Ilqar Ceferov Fotomuxbir - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
İlqar Şaban oğlu Cəfərov (28 noyabr 1960, Kirovabad) — fotomüxbir, jurnalist, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi.[1]
İlqar Cəfərov | |
---|---|
Doğum tarixi | 28 noyabr 1960 (64 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | jurnalist |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəİlqar Cəfərov 1960-cı ildə Gəncədə anadan olub. Kənd Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) bitirsə də, fotoreportyorluğa olan həvəsi onu o zamankı SSRİ Fotojurnalistika Mərkəzinə gətirib.
Xocalıda gördükləri
redaktəİşə qəbul ediləndən təxminən bir il sonra ilk ezamiyyəti Füzuli, Şuşa və Laçın rayonlarına olub. Bu tarix isə 1992-ci ilin fevralına təsadüf edir. Bu rayonlarda olarkən Xocalı faciəsinin baş verdiyini eşidən fotoreportyor Bakıya qayıdıb materialları təhvil verdiyini və dərhal da Xocalıya ezam olunduğunu deyir: "Hadisələri canlı görmək və bəzən eybəcər vəziyyətə salınmış cəsədləri lentə almaq heç də asan deyildi. Bunlar mənə psixoloji cəhətdən çox təsir edirdi. Dəhşətə gəlirdim, bəzən özümü qışqırmaqdan, ağlamaqdan güclə saxlayırdım. Ermənilər bir ailəni vəhşicəsinə qətlə yetirmiş, hər birinin də cəsədini eybəcər hala salmışdılar. Mən isə bunların hamısını lentə almalıydım!".
Fotoqraf Xocalıda gördüyü faciənin təsirindən bu günə kimi də çıxa bilmir: "Başa düşürdüm ki, bir az soyuqqanlı olmaq lazımdır, amma qətlə yetirilən qocaları, körpə, günahsız uşaqları görəndə dözmək olmurdu".
1992-ci ildə hakimiyyətdə hərc-mərcliklər, qarşıdurmalar olduğundan bəzən onlara şəkil çəkməyə də imkan verilməyib, amma fotoreportyorluq marağı və bir də vətəndaşlıq borcu bütün qadağaları üstələyib. "Qatarla yaralıları Bakıya gətirirdik. Vağzala düşəndə gördüm ki, çoxlu təcili yardım maşını dayanıb. Bu zaman vağzalda olan səlahiyyətlilər bizə dedi ki, şəkil çəkmək olmaz. Əks halda, fotoaparatlarınız əlinizdən alınacaq. Gördüm yox, əgər bu mənzərəni çəkməsəm, insafsızlıq olar. Qalxdım qatarın üstünə və başladım gizlincə çəkməyə. Sonra da onları göndərdik Moskvaya. Elə həmin gün "İzvestiya" qəzetində hadisəyə reaksiya verildi. Hamı bu şəkillərlə maraqlanırdı".
Xocalının ardınca İlqar Cəfərov işğal olunmuş rayonlara ezam olunur və yenə eyni mənzərələr… Deyir, onu bu yerlərdə ən çox təsirləndirən yaşlı bir kişinin hönkür-hönkür ağlaması olub: "Dağıdılmış evinin yanında əyləşib hönkür-hönkür ağlayan qoca kişini görəndə həddindən artıq mütəəssir olmuşdum. Onun sifətində ümid adında hissdən heç bir əsər-əlamət yox idi. Elə kənd var idi ki, tamamilə darmadağın edilmişdi. İndi də baxanda məəttəl qalıram ki, mən o şəkilləri necə çəkə bilmişəm".[2]
İşləri
redaktəBir şəklin izi ilə
redaktəÇəkdiyi şəkillərə şərh verərkən pessimist əhval-ruhiyyədə olan fotorepartyorun çöhrəsində bir qədər təbəssüm yaranır. Buna səbəb adını "Bir şəklin izi" ilə qoyduğu fotodur. Sən demə, bu şəkil çəkdikləri əzab-əziyyətdən sonra bir ailəyə bir balaca da olsa xoşbəxtlik gətirib. "Bu ailə Qərbi Azərbaycandan, öz doğma ata-baba yurdlarından didərgin düşüb Xocalıda məskunlaşmışdı. Rayon işğal olunduqda ordan da didərgin düşürlər. Mən Xocalıda olanda bu şəkli çəkdim və qəzetdə çap olunandan sonra başladılar bu ailəni axtarmağa. Sonra onlara Şamaxının Mərəzə kəndində ev verdilər. Ona görə də şəkli belə adlandırdım". 2003-cü ildə M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasında İlqar Cəfərovun Qarabağa aid "Bir qəlbin harayı" mövzusunda şəxsi sərgisi keçirilib.
Peşəkar fotojurnalist
redaktəİlqar Cəfərov peşəkar fotoreportyor kimi bir sıra mövzularda keçirilən müsabiqələrdə də mükafatlar qazanıb. Ötən il o, "Rusiya Mətbuat Fotosu-2007" müstəqil peşəkar fotojurnalistika müsabiqəsində idman nominasiyasının qalibi olub. 2002-ci ildə isə Moskvada Beynəlxalq Antiterror Təşkilatının fotomüsabiqəsində ikinci yeri tutub, 2003-cü ildə "Fotovideo" jurnalının keçirdiyi müsabiqənin, Bakıda Olimpiya Komitəsinin 2005-ci ildə təşkil etdiyi "İdman, olimpiya, incəsənət" mövzusunda isə fotomüsabiqələrin qalibi olub. 2005-ci ildə beynəlxalq bədii gimnastika üzrə dünya çempionatı çərçivəsində Heydər Əliyev adına İdman-Konsert Kompleksində "Paralimpiya anları" adlı fotosərgilər keçirilib. Bu yaxınlarda fotoqrafla bağlı daha bir sevindirici xəbər aldıq. İ. Cəfərov iki fotomüsabiqənin Moskvada keçirilən "Biz idmanı seçirik!" və Avstriyada təşkil edilən "Təmiz dünya-2008" müsabiqələrinin mütləq lideri hesab edilib. 2023-cü ildə qazandığı uğurlara görə Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının fəxri adına layiq görülüb.[3]
İstinadlar
redaktə- ↑ "Azərbaycan Prezidenti AzərTAc-ın bir qrup əməkdaşının "Tərəqqi" medalı ilə təltif edilməsi və fəxri adların verilməsi haqqında sərəncam imzalayıb". 2010-03-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-02-26.
- ↑ Tariximiz şəkillərin dili ilə [ölü keçid]
- ↑ İctimai TV. "270-dən çox beynəlxalq mükafata layiq görülən azərbaycanlı fotojurnalist" (az.). Youtube.com. 01.05.2024. 2024-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-02.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- AzərTAc-ın fotomüxbiri beynəlxalq müsabiqədə növbəti dəfə qələbə qazanmışdır
- AzərTAc-ın fotomüxbiri beynəlxalq fotomüsabiqənin qaliblərindən biridir
- AzərTAc-ın fotomüxbiri İlqar Cəfərovun "Kölgələrin mübarizəsi" əsəri beynəlxalq fotomüsabiqənin baş mükafatına layiq görülmüşdür [ölü keçid]
- Azərbaycan İdman Jurnalistləri Assosiasiyası 2007-ci ilin laureatlarını elan etmişdir