Imisli Rayonu - Wikipedia
Bu məqalə İmişli rayonu haqqındadır. Şəhər üçün İmişli səhifəsinə baxın. |
İmişli rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahididir. İnzibati mərkəzi İmişli şəhəridir.
Rayon | |
İmişli | |
---|---|
39°52′09″ şm. e. 48°03′36″ ş. u.HGYO |
|
Ölkə | |
Daxildir | Mil-Muğan |
İnzibati mərkəz | İmişli |
İcra başçısı | Elçin Rzayev |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 8 avqust 1930 |
Sahəsi |
1 890 [1] km² |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 158.682 nəfər |
Etnik tərkib | azərbaycanlı |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AZ-IMI |
Telefon kodu | 994 2124 |
Poçt indeksi | AZ 3000 |
Avtomobil nömrəsi | 30 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə1930-cu il avqust ayında Qaradonlu rayonu təşkil olunur. Ərazi Qarabağ xanlığı süqut edənə kimi onun qışlaq və əkin ərazisi olmuşdur, Çar Rusiyası dövründə isə uyezd kimi qurulmuş indiki Qaradonlu kəndi Cavad qəzasına daxil idi. Qaradonlu rayonun ən qədim kəndlərindən hesab olunur. Ərazinin karvan yolları üzərində və Araz çayı sahilində yerləşməsi, su mənbələrinin bol olması, məhsuldar torpaqların çox olması burada kənd təsərrüfatının xüsusən də bitkiçiliyin inkişafına səbəb olmuşdur.
Hələ Oktyabr inqilabından əvvəlki dövrdə ərazidə geniş meliorasiya işləri, irriqasiya işləri aparılmış və intensiv suvarılan əkinçiliyin əsası qoyulmuşdur. 1906-cı ildə Qaradonluda ilk məktəb fəaliyyətə başlamışdır və həmçinin ərazidə çoxlu sayda yaşayış evləri, karvansaralar, dəyirmanlar və dükanlar var idi. 1933-cü ildə isə Qaradonlu maşın-traktor zavodunun əsası qoyulmuşdur. Ələt-Mincivan dəmiryolunun çəkilişi nəticəsində əhalinin rayon mərkəzindən dəmiryolu stansiyası olan əraziyə cəmlənməsi başlandı. Bu məqsədlə İmişli kəndi ilə Qaradonlu kəndi arasında 2 mərtəbəli kərpic bina tikildi, beləliklə rayon mərkəzi buraya köçürüldü və rayon İmişli rayonu adlandırılmağa başlandı.
Həmin dövrdə ərazi meşələr və kollarla örtülü idi. Ancaq insanlar ərazidə təmizləmə işlərini aparıb burada binalar ucaltmağa və küçələr salmağa başladılar. İmişli kəndi rayon mərkəzi olaraq sürətlə genişlənməyə başladı. Kəndə çoxlu sayda ekspluatasiya binaları tikildi və kəndin gönünüşü təmamilə dəyişildi. 1944-cü ildə İmişli şəhər tipli qəsəbə, 1960-cı ildə isə şəhər statusunu aldı.
1959-cu ildə Araz çayı üzərində indiki Bəhrəmtəpə ərazisində o vaxtlar üçün unikal sayılan su qovşağı istifadəyə verildi. Öz başlanğıcını buradan götürən Baş Muğan və Əzizbəyov kanalları nəinki İmişli rayonunun həmçinin Saatlı, Biləsuvar və Sabirabad rayonlarının torpaqlarını su ilə qidalandırır. Həmin illər rayonda həmçinin qum-çınqıl karxanaları, dəmir-beton materialları zavodunun əsası qoyuldu. Qaradonlu isə hazırda Muğan düzündəki kəndlərdən biridir.
Əhalisi
redaktəƏhalisinin sayı 158 682 nəfərdir. Əsasən Otuzikilər, Cavanşirlər, Qarapapaq (Tərəkəmə), Kəbirli və Şahsevən türk tayfalarından ibarətdir.
Coğrafi mövqeyi
redaktəİmişli rayonunun ərazisi Kür-Araz ovalığına aid Mil-Muğan düzündədir. Bakı şəhərindən 250 km məsafədə yerləşir.
Yaşayış məntəqələri
İmişli rayou 48 kənd, 2 qəsəbə və 1 şəhərdən ibarətdir.
Ən böyük yaşayış məntəqələri (ərazi) — İmişli şəhəri, Bəhrəmtəpə qəsəbəsi, Xəlfəli kəndi, Sarıxanlı kəndi, Aranlı kəndi, Cəfərli kəndi, Məzrəli kəndi, Qaralar kəndi, Qızılkənd kəndi, Bəcirəvan kəndi, Qaraqaşlı kəndi, Kürdmahmudlu kəndi, Qulubəyli kəndi, Muradxanlı kəndi
Ən böyük yaşayış məntəqələri (əhali) — İmişli şəhəri (46 427 nəfər), Bəhrəmtəpə qəsəbəsi (7442 nəfər), Sarıxanlı kəndi (15 252 nəfər), Xəlfəli kəndi (7256 nəfər), Aranlı kəndi (7145 nəfər), Qaralar kəndi (6644 nəfər), Məzrəli kəndi (6302 nəfər), Cəfərli kəndi (6313 nəfər), Qızılkənd kəndi (6136 nəfər), Əliqulular kəndi (3201 nəfər), Qaraqaşlı kəndi (3643 nəfər), Boşçalılar kəndi (3364 nəfər), Muradxanlı kəndi (4433 nəfər), Yalavac kəndi (3148 nəfər)
Relyefi
redaktəƏrazisinin çox hissəsi okean səviyyəsindən aşağıdır. Rayonun Şimal sərhəddi boyunca Kür çayı, mərkəzi hissəsindən Araz çayı axır. Rayonda boz-çəmən, qismən boz və çəmən boz torpaqlardan ibarətdir, bitki örtüyü yarımsəhra tiplidir. Arazın sağ sahili Muğan düzünə, sol sahili isə Mil düzünə aiddir. Rayon ərazisinin Mil düzündəki sahəsini Şirvan düzü ilə Kür çayı ayırır.
İqlimi
redaktəYayı quraq keçən mülayim isti, yarımsəhra və quru çöl iqlimi var. Orta temperatur yanvar ayında 1,6 ˚C, iyul ayında isə 26,1˚C-dir. İllik yağıntının miqdarı 300 mm-dir. Rayonda ən isti temperatur 2020-ci ildə +47° qeydə alınmışdır.
Geoloji quruluşu
redaktəƏrazinin geoloji quruluşunda Antropogen çöküntüləri nisbətən geniş yayılmışdır.
Çayları və su hövzələri
redaktəRayonun şimal sərhədi boyu Kür, mərkəzi hissəsindən Araz çayı axır. Sarısu gölü də İmişli ərazisindədir.
Landşaftları və bioloji xüsusiyyətləri
redaktəYayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqlimi yayılmışdır.[2] İllik yağıntı 300 mm-dir. Əsas bitki örtüyü yovşan və şorangə formasiyasından ibarət yarımsəhra tiplidir. Meşə sahəsi qovaq, qarağac, tut, adi nar, yemişan, itburnu, yulğun kimi ağac və kollardan ibarətdir.
Ərazi özünəməxsus heyvanlar aləminə malikdir. Burada qaban, canavar, adi tülkü, boz dovşan, ceyrana çox rast gəlinir. Xırda məməlilər, əsasən qumsiçanı ilə təmsil olunmuşdur. Quşlardan turac, qırqovul,, qaraqarın bağrıqara, bəzgək və dovdaq daha çoxdur.[3]
Arxeoloji abidələri
redaktəQızılkənd kəndində Tunc və Dəmir dövrlərinə aid Yedditəpə kurqanı.
Tarixi-mədəni abidələr
redaktəQızılkənd kəndində orta əsrlərə aid Qızıltəpə yaşayış yeri yerləşir. Aranlı kəndində orta əsrlərə aid Abıştəpə yaşayış yeri var. Qaradonlu kəndində XI–XIII əsrlərə aid yaşayış yeri də tapılmışdır.
Tanınmış şəxsləri
redaktə- Niyaməddin Musayev — müğənni, Azərbaycan Respublikasının xalq artisti, "Şöhrət" ordenli.
- Simarə İmanova — müğənni, Azərbaycan respublikasının Xalq artisti; İmişli rayon Əliqulular kəndindəndir.
- Vüsal Qasımlı — Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru, professor.
- Qəşəm Nəcəfzadə — şair və publisist. İmişli rayon Əliqulular kəndindəndir.
- Kəramət Böyükçöl — yazıçı, publisist. İmişli rayon Əliqulular kəndindəndir.
- Xanhüseyn Kazımlı — iqtisad elmləri doktoru, professor, millət vəkili. İmişli rayon Ağaməmmədli kəndindəndir.
- Razi Nurullayev — deputat, millət vəkili, İmişli rayon Xəlfəli kəndindəndir.
- İmamverdi Əliyev — Azərbaycanın milli qəhrəmanı, Mayor, Birinci Qarabağ müharibəsi şəhidi. İmişli rayon Xəlfəli kəndindəndir.
- Müseyib bəy Əxicanov — Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, Bakı quberniyasının qubernatoru. İmişli rayon Cəfərli kəndindəndir.
- İltizam Əkbərli — İmişli rayon icra hakimiyyətinin keçmiş başçısı, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı.
- Nuşirəvan Məhərrəmli — Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri. İmişli rayon Muradxanlı kəndindəndir.
- Bəhram Zahidov — AMEA-nın fəlsəfə, sosiologiya və hüquq institutunun direktorunun elmi işlər üzrə müavini, hüquq elmləri doktoru, professor, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü. Şamaxı, Sabirabad, Xəzər rayonlarının sabiq prokuroru. İmişli rayon Qaravəlili kəndindəndir.
- Elmira Qasımova — Milli Məclisin keçmiş deputatı. İmişli rayon Yalavac kəndindəndir.
- Akif Təvəkküloğlu — Milli Məclisin mətbuat katibi.
- Səyyad Aran — Azərbaycanın İstanbuldakı keçmiş baş konsulu. İmişli rayon Qaradonlu kəndindəndir.
- Kənan Seyidov — Azərbaycan Ordusunun General-mayoru və Xüsusi Təyinatlı Qüvvələrin sabiq komandan müavini, 5-ci Ordu Korpusunun komandiri, Vətən Müharibəsi Qəhrəmanı. İmişli rayon Bəhrəmtəpə qəsəbəsindəndir.
- Orxan Lökbatanlı — meyxanaçı, müğənni.
İqtisadi xarakteristikası
redaktəİmişli rayonu Azərbaycanın iqtisadi gücünə görə ən varlı 4-cü rayonudur. Həmçinin müxtəlif illərdə iqtisadi artımın miqdarına görə lider olmuşdur.
İmişli rayonundakı iri sənaye müəssisələrinin bir neçəsi barədə qısa məlumat:
- İmişli Lokomotiv deposu
Lokomotiv deposu 1968-ci ildə istismara verilmiş, işçilərin sayı 200+ nəfərdir. Depoda teplovozların cari və əsaslı təmir işləri həyata keçirilir.
- Muradxanlı İriləşdirilmiş Neft Mədəni
Mədən 1970-ci ildə fəaliyyətə başlamış, sutkalıq hasilat gücü 85 tondur. İşçilərin sayı 160+ nəfərdir.
- Bəhrəmtəpə Dəmir-beton zavodu
Zavod "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin yerli müəssisəsidir, dəmir-beton məmulatları istehsal edir. 1986-cı ildən fəaliyyət göstərir, zavodda 50+ nəfər işçi çalışır. Sutkalıq istehsal gücü 75 kubmetr təşkil edir.
- İmişli Dəmir-beton ASC
Zavod 1960-cı ildən fəaliyyət göstərməklə dəmir-beton məmulatları istehsal edir. Zavodda 180+ nəfər işçi çalışır. Sutkalıq istehsal gücü 85 kubmetr təşkil edir.
- "Araz" Konservləşdirilmiş Şirələr və Konyak zavodu
Zavod iş adamlarının vəsaiti hesabına tikilmiş və 2003-cü ildə fəaliyyətə başlamışdır. Müəssisədə 150+ nəfər çalışır, istehsal gücü 850 şərti bankadır.[4]
- "İmişli şəkər zavodu"
7–8 mərtəbədən ibarətdir. Cənubi Qafqazın ən böyük şəkər zavodudur. Azərbaycanın ən böyük zavodlarındandır. Gündə 1100–1200 ton yüksək keyfiyyətli kristal şəkər istehsal etmək gücünə malikdir.[5]
Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
redaktəRayonda hazırda 63 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar və 14 məktəbəqədər tərbiyyə müəssisəsi fəaliyyət göstərir. 22 ümumtəhsil məktəbi birnövbəli iş rejimində işləyir. Tədris müəssisələrində 17177 şagirdin təlim-tərbiyəsi ilə 1611 müəllim məşğul olur. Müəllimlərdən 1221 nəfəri təhsili ali, 353 nəfəri təhsili orta ixtisas, 4 nəfəri natamam ali və 33 nəfərin isə ümumi orta təhsillidir. Pedaqoji sahədə çalışanların 924 nəfərini qadınlar təşkil edir. Hazırda təhsil müəssisələrində 71 nəfər ayrı-ayrı ixtisaslar üzrə (Azərbaycan dili-ədəbiyyatı −12, riyaziyyat və informatika −6, tarix −3, coğrafiya −16, kimya −20, fizika −5) və s. fənn müəllimlərinə ciddi ehtiyac vardır.[6]
Maddi-mədəni irsi
redaktəİmişli rayonu ərazisində tarixi keçmişimizlə bağlı maddi-mədəniyyət abidələrinin izləri çoxdur. Kür-Araz mədəniyyətinə aid saxsı məişət əşylarinin üç min ildən çox yaşı var. Qızıltəpə, Muxurtəpə, Qaratəpə orta əsrlərin istehkamlarıdır. İndiki Bəcirəvan kəndi ərəb istilası dövründəki döyüşkən Bəcirəvan şəhərinin adı ilə səsləşir.
Mətbəx
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası :İnzibati ərazi vahidləri : İmişli rayonu Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine
- ↑ Əyyubov Ə. C., Hacıyev Q. Ə. Azərbaycan SSR-in iqlim ehtiyatian. Bakı; Elm, 1984
- ↑ Əiiyeva N. Ə, Hidrometeoroloji lüğət. Bakı: Nafta-Press, 2005.
- ↑ "İmişli Rayonu Sənayesi". 2012-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-12-07.
- ↑ "İmişli Şəkər zavodunda çalışan fəhlələrin problemi həll olundu". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-19.
- ↑ "İmişli Rayonunda Təhsil". 2012-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-12-07.