Infeksiya - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
İnfeksiya – patogen mikroorqanizmin digər canlı orqanizminə daxil olması və bunun nəticəsində yoluxmuş orqanizmdə gedən cavab proseslər. İnfeksiyanı törədən amil orqanizmə daxil olduqda müəyyən orqan və toxumalarda məhdudlaşır. Nəticədə infeksion proses əmələ gəlir. İnfeksion proses kəskin və xroniki xəstəliklər, yaxud infeksiya gəzdirmə formasında aşkar ola bilər.
Hər bir infeksiyanın özünəməxsus yoluxma mexanizmi var; tənəffüs yollarının infeksion xəstəliklərində xəstə öskürdükdə, asqırdıqda və danışdıqda İnfeksiya selik damcıları vasitəsilə ətrafa yayılır və sağlam insana hava ilə yoluxur; səpgili yatalaq, malyariya, taunun bubonlu forması və s. xəstəliklər qansoran cücülər vasitəsilə yayılır; qoturluğun, göbələk və zöhrəvi xəstəliklərin törədiciləri isə xəstə ilə bilavasitə təmasda olduqda keçir. İnfeksiyanın yoluxma mexanizminin aydınlaşdırılması infeksion xəstəliklərin profilaktikasının əsasını təşkil edir. İnfeksiya müəyyən kliniki əlamətləri ilə özünü göstərən infeksion xəstəlik haqqında və gizli — yəni latent, inapparant infeksiya, immunlaşdırıcı subinfeksiya və mikrobdaşıyıcılıq halında gedir.
İnfeksion xəstəliklər yaxşı öyrənilməklə bunlar qeyri-infeksion xəstəliklərdən spesifikliyi, kontagiozluğu, mərhələlərlə inkişafı və postinfeksion immunitetin yaranması ilə səciyyələnir.
Spesifiklik dedikdə belə başa düşülür ki, hər bir infeksion xəstəliyi müəyyən növ mikrob törədir.
İnfeksion xəstəliklər zamanı xəstəlik törədicisinin xəstələrdən sağlamlara kontakt və ya aralıq obyektləri vasitəsilə verilməsi halı kontagiozluq adlanır. Çiçək, dabaq, donuzların taunu, atların qripi yüksək dərəcədə kontagioz xəstəliklər hesab edilir.
İnfeksion xəstəliklərin əvvəlcə inkubasiya, sonra prodremal, daha sonra klinik dövr və nəticə halında getməsi onların mərhələlər üzrə getməsini göstərir.
İnfeksiya törədicilərinin orqanizmə daxil olması anından ilk kliniki əlamətlərinin görünməsinədək, latent infeksiyalarda isə immunobioloji reaksiyaların ilk müsbət nəticəsinədək olan dövrə inkubasiya dövrü deyilir. Bu dövr bütün infeksion xəstəliklər üçün xarakterikdir, müddəti isə müxtəlif olmaqla bir neçə saatdan, bir neçə günə, bəzi infeksiyalar zamanı isə bir neçə aya qədər davam edir. Eyni bir xəstəlikdə də inkubasiya dövrü orqanizmin ümumi davamlılığı və xəstəlik törədicisinin virulentlik dərəcəsindən asılı olaraq müxtəlifdir. İnkubasiya dövründə heyvan orqanizmində mikrob çoxalır, onun toksini toplanır, maddələr mübadiləsi pozulur, qanın formalı elementlərində müəyyən keyfiyyət və kəmiyyət dəyişiklikləri baş verir, ancaq heç bir kliniki əlamət görünmür.
İnkubasiya dövrü sonra prodromal dövrlə əvəz olunur ki, bu da bir neçə saatdan 1–2 günə qədər davam edir. Bu dövrdə qeyri-spesifik əlamətlər- yəni zəiflik, ümumi ölgünlük, iştahanın pozulması və bəzən temperaturun az dərəcədə yüksəlməsi müşahidə olunur. İnfeksion xəstəliklər zamanı bakterial və toxuma mənşəli toksiki məhsullar ürək əzələsi və qan damarlarına, həmçinin vegetativ sinir sisteminə təsir edərək ürək-damar sisteminin zədələnməsinə səbəb olur. Nəticədə həm funksional, həm də üzvi dəyişikliklər baş verir. Bakterial toksinlərin təsirindən mədə-bağırsaq şöbəsində iltihablı-destruktiv dəyişikliklər, fermentativ, sekretor və ekskretor funksiyaların pozulması əmələ gəlir.
İnfeksion prosesin yüngül gedişi zamanı orqanizmin bütün fizioloji sistemlərinin pozulmuş funksiyaları bərpa olunur, kliniki əlamətlər zəifləyir və rekonvalessensiya dövrü yaranır. Bu dövrün müddəti xəstəliyin xüsusiyyətindən, heyvanlarin immunoloji reaktivliyindən, onların saxlama və yemləmə şəraitindən, habelə müalicənin effektliyindən asılıdır. Sağalma hər vaxt tam şəkildə olmur. Belə ki, müəyyən müddət ərzində müəyyən orqanların funksiya pozğunluğu nəzərə çarpır. Rekonvalessentlər çox vaxt infeksiya törədicilərini xarici mühitə ifraz edir.
İnfeksion xəstəliklər zamanı heyvanların bəzilərində qəflətən, digərlərində isə tədricən baş verən zəiflik və arıqlıqdan onların tələf olması müşahidə olunur.
İnfeksion xəstəliklər ildırımvari, iti, yarımili, xroniki abortiv gedişə malik olmaqla, tipik və atipik formalarda törəyir.
Xarici keçidlər
redaktə- Understanding Infectious Diseases Arxivləşdirilib 2009-09-24 at the Wayback Machine