Ixeyuan Yay Sarayi - Wikipedia
İxeyuan yay sarayı—Çinin dünya əhəmiyyətli abidələrindən biri.
Tarixi
redaktəİxeyuan yay imperator sarayı Çində ən iri yaxşı saxlanılmış imperator bağıdır. O, Pekinin şimal-qərb şəhərətrafı rayonunda yerləşir. Ümumi sahəsi 290 ha-dır. İxeyuan üç hissədən ibarətdir: kompleks, Vanşouşan təpəsi (Uzunömürlük dağı) və Kunminxu gölü. Şərq qapılarından girdikdə saray kompleksinin mərkəzi olan Jenşoudyan pavilyonunu görürsən. Jenşoudyanın əvvəlki adı Tsinçjindyandır, burada imperatorlar dövlət işlərini idarə edirdilər. Hər iki tərəfdən qarovulu simvolizə edən iki qara daş qoyulmuşdur. Pavilyonun içərisində yüksəkdə taxt qurulmuşdur, o, pərdə ilə, uzun yelpiklərlə çərçivəyə alınmışdır, yaxında üçayaq və durna formasında fənərlər vardır. Pərdələrin üzərində 9 əjdaha çəkilmiş və bir-birindən fərqli 226 "uzunömürlük" heroqlifi yazılmışdır. Yuylantan pavilyonu ilə belə bir tarixçə bağlıdır. Burada imperator Quansyuy imperatriça Tsısi tərəfindən həbsə alınmışdır və hakimiyyət başqa əllərə keçmişdir. Quansyuyun məşuqəsi İyunquan pavilyonunda yaşayırdı, şimal-qərbdə isə imperatriça Tsısinin Leşoutan (Sevinc və uzunömürlük) pavilyonu yerləşirdi. Deyirlər ki, Tsısinin gündəlik yemək xərcləri 60 lyan gümüş (1 lyan – təxminən 31,25 qramdır) təşkil edirmiş. Tsısinin sarayından şimala Dexeyuan pavilyonu yerləşir, bu Tsin dövründə inşa edilmiş üç ən iri səhnədən birincisidir (ikinci səhnə Ququn muzeyundəki Çaninqedir, üçüncü Tsininqe – Çende şəhərindəki Bişuşançjuan iqamətgahındadır). Hər il öz ad günündə Tsısi burada bayram şənliyi təşkil edərmiş. Leşoutan pavilyonundan qərbə Yaoyuemen qapılarından keçdikdə 728 m uzunluğu olan qalereya vardır, o, Çin memarlıq ansamblının ən uzun qalereyasıdır. Bu dəhliz Kunminxu gölünün şimal sahilində yerləşən müxtəlif memarlıq tikililərini üzvi olaraq birləşdirir. O, 8000-dən artıq rəngli janr səhnəcikləri ilə bəzədilmişdir. Qalereyadan çıxaraq Payyurmen qapılarına (Bulud qapıları) düşürsən. Onların ardınca Vanşouşan təpəsinin ətəyində yerləşmiş Payyundyan pavilyonu (Bulu pavilyonu) gəlir. Payyundyanın hər iki tərəfi ilə Dexueydyan məbədindən qalxaraq və 114 pilləkən keçərək Fosyanqe məbədinə (Ətirli tüstü məbədi) çatırsan. Fosyenqe Vanşouşan dağının döşündə 58 m hündürlükdə yerləşib. O, dördqat karnizli üçyaruslu memarlıq kompleksidir. Fosyanqenin içində Buddanın heykəli vardır. Vaxtilə Çin Ay təqvimi ilə hər ayın birinci günü impretriça Tsısi buraya dua etməyə gələrmiş. Fosyanqe məbədi – İxeyuan parkının simvolu və qədim Çin memarlığının çox gözəl abidəsidir. Fosyenqedən aşağı baxdıqda, şərq tərəfdə Çjunluntsan sarayını, qərbdə isə 207 ton misdən tökülmüş Baoyuqe köşkünü (Mis köşk) görmək olar. Bu mis qeyri-adi tünd tunc rəngi ilə fərqlənir, bu da çox unkialdır və dünyanın digər yerlərində çox az rast gəlinər. Fosyanqedən yuxarıda Çjixueyxay məbədi (Müdriklik məbədi) yerləşir. Binanın daxili konstruksiyası bütün tikilini saxlamaq üçün qübbələrdən ibarətdir. Vanşouşan təpəsindən cənubda Kunminxu gölü uzanır. Qərb bəndi Sidi, gölü iki hissəyə bölür. Sili bəndində 6 körpü vardır. Onlardan ən yaraşıqlısı "Nefrit körpüsüdür". Deyilənə görü imperator Tsyanlun və imperatriça Tsısi burada gəzişməyi sevirmişlər. Tsısi balıqçı paltarı geymiş və burada hərəmağası ilə birlikdə şəkil çəkdirmişdir. Şərq bəndi Dundi qərb bəndi ilə birləşir. Dundi daşlardan qurulmuşdur. Onun mərkəzi hissəsində 17 arkalıq körpü inşa edilmiş, körpünün daş sütunlarında 564 şir çəkilmişdir. Ucsuz-bucaqsız göl, oradakı adacıqlar və Vanşouşan təpəsi parkın geniş məkanında şairanə şəkildə yerləşmişdir. Ixeyuan üç mənzərəli rayondan təşkil olunub: təbii göl, təpəcik, saray kompleksi. Parkda 300-dən çox bina vardır. Hər bir memarlıq qrupunun öz xüsusiyyətləri vardır. Yuytsyuanşan dağları İxeyuan üçün arxa plan rolunu oynayır. Burada təbii mənzərə süni bağ-park kompleksi ilə üzvi vəhdətdədir, bunun da sayəsində İxeyuan, Çin bağ-park sənətinin ən gözəl nümunəsidir. Tsin sülaləsi hökmdarlarının mühüm siyasi fəaliyyət yeri kimi İxeyuan sülalənin inkişafından onun süqutuna qədər bir çox tarixi hadisələrin şahidi olmuşdur. Vanşouşan Vonşan təpəsi kimi tarixə daxil olmuşdur. Onun altında Vonşanpo nohuru vardır. Min sülaləsi dövründə Xançjouda Sixu nümunəsində gölü "Sixu mənzərəsi" adlandırırdılar. Şairlər və ədiblər buraya öz şerlərini yazmağa gələrdilər. Yayda buralar çox gözəl olur. Havadan lotos gülünün ətri gəlir. İmperator məhz bu yeri öz iqamətgahının tikilişi üçün seçmişdir. Tsin sülaləsi dövründə burada çoxlu bağlar salınmışdır: Vanşouşanın ətəyində Tsiniyuan, Yuytsyuanşan dağlarında Tszinminyuan, Syanşan dağlarında Tszuniyuan və İxeyuan parkının nümunəsi vardır. 1750-ci ildə imperator Tsyanlun öz anasının ad günü şərəfinə Tszuniyuan inşa etməyi əmr etmişdir. Vonşan təpəsinin adı dəyişdirilib Vanşouşan (Uzunömürlük), Vanşanpo nohuru isə Kunminxu gölü olmuşdur. 1860-cı ildə ikinci tiryək müharibəsi zamanı bu yerlərdə yerləşən bütün bağlar yandırılmış və bütün sərvətlər isə qarət olunmuşdur. Tsısi hakimiyyətə gəldikdən sonra Tsinyuanı yenidən tikməyi əmr etmiş və onu İxeyuan adlandırmışdır. İxeyuan özündə 100-dən artıq süni mənzərəli zonanı birləşdirir və imperator və mələklərin ən yüksək hakimiyyəti ilə nəzərə çarpır. İslahatlar və açıqlıq siyasətinin başlanmasından sonra İxeyuan hər il milyonlarla çinli və əcnəbi qonağı qəbul edir. İxeyuana baş çəkmək – istənilən ölkədən olan hər bir turistin arzusudur.[1]
İstinadlar
redaktə- ↑ Elcan Həbibzadə. Salam Çin. B.: "Nurlan", 2007.-174 səh
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Vikianbarda Летний дворец в Пекине ilə əlaqəli mediafayllar var.
- Парк Ихэюань (Летний дворец) Arxivləşdirilib 2010-07-31 at the Wayback Machine
- Императорский дворец на WikiMAPIA