Umbulbanu Resulzade - Wikipedia
Ümbülbanu Rəsulzadə (20 iyul 1888, Novxanı, Bakı qəzası - 27 noyabr 1940, Taldı-Kurqan, Qazaxıstan SSR) — Azərbaycanın birinci xanımı, Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı.
Ümbülbanu Rəsulzadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Novxanı, Bakı qəzası |
Vəfat tarixi | (52 yaşında) |
Vəfat yeri | Taldı-Kurqan vilayəti, Qazaxıstan SSR |
Vətəndaşlığı |
Rusiya imperiyası AXC SSRİ |
Atası | Əbdüləziz Rəsulzadə |
Həyat yoldaşı | Məhəmməd Əmin Rəsulzadə |
Uşaqları |
Lətifə Xalidə Rəsul Azər |
Dini | İslam |
Həyatı
redaktəÜmbülbanu xanım Rəsulzadə 20 iyul 1888-ci ildə Bakı qəzasının Novxanı qəsəbəsində ziyalı ailədə anadan olub. İlk təhsilini Bakı Quberniya Qızlar Gimnaziyasında almışdır. Ali təhsilini İstanbul Universitetində alıb. O, burada ədəbiyyat və humanitar elmlər üzrə təhsil almışdır. Daha sonra 1908-ci ilin 31 yanvarında o, Məhəmməd Əmin Rəsulzadə ilə ailə həyatı qurur. Onun bu evlilikdən 4 övladı - Lətifə, Xalidə, Rəsul və Azər anadan olur. 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Ümbülbanu xanım Rəsulzadə cümhuriyyətin birinci xanımı titulunu alır. Ümbülbanu xanım bu titulu alan ilk qadın idi. O, qızların təhsil almasına mühüm töhvələr vermiş, neçə-neçə qızların xaricdə dövlət hesabına təhsil almasını təmin etmişdir. 1920-ci ilin 28 aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə o, həyat yoldaşı Məhəmməd Əmin Rəsulzadə ilə ayrı düşür. Lakin Məhəmməd Əmin Rəsulzadə ilə 1929-cu ilə qədər məktublaşır. Məhəmməd Əmin Rəsulzadə tez-tez Ümbülbanu xanıma pul göndərirdi ki, zəruri ehtiyyaclarını təmin edə bilsin. Ümbülbanu xanımın övladları ilə yaşadığı ev daim izlənilirdi. 1937-ci ildə Stalin repressiyası zamanı Məhəmməd Əmin Rəsulzadənin ailəsi Qazaxıstana sürgün olunur. Bu zaman Lətifə Müslümzadə, İşvə Müslümzadə, Sona Müslümzadə, Xalidə Rəsulzadə və Rəsul Rəsulzadə vəfat edir. Ailəsini itirən Ümbülbanu xanım bir çox xəstəliklərə tutulur və nəticədə 1940-cı ilin 27 noyabrında Qazaxıstanın Taldı-Kurqan vilayətində vəfat edir. Onun məzarı indiyədək naməlum olaraq qalır.
Ailəsi
redaktə1908-ci il 31 yanvarda Məhəmməd Əmin Rəsulzadə ilə ailə qurub. Ümbülbanu xanım həm də onun əmisi qızı idi. Övladları:
- Qızı Lətifə — 1910-cu ildə anadan olub. 1929-cu ildə əslən Lahıcdan olan Damad Müslümzadə ilə ailə qurub. 1939-cu ildə həyat yoldaşını "Müsavat" Partiyası ilə əlaqəyə görə həbs ediblər. 1941-ci ildə isə onu övladları Firuzə və İşvə ilə Qazaxıstana –Semipalatinsk vilayətinə sürgünə göndəriblər. Üçüncü övladı Sona isə xəstə olduğundan sanatoriyada saxlanılıb. Lətifə xanımla qızı İşvə Qazaxıstanda 1943-cü ildə soyuqdan və aclıqdan donub ölür. Firuzə isə təsadüfən sağ qalır. Lətifənin Bakıda qalan qızı Sonadan isə heç bir xəbər alınmır. Ehtimala görə, o da xəstəlikdən sağalmayıb və dünyasını dəyişib.[1]
- Qızı Xalidə — Kiçik qızı Xalidə 1916-cı ildə anadan olub. Anasının ölümündən sonra Qazaxıstanda – Taldı-Kurqanda qala bilmir. Həyatını riskə ataraq 1943-cü ildə sürgündən qaçıb Bakıya gəlir. Bir müddət Seyid Hüseynin evində qalır, sonra buranın nəzarətdə olduğunu hiss edib, Şamaxı istiqamətinə gedir və sonradan ondan heç bir məlumat alınmır.[1]
- Oğlu Rəsul – Rəsul 1918-ci ildə anadan olub. Texnikumda təhsil alıb. Rəsulun şeir yazmaq istedadı da olub. 1934-cü ildən təqib edilib. 1937-ci ilin iyulun 15-də Novxanıdakı bağlarında həbs olunaraq 19 yaşında güllələnib.[1]
- Oğlu Azər – Azər Məhəmməd Əmin Rəsulzadə həbsdə olarkən 1920-ci ildə doğulub. Məhəmməd Əmin Rəsulzadə Stalin onu Moskvaya apararkən evə gedib, ailəsi ilə görüşə bilib. İki aylıq uşağın adını dəyişib (əvvəl adı Əliheydər olub) Azər qoyub. 1937-ci ildə sürgünə göndərilən Azər 1993-cü ildə Qazaxıstanda – Karaqandada dünyasını dəyişib və gətirilb Novxanı qəbirstanlığında dəfn edilib.[1]
Ümbülbanu xanım 1920-ci ildən sonra təqiblərlə dolu həyat yaşamasına baxmayaraq Məhəmməd Əmin Rəsulzadənin fəaliyyətinə haqq qazandırıb, onu müdafiə edib.[2]
1937-ci ildə, Böyük Təmizlik zamanı NKVD Ümbülbanu xanımı, Məhəmməd Əminin anası Maral xanımı, qızı Xalidə və oğlu Azəri sürgün edib.[2][3] 1937-ci ildə istintaq zamanı onun mübarizliyi erməni zabitlərini belə, heyrətə gətirir. İstintaq materiallarından:
– Deyin görək həyat yoldaşınız Məhəmməd Əmin Rəsulzadə hazırda harada yaşayır?
– Həyat yoldaşım Məhəmməd Əmin Rəsulzadə 1920-ci ildən xaricdə, Türkiyənin İstanbul şəhərində yaşayır.
– Həyat yoldaşınızla bu müddətdə əlaqəniz olubmu? Olubsa necə?
– 1929-cu ilə qədər mən onunla məktublaşırdım. 1934-cü ildə isə ondan 18 dollar məbləğində göndərilən pul kağızı aldım. Bundan sonra heç bir yazışmamız olmadı.
– Nəyə görə ərinizlə yazışmağa son qoydunuz?– Yazdığı məktublarda həyat yoldaşım uşaqlardan narahat olduğunu bildirirdi və uşaqları təhlükədə qoymamaq üçün biz onunla məktublaşmamağı qərara aldıq…[4]
Oğlu Rəsul güllələndikdən sonra ailəsi ilə birlikdə əvvəl Qazaxıstanın Çolak-Kurqan yaşayış məntəqəsində, sonradan isə Taldı-Kurqanda – sovxozda məskunlaşıblar.[2] Oğlu Rəsulun ölümünü unuda bilməyən Ümbülbanu xanımın ağır sürgün həyatında ürəyi partlayıb, 1940-cı ildə dünyasını dəyişib.[2]
Rəssam Rais Rəsulzadənin nənəsidir.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 "Arxivlənmiş surət" (PDF). 2016-05-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-04-09.
- ↑ 1 2 3 4 "Məhəmməd Əmin Rəsulzadənin dəhşətli ailə faciəsi…". 2018-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-20.
- ↑ "Məhəmməd Əmin Rəsulzadə-NİN BAKIDAKI EVİ ƏRƏBLƏRƏ VERİLİB". 2014-07-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-20.
- ↑ Nəsiman Yaqublu: "Məhəmməd Əmin Rəsulzadə", Bakı, Gənclik, 1991