Iqtisadiyyat Institutu Azerbaycan - Wikipedia
İqtisadiyyat İnstitutu — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinın strukturuna daxil olan elmi təşkilatdır[1]. İnstitutun direktoru iqtisad elmləri doktoru, professor Nazim İmanovdur.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutu | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Tipi | elmi-tədqiqat institutu |
Yaradılıb | 1958 |
Digər məlumatlar | |
Direktor | professor Nazim İmanov |
Sayt | economics.org.az |
Tarixi
redaktə2022-ci ilə qədər Azərbaycan Milli Elmlər Akademiyası sistemində özünəməxsus yer tutan, sonrakı dövrdə isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində öz fəaliyyətini davam etdirən və Azərbaycanda iqtisad elminin inkişafına böyük töhfələr vermiş İqtisadiyyat İnstitutu çox şərəfli bir tarixi inkişaf yolu keçib. İqtisadiyyat İnstitutu əvvəllər SSRİ EA-nın Azərbaycan filialı nəzdində 1935-ci ildə təşkil edilmiş İqtisadiyyat və Coğrafiya sektorunun, 1945-ci ildən isə Azərbaycan EA-nın nəzdində fəaliyyət göstərmiş İqtisadiyyat sektorunun bazası əsasında 14 aprel 1958-ci il tarixində Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə yaradılmışdır. 2019-cu ildən etibarən aprelin 14-ü AMEA İqtisadiyyat İnstitutunda "İnstitut Günü" kimi qeyd olunur.
İnstitut fəaliyyətə başladığı ilk dövrdə (1958–1960-cı illərdə) onun quruluşu 5 şöbədən — "Siyasi iqtisad və iqtisadi fikir", "Sənaye iqtisadiyyatı", "Kənd təsərrüfatının iqtisadiyyatı", "Sosialist istehsalının yerləşdirilməsi" və "Xalq təsərrüfatı tarixi"ndən ibarət olub. Sonrakı dövlərdə (1961–1965, 1966–1970, 1971–1985, 1986–1990-cı illər) İnstitutda aparılan elmi-tədqiqat işləri bütünlüklə götürüldükdə keçmiş İttifaq və Respublikanın hökumət və dövlət orqanları tərəfindən müəyyən edilmiş həmin dövrlərin mühüm iqtisadi problemlərinin və dövlət tapşırıqlarının yerinə yetirilməsinə yönəldilmişdir.
XX əsrin 70-80-ci illərində İqtisadiyyat İnstitutunda yerinə yetirilmiş elmi-tədqiqat işlərinin səviyyəsini səciyyələndirən ən əsas cəhətlərdən biri də ondan ibarətdir ki, bu dövrdə İnstitut əməkdaşlarının 23 elmi nəticəsi keçmiş SSRİ EA-nın Rəyasət Heyəti tərəfindən Sovet elminin ən mühüm nailiyyətləri kimi qiymətləndirilərək SSRİ EA Rəyasət Heyətinin Hesabatına daxil edilmişdir.
1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqillik qazanması ilə yanaşı, bazar iqtisadiyyatına keçid ölkəmizin iqtisadiyyatının və iqtisad elminin inkişafı sahəsində də yeni mərhələnin başlanğıcı olmuş, habelə İqtisadiyyat İnstitutunun qarşısında yeni dövrün tələblərinə uyğun vəzifələr qoymuşdur. Müstəqillik illərində AMEA İqtisadiyyat İnstitutu Azərbaycanın müstəqil milli iqtisadiyyatının formalaşdırılması və inkişafı istiqamətində uğurlu və sanballı elmi-tədqiqat işləri yerinə yetirmiş, peşəkar milli kadrların, iqtisadçı alimlərin yetişdirilməsində mühüm xidmətlər göstərmişdir. İnstitut bir sıra dövlət tapşırıqlarını uğurla icra etmiş, ciddi elmi nailiyyətlər qazanmışdır. Son illərdə İnstitutda iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinin sosial-iqtisadi inkişafa təsirinin kəmiyyətcə ölçülməsi metodologiyası müəyyən edilmiş, bu metodologiya əsasında tənzimlənmənin nəticələrini qiymətləndirməyə imkan verən İqtisadiyyatın solluğu (sağlığı) – İS (S)İ indeksi hesablanmışdır. Bu metodologiya və indeks dünya ölkələrində həyata keçirilən iqtisadi islahatların nəticələrini təhlil etməyə, qiymətləndirməyə, müqayisə aparmağa və proqnazlaşdırmağa imkan verir.
İqtisadiyyat İnstitutunda Bəhmən Axundov, Əlisöhbət Sumbatzadə, Əhməd Mahmudov, Asəf Nadirov, Ağasəlim Ələsgərov kimi tanınmış iqtisadçı alimlər çalışmışdır.
İqtisadiyyat İnstitutu yarandığı 1958-ci ildən 1964-cü ilədək onun direktoru vəzifəsində iqtisad elmləri namizədi H. T. Hüseynov, 1964–1989-cu illərdə akademik Ə. Ə. Mahmudov, 1991–1998-ci illərdə AMEA-nın müxbir üzvü A. K. Ələsgərov, 1999-cu ilin yanvar ayından 2008-ci ilin iyun ayına kimi AMEA-nın müxbir üzvü, i.e.d. professor Ş. M. Muradov, 2008-ci ilin iyun ayından 2014-cü ilin may ayına kimi i.e.d., professor İ. H. Alıyev çalışmışdır. 2014-cü ilin may ayından İnstituta i.e.d., professor Nazim İmanov (Müzəffərli) rəhbərlik edir.
Fəaliyyət istiqamətləri
redaktəİqtisadiyyat İnstitutu yarandığı dövrdən etibarən onun fəaliyyət istiqaməti bütünlüklə keçmiş İttifaqın və respublikanın mərkəzi partiya komitəsi tərəfindən müəyyən edilərək mühüm sosial-iqtisadi problemlərin və dövlət tapşırıqlarının yerinə yetirilməsinə yönəldilmiş, burada yerinə yetirilən elmi-tədqiqat işlərinin nəticələri dövlət və hökumət orqanları tərəfindən ölkənin sosial-iqtisadi inkişaf planlarının hazırlanmasında istifadə edilmişdi. İnstitutun aparıcı alimləri elmi-tədqiqat işləri ilə yanaşı, aktuallığını və elmi əhəmiyyətini bu gün də itirməyən nəticələr əldə etmişdilər.
Azərbaycanın müstəqillik qazanması və sosialist təsərrüfatı sistemindən bazar iqtisadiyyatı sisteminə keçməsi iqtisad elminin inkişafında da yeni mərhələnin başlanğıcı oldu. Həmin illərdə sosialist təsərrüfatının dağılması və yeni iqtisadi sistemə keçidlə əlaqədar olaraq yaranmış dərin sosial-iqtisadi böhran İqtisadiyyat İnstitutunun qarşısında yeni dövrün tələblərinə uyğun vəzifələr qoydu. Bu tarixi mərhələdə Azərbaycan iqtisad elmi, onun flaqmanı olan AMEA İqtisadiyyat İnstitutu öz fəaliyyətini iki fundamental problemin həlli istiqamətində qurdu:
Birincisi — bir iqtisadi sistemdən digərinə, daha doğrusu inzibati amirlik sistemindən bazar iqtisadiyyatı münasibətlərinin bərqərar olduğu bir sistemə keçid prosesi və bu keçid prosesi ilə bağlı yaranan çətinlik və problemlərin həlli;
İkincisi — milli iqtisadiyyatın qurulması, formalaşması və inkişafı ilə bağlı həm nəzəri, həm də praktiki problemlərin tədqiq olunması və müvafiq təkliflərin verilməsi. Məhz bunlar nəzərə alınaraq, İnstitutun istər strukturunda, istərsə də aparılan tədqiqatların istiqamətlərində ciddi dəyişikliklər aparılmış, kadr potensialının tərkibi bazar iqtisadiyyatının tələblərinə uyğun gücləndirilmişdir.
Müstəqillik illərində İnstitutda "Azərbaycanın müstəqil milli iqtisadiyyatının formalaşdırılması və inkişafı, onun iqtisadi təhlükəsizliyinin təmin edilməsi" istiqamətində əhalinin həyat səviyyəsinin yüksəldilməsi, əhalisakinliyi, demoqrafiya, məşğulluq, əhali miqrasiyası və sosial siyasətin konseptual əsasları, xarici və MDB ölkələri ilə yeni iqtisadi əlaqələrin qurulması, regionlarda məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi və təbii sərvətlərdən istifadə edilməsi, sənaye və investisiya siyasəti, aqrar münasibətlərin bazar iqtisadiyyatına uyğunlaşdırılması, həmçinin Azərbaycanda maliyyə və vergi siyasətinin, milli sahibkarlığın formalaşdırılması və inkişafı ilə bağlı bir çox sanballı elmi-tədqiqat işləri yerinə yetirilmiş, peşəkar milli kadrların, iqtisadçı alimlərin yetişdirilməsində mühüm xidmətlər göstərilmişdir. Hazırda milli iqtisadiyyatın əsas inkişaf istiqamətlərini və iqtisadi təhlükəsizliyini təmin edən Azərbaycan dövləti dünya iqtisadi düzənində özünəməxsus mövqeyini müəyyənləşdirmişdir. AMEA İqtisadiyyat İnstitutu da iqtisad elminin aparıcı elm mərkəzi kimi, bu prosesə bacardığı qədər öz töhfəsini vermiş və bu gün də əsas elmi fəaliyətini Azərbaycanın müstəqil milli iqtisadiyyatının formalaşmasının sosial-iqtisadi problemlərinin tədqiqi və müasir iqtisadiyyatın mühüm aspektlərinin həlli istiqamətində qurmuşdur. İnstitut öz tədqiqatlarında dövlət proqramlarının, strategiya və konsepsiyaların qarşıya qoyduğu məqsəd və vəzifələri əsas tutur.
Hazırda postneft iqtisadiyyatı quruculuğu və bununla bağlı tənzimləmə dövlətin sosial-iqtisadi siyasətinin ana xəttini təşkil edir. Bu baxımdan İqtisadiyyat İnstitutunun fəaliyyət istiqamətləri və elmi-tədqiqat prioritetləri arasında yeni (postneft) iqtisadiyyatın normativ-hüquqi bazasının formalaşdırılması, prosesin gedişində sosial-iqtisadi münasibətlərin yeni iqtisadiyyata uyğunlaşdırılması, qeyri-neft sahələrinin inkişafı ilə bağlı islahatların səmərəliliyinin artırılması və s. istiqamətlərdə araşdırmaların aparılması, həmçinin Azərbaycan iqtisadiyyatı üçün önəmli olan beynəlxalq təcrübənin üzə çıxarılması, postneft iqtisadiyyatı quruculuğunun sürətləndirilməsi üçün zəruri islahatların həyata keçirilməsi ilə bağlı təklif və tövsiyələrin hazırlanması əhəmiyyətli yer tutur. Yaxın gələcəkdə İnstitutu iqtisadi tədqiqatların ekspert mərkəzinə çevirərək gəncləşmə siyasətini davam etdirmək və bu elmi təşkilatı dünya arenasına çıxarmaq nəzərdə tutulmuşdur.
Əldə edilən mühüm nəticələr
redaktəSovet dövründə əldə olunan nəticələr
redaktəİnstitut yarandığı ilk dövrlərdə bir sıra mühüm nəticələr əldə etmişdir. Bu nəticələr arasında akademik Ə. S. Sumbatzadənin "XIX əsrdə Azərbaycanın kənd təsərrüfatı" (Bakı, 1958, rus dilində) elmi əsəri; müxbir üzv B. Y. Axundovun "İnqilaba qədərki Bakı Neft Sənayesində inhisarçı kapital" (Moskva, 1959); R. N. İmanzadənin "Azərbaycanın dəniz neft yataqlarının işlənməsinin iqtisadiyyatının əsas məsələləri" (Bakı, 1958, rus dilində) adlı əsərlər Mərkəzi İttifaq tərəfindən mühüm nəticələr olaraq qəbul edilmişdir.
Keşən əsrin 70–80-ci illərində İnstitut əməkdaşlarının 23 elmi nəticəsi keçmiş SSRİ EA-nın Rəyasət Heyəti tərəfindən Sovet elminin ən mühüm nailiyyətləri kimi qiymətləndirilərək, SSRİ EA Rəyasət Heyətinin Hesabatına daxil edilmişdir.
Sovet dövründə əldə edilən mühüm nəticələr sırasına: "Azərbaycan SSR-də uzunmüddətli perspektivdə xalq təsərrüfatı sahələrinin inkişaf etdirilməsi və məhsuldar qüvvələrin Respublika ərazisində yerləşdirilməsi proqramı"nın işlənməsini, "Azərbaycan regionları üzrə əmək ehtiyatları balansı"nın tərtib edilməsini və s. bu kimi o dövrdə respublika iqtisadiyyatının inkişafında nəzərə alınan çox əhəmiyyətli tədqiqatlar yerinə yetirilmişdir. 1986–1990-cı illərdə SSRİ EA və Elm və Texnika Üzrə SSRİ Dövlət Komitəsinin, habelə Azərbaycan SSR EA və Dövlət Plan Komitəsinin tapşırığına əsasən "Demoqrafiya və əmək ehtiyatlarından səmərəli istifadə edilməsi" və "Əhali, əmək ehtiyatları və əməyin mühafizəsi" üzrə elmi-texniki tərəqqi və onun sosial-iqtisadi nəticələrinin Kompleks Proqramı işlənib hazırlanmış və Azərbaycan SSR EA və Dövlət Plan Komitəsinə, habelə SSRİ EA və Elm və Texnika Üzrə SSRİ Dövlət Komitəsinə təqdim edilmişdir.
Eyni zamanda Azərbaycan KP MK-nın, Respublikanın Dövlət Plan və Əmək Komitələri, Mərkəzi Statistika İdarəsi və Peşə-Texniki Komitəsinin tapşırığı ilə "1990-cı ilədək olan dövrdə Azərbaycan SSR-də demoqrafik inkişaf və əmək ehtiyatlarından səmərəli istifadə edilməsinin" Məqsədli Kompleks Proqramı işlənib hazırlanmış dövlət təşkilatlarına təqdim edilmişdir.
Bu tədqiqatlar arasında "1986–2005-ci illərdə (beşilliklər üzrə) SSRİ-nin elmi-texniki tərəqqisinin kompleks proqramı" (Moskva, 1983); "1991–2010-cu illərdə (beşilliklər üzrə) SSRİ-də elmi-texniki tərəqqinin kompleks proqramı" (Moskva, 1989); "2000-ci, 2005-ci və 2010-cu ilədək olan dövrdə elmi-texniki tərəqqi və onun sosial-iqtisadi nəticələri" və digərlərinin adlarını çəkmək olar.
Müstəqillik illərində əldə olunan nəticələr
redaktəMüstəqillik illərində ümummilli lider Heydər Əliyevin 28 dekabr 1998-ci il və 23 iyun 2003-cü il tarixli sərəncamlarına müvafiq olaraq "Azərbaycan Respublikasının demoqrafik inkişaf konsepsiyası" (1999-cu il) və "Azərbaycan Respublikasında demoqrafiya və əhalisakinliyinin inkişafı sahəsində Dövlət Proqramı" (2004-cü il) işlənib hazırlanmış və ölkə rəhbəri tərəfindən təsdiq edilmişdir. Bu dövrdə habelə Azərbaycanın yeni rayonlaşma şəbəkəsi də hazırlanmış və dövlət tərəfindən qəbul edilmişdir.
İnstitutda iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı ilə bağlı bir çox elmi-tədqiqat işləri aparılmışdır. 2014-cü ildə AMEA İqtisadiyyat İnstitutunda müəllifi i.e.d., prof. Nazim Müzəffərli (İmanov) olan və dünya iqtisad elmində ilk dəfə olaraq dövlətlərin iqtisadiyyata müdaxilə səviyyəsini ölçməyə, ölkədə aparılan iqtisadi islahatları dəyərləndirməyə imkan verən metodologiya hazırlanmışdır. Bu metodologiyanın innovasiya xüsusiyyəti ondan ibarətdir ki, dünyanın müxtəlif ölkələrində iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinin səviyyəsini ölçməyə imkan verən tədqiqat işi yerinə yetirilmiş və ilk dəfə olaraq İqtisadiyyatın solluğu (sağlığı) indeksi – İS(S)İ hesablanmışdır. Bu indeksdə hazırda geniş tətbiq olunan "şaquli" sıralamalardan (rənkinqlərdən) fərqli olaraq, ölkələr "üfiqi" şkala üzərində sıralanmışdır. Bu tədqiqatın nəticəsi dövlətin iqtisadiyyata müdaxilə səviyyəsini, iqtisadi sistemləri, dövlətin həyata keçirdiyi tənzimləmə siyasətinin effektivliyini müəyyən etməyə imkan verir. İS(S)İ müxtəlif ölkələrdə həyata keçirilən iqtisadi islahatların nəticələrini qiymətləndirməyə və islahatların gələcək effektlərini proqnozlaşdırmağa imkan verir[2]. 2015-ci ildən başlayaraq İS(S) İndeksi üzrə tədqiqatlar aparılır və hesabatlar dərc olunur. Hazırda tədqiqata cəlb olunan ölkələrin sayı 100-ə çatdırılmışdır.
İnstitutda "2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nın layihəsi hazırlanmışdır. Bu sənəd layihəsi 26 sentyabr 2018-ci il tarixində ölkə Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunmuşdur. Bu proqram Azərbaycanda yenidir. Proqramda nağdsız ödənişlər e-hökumət, e-ticarət və e-bankçılığın inkişafı yolu ilə biznes mühitinin yaxşılaşmasına və iqtisadiyyatın əsas hədəfi olan səmərəliliyin artmasına istiqamətlənmişdir. Proqramın strateji məqsədi iqtisadiyyatda nağdsız ödənişlərlə aparılan transaksiyaların əhəmiyyətli dərəcədə genişlənməsi, bununla da nağd ödənişlərin miqyasının minimuma endirilməsi, nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsi, nağd pul tədavülü ilə bağlı yaranan transaksiya xərclərinin azaldılmasıdır.
İqtisadiyyat İnstitutu Respublika Prezidenti İlham Əliyevin bir sıra fərman və sərəncamlarının, eləcə də Nazirlər Kabinetinin, AMEA Rəyasət Heyətinin qərar və sərəncamlarının icrasında iştirak edir. Belə ki, 2003-cü ildən başlayaraq İnstitut onlarla dövlət proqramının həyata keçirilməsində mühüm rol oynamışdır. Hazırda İnstitut aşağıdakı proqramların icrasında iştirak edir:
- "Milli İqtisadiyyat və İqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri";
- "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası;
- "Azərbaycan Respublikasında əhalisakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı (2014–2025-ci illər)";
- "Azərbaycan Respublikası regionlarının 2014–2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı";
- "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015–2020-ci illər üçün Dövlət Proqramı".
Eyni zamanda İnstitutun əməkdaşları "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"nin Tədbirlər Planında nəzərdə tutulmuş tapşırıqların icrası məqsədilə əlaqəli nazirliklərdə yaradılan işçi qruplarında, habelə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" 13 iyul 2016-cı il tarixli Sərəncamının 2.3-cü bəndinin icrası istiqamətində yaradılan işçi qrupunda, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun, ARDSK-nın, AMEA-nın və AHİK-in 28 iyul 2017-ci il tarixli F-III nömrəli əmrə əsasən "Yaşayış minimumu haqqında" Azərbaycan Respublikası qanununun 3.2 maddəsinin və "Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında" yaradılan işçi qrupunda, həmçinin Azərbaycan Respublikası Prezidentinin 6 oktyabr 2016-cı il Fərmanı ilə təsdiqlənmiş "Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası" tərəfindən yaradılan işçi qrupunda təmsil olunurlar.
Yuxarıda adları çəkilən proqram və konsepsiyaların həyata keçirilməsi məqsədilə İnstitutda iqtisadiyyatın bir çox sahələrini əhatə edən tədqiqatlar aparılır, məqalələr dərc etdirilir, ölkədə və xaricdə təşkil olunan konfranslarda iştirak edilir.
Əlaqələri
redaktəİnstitutun əməkdaşları fəaliyyət göstərdikləri illər ərzində keçmiş İttifaqın Elmlər Akademiyalarının və SSRİ Dövlət Plan Komitəsinin İqtisadiyyat İnstitutlarının, müttəfiq respublikaların Elmlər Akademiyalarının və Dövlət Plan Komitələrinin nəzdində olan bir sıra elmi-tədqiqat iqtisadiyyat institutlarının alimləri ilə sıx əlaqədə işləmiş, onlarla birlikdə bir sıra elmi-tədqiqat işləri yerinə yetirib, alınan nəticələri istifadə olunmaq üçün ümumittifaq hökumət və dövlət orqanlarına təqdim etmiş, çoxlu fundamental tədqiqat əsərləri yazıb İttifaq respublikalarının nüfuzlu nəşriyyatlarında çap etdirmişlər.
Vəzifəsi respublikada iqtisadiyyat elminin inkişaf istiqamətlərini və strategiyasını müəyyənləşdirmək, onun əlaqələndirilməsini təmin etmək və fundamental tədqiqatlar aparmaqla ölkənin sosial-iqtisadi tərəqqisinə xidmət göstərməkdən ibarət olan AMEA İqtisadiyyat İnstitutunun xarici əlaqələri geniş və əhatəlidir. İnstitut MDB ölkələri, o cümlədən Rusiya Federasiyası, Ukrayna, Belarus, Moldova, Gürcüstan, Qazaxıstan və digər Orta Asiya respublikaları, o cümlədən bir sıra yaxın və uzaq xarici ölkələrin beyin mərkəzləri ilə, həmçinin beynəlxalq təşkilatlarla elmi əməkdaşlıq edir.
2017-ci ildə İnstitut beynəlxalq əlaqələrini əvvəlki illərlə müqayisədə xeyli genişləndirmişdir. Beynəlxalq əməkdaşlığın gücləndirilməsi məqsədilə İnstitutda "Beynəlxalq əlaqələr" şöbəsi yaradılmışdır. Belarus Elmlər Akademiyası İqtisadiyyat İnstitutu ilə birgə tədqiqatların aparılması istiqamətində müqavilə bağlanmışdır. 2017-ci ildə Çin Sosial Elmlər Akademiyasının (ÇSEA) İqtisadiyyat İnstitutu ilə daha sıx əməkdaşlıq qurulmuşdur. 2018-ci ilin iyun ayında ÇSEA İqtisadiyyat İnstitutunun direktoru professor Pei Changhonqun rəhbərliyi ilə nümayəndə heyəti "İqtisadiyyata dövlət müdaxiləsinin ölçülməsi metodologiyası" elmi-tədqiqat işləri ilə tanış olmaq üçün İnstitutun qonağı olmuşdur. İnstitutun əməkdaşları Çinin maliyyə dəstəyi ilə təşkil olunan seminarda iştirak etmişlər. Hazırda İnstitut Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Finlandiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Belarus, Çin və s. ölkələrlə sıx əməkdaşlıq edir.
İnstitut Azərbaycan Respublikasının dövlət orqanları — İqtisadi İslahatlar və Kommunikasiya Mərkəzi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Energetika Nazirliyi, Sahibkarlığa Kömək Milli Fondu, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və digər dövlət qurumları ilə, eləcə də ölkə universitetləri ilə yaxından əməkdaşlıq edir. İnstitutun İqtisadi İslahatlar və Kommunikasiya Mərkəzi ilə daha sıx əməkdaşlığı vardır. 2017-ci ildə İnstitutda Mərkəzi Bank və "Master Card Advisors"un sifarişi ilə haqqı ödənilməklə "2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı" layihəsi hazırlanmışdır.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2022-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-04.
- ↑ "N.Müzəffərli. İqtisadiyyatın sosialyönlüyü sağçı və solçu sistemlərdə" (PDF). 2016-04-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-11-09.