Isgender Mahmudov - Wikipedia
İsgəndər Mahmudov (özb. Iskandar Mahmudov, rus. Искандар (Искандер) Кахрамонович Махмудов; 5 dekabr 1963[1], Buxara) — özbək əsilli[2] Rusiya milyonçusu, dünyanın ən zəngin adamlarından biri. Ona "Rusiyanın mis padşahı" deyirlər. Çünki ölkənin mis istehsalının demək olar ki, yarısı, sink istehsalının 2/3-si, metal kirayəsi biznesinin isə 1/4 hissəsi onun əlindədir. "Forbes"in 22 iyun 2014-cü ildə açıqladığı siyahıda 6,5 milyard dollar sərvəti ilə 23-cü sırada yer almışdır.[3]
İsgəndər Mahmudov | |
---|---|
özb. Iskandar Mahmudov, rus. Искандар (Искандер) Кахрамонович Махмудов | |
Digər adı | "Rusiyanın mis padşahı" |
Doğum tarixi | 5 dekabr 1963[1] (61 yaş) |
Doğum yeri | |
Uşağı | Cahangir |
Milliyyəti | özbək |
Təhsili |
|
Fəaliyyəti | sahibkar |
Həyatı
redaktəİsgəndər Mahmudov 5 dekabr 1963-cü ildə Özbəkistan SSR-in Buxara şəhərində anadan olmuşdur. Buna görə də bəzən onun Buxara taciki olduğu da deyilir. Kiçik yaşlarında ailəsi Daşkəndə köçdüyündən bütün uşaqlığı və gəncliyi orada keçmişdir. Anası universitetlərdən birində xarici dil müəlliməsi, atası isə tikintidə mühəndis işləmişdir. Beləliklə, ailənin maddi təminatı pis olmayıb.
İsgəndər Mahmudov 1980-ci ildə məktəbi bitirdikdən sonra Daşkənd Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili bölməsinə daxil olub. Həmin dövrdə bu fakültə SSRİ-nin silahla təhciz etdiyi Şərq ölkələrində işləmək üçün mütəxəssislər yetişdirirdi. Buna görə də bəzi mənbələrdə İsgəndər Mahmudovun hətta hərbi xidmətə getmədiyi də yazılır.
Yaxın Şərqdə
redaktəUniversitet illərində aktiv tələbə olması xüsusi xidmət orqanlarının diqqətini çəkir. İsgəndər Mahmudov dörd dil — özbək, rus, ingilis, ərəb dillərini bilir. Təhsilini bitirdikdən sonra onu SSRİ Xarici İqtisadi Əlaqələr Nazirliyində baş mühəndis vəzifəsinə götürürlər. 1984-cü ildə işi ilə əlaqədar onu əvvəlcə Liviyaya göndərirlər. Orada il yarım işləyir. Daha sonra 2 il İraqda fəaliyyət göstərir. Bu arada rəsmi sənədlərdə onun İraqdakı iş yeri kimi tikintiylə məşğul olan sovet departamentində yanında "əsas mühəndislik idarəçiliyi" kimi göstərilmişdir, lakin reallıqda həmin ərəfədə onun silah təchizatı ilə məşğul olduğu, İraq, Misir, Suriya, Yəmən kimi ölkələrdə hərbi obyektlərin tikintisinə rəhbərlik etdiyi deyilir. Əslində, adi tərcüməçi üçün bütün bunlar çox geniş səlahiyyətlərdir, amma bir fakt da var ki, Şərqə göndərilən mütəxəssislərin heç də hamısı ərəb dilini İsgəndər qədər mükəmməl bilmirdilər. İş adamının özü də bunu gizlətmir:
"İraq, Misir, Suriya və Yəmənə göndərilən, ərəb dilini yaxşı bilən tərcüməçilər yalnız tərçüməçi deyildilər. Onlar həm də qərar verən səlahiyyətli şəxslər idi".
Rusiya mətbuatının İsgəndər Mahmudovun Yaxın Şərq ölkələrindəki fəaliyyətinə dair irəli sürdüyü başqa bir versiya da onun DTK casusu olmasıyla bağlıdır. Media iddia edir ki, iş adamı İraq və Liviyada tərcüməçi kimi yox, məhz casus kimi fəaliyyət göstərmişdir.
"Uzbekintorg"da
redaktəO, ilkin kapitalını adi istehlak mallarının satışından toplayıb, amma bəzi mənbələrdə İsgəndər Mahmudovun biznes tarixçəsinin "ərəb dövründən" başladığı irəli sürülür. Belə ki, Şərqdə onun əslən tacikistanlı olan, özü kimi "tərcüməçilik" edən Serqo Kərimovla tanış olduğu, sonradan həmkarının biznesini İsgəndərə etibar etdiyi deyilir, amma həmin dövrdə belə bir şəxsin mövcudluğu təsdiqlənmir, lakin hər iki halda, İsgəndər Mahmudov 4 illik ərəb dövründən böyük pullarla qayıdır. Bunun da 1988-ci ilə — yenidənqurma illərinin əvvəlinə təsadüf etməsi onun varlanma şansını artırır.
Həmin ildə rəsmi iş kimi Daşkənddəki "Uzbekintorg" dövlət ticarət səhmdar cəmiyyətinə dəvət olunur. Sözügedən müəssisə milli kvota çərçivəsində ölkə üçün zəruri malların alınması ilə məşğul olmaqla bərabər özbək pambığının, eləcə də uranın satışını həyata keçirirdi. Beləliklə İsgəndər Mahmudov ilk biznes təcrübəsini "Uzbekintorg"da toplayır. Özbəkistanın kriminal aləminin yəhudi əsilli nümayəndələrini Mixayil və Lev Çernim qardaşlarını özünə ortaq seçərək biznesdə ilk addımlarını atmağa qərar verir. Qeyd edək ki, Daşkəndin qeyri-leqal biznes sahəsində geniş təcrübəyə malik olan Mixayil və Lev Çernim qardaşları "Rusiyanın alüminium kralları"dır və İsrail vətəndaşlarıdır. Bəzi mənbələrə əsasən Mahmudov Mixaillə hələ İraqda "tərcüməçilik" edərkən tanış imiş.
Rusiyada
redaktə1991-ci ildə Mixayil Çernim biznesini Moskvada davam etdirməyi qərara alır. Bu ərəfədə ona xaricilərlə ünsiyyəti bacaran mütəxəssis lazım olur. Ona görə də İsgəndər Mahmudov qardaşların alüminium biznesi ilə məşğul olan "Trans World Group" şirkətində işləməyə başlayır, lakin 1996-cı ilin sonu 1997-ci ilin əvvəlində Mixayil Çernim ortaq biznesdən kənara çəkilir. Mahmudov da şirkətdəki vəzifəsindən istefa verərək öz biznesini qurur. O, mis ticarətinə başlayır. Eyni zamanda o, Sənaye-Maliyyə Şirkəti olan "Meta Tools"da direktor vəzifəsini icra edir, lakin Mahmudov orada da çox qalmır və 1996-cı ildə "Aİ dağ-mədən və emalı zavodu"nun baş direktoru vəzifəsinə keçir.
1998-ci ildə Mahmudov iş adamı Oleq Deripaska ilə yaxınlaşır. Həmin tarixdən 2002-ci ilədək "Sibirski alüminium"un baş direktoru olur. Hansı ki, 1999-cu ildə Deripaska bu şirkətin prezidenti funksiyasını yerinə yetirirdi. 1999-cu ilə Anrey Kozitsının "Uralelektromed"də rəhbərlik etdiyi Direktorlar Şurasına daxil olur. Həmin ildə ortaqlarının dəstəyi ilə bu müəssisənin bazasında "Ural dağ-mədən və metallurgiya" şirkətini yaradır. Biznesmen şirkətə özü rəhbərlik edir. 2002-ci ildə isə şirkət holdinqə çevrilir. Hazırda həmin holdinq bazarda Rusiya Federasiyasının mis hasilatının 40 faizini reallaşdıracaq mövqeyə sahibdir.
Sərvəti
redaktəİsgəndər Mahmudov mis dağ-mədən sənayesi ilə məşğul olan 20-yə yaxın müəssisənin sahibidir. O, Rusiyanın mis bazarının 40 faizinə nəzarət edir. Mis bazarının qalan 60%-i isə "Norilsk Nikel"in nəzarətindədir. Konkret olaraq "Ural dağ-mədən və metalurgiya" şirkətinin səhmlərinin 50 faizi, "Transmashholding"in səhmlərinin 22 faizi, "Kusbassrazrezuqol"ın səmlərinin 60 faizi, "Transqrupp"un səhmlərinin 33 faizi Mahmudova məxsusdur. O, Rusiya milyarderləri Anrey Kozitsın, Andrey Bokarev, Sergey Qlinka, Maksim Liksutov ilə ortaqdır.
2012-ci ildə ortaqları Anrey Kozitsın və Anrey Bokarevlə birgə "Transoyl"da Gennadi Timçenkonun 13 faizlik səhm payını alıb. 2013-cü ilin sentyabrında isə "Ural dağ-mədən və metallurgiya" şirkəti Çexiyanın "Let Kunovice" şirkəti ilə kiçik şərnişin təyyarələrinin istehsalına dair müqavilə imzalayıb.
Mahmudovun şəxsi sərvətinin həcmi heç də az deyil. İllər üzrə "Forbes"in siyahısında onun varidatı belə dəyərləndirilib:
- 2009-cu ildə 3,3 milyard dollar;
- 2010-cu ildə 8,5 milyard dollar;
- 2011-ci ildə 9,9 milyard dollar;
- 2012-ci ildə 8,2 milyard dollar;
- 2013-cü ildə 8,7 milyard dollar;
- 2014-cü ildə 6,5 milyard dollar[3].
Ailəsi
redaktəİsgəndər Mahmudov 2 dəfə evlənib. Özbək əsilli, bəzi mənbələrdə isə Buxara yəhudisi olan birinci həyat yoldaşından hələ Moskvaya köçməzdən əvvəl boşanıb. Bu evlilikdən onun Cahangir adlı bir oğlu var. Cahangir özü anasıyla birgə qonşuluqdakı villada yaşayır. Milyarder ikinci dəfə isə tatar əsilli top-model Marqarita İldusova ilə evlənib. Bu evlilkdən milyarderin uşağı olmayıb.
Maraqlı faktlar
redaktəAkulalara simpatiya ilə yanaşan İsgəndər Mahmudovun ən böyük hobbisi dənizdir. Həm də akulalara aid hər bir əşyanı kolleksiya kimi toplayır. O, hətta akula ilə birgə dənizdə də üzüb. Özü bu haqda belə deyir:
"Bu balıq mənim xoşuma gəlir. Artıq uzun müddətdir dalğıclıqla məşğul oluram. Altmış metr dərinliyədək üzməyi bacarıram. Ən böyük xəyalım akula ilə birgə üzüb ona toxunmaq idi. Arzuma çatdım. Akula həqiqətən çox ağıllı canlıdır. Heç vaxt ilk hücuma keçmir. Onları incitmək olmaz".
Onun 100 milyon avro dəyərində "Predator" adlı yaxtası var. 73 metr uzunluğunda olan yaxtanı Niderlandın "Feadship" şirkəti istehsal edib.
Mənbə
redaktə- Leyla Əliyeva. "Milyonçu" layihəsi: Milyonçu mis kralı, təhlükəli Bakı özbəyi – Akula İsgəndər. publika.az, 06.06.2014 (az.)
İstinadlar
redaktə- ↑ 1 2 Iskander Machmudov // MAK (pol.).
- ↑ "Iskander Makhmudov" Arxivləşdirilib 2013-02-01 at Archive.today Russian Capitalists
- ↑ 1 2 "Iskander Makhmudov - Forbes". Forbes. 22 June 2014. 14 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 June 2014.