Izirtu - Wikipedia
İzirtu və ya İzurtu (Zirta) — e.ə. IX-VI əsrlərdə mövcud olmuş Manna dövlətinin paytaxtı; Qədim Azərbaycan şəhəri.
Adının mənşəyi
redaktəManna şəhərinin mərkəzi olmuş İzirtunun adı Assur mənbələrində İzirtu, Zirta, İzurtu formalarında çəkilir. Bukandan tapılan arameycə yazıya əsasən İzirtunu b.e.ə. VIII əsrdə Xaldi Allahının qərar tutduğu Z'tr ilə eyniləşdirirlər. [1]
Tarixi
redaktəİzirtunun adı ilk dəfə b.e.ə. 829-cu ildə Assur salnaməsində mannalı Udakinin hökmdar şəhəri kimi xatırlanır. Həm Udaki, həm Ulusunu, həm də Ahşerinin Mannada hakimiyyəti dövründə Aşşur hökmdarları İzirtunu yandırmışdılar. Məsələn, b.e.ə. 716-cı ildə Aşşur hökmdarı II Sarqon, b.e.ə. 650-ci ildə isə Aşşur hökmdarı Aşşurbanipal İzirtunu zəbt edərək dağıtmış, yandırmışdır.[2] Lakin hər dəfəsində şəhər yenidən əvvəlki əzəmətini bərpa etməyə nail olmuşdur.
Yerləşmə yeri və strukturu
redaktəTədqiqatçıların fikrincə, İzirtu müasir Ziviyə şəhərinin yaxınlığında yerləşirdi.[3] Buna əsas kimi Assur hökmdarı II Sarqonun e.ə. 716-cı ildə yürüşü vaxtı İzirtu yaxınlığında yerləşən Zibia və Armait qalalarını ələ keçirməsi qeyd olunur. Görünür həmin qalalar İzirtuya girəcəyi qoruyurmuşlar. Eyni ərazilər Ahşerinin hakimiyyəti dövründə şəhərin işğalı ilə məlumat verən Assur mənbələrində də xatırlanır. Orada bu yerlərin adı Urmeyate, Uzbia qalaları kimi qeyd edilsə də eyni ərazilərdən - Zibia və Armaitdən söhbət getməsi bəlli olur. [4] İzirtu da digər Manna şəhərləri kimi müdafiə xarakterli qalalarla əhatələnmişdi. Şəhərdə iki və üç mərtəbəli binalar, eləcə də məbədlər olub.
A. Qodar Zibia qalasını indiki Ziviyə kəndi yaxınlığında dəfinə tapılmış yerin yaxınlığındakı təpə ilə lokalizə edir. Aşşur mənbələrində Zibia ilə yanaşı adı çəkilən Armait (Urmeyate) qalası isə ona yaxın, indiki Sahab kəndinin ərazisində lokalizə edilir. A. Qodar 5 km-də yerləşən Qaplantu şəhər yerini İzirtu ilə eyniləşdirir.[5] Lakin İ. M. Dyakonov buna şübhə ilə yanaşır. [6]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Ran Zadok, "MANNEA," Encyclopædia Iranica, online edition, 2012, available at http://www.iranicaonline.org/articles/mannea (accessed on 30 December 2012)". 1 December 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 November 2024.
- ↑ Solmaz Qaşqay. Manna dövləti. Bakı: Azərnəşr, 1993, səh. 45, 52-53, 56 (elektron variant)
- ↑ Godard, André. Izirtu, la capitale du pays des Mannéens, Zibiè et Armaid [article]. Comptes rendus des séances de l'Académie des Inscriptions et Belles-Lettres / Année 1949/ 93-4, pp. 312-313
- ↑ Solmaz Qaşqay. Manna dövləti. Bakı: Azərnəşr, 1993, səh. 53, 56 (elektron variant)
- ↑ A. Godard. “Le Trésor de Ziwiyé,” Comptes rendus des séances de L’Academie des Inscriptions et Belles-Lettres 93, 1949, pp. 168-72
- ↑ Дьяконов, Игорь Михайлович. История Мидии от древнейших времен до конца IV века до н.э. М-Л. АН СССР, 1956, с. 207