Idumeya - Wikipedia
İdumeya (yun. Ἰδουμαία, ivr. אֱדוֹם, Ədum) — İsrailin cənubunda tarixi vilayət.
İdumeya | |
---|---|
Paytaxt | Petra |
Vikianbarda əlaqəli mediafayllar |
İdumeyanın tarixi
redaktəBəzi tarixçilərə görə, Ədum və İdumeya bir-bir ilə əlaqəli, lakin tamamilə fərqli ərazilərin adlarını özündə əks etdirən terminlərdir.
Tarixin müxtəlif dövrlərində Ədumlular tərəfindən zəbt olunmuş fərqli ərazilər belə adlandırılmışdır. Ədumlular ilk olaraq müasir İordaniyanın cənub bölgəsində Əhdi-Ətiqdə adı çəkilmiş Ədum krallığının əsasını qoymuşlar. Daha sonradan isə Yəhuda krallığına (İdumeya və ya müasir Neqevə) köç ediblər.
Bu hadisə Yəhuda krallığının e.ə. VI əsrdə süqut edərək babillilər tərəfindən məhv edildiyi bir dövrə təsadüf edir. Ədum Əhdi-Ətiq, Misir və Mesopotamiya mətnləri kimi son bürünc və dəmir dövrünə aid yazılı abidələrdə tez-tez xatırlanır. Qədim mətnlərdə soydaş İdumeya termini fərqli ərazidə mövcud olmuş nisbətən daha kiçik bölgənin adlandırılması üçün işlədilmişdir. Bu ərazi ibri dilində אדוֹם -ֱʼĔḏôm- (“qırmızı”); Assurca Udumi; Siryanicə: ܐܕܘܡ ,ərəbcə isə أدوم adlanır. İordan çayının şərq sahilində şimaldan Əmman, qərbdən Ölü dəniz, cənub və şərqdən isə Ərəbistan səhrası arasında yerləşən bölgə və xalq belə adlanıb [1].
Ədum sözü ibri dilində “qırmızı” mənasını ifadə edir və öz mənşəyini bu xalqın əcdadı sayılan İshaqın böyük oğlu Esavın (Eys) adından götürmüşdür. Ədum İshaqın oğlu Eysin digər adıdır. Tövrata əsasən Eys qıpqırmızı doğulduğu üçün belə adlandırılmışdır [2]. Daha sonralar isə, gənc yaşlarında ikən Eys öz birincilik hüququnu Yəquba sataraq əvəzinə qırmızı mərci şorbası alır [3]. Əhdi-Ətiq və Əhdi-Cədid kitablarının hər ikisində ədumlular Eysin törəmələri kimi təsvir olunmuşdur.
Ədumluların Misir mənbələrində adı çəkilən Şasu və Şutu köçəri tayfaları ilə əlaqədar olduqları da qeyd olunur. Merneptahın hökmranlığı dövrünə təsadüf edən yazışmaların birində misirli katib öz məktubunda Ədumun köçəri Şasu tayfalarının Misir ərazisində yerləşən su quyularına tərəf hərəkət etmələri barədə məlumat verir [4].
Həmçinin Əhdi-Ətiq mətnlərində çox vaxt Ədum əvəzinə Sə‘ir adı çəkilir. Təl-əl-Amarna yazılarında (e.ə.XIV əsr) və II Ramzesin dövrünə (e. ə. XIII əsrin əvvəllərinə) aid edilən misir sənədlərində də ədumlular bu ad ilə adlandırılır. ƏhdiƏtiqdə Eysin törəmələrinin Ölü dəniz ilə Əqəbə körfəzi arasında yerləşən Səir bölgəsində məskunlaşdığı qeyd olunur[5].
Yalnız e.ə. XIII əsrin ikinci yarısından etibarən bu tayfalar Ədumlular adlandırılır. Buradan belə qənaətə gəlmək olar ki, Sə‘ir adı Ədum terminindən daha qədim tarixə malikdir [6].
Ədum haqqında Əhdi-Ətiq kitablarında, o cümlədən də e.ə. 1215-ci ilə aid olan Misir fironu I Setin salnaməsində və e.ə. 1186-1155-ci illərdə III Ramzesin yürüş salnaməsində məlumat verilmişdir. Arxeoloji qazıntılar zamanı əldə olunan mətnlər sayəsində ədumluların sami mənşəli xalq olması, həmçinin e.ə. XIV əsrdə göstərilən ərazidə məskunlaşması faktı sübut edilmişdir. Əldə olunan mənbələrə əsasən Ədum ölkəsi e. ə. XIII-VIII əsrlərdə çox inkişaf etmiş, e.ə. VI əsrdə babillilər tərəfindən dağıdılmışdır [7]. Əhdi-Ətiq mətnlərində səkkiz ədum kralının adı çəkilir [8].
Krallığın dağıdılmasından sonra ədumlular şərqdən gələn köçəri tayfalar tərəfindən qərbə doğru, Yəhudanın cənubuna doğru sıxışdırılır. Bu tayfaların arasında nəbati tayfalarının da adı çəkilır. E.ə. II əsrdə Ədumun yerində öz krallığının əsasını qoyan nəbati tayfaları haqqında məlumata ilk dəfə e.ə.IV əsrə aid tarixi salnamələrdə rast gəlinir.
İstinadlar
redaktə- ↑ Avraham Negev and Shimon Gibson (2001). Edom; Edomites. Archaeological Encyclopedia of the Holy Land (New York and London: Continuum), s.149-150
- ↑ Yaradılış, 25:25
- ↑ Yaradılış, 25:30
- ↑ Redford, Egypt, Canaan and Israel in Ancient Times, Princeton Univ. Press, 1992, s. 228; 318
- ↑ Yaradılış, 25:30; 36:8
- ↑ КЕЭ, том 10 , s.432-438
- ↑ Avraham Negev and Shimon Gibson (2001). Edom; Edomites. Archaeological Encyclopedia of the Holy Land (New York and London: Continuum), s. 149-150
- ↑ Yaradılış, 36:31-39