Uc Alov - Wikipedia
Üç alov (rus. Три огня) — Azərbaycan rok qrupu.
Üç alov | |
---|---|
Три огня | |
Əsas məlumatlar | |
Üslub | rok |
Fəaliyyət illəri | 1967-1973 |
Ölkə | |
Heyət |
Çingiz Ədib (solo gitara, vokal) Rüfət Kərimov (bass gitara) Pərviz Bayramov (orqanola) Pərviz Ədib (zərb alətləri) |
Tarixi
redaktə1967-ci ildə ADNA-nın tərkibində Çingiz Ədibin rəhbərliyi ilə yaradılıb.[1] Qrup üzvləri "Beatles" qrupu tərzində bir qrup yaratmaq istəyirdilər.[1] Lakin həmin dövrdə onların musiqi texnikası olmadığı üçün həmin qrupu təqlid etmək asan deyildi. Qrupa məşqlər üçün verilən yerin isə təmirə ehtiyacı var idi.[1] Onlar çətinliklə olsa da, oranı təmir etdirdilər və demək olar ki, yenidən qurdular.[1] Qrup Bakının üç alov simvolu ilə əlaqəli olaraq "Üç alov" ("Tri oqnya") adlandırıldı.[1] Qrupun üzvləri Çingiz Ədib (solo gitara, vokal), Rüfət Kərimov (bass gitara), Pərviz Bayramov (orqanola), Pərviz Ədib (zərb alətləri) idi.[1]
Çingiz Ədib qrupun yeni fəaliyyət vaxtlarını belə xatırlayır: "Ansamblımızı təşkil edəndən sonra biz sakitcə işləməyə başladıq. Çox məşq edir, hərdən gecələr də işləyirdik. Düzdür, köməyimizə, məsələn, Vaqif Mustafazadə, Fərəc Qarayev və hətta Tofiq Quliyev gəlirdi. Vaqif fanatik musiqiçi idi, Tofiq müəllim gözəl qəlbli insan. Bizə ən böyük köməyi Vaqif Mustafazadə və Tofiq Quliyev göstərdi. Aparatlarımız dəhşətli idi, alətlərimiz isə o dövr üçün o qədər də pis deyildi. Biz hər şeyi hardan gəldi, əldə edirdik. Alətlərlə problem isə onların alınmasının qeyri-mümkünlüyündə idi. Ona görə yox ki, onları almağa pulumuz yetmirdi, ona görə ki, satışı heç bir yerdə yox idi. Belə alətlər sovet dükanlarında satılmırdı. Bir çox musiqiçilər özləri gitara hazırlayırdı. Biz hər şeyi əldə etməyə qadir olduğumuzu göstərdik".[1]
Qrupun repertuarını əsasən milli və xalq mahnılarının sintezi təşkil edirdi. Onlar həmçinin xarici rok qruplarının mahnılarını da ifa edirdilər. Çingiz Ədibin sözlərinə görə, repertuarları maraqla qarşılanırdı: "Moskvada bizim repertuarımıza təəccüb edir, ifa etdiyimiz musiqiyə həsəd aparırdılar. Bizim ansambl respublikada milli musiqidən istifadə edən ilk qrup idi. Bunlara "Almanı atdım xarala", "Aman nənə" mahnılarını misal göstərmək olar. Musiqiləri müasir ahəngdə tərtib edib özümüz səsləndirirdik. Biz ilk dəfə F. Qədimovun "Dalğalar", D. Axundzadənin "Qurban olduğum" parçalarına musiqi bəstələmişik. Biz musiqilərimizi eynilə bu formada Mərkəzi Televiziyada səsləndirirdik".[1]
Qrup Azərbaycanı Mərkəzi Televiziyada "Alo, biz istedadları axtarırıq" yarışmasında təmsil edərək ikinci yerə layiq görülür.[1] Birinci yerə heç kim seçilmədiyi üçün faktiki olaraq qrup birinci yerə sahib olmuş olurdu.[1] Onlar həmçinin SSRİ-nin digər respublikalarında çıxış edirdilər.[1]
1973-cü ildə qrup fəaliyyətini dayandırır, üzvləri öz ixtisasları üzrə işləməyə gedir.[1] Pərviz Ədib isə musiqi karyerasını sona qədər davam etdirir və peşəkar bir səviyyəyə çatır. O, Vaqif Mustafazadə, Rafiq Babayev və "Qaya" vokal-instrumental ansamblı ilə işləyir.[1]
Azərbaycanda rok-musiqisinin yaranmasında ən əsas rolu peşəkar qruplarla rəqabət aparan, çox vaxt onları musiqi tərzlərinə görə üstələyən iki qrup — "Eksperiment OK" və "Aşıqlar" qrupu oynayıb.[1]