuz da." deyir. Rektor nahardan qayıtdıqdan sonra İmanova rektoru qəbul otağının girəcəyində qarşılayır və Həsənovu işdən çıxarmamağı xahiş edir. Çünki onun iki uşağı var. Əgər bunu etsə onun özü də işdən çıxacaq. Rektor isə buna əhəmiyyət vermir. İmanova isə təşviş içində "Əgər siz bir adamı sevsəydiz, bu cür daşürəkli olmazdız." deyir və üzr istəyərək təkrarən Həsənovun iki uşağının olduğunu bildirir və onu işdən çıxarmamağı xahiş edib qəbul otağını tərk edir. İmanovanın bu sözlərinə pərt olan rektor məyus halda otağına daxil olur. Lakin bir müddət sonra yenə öz qərarında qalır. Telefonla zəng edərək tapşırır ki, Həsənovun müzakirəsi zamanı tutarlı faktlar gətirilsin ki, işdən çıxarmağa əldə əsas olsun.
"Bakraboçi" qəzetinin müxbiriylə (Viktor Dəmirtaş) görüşündən sonra iş gününün sonunda xidməti maşınına əyləşib sürücüyə bildirir ki, onu İçərişəhərə şəxsi həkimi professor Əsədovgilə (Arif Nərimanbəyov) aparsın. Yolda boğulduğunu hiss edəndə maşını saxladır və sürücüyə qalan yolu piyada gedəcəyini bildirir. Lakin o doğulub boya başa çatdığı İçərişəhərin dar küçələrində azır. Güclə gəlib Əsədovgilə çıxır. Qapını Əsədovun qardaşı oğlu Rüfət (Əli Haqverdiyev) açır. Rüfət rektoru tanıyır və professoru bu gün qəbul etməyəcəyini bildirir. Farizin gəldiyini xəbər tutan Əsədov onu içəri buraxdırır. Rüfət əmisinə narazılıq edir ki, "Vallah, mən sizə mat qalmışam. Əşi belə də iş olar. O sizin doğmaca qardaşınızı türməyə saldırıb. Siz onu müalicə eliyirsiz?" Bunu eşitcək Rüfətin kim olması ilə maraqlanan Fariz vaxtilə Rüfətin atasını məhz onun güdaza verdiyini öyrənir.
Çox ağır və gərgin iş günündən sonra evinə qayıdan Fariz Əmiroviç eyni blokda yaşayan məşuqəsi Lilyanın (İrina Kupçenko) qapısını döyür və keçib otaqda əyləşir. Gün ərzində baş verən hadisələrdən Lilyaya danışandan sonra yorğunluğunu atmaq üçün vannaya girmək qərarına gəlir. Az bir müddət sonra Lilya dəhlizdən Farizə səslənir ki, şalvarını ütüləmək üçün ona versin. Cavab gəlmədiyini görən Lilya vanna otağına daxil olur və Farizin paltarlı yerə yıxıldığını gördükdə bərk qışqırır. Onu güclə dikəldərək ürəyinin tutduğunu görür. Lakin Fariz həkim çağırmaq əvəzinə Lilyadan onu dəhlizə çıxarmasını istəyir. Dəhlizdə ayaqqabılarını geyindirməyi və onu evdən bayıra çıxarmasını deyir. Öləcəyini hiss edən rektor Lilyanın evində vəfat etməkdən qorxduğu üçün onun köməyi ilə evdən bayıra çıxır və pilləkənlərlə yuxarı qalxır. Bir az qalxdıqdan sonra üzü üstə pilləkənlərdən yıxılır və keçinir. Şok içində olan Lilya bir müddət pilləkəndə Farizin cansız bədənin yanında əyləşdikdən sonra özünü ələ alaraq qapı qonşusunun zəngini çalır və qonşuya bildirir ki, "Bu adam mənim zəngimi basmışdı. Görünür, halı pozulub. Qapının ağzından keçirmiş, halı pozulub, zəngimi basıb." Qonşu evdəki qonaqları da köməyə səsləyərək dərhal Farizi qaldıraraq nəbzini yoxlayırlar və onun keçindiyini görürlər. Rektor gün ərzində keçirdiyi saysız-hesabsız stresli vəziyyətlər nəticəsində ürək çatışmazlığından vəfat edir.
Kadrlarda institutun akt zalı görünür və Fariz Əmiroviç Rzayevin son mənzilə yolasalma mərasimidir. Zalda müəllim-tələbə heyəti ilə yanaşı, onun yaxınları da əyləşmişlər. Lilya da zaldadır – Farizi sevən yeganə adam. Lakin o yenə də həmişə olduğu kimi ikinci plandadır və yaddır. Onun gözləri tez-tez dolur. Sevdiyi şəxsin cənazəsiylə də yaxından vidalaşmaq ona qismət deyil. Ona görə kənar adamlar zalı tərk edən zaman o da institutun dəhlizində son dəfə Farizlə vidalaşmaq üçün gözləyir və gözyaşlarına qərq olur.
Ekranda Roza Həsənova görünür. O avtobusda uşaqları ilə gedir və sürücüyə bildirir ki, institutun qabağında saxlasın. İndi də o yeni rektorun yanına şikayətə tələsir…
2) Filmin qəhrəmanı Fariz Əmiroviç Rzayev (Aleksandr Kalyagin) institut rektorudur. Öz aləminə qapılan bu adam hər şeyi unutmuşdur, hətta yaxın adamlarını da. Yalnız məşuqəsi Lilyanın (İrina Kupçenko) yanında olanda özünə rahatlıq tapır. Bir gün elə onun qolları arasında da qəflətən vəfat edir. İkili ömür yaşayan Fariz Əmiroviç əslində insanlar arasında özünü tənha hiss edirdi. Elə bu dünyadan da köçəndə tənha idi… Film insanlar arasında qarşılıqlı münasibətlərin vacibliyindən söhbət açır.[2]
3) İnstitutun hörmətli rektoru ictimaiyyətin və ailəsinin bildikləri həyatdan əlavə, gizli məhəbbətlə dolu başqa bir ömür yaşayır…[3]
4) Fariz Əmiroviç Rzayev (Aleksandr Kalyagin) 20 ildir ki, Azərbaycanın ən böyük institutlarından birinə rəhbərlik edir. Lakin həyat elə gətirib ki, uşaqları ondan qaçır, arvadı nifrət edir, hətta işi də onu sıxır. Hərdən bir məşuqəsinə baş çəkir. Yalnız onun evində rahatlıq tapır, özü, yaxınları və səhvləri barədə düşünür. Ona görə burada tez-tez onun ürəyi ağrıyır və bir gün elə burada da dünyasını dəyişir.[4]
5) İş elə gətirir ki, məşuqəsi Farizin (Aleksandr Kalyagin) həyatında ona ən yaxın adam olur. O institut rektorudur. İş yerində həmişə gərginlik, evdə hər şeydən narazı olan həyat yoldaşı, öz dünyalarında yaşayan uşaqları. Bütün bunlar onu çox yorur və əsəbiləşdirirdi. Ürəyində problemləri olan Fariz yalnız sevdiyi məşuqəsi olduğu üçün taleyinə minnətdar idi.[5]
6) "Özgə ömür" filmində şəxsiyyətin ikiyə bölünməsi faktı ilə üzləşirik. Bu dramatik film Bakıda ali məktəblərdən birinə rəhbərlik edən Fariz Rzayevin, təzadlı həyat sürən insanın faciəsindən bəhs edir. Bir tərəfdən o, iş yoldaşı ilə sevişən əməkdaşın məsələsini özü üçün ayırd etmədən, onu əxlaq pozğunluğu adı altında işdən qovmaq istəyir, digər tərəfdən özü tənha qonşu qadınla gizlin yaxınlıq edir, bu qadınla oğrun-oğrun yaşayır. Necə deyərlər, öz gözündə tiri görmür, başqasınınkında tük axtarır.[6]
Mükafatlar
redaktə1) 1987-ci ildə aktrisa İrina Kupçenko ən yaxşı epizodik rola görə SSRİ Kinematoqrafçılar İttifaqının təsis etdiyi "Nika" Prizinə layiq görülmüşdür.[7]
Film haqqında
redaktə- Film rus dilində çəkilmişdir. Azərbaycan dilində dublyaj edilmiş və səsləndirilmişdir. Azərbaycan variantında titrlər azərbaycan dilində və kiril əlifbasındadır. Lakin filmdə dialoqlar rus dilində aparılır. Bunun da səbəbi baş rolun və bir neçə köməkçi rolların ifaçılarının rus aktyorları olmasıdır.
- 1987-ci ildə film Moskvada ilin ən yaxşı filmləri siyahısına daxil edilmişdir.
- Əsədovun otağında radioda Xan Şuşinski oxuyur.
- Rasim Ocaqovun "Özgə ömür" filmində qəhrəman geriyə doğru inkişaf etməyə başlayır, ikiləşir. O, özünü cəmiyyətdən qoruyur, qılaflanır. Onun artıq keçmişi yoxdur. Doğulub böyüdüyü məhəllənin küçələri onu tanımır.[8]
- "Ad günü", "Bağlı qapı", "Özgə Ömür", "Park", "Ölsəm… Bağışla", "Həm ziyarət, həm ticarət…" və bir də "İstintaq" filmləri müasirlərimizin əsl obrazını yaratmaqla bizi ətrafımıza diqqətlə yanaşmağa, cəmiyyətdə baş verən neqativ hallara göz yummamağa çağırır.[9]
- 80-ci illərdən başlayaraq Azərbaycan kinosunda tənqidi pafos artır, ictimai müdaxilə getdikcə güclənirdi. Biz artıq sovet miflərinin məhvini, illüziyaların tədricən dağılmasının şahidi oluruq. Bunları "Bağlı qapı", "Özgə ömür", "Şeytan göz qabağında", "Təxribat", "Sahilsiz gecə", "Lətifə" və s. filmlərdə müşahidə edirik.[10]
- Filmin musiqisindən "Dairə" filmində istifadə edilmişdir.
- Sürücü Əmənullanın maşınında divara taxılan "İzvestiya" qəzetidir.
Səhvlər
redaktə- Fariz Əmiroviç evində səhər yeməyi yeyən zaman onun köynəyinin birinci düyməsi açıqdır. Qalstuk isə sıx bağlanmayıb. Ancaq bir neçə kadr sonra, xüsusilə o arvadının yatdığı otağa daxil olanda artıq onun köynəyi axıradək düyməli, qalstuk isə sıx bağlanmışdır.
- Vika Farizin evindəki kabinet otağındadır. Divanda oturmuşdur. Solundakı abajur yanılıdır və işığının kölgəsi divara düşür. Bir kadr sonra artıq abajur söndürülmüşdür.
- Fariz Əmiroviç kabinet otağına daxil olanda Vika ayağa qalxır, sonra divanda arxası abajura perpendikulyar istiqamətdə oturur. Bir neçə kadr sonra ikinci dəfə kamera onu göstərəndə arxasını tamamilə divana söykəmişdir, və abajur onun solundadır.
- Fariz Əmiroviç evindən çıxıb pilləkənlərlə aşağı düşərkən gəzdirdiyi dəri portfel sol əlindədir. Bir mərtəbə düşəndən sonra biz o portfeli onun arxasında iki əli ilə tutduğunu görürük.
- Fariz Əmiroviç işin sonunda maşına əyləşəndə sürücüyə İçərişəhərə sürməyi deyir. Maşın tərpənəndə maşının şüşəsinə filmin kadrarxası heyətindən bir neçə nəfərin əksi düşür.
- Titrlərdə Rasim Ocaqovun soyadı "Ocağov" kimi göstərilmişdir.
Filmin heyəti (titrlərdəki sıraya görə)
redaktəFilmin üzərində işləyənlər
redaktəMövqe | Ad və Soyad | Titrlərdə |
---|---|---|
Ssenari müəllifi | Rüstəm İbrahimbəyov | |
Quruluşçu rejissor | Rasim Ocaqov | Rasim Ocağov |
Quruluşçu operator | Kənan Məmmədov | |
Quruluşçu rəssam | Rafiz İsmayılov | Rafis İsmayılov |
Bəstəkar | Emin Sabitoğlu | |
Səs operatoru | Akif Nuriyev | |
Rejissor | Ramiz Əliyev | R. Əliyev |
Operator | Nemət Rzayev | N. Rzayev |
Qrim üzrə rəssam | Elbrus Vahidov | E. Vahidov |
Montaj edəni | Gülşən Səlimova | G. Səlimova |
Geyim rəssamı | Y. Kirşner | |
Dekor rəssamı | Fikrət Ələkbərov | F. Ələkbərov |
Rejissor assistentləri | Nizami Musayev, Mirzəbala Məlikov | N. Musayev, M. Məlikov |
Operator assistenti | Abbas Rzayev | A. Rzayev |
İnzibati qrup | M. İsmayılov, Q. Nəzərova, Vaqif Əsədullayev | Q. Nazarova, V. Əsədullayev |
Çalır | SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri | |
Dirijor | Konstantin Krimets | K. Krimets |
Filmin redaktoru | A. Vəliyeva | |
Filmin direktoru | Aydın İmrani |
Titrlərdə olmayanlar
redaktəMövqe | Qeyd | Ad və Soyad |
---|---|---|
Əsərin müəllifi | Rüstəm İbrahimbəyov | |
Arxiv kadrlarda iştirak edənlər | Səs | Lui Armstronq, Xan Şuşinski |
Rollar
redaktəRollarda
redaktəAd və Soyad | Titrlərdə | Rol | Əlavələr | Qeyd |
---|---|---|---|---|
Aleksandr Kalyagin | Fariz Əmiroviç Rzayev | Rektor | ||
Fəxrəddin Manafov | Fərhad Manafov | Tahirbəyov | Prorektor | |
Muxtar Maniyev | M. Maniyev | Əfəndiyev | Qulam; Prorektor |
|
Mübariz Əlixanoğlu | M. Əlixanoğlu | Dadaşov | Prorektor | |
İrina Kupçenko | İ. Kupçenko | Lilya | Aleksandrovna; Qonşu |
|
Liya Axecakova | L. Əhədcaqova | Roza | Həsənova; Həsənovun arvadı |
|
Şükufə Yusupova | Ş. Yusifova | İmanova | Sofa | |
Hacı İsmayılov | H. İsmayılov | Həsənov | ||
Nuriyyə Əhmədova | N. Əhmədova | Minə | Katibə | Mina kimi |
Hamlet Xanızadə | H. Xanızadə | Əmənulla | Sürücü | |
Larisa Xələfova | L. Xələfova | Vika | Rzayeva; Ramizin arvadı |
|
Gülya Salahova | G. Salahova | Tamilla | Rzayeva; Eldarın arvadı |
|
Çingiz Şərifov | Ç. Şərifov | Ramiz | Rzayev; Farizin oğlu |
|
Çingiz Mustafayev | Ç. Mustafayev | Eldar | Rzayev; Farizin oğlu |
|
Zərnigar Ağakişiyeva | Z. Ağakişiyeva | Səkinə xanım | Rzayeva; Farizin arvadı |
Səkinə xanum kimi |
Kamil Zöhrabov | K. Zöhrabov | Marat | Ramizin dostu | |
Arif Nərimanbəyov | A. Nərimanbəyov | Əsədov | Professor | |
Məbud Məhərrəmov | M. Məhərrəmov | Müstəntiq | ||
Viktor Dəmirtaş | V. Dəmirdaş | Müxbir | Nuriyev | |
Rövşən Həsənov | R. Həsənov | Seymur | Lilyanın qonşusu | |
Murad Dadaşov | M. Dadaşov | Həsənovun uşağı | Rozanın oğlu | |
Nemət Mikayılov | N. Mikayılov | Həsənovun uşağı | Rozanın oğlu | |
Adil Vəliyev | A. Vəliyev | Fariz Əmiroviçin nəvəsi | Eldarın oğlu; Rzayev |
Epizodlarda
redaktəAd və Soyad | Titrlərdə | Rol | Qeyd |
---|---|---|---|
Əli Haqverdiyev | Ə. Haqverdiyev | Rüfət | rolun adı titrlərdə yoxdur |
Tariyel Qasımov | T. Qasımov | Baş mühəndis | rolun adı titrlərdə yoxdur |
Yefim Abramov | İ. Abramov | Elmi işçi | rolun adı titrlərdə yoxdur |
Dadaş Kazımov | D. Kazımov | Sərxoş Əliqulu | rolun adı titrlərdə yoxdur |
M. Hüseynov | Nazir | rolun adı titrlərdə yoxdur | |
Sədaqət Zülfüqarova | S. Zülfüqarova | İçərişəhərli sakin | rolun adı titrlərdə yoxdur |
D. Ocaqova | Tibb işçisi | rolun adı titrlərdə yoxdur |
Titrlərdə olmayanlar
redaktəAd və Soyad | Rol |
---|---|
Emin Sabitoğlu | Sərnişin |
Ağarəfi Rəhimov | İnstitut işçisi |
Nəcibə Hüseynova | Elmi işçi |
Kənan Məmmədov | Elmi işçi |
Bahadur Əliyev | Dəfn mərasimindəki adam |
Cahangir Aslanoğlu | Əsədovun qonağı |
Nicat Bəkirzadə | Ənvər |
Vəliəhd Vəliyev | Oqtay |
Şəmsi Şəmsizadə | Dəfn mərasimindəki adam |
Şahin Cəbrayılov | Dəfn mərasimindəki adam |
Ramiz Məlikov | Dəfn mərasimindəki adam |
Niyazi Əhmədov | İçərişəhərli qonşu; Farizin tanışı |
Nəcəf Həsənzadə | Növbətçi; Qapıçı |
Ağasəf Sadıqbəyov | Skripkaçı |
Mayak Kərimov | Dəfn mərasimindəki məsul şəxs |
Filmi səsləndirənlər(titrlərdə yoxdur)
redaktəAktyor | Rol | Səsləndirən |
---|---|---|
Aleksandr Kalyagin | Fariz Əmiroviç Rzayev | Həsənağa Turabov |
Fəxrəddin Manafov | Tahirbəyov | Fəxrəddin Manafov |
Muxtar Maniyev | Əfəndiyev | Muxtar Maniyev |
Mübariz Əlixanoğlu | Dadaşov | Ədalət Məmmədov |
İrina Kupçenko | Lilya | Nəcibə Hüseynova |
Liya Axecakova | Roza | Əminə Yusifqızı |
Şükufə Yusupova | İmanova | Şükufə Yusupova |
Hacı İsmayılov | Həsənov | Hacı İsmayılov |
Nuriyyə Əhmədova | Minə | Nuriyyə Əhmədova |
Hamlet Xanızadə | Əmənulla | Hamlet Xanızadə |
Larisa Xələfova | Vika | Həmidə Ömərova |
Gülya Salahova | Tamilla | Məlum deyil |
Çingiz Şərifov | Ramiz | Eldəniz Rəsulov |
Çingiz Mustafayev | Ramiz | Ötkəm İsgəndərov |
Zərnigar Ağakişiyeva | Səkinə xanım | Zərnigar Ağakişiyeva |
Kamil Zöhrabov | Marat | Məlum deyil |
Arif Nərimanbəyov | Əsədov | Həsən Məmmədov |
Məbud Məhərrəmov | Müstəntiq | Rasim Balayev |
Viktor Dəmirtaş | Müxbir | Əliabbas Qədirov |
Rövşən Həsənov | Seymur | Məlum deyil |
Murad Dadaşov | Həsənovun uşağı | Məlum deyil |
Nemət Mikayılov | Həsənovun uşağı | Məlum deyil |
Adil Vəliyev | Fariz Əmiroviçin nəvəsi | Məlum deyil |
Əli Haqverdiyev | Rüfət | Kamal Xudaverdiyev |
Tariyel Qasımov | Baş mühəndis | Tariyel Qasımov |
Yefim Abramov | Elmi işçi | Məlum deyil |
Dadaş Kazımov | Sərxoş Əliqulu | Məlum deyil |
M. Hüseynov | Nazir | Həsən Əbluc |
Sədaqət Zülfüqarova | İçərişəhərli sakin | Məlum deyil |
D. Ocaqova | Tibb bacısı | Məlum deyilı |
Emin Sabitoğlu | Sərnişin | Replika yoxdur |
Ağarəfi Rəhimov | İnstitut işçisi | Replika yoxdur |
Nəcibə Hüseynova | Elmi işçi | Replika yoxdur |
Kənan Məmmədov | Elmi işçi | Pərviz Bağırov |
Bahadur Əliyev | Dəfn mərasimindəki adam | Replika yoxdur |
Cahangir Aslanoğlu | Əsədovun qonağı | Məlum deyil |
Nicat Bəkirzadə | Ənvər | Məlum deyil |
Vəliəhd Vəliyev | Oqtay | Məlum deyil |
Şəmsi Şəmsizadə | Dəfn mərasimindəki adam | Replika yoxdur |
Şahin Cəbrayılov | Dəfn mərasimindəki adam | Məlum deyil |
Ramiz Məlikov | Dəfn mərasimindəki adam | Replika yoxdur |
Niyazi Əhmədov | İçərişəhərli qonşu | Ramiz Məlikov |
Nəcəf Həsənzadə | Növbətçi | Məlum deyil |
Ağasəf Sadıqbəyov | Skripkaçı | Replika yoxdur |
Mayak Kərimov | Dəfn mərasimindəki məsul şəxs | Replika yoxdur |
Obrazlar
redaktə- Fariz Əmiroviç Rzayev — Aleksandr Kalyagin: İşini bilən, təcrübəli, hörmət sahibi olan rektor Fariz Rzayev ömrü boyu ona nə göstəriş veriblərsə canla-başla yerinə yetirmişdir. Buna baxmayaraq nə qədər qüdrət sahibi olsa da əslində müstəqil fikri olmayan, qorxaq adamdır. İkili həyat yaşayır. Bir tərəfdən Həsənovla İmanovanın əlaqələrini ailə-məişət pozğunluğu kimi qiymətləndirərək ikisindən birini işdən çıxarmaq istəyir, digər tərəfdən özü qonşu qadınla gizlicə eşq yaşayır. Öz ailəsinin dağılma təhlükəsini görməyərək dağılmaqda olan başqa bir ailəni xilas etməyə çalışır. Vəzifənin məngənəsinə keçən bu adam arvadı, oğlanları, hətta nəvələri üçün də yaddır və tənhadır. Həyatda hər şeyi unutmuşdur-doğmalarını, doğulub boya başa çatdığı evi, küçəni, o küçədə vaxtilə birgə yaşadığı qonşularını. Biganə və tənha həyat sürən rektor xoşbəxt deyil. O yalnız Lilyanın yanında xoşbəxt və firavandır. Günlərin bir günü də onun qolları arasında da əbədiyyətə qovuşur. Aleksandr Kalyagin rejissor Rasim Ocaqovun bundan qabaq üç filmində, üç müxtəlif obraz yaratmışdı.
- Tahirbəyov — Fəxrəddin Manafov: Tahirbəyov prorektordur. Rektor vəzifəsinə bir nömrəli namizəddir. Rektordan fərqli olaraq demokratik ruhludur. Məhəbbətə hörmətlə yanaşır. Cəsurdur, işini itirmək təhlükəsi ilə qarşılaşsa da rektora öz fikrini deyir. Lakin filmin sonunda, xüsusilə nazirlə dialoqundan sonra belə qənaətə gəlmək olur ki, rektor olandan sonra o da Fariz Rzayev kimi yuxarının göstərişlərini yerinə yetirmək məcburiyyətində olacaq.
- Əfəndiyev — Muxtar Maniyev: Əfəndiyev prorektordur. Təlim-tərbiyə işlərinə baxır. Xəbərçi deyil. İstəmir ona artıq irad tutulsun. Ehtiyatlıdır, işini itirməkdən qorxur. Tahirbəyovla arası yaxşıdır. Ancaq digər tərəfdən onun paxıllığını çəkir.
- Dadaşov — Mübariz Əlixanoğlu: Dadaşov da prorektordur. Lakin digərlərindən fərqli olaraq şəxsiyyəti yoxdur. Rektorun bir nömrəli xəbərçisidir. Rektorun sadiq quludur. Yeməkxanada gedən söhbəti dərhal rektora çatdırmaq üçün tələsik oranı tərk edir.
- Lilya — İrina Kupçenko: Tənha rus qadındır. Rektor Fariz Rzayevlə əlaqəsi var. Onu sevir. Bəlkə də onu sevən yeganə adamdır. Farizi anidən itirməsi ona çox pis təsir edir.
- Roza — Liya Axecakova: İnstitut işçisi Həsənovun arvadıdır. İki uşağı var. Əri və uşaqları üçün yaşayır. Ərinin xəyanətiylə heç cür barışa bilmir. Ailəsini dağılmaqdan xilas etmək üçün hər şeyə hazırdır, hətta ölümə də.
- İmanova — Şükufə Yusupova və Həsənov — Hacı İsmayılov: İnstitut işçiləridir. İmanova Həsənovla eşq yaşayır. Lakin işləri korlayan Həsənovun iki uşaq atası və evli olmasıdır. Onların hərəkətləri ailə-məişət pozğunluğu kimi qiymətləndirilir. Lakin İmanovanın savadlı proqramçı olduğu üçün Həsənovun işdən çıxarılması qərarına gəlinir. İmanova isə bununla razılaşmayaraq birbaşa rektora müraciət edir. Hər şeyə baxmayaraq onlar bir-birilərini sevirlər. Lakin cəmiyyət həmişə onlara qarşıdır və məhəbbətlərini heç vaxt başa düşməyəcəklər. Onlar axşam skamyada oturarkən qəflətən kinoteatrın qapılarının açılmağı ilə onların üzlərinə düşən işıqdan hər ikisi hürkərək ayağa qalxırlar. Bu qorxu və xof onları hər zaman və hər yerdə izləyir. Çünki cəmiyyətin qəbul etməyəcəyi bir münasibət yaşayırlar.
- Minə — Nuriyyə Əhmədova: Fariz Rzayevin katibəsidir. İşinə məsuliyyətlə yanaşır. Cəsurdur. Rəisinin etibarını qazanıb.
- Əmənulla — Hamlet Xanızadə: Fariz Rzayevin sürücüsüdür. Ağ "Qaz 24" sürür. Hər dəfə onları güdən ağ "Jiquli" barədə danışır və lovğalanaraq əgər izin verilsə özünün onların ödəsindən gələ biləcəyini deyir.
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ Rüstəm İbrahimbəyovun "Özgə ömür" filminin kadrarxası: Məşhur Aleksandr Kalyagin Bakıda çəkiliş heyətini çətinə salıb: [filmin operatoru Kənan Məmmədovun fikirləri] //Azadlıq.- 2014.- 8 dekabr.- S.14.
- ↑ Aydın Kazımzadə. Azərbaycan Kinosu-1 (filmlərin izahlı kataloqu (1898–2002)), səh. 137; Bakı-2003. (az.)
- ↑ "Özgə ömür". Azeroo.[ölü keçid]
- ↑ "Другая жизнь". RUSКИНО. 2021-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-05-22.
- ↑ "Другая жизнь". НОВОСТИ КИНО. 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-05-22.
- ↑ Aydın Kazımzadə. Azərbaycan Kinematoqrafçıları, səh. 145; Bakı-2002.
- ↑ Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 282.
- ↑ "Kino 70-80-ci illərdə". MƏDƏNİYYƏT.[ölü keçid]
- ↑ "REJİSSORLAR: Rasim Ocaqov". AzeriArt. 2008-03-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-05-19.
- ↑ "Azərbaycanın kino və teatr tarixi haqqında". Milli İntellektual Məkan.
Mənbə
redaktə- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 222; 278–298.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.