Izmir Yuksek Texnologiya Institutu - Wikipedia
İzmir Yüksək Texnologiya İnstitutu (türk. İzmir Yüksek Teknoloji Enstitüsü və ya İYTE) — Türkiyədə universitet; texniki sahə üzrə yüksək səviyyədə təhsil və tədqiqat fəaliyyətinin həyata keçirilməsi məqsədilə yaradılan müasir ali təhsil ocağıdır.
İzmir Yüksək Texnologiya İnstitutu | |
---|---|
İzmir Yüksek Teknoloji Enstitüsü, İYTE İzmir Yüksek Teknoloji Enstitüsü[1] | |
38°19′09″ şm. e. 26°38′33″ ş. u.HGYO | |
Əsası qoyulub | 1992 |
Tip | dövlət universiteti |
Tələbə sayı | 2.100 |
Ölkə | |
Ünvan | Türkiyə, İzmir şəhəri |
Sayt | iyte.edu.tr |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi və fəaliyyəti
redaktəİnstitut 1992-ci ildə Türkiyənin İzmir şəhərində qurulub. Bu gün dünyada ən inkişaf etmiş texniki universitet modeli olan yüksək texnologiya institutlarının Türkiyədəki iki nümunəsindən biridir. Ali məktəbin fakültə və bölmələri, 1994-cü ildə əvvəlcə magistr proqramların açılması ilə fəaliyyətə başlayıb, 1998-ci ildə də isə bakalavr proqramları üzrə tələbə qəbuluna başlanılıb. İzmir Yüksək Texnologiya İnstitutu, qurulduğu gündən 1999-cu ilə qədər İzmir şəhərinin mərkəzində faəliyyət göstərib, 1999-cu ildən etibarən tədricən Urla-Gülbahçedəki şəhərciyə köçürülüb. Təxminən 3500 hektar sahəyə malik olan institutun 132.000 qədər m²-ə yaxın qapalı sahəsində tədris və elmi-tədqiqat işləri uğurla həyata keçirilir.
Ali məktəbdə 10 bakalavriatura, 25 magistratura və 12 doktorluq proqramı üzrə kadr hazırlığı həyata keçirilir. Bütün proqramlar üzrə təqribən 1600 nəfəri bakalavr olmaqla 2200 tələbə təhsil alır. İnstitutda tədris ingilis dilindədir.
İzmir Yüksək Texnologiya İnstitutunda təhsil və araşdırma beynəlxalq normalara əsasən aparılır. Ali məktəb əsas diqqəti mərkəzləşdirilmiş, layihə əsaslı təhsil üsulları ilə tələbələrin araşdırıcı, yaradıcı, təşəbbüskar, qrup işində müvəffəqiyyətli, müasir fərdlər olaraq yetişməsinə yönəldir. Bundan əlavə, daha ilk illərdən başlayaraq tələbələrin çalışacaqları sahələrdə özlərini inkişaf etdirmələri üçün son texnologiyalarla təchiz edilmiş laboratoriya işlərində yaxından iştirak etməsi təmin edilir. Məzunlar istər ölkə daxili, istərsə də ölkə xaricində etibar qazanıblar, bakalavr məzunlar magistr təhsili üçün ən yaxşı xarici universitetlərə qəbul edilir.
İzmir Yüksək Texnologiya İnstitutunda DPT və TÜBİTAK tərəfindən dəstəklənən 100-ə yaxın elmi-tədqiqat layihəsi və 300 İYTE araşdırma layihələri icra edilir. Təsadüfi deyil ki, kampus daxilində 60-dan artıq firma fəaliyyət göstərirlər. Tələbələri bu firmaların araşdırmalarında iştirak etmək və təcrübə qazanmaq imkanına malikdirlər. Eyni zamanda ali məktəbi bitirdikdən sonra bu firmalarda çalışa və ya bu bölgədə öz şirkətlərini quraraq iş həyatına başlaya bilərlər.
Tədris və elmi-tədqiqat fəaliyyəti
redaktəİzmir Yüksək Texnologiya İnstitutunun tərkibinə mühəndislik, texniki, memarlıq fakültələri, həmçinin Mühəndislik və Texniki Elmlər İnstitutu daxildir.
Texniki fakültənin tərkibində fizika, kimya, riyaziyyat və molekulyar biologiya və genetika bölmələri fəaliyyət göstərir. Bölmələrdə bakalavr və magistr proqramları üzrə təhsil verilir. Fakültə, təhsil və tədqiqat fəaliyyətini 2011-ci ildən etibarən 32.000 m² qapalı sahəni ehtiva edən altı əsas binada davam etdirir. Fakültədə 48 müəllim ilə yanaşı 143 alim çalışır.
Texniki fakültə, akademik heyəti, dərs proqramı və laboratoriyalarının zənginliyi ilə seçilir. Burada İYTE Rektorluğu ilə TÜBİTAK, DPT, Sənaye Nazirliyi və AB təşkilatı və digər təşkilatlar tərəfindən dəstəklənən 65 araşdırma layihəsi icra edilir. Fakültədə tədris və araşdırma ilə paralel olaraq nəşr sahəsində də son dərəcə məhsuldar işlər görülür.
İYTE Mühəndislik fakültəsində kompüter mühəndisliyi, elektronika mühəndisliyi, qida mühəndisliyi, inşaat mühəndisliyi, kimya mühəndisliyi və maşınqayırma mühəndisliyi ixtisasları üzrə peşəkar kadr hazırlığı həyata keçirilir. Qida mühəndisliyi bölməsində magistr və doktorluq proqramları, digər bölmələrdə isə bakalavr, magistr və doktorluq proqramları mövcuddur. Hazırda sadalanan ixtisaslar üzrə 925 bakalvr və 282 magistr təhsil alır. Fakültədə müəllimlərin sayı 80 və ümumi akademik heyətin sayı isə 203 nəfərdən ibarətdir. Kimya və maşınqayırma mühəndisliyi bölmələrinin bakalavr proqramları Mühəndislik Təhsil Proqramları Qiymətləndirmə və Akkreditasiya Dərnəyi (MÜDEK) və European Network for Accreditation of Engineering Education (ENAEE) tərəfindən 2011-ci ilin sentyabr ayından etibarən akkreditə edilib.
Kompüter mühəndisliyi bölməsi 2011-ci ildə MÜDEK qiymətləndirmə prosesini tamamlayıb. Kompüter mühəndisliyi sözügedən fakültənin yüksək potensiala malik və ən çox diqqət göstərilən ixtisaslarından biridir. Burada tədris əsasən kompüter şəbəkələri, proqram mühəndisliyi, çox nüvəli arxitektura və paralel proqramlaşdırma, süni intellekt və təhlükəsizlik istiqamətləri üzrə həyata keçirilir. Eyni zamanda kompüter mühəndisliyi bölməsində təcrübi dizayn, məlumat sistemləri strategiyası və təhlükəsizliyi, süni intellekt, sistemlər, tibbdə kompüter tətbiqləri və İT üsulları kimi mövzularda çox sayda elmi-tədqiqat işləri aparılır.
Fakültədə 28 milli (TÜBİTAK, DPT), 5 beynəlxalq (Avropa Birliyi, NSF) və digər mənbələr tərəfindən dəstəklənən cəmi 55 araşdırma layihəsi davam etdirilməkdədir. Tədqiqat layihələri ilə yanaşı fakültə milli və beynəlxalq nəşrlər mövzusunda da son dərəcə məhsuldardır. Bundan əlavə, Türkiyənin öndə gedən özəl sektor və sənaye təşkilatları ilə birgə işlər və təqqiqatlar icra edilməkdədir.
Memarlıq fakültəsi memarlıq, şəhər və regional planlaşdırma, memarlığın bərpası və sənaye məhsulları dizaynı bölmələrindən ibarətdir. Hazırda burada 44 təhsil işçisi və 48 tədqiqatçı 441 bakalavr və 109 magistra təhsil verir. Tələbələr, çox sayda beynəlxalq təhsil və araşdırma ikitərəfli razılaşmaları sayəsində xarici mübadilə proqramlarına daxil olma şansına malikdir. Fakültənin əməkdaşları fakültə və institut daxilində həyata keçirilən proqramlara və layihələrə dəstək verməklə yanaşı milli və beynəlxalq tədqiqatları icra edirlər. Fakültədə Coğrafi Məlumat Sistemləri və Uzaqdan Qəbul etmə, Tikinti Fizikası, Material Qoruma, Nəqliyyat Planlaşdırma və Ölçü laboratoriyaları mövcuddur.
Mühəndislik və Texniki Elmlər İnstitutu, Ətraf mühit mühəndisliyi, Energetika mühəndisliyi, Material elmi və mühəndisliyi, Mühəndis idarəetməsi və biotexnologiya, o cümlədən Biomühəndislik Fundamental Əsaslarına bağlı proqramlar ilə beş ayrı disiplinlərarası sahədə magistr təhsili verir. Displinlərarası proqramlar, araşdırmaları və məzunlarının fərqli ixtisas sahələri ilə müxtəlif intizamları bir araya gətirmələri, yeni araşdırma mövzuları meydana çıxarmaları, müəyyən bir intizam içində həll edilə bilməyəcək problemləri anlama imkanını təmin etmələri baxımından olduqca əhəmiyyətlidir. Hər bir displinlərarası proqram, əlaqədar olduğu araşdırma mərkəzinin inkişaf etmiş laboratoriya və texniki infrastrukturu ilə də dəstəklənir.
Mənbə
redaktə- Cahangir Atakişiyev. "Rabitə dünyası" qəzeti. № 6 (753), 15 fevral 2013, səh. 33. (az.)