Iranda Covgun 1972 - Wikipedia
İranda çovğun (fars. برف و بوران ۱۳۵۰ ایران) — 1972-ci ilin 3 fevral tarixindən 9 fevral tarixinə qədər davam etmiş şiddətli çovğun.[1] İranın şimal-qərb, mərkəzi və cənubi ərazilərində baş vermiş çovğunlar nəticəsində azı 4 min nəfərə yaxın şəxs həlak olmuşdur. Öz həcminə və vurduğu ziyana görə çovğun Ginnesin Rekordlar Kitabına daxil edilmişdir.[2][3] Təbii fəlakət nəticəsində ən azı 200 kənd yer üzündən silinmişdir, bəzi yerlərdə qarın hündürlüyü 9 metrə qədər yüksəlib. Çovğun dörd illik quraqlıq mövsümündən sonra gəlmişdir.[4]
İranda çovğun | |
---|---|
| |
Növü | Qar fırtsınası, çovğun |
Ölkə | İran |
Yeri | İranın şimal-qərb, mərkəzi və cənubi əraziləri |
Tarix |
|
Vikianbarda əlaqəli mediafayllar |
Təbii fəlakət nəticəsində İranda nə qədər insanın həlak olduğu məlum deyil. Qəfil yağan şiddətli qar nəticəsində onlarla dağ kəndinə gediş-gəliş kəsilmiş və nəticədə mühasirədə qalmış insanların bir çoxu soyuq havanın səbəb olduğu xəstəliklərdən və açlıqdan vəfat etmişdilər. Çovğun nəticəsində adətən isti hava şəratinə malik olan və mülayim qışları ilə tanınan İranın cənub hissəsinə belə 8 metr hündürlüyündə qar yağmışdır.[5]
İttilaət qəzeti tərəfindən 2010-cu ildə hazırlanmış yeni araşdırma xarakterli hesabatlara görə ən çox insan itkisi Fars ostanının şəhərlərindən və Sipidan şəhristanının mərkəzi olan Ərdəkan şəhərində qeydə alınmışdır. Kakkan və Kumar kəndlərində yaşayan insanların hamısı qarın altında qalaraq həlak olmuşdur.
Şimal-qərbdə, Türkiyə ilə sərhəd yaxınlığında, Urmiya şəhristanı ərazisinə daxil olan Şəklabad kəndində ən azı 100 nəfər həlak olub. Bəzi ekspertlərin fikrincə, 200-ə yaxın kənd qar altında qalıb və xəritədən tamamilə silinmişdir.1972-ci ildəki şiddətli çovğundan sonra əhalisini itirən sözügedən kəndlər bu gündə boş və xaraba vəziyyətdədir.[6][7]
Hadisə
redaktə1972-ci il qışı Azərbaycan Sovet Sosialist Respublikası daxil olmaqla İranda soyuq və sərt keçmişdir. Bəzi mənbələrdə soyuq hava kütləsinin məhz Azərbaycandan keçərək İrana daxil olduğu bildirilir. Çovğundan əvvəlki 4 il İranda quraq keçib. Buna görə də 1972-ci ilin 3 fevral tarixində qar yağmağa başlayanda əhali tərəfindən qarın yağması məmnunluqla qarşılanıb. Belə hallarda həmişə olduğu kimi, qar örtüyünün torpağın məhsuldarlığına müsbət təsir edəcəyi gözlənilirdi.
Qar adətən İranın təkcə şimal və şimal-qərb ərazilərində yağdığı halda, indi mərkəz və hətta cənubda da yağırdı. Burada yaşayan hətta yaşlı sakinlər ilk dəfə qar görürdülər.[8] Yerli əhali tərəfindən qarın yağması sevinclə qarşılansa da, qısa zamanda sevinc narahatlıq hissləri ilə əvəzlənir. 1 həftə dayanmadan yağan qar nəticəsində qarın ortalama hündürülyü 3 metrdən çox idi. Qəribə olsa da, adətən isti iqlimi ilə seçilən cənubda vəziyyət daha acınacaqlı idi. Burada qarın hündürlüyü bəzi yerlərdə 8 metrə çatırdı.
Əvvəlcə İranın mərkəzində yerləşən Şəhrikürddə −27 dərəcə şaxta kimi rekord göstərici qeydə alındı. Bir neçə gün sonra isə Xəzər dənizindən cənubda yerləşən Firuzkuh şəhərində −36 dərəcə, Xorasanda −37 dərəcə şaxta qeydə alındı. Digər ərazilərdə −6–20 dərəcə şaxta var idi.
Qarın ən hündür olduğu yerlərdən biri İranın mərkəzində yerləşən Ərdəkan şəhəri və ətrafı idi. Halbuki bu yerlər özünün quraq və isti iqlimi ilə seçilirdi. Burada yaşayan insanların heç normal qış geymi olmurdu.
Heyran dağ aşırımı ilə insanları daşıyan 20-dən çox avtobus aşırımın hər iki tərəfində sıxılmış vəziyyətdə qalmışdır. 30-dan çox avtobusun isə qəzaya uğradığı və ya sərnişinlərinin donaraq həlak olduqları ehtimal olunur. Qar uçqunuları səbəbindən SSRİ ordusu ərazidə köməksiz vəziyyətdə qalmış vətəndaşlarını xilas edə bilməmişdir. Həmin dövrə aid bir digər məlumatlara görə Mehrabad Beynəlxalq Hava Limanına enməli olan təyyarələlərin pilotları pis hava şəraiti səbəbindən enişə razı olmamışdılar və qonşu ölkələrə istiqamətlənmək məcburiyyətində qalmışdılar. Təbriz şəhərində insanların soyuqdan huşlarının itirməsi də, həmin tarixə qədər görünməmiş hadisə hesab olunurdu.[9]
Xeyli sayda yaşayış məntəqələri ilə əlaqələr kəsilmişdir. Həm də təkcə nəqliyyat əlaqələri deyil, hər hansı bir rabitə, çünki qar bütün rabitə xətlərini sıradan çıxardı. Fəlakətin miqyası və geniş ərazini əhatə etməsi hökuməti çarəsiz durumda buraxdı. Görünüş məsafəsinin sıfıra bərabər olması hətta helikopterlərlə ərzaq tullamağa da imkan vermirdi. Özünün dağlıq relyefi ilə seçilən Qərbi Azərbaycan ostanında xüsusilə ciddi kommunikasiya problemləri baş vermişdir.[10]
İnsanlar qızınmaq üçün əllərinə keçəni yandırırdılar. Yeməyə bir şey tapmayan yırtıcı heyvanlar yaşayış məntəqələrinə üz tuturdular. Çovğun İranın faunasına da ciddi zərər vurdu, çoxlu sayda heyvanlar tələf olmuşdur.
Faciə nəticəsində İranın 200 kəndinin yer üzündən silindiyi ehtimal olunur. İran-Türkiyə sərhədi yaxınlığında yerləşən Şəklabad kəndində yaşayan 100 sakinin hamısı həlak olmuşdur. 10 fevral tarixində hava bir qədər mülayimləşəndə hərbçilər bu kənddə xilasetmə əməliyyatı aparmağa cəhd göstərdilər, amma qar altından yalnız 18 cəsəd çıxara bildilər. Ertəsi gün havanın yenidən pisləşməsi səbəbindən işlər dayandırıldı. Yalnız ətrafa iki ton çörək və xurma buraxıldı, sağ qalan kimsə olmadığı üçün buraxılan ərzaqlara heç kim toxunmamışdır.[11]
Qar fırtınası və çovğun nəticəsində həlak olanların sayı İran mənbələrində 4 min olaraq göstərilmişdir. Bu rəqəmə kəndlərdə köməksiz vəziyyətdə qalaraq açlıqdan və soyuqdan ölənlər və havalar istiləşəndən sonra nəhəng qar kütlələlərinin əriməsi nəticəsində baş verən daşqınlarda və qrip edpidemiyalarında ölən şəxslər daxil edilməmişdir.
İstinadlar
redaktə- ↑ "NOAA News Online (Story 334b)". noaa.gov. 19 October 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 September 2007.
- ↑ Sweetland Edwards, Haley. "40 Years Ago, Iran Was Hit by the Deadliest Blizzard in History". Mental Floss. 7 February 2012. 11 February 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 May 2019.
- ↑ Subramanian, R. Disaster Management (ingilis). Vikas Publishing House. ISBN 978-93-5271-870-2. 2023-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-25.
- ↑ Glantz, Mickey. Climate Affairs (ingilis). Island Press. 2003-05-16. ISBN 978-1-55963-919-4. 2023-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-25.
- ↑ Yadigar Sadıqlı. "1972-ci ildə İranda baş vermiş dəhşətli çovğun haqqında məqalə" (Azərbaycan dili). 10 fevral, 2022. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 sentyabr 2023.
- ↑ "Missing Put at 6,000 in Iranian Blizzard". The New York Times. 11 February 1972. səh. 4. 5 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 September 2023.
- ↑ "Thousands Missing in Iran Snow". Oakland Tribune. 10 February 1972. səh. 1.
- ↑ Yadigar Sadıqlı. "1972-ci ildə İranda baş vermiş dəhşətli çovğun haqqında məqalə" (Azərbaycan dili). 10 fevral, 2022. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 sentyabr 2023.
- ↑ "The deadly blizzard of 1972 and the pleasure trip which was not canceled". The Latest News (fars). 2023-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-21.
- ↑ Yadigar Sadıqlı. "1972-ci ildə İranda baş vermiş dəhşətli çovğun haqqında məqalə" (Azərbaycan dili). 10 fevral, 2022. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 sentyabr 2023.
- ↑ Yadigar Sadıqlı. "1972-ci ildə İranda baş vermiş dəhşətli çovğun haqqında məqalə" (Azərbaycan dili). 10 fevral, 2022. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 sentyabr 2023.