Ikebana - Wikipedia
İkebana (生花, ike – "həyat", bana – "güllər", tərc. "canlı güllər") və ya Kado (華道, "güllərin yolu") – XV əsrdə Yaponiyada meydana gəlmiş kəsilmiş güllərdən müxtəlif kompozisiyalar yaratmaqdan ibarət ənənəvi yapon sənəti. İkebana üsulu ilə hazırlanmış kompozisiya 3 əsas elementi birləşdirir və adətən 3 gül budağından ibarət olur. Onlar bəzi inanclara görə göyü (sin), yeri (tay) və insanı (tae), digərlərinə görə isə Günəşi, Ayı və Yeri simvolizə edirlər[1]. İkebana sənəti əvvəllər dini xarakterli olmuş və allahlara hədiyyə məqsədi daşımışdır.
İkebana hazırlanarkən "susso", yəni bitkilərin təbiəti, "xarakter"i nəzərə alınmalıdır[2].
Tarixi
redaktəRikka
redaktəVI əsrdən başlayaraq buddizm Yaponiyada təşəkkül tapdıqdan sonra tikilən buddist məbədlərinin səcdəgahlarının qıraqlarına qeyri-adi buketlər düzülməsi ənənəsi yarandı. Bu nəhəng, əyilməyən budaqları rikka (yap. “duran güllər”) adlandırırdılar. Məbədlərin digər bər-bəzəyi kimi rikka da Çindən gətirilirdi.
Tədricən rikkaları daha alçaq formada hazırlamağa başladılar və XII əsrin sonunadək rikka məbədlərdə və saraylarda gül sənətinin əsas növü idi. Rikkanı hazırlayanlar buketlərdə buddizm üçün müqəddəs olan Sumisen dağını canlandırmağa çalışırdılar. Özül qismində onlar şam budaqlarından istifadə edirdilər. Güldanın ortasında hündürlüyü 1,5 metr olan şam ağacı quraşdırılırdı. Şamdan başqa sərv, sidr və bambukdan istifadə edilirdi. Bəyaz payızgüllərinə (xrizantemlər) də xüsusi diqqət yetirilirdi. Lakin zaman keçdikcə rikka dəbdən düşməyə başladı[3].
Tatebana
redaktəƏn qədim stillərdən biri də tatebana stilidir və o da buddist dini ənənələrlə bağlıdır. İkebananın bu stili dərin nüfuza malikdir, çünki belə hesab edilir ki, klassik ikebana məhz tatebana əsasında yaradılmışdır. Tatebana stilində kompozisiya güldana şaquli şəkildə qoyulmasını nəzərdə tutur və bu zaman üfüqi xətlər ancaq yarpaq və ya meyvələrin ağırlığı ilə gövdənin əyilməsi nəticəsində yarana bilər. İlk olaraq kompozisiya üç güldən ibarət idi, daha sonra beş, yeddi və ya doqquz güldən istifadə edilməyə başlandı. Lakin, tək sayda güllərdən istifadə olunmalı idi[4].
XV-XVIII əsrlərdə
redaktəXV əsrdə sequn Asikaqanın idarəçiliyi dövründə (1436-1490) gül sənətinin daha sadə üsulu olan tokonoma formalaşmağa başladı.
Sequn Momoyamanın dövründə (1560-1600) tikilən bir çox qalalar rikka stilində bəzədilmişdi. Elə bu dövrdə sadə çabana stili yarandı. 1600-cü illərdə artıq ikebananın dini əhəmiyyəti azalmağa başladı və o, dekorasiya rolunu oynamağa başladı. Edo dövründə (XVII əsrin əvvəli- XIX əsrin ortaları) sadə çabana ("çay gülləri") əsasında daha bir sadə stil- naqeire yaradıldı.[5].Naqeireni təbii üsul adlandırırlar, çünki o, güllərin güldanda “təbii qaydada” düzülməsini nəzərdə tuturdu.
Ümumiyyətlə, o dövrdə naqeire dedikdə rikkaya qarşı qoyulan sadə stillərin məcmusu başa düşülürdü. XVIII əsrdə naqeire istiqamətinə həm naqeire ("suya atılmış güllər"), həm çabana, daha gec dövrdə isəsöka yəni asimmetrik üçgüllü stil də aid edilirdi. Daha sonra, bu stillərdən hər biri sərbəst şəkildə inkişaf etməyə başladı[6].
Edo dövründə rikka dedikdə çabananın təsiri altında dəyişikliyə uğramış və samuray qalalarından şəhər sakinlərinin evinə sıçarmış ikenobo stili başa düşülürdü[7].
Moribana
redaktəXX əsrdə formalaşmış moribana dəbdəbəli rikka və təbii naqeiredən fərqli olaraq ənənəvi yapon evləri üçün daha uyğundur, çünki o, güllərin alçaq və hamar güldanlara qoyulmasını və kendzan adlanan metal elementlərdən istifadə edilməsini nəzərdə tutur. Qərb sivilizasiyanın təsirini və adları çəkilən üsulları birləşdirən moribana yapon təbiətinin müəyyən modeli və ya peyzajı qismində çıxış edir.
İkebana məktəbləri
redaktəMəktəblərin ümumi sayı iki mini keçsə də, üç əsas məktəb xüsusilə tanınır: İkenobo, Ohara, Soqeçu[8].
İkenobo məktəbi
redaktəİkenobo ikebana sənətinin ilk məktəbidir. Bu məktəbin əsası XV əsrdə yaşamış buddist kahini İkenobo Senkey tərəfindən qoyulmuşdur. Digər məktəblərdən fərqli olaraq İkenobo məktəbində hələ də Söka və Rikka kimi köhnə stillər unudulmayıb.
Ohara məktəbi
redaktə1912-ci ildə Unsin Ohara tərəfindən əsası qoyulmuş Ohara məktəbi ikebanaya yeni stil-moribana stilini gətirdi və Osakada keçirilən sərgidə öz yaradıcılığını nümayiş etdirdi[9]. Sökanın əksi olan moribana ilk olaraq mühafizəkarlar tərəfindən qəbul edilməsə də, artıq 1915-ci (başqa mənbəyə görə, 1916-cı[9]) ildə bir çox məktəblər tərəfindən tədris planına daxil edilmişdi[8].
Soqeçu məktəbi
redaktəSoqeçu (yap."Otlar və ay") məktəbi ikebana məktəblərindən ən müasiridir və 1926-cı ildə novator rəssam Sofu Tesiqahara tərəfindən yaradılmışdır. Onun atası İkenobo məktəbinin ikebana ustası Vafu Tesiqahara idi. O Sofuya 7 yaşından ikebana hazırlamağı öyrədirdi. Tədris keçdikdən sonra Sofu məktəbdə atasının köməkçisinə çevrildi[10]. Onu qərbdə "güllərin Pikasso"su adlandırırdılar.
Məktəbin seçdiyi stilin əsas xüsusiyyəti odur ki, ikebana tək gül və bitkilərdən deyil, həm də daşlar, parçalar, metal, plastik və sair cansız material tətbiq edilməklə hazırlanır[10].
"Yeni ikebana"
redaktə1936-cı ildə Sofu Tesiqahara və o dövrdə məşhur olan bir sıra digər ikebana ustaları "Yeni ikebana" bəyannaməsini imzalayaraq klassik ikebana formalarından imtina etdilər. Onlar ikebanada istənilən qablardan istifadə etməyi mümkün saydılar, istifadə olunan bitkilərin çeşidini genişləndirdilər və hətta xaricdən gətirilən güllərdən (qızılgül,zanbaq və s.)istifadə etməyə başladılar[10]
İkebana stilləri
redaktəİkebana stilləri: Rikka, Söka, Naqeire (digər adı Xeyka), Moribana, Dziyuka.
Köhnəlmiş Rikka stili təbiətin möhtəşəmliyini əks etdirir. Məsələn, şam budaqları qaya və daşları, bəyaz payızgülləri isə çay və bulaqları təcəssüm etdirir.
Naqeire stili dar boğazlı hündür güldanlarda qurulma ikebanadır. Bitkilər güldanın qıraqlarına söykənməklə quraşdırılır. Əgər budaq və ya gövdələrin başqa vəziyyətdə qurulması nəzərdə tutulursa, bu zaman ağacdan hazırlanmış dayaqlardan istifadə edilə bilər.
Dziyuka sərbəst stildir.
Başqa müasir stillər də mövcuddur.
-
Rikka stili
-
Moribana stili
-
Sərbəst stil
-
Xeyka stili
-
İkebana Soqeçu. Azad stil
İkebana və dzen
redaktəDzen doktrinası diqqəti tək olanın üstündə cəmləşdirdiyindən, ikebanada hər bir gülün unikallığı vurğulanır. Nobelli yazıçı Yasunari Kavabata deyirdi ki, "gülün möhtəşəmliyini bir gül daha yaxşı ifadə edir, nəinki yüz gül"[11].
İstinadlar
redaktə- ↑ В.А.Пронников, И.Д.Ладанов "Японцы", Москва, 1985, стр.190-191
- ↑ "Икебана". 2021-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-08.
- ↑ В.А.Пронников, И.Д.Ладанов "Японцы", Москва, 1985, стр.189-190
- ↑ "Стиль Татебана". 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-08.
- ↑ "История искусства икебаны". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-07.
- ↑ "Стили Нагеирэ и Морибана". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-08.
- ↑ "History of ikebana". 2014-10-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-08.
- ↑ 1 2 "История искусства икебаны". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-07.
- ↑ 1 2 "Школа Охара". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-08.
- ↑ 1 2 3 "Школа Согецу". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-08.
- ↑ Кавабата Ясунари "Красотой Японии рожденный", Москва, 1971, стр.394