Istanbul Sulh Muqavilesi 1612 - Wikipedia
II İstanbul sülh müqaviləsi və ya Sərab sülh müqaviləsi 1612-ci ildə Səfəvi hökmdarı I Şah Abbas və Osmanlı sultanı I Əhməd arasında bağlanmış sülh müqaviləsi.[1]
II İstanbul sülh müqaviləsi | |
---|---|
İmzalanma tarixi | 1612 |
İmzalanma yeri | İstanbul şəhəri |
Qüvvəyə minməsi | |
• şərtləri | Amasiya sülhünün şərtləri bərpa edildi. |
Tərəflər |
Osmanlı İmperiyası Səfəvilər |
Arxa plan
redaktəXVI yüzilin sonu XVII yüzilin əvvəlləri Osmanlı imperiyası üçün ağır oldu. 1593-cü ildə Avstriya ilə başlanan müharibə 1606-cı il noyabrın 11-də Sitvatorokda (Macarıstan) sülhlə başa çatdı. Bu müqavilə Osmanlı imperiyasının qüdrətinin zəifləməsinin başlanğıcı hesab olunur. Qərbdə Avstriya ilə olduğu kimi şərqdə də Səfəvilərlə müharibələr XVII yüzilin başlanğıcında davam edir və Osmanlıların məğlubiyyəti ilə başa çatır. 1603- cü il sentyabrın 14-də Şah Abbasın qoşunları İsfahandan çıxaraq Təbrizə yönəldi. İki həftə sonra onlar Təbrizə çatdı. Şəhərdə üsyan başladı. Oktyabrın 21-də şəhər azad edildi. Qərbə doğru irəliləyən şah qoşunları Təbrizin Osmanlı qarnizonunun əsas qüvvəsini darmadağın etdi. Bu hadisələrdən sonra Cənubi Azərbaycan torpaqları əsasən azad oldu. Həmin torpaqların idarəetmə məsələləri həll edildikdən sonra Azərbaycanın qalan torpaqları uğrunda mübarizə başladı. Culfa və Naxçıvan ələ keçirildi. Ordubad tutuldu. Növbə İrəvana çatdı. 1603-cü ilin noyabrında başlanan mühasirə 1604-cü il iyulun 8-də qələbə ilə qurtardı. Şərqi Gürcüstan Səfəvilərdən vassal asılılığını qəbul etdi. Qarabağ və Şirvan uğrunda mübarizə başladı. Bu zaman Osmanlıların başlıca qüvvəsi olan Cığal oğlu Sinan paşanın qoşunları ilə toqquşmadan qaçmaq mümkün olmadı. 1605-ci ilin qışını Vanda keçirən Sinan paşa qızılbaşların hücumunu dəf edə bilmədi. İkinci dəfə qoşun toplayaraq hücuma keçdi. 1605-ci ilin payızındakı baş döyüşdə məğlub oldu. Bu qələbədən sonra Şah Abbas Gəncəni mühasirəyə aldı. 1606-cı ilin yayında qala təslim edildi. Şirvanın mərkəzi Şamaxını tutmaq planı həyata keçirilməyə başladı. Bu zaman Bakı və Dərbənddə baş verən üsyanlar qələbə ilə qurtardı. Onlar Səfəvilərin əlinə keçdi. 1607-ci ilin iyununda Şamaxının mühasirəsi də uğurla başa çatdı. Beləliklə, Şah Abbas 1590-cı il müqaviləsində itirdiyi torpaqları geri qaytara bildi. Əldə olunan qələbələrə baxmayaraq onu müqavilə ilə təsdiq etmək xeyli müddət çəkdi. Osmanlılar bu itki ilə razılaşmaq istəməyərək Murad paşanın rəhbərliyi ilə yeni qoşun göndərdilər. Bu yürüş (1610-1611-ci illər) özünü doğrultmadı. Belə olduqda sülh danışıqları başladı.[2]
Şərtlər
redaktəŞah Abbas 1612-ci ilin yazında Ucanda sülh təklifi ilə gələn Osmanlı nümayəndəliyini qəbul etdi. Bundan sonra Səfəvi nümayəndə heyəti İstanbula yola düşdü. Sultan I Əhməd (1603-1617) Səfəvi nümayəndə heyətini yüksək səviyyədə qəbul etdi. 17 oktyabr 1612-ci ildə sülh müqaviləsi imzalandı. 1555-ci il Amasya sülhünün şərtlərinin bərpası qərara alındı. 1590-cı ildə imzalanmış müqavilə əsasında Osmanlılara verilmiş Kartli, Kaxetiya, Şirvan, Qarabağ, Çuxursəəd, Azərbaycan və Qərbi İran torpaqları Səfəvi dövlətinin tərkibinə qaytarılmışdır. Səfəvilər bu müqavilə ilə Şəhrizor vilayətini ələ keçirmiş Hiləv xana və Seyid Mübarık yardım etməməyi öhdələrinə götürürdülər.[3]
Həmçinin Səfəvilər Osmanlı dövlətinin ruslara qarşı təşkil edəcəyi yürüşə maneə olmamağı öhdələrinə götürürdülər. Müqaviləyə görə Səfəvi imperiyasından Məkkə ziyarətinə gedən şəxslər Bağdad və Bsrə yolundan yox, Hələb-Şam yolundan istifadə etməli idilər.
Nəticə
redaktəBu sülh mükavilesi 3 il devam etdi.3 il sonra Osmanlı tarafından bozuldu.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Yaqub Mahmudov. AZƏRBAYCAN BEYNƏLXALQ MÜNASİBƏTLƏR VƏ DİPLOMATİYA TARİXİ (PDF). Bakı. 2009. səh. 25.
- ↑ Azərbaycan Tarixi III cild Abdullayev, Mehman (2015). Bakı: Bakı universiteti nəşri. . Bakı: Elm. 2005.
- ↑ Süleyman Əliyarlı. Azərbaycan tarixi. Bakı: Şərq-Qərb. 1996. səh. 400.