Ibrahim Ibrahimov Professor - Wikipedia
İbrahim İsmayıl oğlu İbrahimov (1928, Naxçıvan – 24 yanvar 1990, Bakı) — kimya elmləri doktoru, professor. 20 Yanvar şəhidi.[1]
İbrahim İbrahimov | |
---|---|
İbrahim İsmayıl oğlu İbrahimov | |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | (61 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | Sovet Ordusunun təcavüzü |
Dəfn yeri | Şəhidlər Xiyabanı, Bakı |
Milliyyəti | azərbaycanlı |
Həyatı
redaktəİbrahim İsmayıl oğlu İbrahimov 1928-ci il oktyabrın 10-da Naxçıvanda anadan olmuşdur. 1934-cü ildə Naxçıvan şəhər 1 saylı orta məktəbinə daxil olmuş, lakin orta təhsilini tam ala bilməmişdi. II Dünya Müharibəsi illərində Naxçıvan şəhər Voroşilov adına kolxozda işləmişdir. Yalnız müharibədən sonar 1945–47-ci illərdə Naxçıvan fəhlə-gənclər məktəbində orta təhsilini başa vurduqdan sonar, Bakı Dövlət Universitetinin (BDU) kimya fakültəsinə daxil olmuş, 1949-cu ildən ali təhsilini M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsində davam etdirmiş və 1952-ci ildə oranı bitirmişdir.1952–55-ci illərdə keçmiş SSRİ Baş-tikinti komitəsinin Ural texniki təchizat şöbəsində kimyaçı-mühəndis, 1955–56-cı illərdə Naxçıvan ət kombinatında əvvəlcə kimyaçı-mühəndis, sonra isə şərab trestində laboratoriya müdiri vəzifəsində çalışmışdır.
Elmi fəaliyyəti
redaktə1956–59-cu illərdə Azərbaycan Elmlər Akademiyasının (EA) Kimya İnstitutunun aspiranturasında oxumuş və 1959–63-cü illərdə orada kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1963–66-cı illərdə indiki Azərbaycan Dövlət Neft Akademiyasının "Ümumi və qeyri-üzvi kimya" kafedrasında assistent vəzifəsində işləmişdir. 1966-cı ildən Azərbaycan EA Polimer Materialları İnstitutunda böyük elmi işçi və 1974-cü ildən ömrünün axırınadək "Karbonil birləşmələr" laboratoriyasına rəhbərlik etmişdir. 1984-cü ildə "Üzvi kimya" ixtisası üzrə professor adına layiq görülmüşdür.
1962-ci ildə "Üzüm cəcəsindən alınan səthi-aktiv maddələrin gilli sistemlərin kolloid-kimyəvi və quruluş-mexaniki xassələrinə təsirinin tədqiqi" mövzusunda namizədlik, 1983-cü ildə isə SSRİ EA N. Zelenski adına Ümumi Kimya İnstitutunun (Moskva ş.) İxtisaslaşmış Elmi Şurasında "g-Xlor və b, g-dixlorpropenil-ketonların sintezi və xassələri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək "Üzvi kimya" ixtisası üzrə kimya elmləri doktoru dərəcəsini almışdır.
Professor İ. İ. İbrahimovun əsas elmi istiqaməti polifunksional karbonil birləşmələrin sintezinə, onların əsasında heterotsiklik birləşmələrin alınmasına, kimyəvi xassələrinin və mümkün praktiki tətbiq sahələrinin öyrənilməsinə həsr olunmuşdur. Onun apardığı sistemli elmi-tədqiqat işləri nəticəsində polifunksional karbonil birləşmələrin alınmasına imkan verən Kondakov reaksiyasının yeni variantları işlənib hazırlanmışdır. O, ədəbiyyatda allilxloridin Morkovnikov qaydasının əksi istiqamətdə asilləşməsi haqqındakı yanlış fikrinin əksinə olaraq göstərmişdir ki, bu reaksiya Morkovnikov qaydası üzrə gedir və nəticədə g-xlorpropenilgetonlar alınır. O, bu reaksiyaya sadə və mürəkkəb allil efirlərini, doymamış aldehidləri və propalqil sırası törəmələrini daxil etməklə onun tətbiq hüdudlarını daha da genişləndirmişdir. Onun rəhbərliyi altında sintez edilmiş birləşmələr əsasında antikoaqulyant, antimikrob, hipotenziv, psixotrop və s. fəallığa malik piridin, pirazol, pirazolin, pirimidin, pirropiridin və s. sinif heterotsiklik birləşmələrin neft-kimya xammalı əsasında alınmasının əlverişli üsulları işlənib hazırlanmışdır. O, 200-dən çox elmi əsərin, o cümlədən 48 müəlliflik şəhadətnaməsinin müəllifidir. Onun rəhbərliyi ilə 10 elmlər namizədi yetişmişdir.
Professor İ. İ. İbrahimov dəfələrlə beynəlxalq və ümumittifaq miqyasında keçirilən konqres və simpoziumlarında, o cümlədən Tehranda heterotsiklik birləşmələrə dair Beynəlxalq konfransda, Polşada keçirilən üzvi sintezə dair konfransa, "Ümumi və tətbiqi kimyaya" dair XI Mendeleyev qurultayında (Moskva, 1974), ümumittifaq konfransında (Bakı, 1976), Riqa və Rostovda keçirilən "Heterotsiklik birləşmələr kimyası"na dair II və III Ümumittifaq konfransında (Moskva, 1986) məruzələrlə çıxış etmişdir.
Professor İ. İ. İbrahimov yaradıcılığının ən kamillik dövründə, Sovet imperiyasının mənfur siyasətinin nəticəsində Bakı şəhərində 1990-cı il 20 yanvar və sonrakı günlərdə (24 yanvar) törədilən vəhşiliklərin qurbanlarından biri olmuşdur.
Xatirəsi
redaktə19 yanvar 2016-cı ildə haqqında İTV-də "Yadigarlar" verilişi efirə getmişdir.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. 360 səh. ISBN 5-8066-1468-9.
Xarici keçidlər
redaktə- Qulu Kəngərli, Qara Yanvar şəhidləri. [Məlumat kitabı]. B; Gənclik, 1992.
- Qara Yanvar şəhidləri Arxivləşdirilib 2012-10-15 at the Wayback Machine