Ilyas Babayev Tarixci - Wikipedia
İlyas Atababa oğlu Babayev (23 mart 1935, Quba rayonu və ya Xanəgah, Quba rayonu – 28 dekabr 2017) — Azərbaycan tarixçi-arxeoloqu, tarix elmləri doktoru (1983), professor, AMEA-nın müxbir üzvü (2007).[1][2]
İlyas Babayev | |
---|---|
İlyas Atababa oğlu Babayev | |
Doğum tarixi | |
Doğum yeri | Quba, Azərbaycan SSR |
Vəfat tarixi | (82 yaşında) |
Vəfat yeri | Bakı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahələri | arxeoloq, tarixçi |
Elmi dərəcəsi | tarix elmləri doktoru |
Elmi adı | professor |
Təhsili | |
Üzvlüyü | AMEA |
ilyas-babayev.az |
Həyatı
redaktəİlyas Babayev 23 mart 1935-ci ildə Quba rayonunun Xanagah kəndində anadan olub. Ali təhsilini 1958-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsində alıb. Universiteti fərqlənmə diplomu ilə bitirib.[1][2]
Elmi fəaliyyəti
redaktəİlyas Babayev 1962-1964-cü illərdə Leninqrad (Sankt-Peterburq) şəhərində SSRİ EA Arxeologiya İnstitutunun Leninqrad bölməsində M.İ.Maksimovanın rəhbərliyi altında aspiranturada təhsil alıb. 1965-ci ildə Bakıda “Azərbaycanın antik və orta əsrlər dövrü qliptika abidələri” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib. O zaman Azərbaycanda qliptika, sfragistika üzrə mütəxəssis yox idi. Respublikanın müxtəlif yerlərində aparılan arxeoloji qazıntılar zamanı əldə olunan müxtəlif qiymətli daşlardan, şüşədən, pastadan və keramikadan hazırlanmış qliptika abidələri mütəxəssislər tərəfindən işlənməmiş qalırdı. Qliptika abidələrinin cəmiyyətdə əmlak bərabərsizliyinin, sinifli cəmiyyətin və dövlətin, iqtisadi-ticarət və mədəni əlaqələrin öyrənilməsində mühüm əhəmiyyəti vardır. İlyas Babayev Azərbaycanda sfragistika üzrə ən yaxşı mütəxəssis hesab olunur. [1]
Uzun illər Qəbələdə və Qafqaz Albaniyasının müxtəlif abidələri üzərində aparılan arxeoloji tədqiqatlar öz bəhrəsini vermiş, İlyas Babayev 1983-cü ildə Moskvada SSRİ EA Arxeologiya İnstitutunda “Qafqaz Albaniyasının şəhərləri. (e. ə. IV - e. III əsrlərində)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Dissertasiya işi 1990-cı ildə monoqrafiya şəklində nəşr edilmişdir. Monoqrafiyada Azərbaycan ərazisində sinifli cəmiyyətin, şəhərlərin, dövlətin yaranması, sənətkarlıq, beynəlxalq ticarət əlaqələri, sikkə zərbi və s. problemlər geniş təhlil edilib.[1]
2007-ci ildə AMEA-nın müxbir üzvü seçilən İlyas Babayev O, 260-dan çox elmi əsərin, o cümlədən xarici ölkələrdə nəşr olunmuş 80-dən çox elmi məqalənin müəllifidir. Onun rəhbərliyi ilə 12 namizədlik dissertasiyası müdafiə olunub.[1]
İlyas Babayev Qafqaz və İranın Antik dövr arxeologiyası üzrə dünyada tanınmış mütəxəssislərdən biri olub.[2] O, dünyanın müxtəlif şəhərlərində (Moskva, Kiyev, Afina, Ankara, Budapeşt, Seul, Geongu, Roma, Tbilisi, Mahaçqala) keçirilən beynəlxalq konqres, simpozium və konfranslarda maraqlı məruzələrlə çıxış edib.[1]
Pedaqoji fəaliyyəti
redaktəİlyas Babayev zəngin elmi fəaliyyəti ilə yanaşı, elmi-pedaqoji fəaliyyətlə də məşğul olub. O, 36 il respublikanın universitetlərində müxtəlif tarixi fənlər üzrə mühazirələr oxuyub. İlyas Babayev “Qafqaz Albaniyasının şəhərləri e.ə. IV−b.e. III əsrlərində” (rus dilində) monoqrafiyasının, çoxcildlik “Azərbaycan tarixi”nin I-II cildlərinin, “Azərbaycan numizmatikası” (rus dilində), çoxcildlik “Azərbaycan ensiklopediyasının” I cildinin, “Naxçıvan ensiklopediyası”, ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün “Azərbaycan tarixi” və “Qədim dünya tarixi” dərsliklərinin müəlliflərindən biri və bu dərsliklərin rus dilinə tərcüməçisi olub. O, eyni zamanda universitetlərin tarix fakültələri üçün “Azərbaycan tarixi ən qədim dövrdən 1871-ci ilə qədər” dərsliyinin müəlliflərindən biridir.[1][2]
O, Azərbaycanın müxtəlif universitetlərində “Arxeologiya”, “Qədim Şərq tarixi”, “Antik dünya tarixi”, “Tarixə köməkçi fənlər”, “Azərbaycan tarixi”, “Avropa və Amerika tarixi”, “Azərbaycanda və Qafqazda sinifli cəmiyyət və dövlətin yaranması”, “Qədim dünya tarixinin aktual problemləri”, “İbtidai icma tarixi”, “Antik dünya mədəniyyəti”, “Tarixi antropologiya”, “Ümumdünya dövlət və hüquq tarixi”, “Azərbaycanın dövlət və hüquq tarixi”, “Roma hüququ”, “İslam hüququ” fənləri üzrə mühazirələr oxuyub.
Əmək fəaliyyəti
redaktəİlyas Babayev 1958-ci ildən AEA-da arxeologiya elmi sahəsində çalışıb. Alim Azərbaycanın müxtəlif rayonlarında tədqiqatlar aparan arxeoloji ekspedisiyaların iştirakçısı, təşkilatçısı və rəhbərlərindən olmuşdur. O, iki beynəlxalq arxeoloji ekspedisiyaya rəhbərlik edib. Onun rəhbərlik etdiyi Qəbələ arxeoloji ekspedisiyası beynəlxalq statusla çalışıb. Koreya Respublikasının arxeoloqları, həmçinin Qəbələ, Almaniya, Gürcüstan arxeoloqları ilə birlikdə İkinci Beynəlxalq ekspedisiya olan Şəmkir-Qaracəmirli arxeoloji ekspedisiyasına rəhbərlik edib. Ekspedisiyanın apardığı qazıntılarda hər il Cənubi Koreya Respublikasından gəlmiş 30-dan artıq arxeoloq iştirak edib. Sonuncu ekspedisiyaya 2014-cü ildən Belçikanın Lüvan Katolik Universitetinin alimləri də qoşulublar.[1]
Ekspedisiya Kür çayının sağ sahilində e.ə. V-IV əsrlərə aid şəhər tipli yaşayış yerində böyük sarayın və onun ətrafında ictimai binaların qalıqlarını aşkar edib. Saray, əsas binası, hasarlı həyəti və propleyası (giriş binası) ilə birlikdə 20 hektara yaxın ərazini əhatə edir. Sarayın çoxlu sütunlu zalları, portiki, uzun dəhlizləri və digər otaqları olub. Gorünür, bu yaşayış yeri o zaman bütün Cənubi Qafqazı idarə edən inzibati mərkəzin qalıqlarıdır. Hazırda dünyanın başqa yerlərində bu tip abidələr tədqiq olunmur. Bu abidəni e.ə. 550-330-cu illərdə movcud olmuş, Misirdən Hindistana, Hind okeanından İran körfəzinə və Böyük Qafqaz dağlarına qədər ərazini əhatə edən Əhəmənilər imperiyasının mərkəzi şəhərləri olan Pasarqad və Persopolla müqayisə etmək olar.
İlyas Babayevin tələbəlik illərindən qədim dillərə və tarixin müxtəlif sahələrinə böyük marağı olub. Elə bu maraq onu Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutuna gətirdi. 1959-cu ildə Azərbaycanın ilk milli arxeoloq kadrlarından olan Saleh Qazıyevin rəhbərliyi ilə yaranmış Qəbələ arxeoloji ekspedisiyasında çöl tədqiqatlarına başlayan İlyas Babayev Qafqaz Albaniyası tarixinin və mədəniyyətinin tədqiqini davam etdirib. İlyas Babayev dissertasiya işi ilə bağlı tədqiqatlarla yanaşı, Leninqrad Universitetində qədim yunan dili və mədəniyyəti üzrə görkəmli mütəxəssis, professor K.M.Kolobovanın yanında qədim yunan dilini də öyrənib.
İlyas Babayev 1987-ci ildən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Antik dövr arxeologiyası şöbəsinin müdiri olub. Şöbənin əməkdaşları institutun yaratdığı 5 arxeoloji ekspedisiyanın fəaliyyətində iştirak etməklə təkcə antik dövr deyil, eyni zamanda tunc, dəmir və ilk orta əsrlər dövrü abidələrinin tədqiqi ilə də məşğul olurlar.[1][2]
İlyas Babayev Azərbaycan Respublikasının elmi-təşkilatı işlərində yaxından iştirak edib. O, 2005-2009-cu illərdə Brüsseldəki Beynəlxalq İNTAS Təşkilatının qrantlar üzrə qiymətləndirmə eksperti olub. 2001-2010-cu illərdə Respublika Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tarix üzrə Ekspert Şurasının üzvü, 2011-2012-ci illərdə həmin şuranın sədri olub.[1]