Izzeddin Hesenoglu - Wikipedia
İzzəddin Həsənoğlu (XIII əsr, Xorasan – 1260) — XIII–XIV əsrlərdə[1][2] yaşayıb, yaratmış, azərbaycanca[3] və farsca şeirlər yazmış sufi[4] şair.[5]
İzzəddin Həsənoğlu | |
---|---|
| |
Doğum tarixi | XIII əsr |
Doğum yeri | |
Vəfat tarixi | 1260 |
Dəfn yeri | |
Fəaliyyəti | şair |
Əsərlərinin dili | Azərbaycan dili, fars dili |
İzzəddin Həsənoğlu Vikimənbədə |
Həsənoğlunun həyat və yaradıcılığı haqqında ilk məlumat XV əsrdə yaşamış təzkirəçi Dövlətşah Səmərqəndinin 1487-ci ildə tərtib etdiyi "Təzkirətüş-şüəra" əsərindən aşkar edilmişdir.[6][7][8][2]
İzzəddin Həsənoğlu Azərbaycan dilli poeziyanın bilinən ilk nümayəndəsi hesab edilir.
Həyatı
redaktəİzzəddin Həsənoğlunun həyatı haqqında orta əsr qaynaqlarında kifayət qədər məlumat yoxdur. Onu müasir elmi ədəbi-ictimaiyyətə ilk dəfə tanıdan və haqqında məlumat verən türk alimi M. F. Köprülü olmuşdur. Köprülünün "Azəri Ədəbiyyatına dair notlar: Həsənoğlu-Həbib" adlı məqaləsində verdiyi məlumata görə, Əsfərayin türklərindən olan şair Şeyx Rədiyüddin Əli Lələ xilafətindən Şeyx Cəmaləddin Əhməd Zakirin şagirdidir. Buna əsasən İzzəddin Həsənoğlunun XIII əsrin birinci yarısında yaşamış olduğu ehtimal edilir. XIV əsrin tatar-qıpçaq şairi Seyfi Sarayi (1321–1396) Şeyx İzzəddinin "Apardı könlümü…" qəzəlinə nəzirə yazmış, həm həmin qəzəl, həm də nəzirə S. Sarayinin S. Şirazinin "Gülüstan" əsərini türkcəyə etdiyi tərcüməyə əlavə olunmuşdur. Bu, о deməkdir ki, Həsənoğlu ya S. Sarayi ilə cağdaş idi, ya da ondan əvvəl yaşamışdı. Beləki, türk alimlərindən M. F. Köprülü, I. Hikmət, N. S. Banarlı və başqaları da şairin XIII yüzilliyin sonu və XIV yüzilliyin əvvəllərində yaşadığını qəbul edirlər.[9]
Həsənoğlu barədə orta əsr mənbələrində ilk məlumata XV əsrdə rast gəlinir. [10]Teymuri Şahrux Mirzənin lələsi Əmir Alaüddəvlə-i Əsfərayinin oğlu Dövlətşah Səmərqəndinin 1487-ci ildə tamamladığı "Təzkirətüş-şüəra" əsərində İzzəddin Həsənoğludan bəhs edərkən yazır:
"O, müdrik, müvahhid, fədai və məczub bir şəxs olub, İslam və müsəlmanların şeyxi Raziyü’l Haq və Din Əli ibn Səid Lalənin xəlifələrindən Şeyx Cəmaləddin Əhməd Zakirin şagirdidir. O, divanı həm də Azərbaycanda çox məşhur sufi şairidir…Türkidə Həsənoğlu, farsidə Purhəsən təxəllüsü işlədirdi."[9]
Səmərqəndi Həsənoğlunu " Əsfəraini" nisbəsi il ə xatırladır. Xorasan vilayətindəki Cahan dağının ətəyində, Herdə dağının şimalında yerləşən Əsfərain qədim bir yaşayış məntəqəsidir. Tarixi mənbələr, о cümlədən "Mücmələt-t əvarix vəl-Qisəs", "Lübabül Əbvab", "Tarixi-Cahangüşa", "Qamusüləlam", "Reyhann ətülədəb" və s. kimi mötəbər məxəzlər Əsfəraində bir sıra görkəmli şəxsiyyətlər, elm, ürfan, fəzil ət sahibləri və dövlət adamları yetişdiyini, burada qədimlərdən türklərin və farsların bir yerdə yaşadığını xəbər verirlər.
Doğulduğu və yaşadığı Əsfəraində də vəfat etmiş və elə orada da dəfn edilmişdir. Məzarı bir neçə dəfə dağıdılıb.[12] Bu barədə Seyfəddin Altaylı özünün "İzzəddin Həsənoğlu ve Altı Balkan Şairinin Şeirlərində Türk Mifiologiyasına Aid Bəzi Ortaq Motiflər" adlı məqaləsində yazır:
Həsənoğlunun İsferayin yolu üzərində Şah Cahan dağına söykənmiş təpədə olan məzarı uçub. Bölgədəki dostlarla əlaqə qurub, bəzi zəruri işlər həyata keçirşrşk, adına layiq məzarlıq ucaldılsa da, təsəvvüf şairinin irsi onun xalqda milli kimliyi gücləndirəcəyindən qorxan, İran coğrafiyasındakı şovinist təfəkkürlü insanlar tərəfindən məhv edilib.[13]
Yaradıcılığı
redaktəQeyd etdiyimiz kimi İzzəddin Həsənoğlunu Həsənoğlunu Azərbaycan ədəbiyyatı tarixinə ilk daxil edən Fuat Köprülü olduğu məlumdur. Bütün tədqiqatçılar onun iki türk, iki fars şeiri olduğunu qeyd etmişlər. Fuad Körpülü onun üç türk şeirini tapılıb nəşr etmişdir.
Azərbaycan türkcəsində şeirləri
redaktə"Apardı könlümü.." qəzəli
redaktəTürk şeirlərində Həsənoğlu, fars dilində şeirlərində isə Pürhəsən təxəlllüsündən istifadə edən şair Azərbaycan ədəbiyyətında ana dilli ilk qəzəl olan "apardı könlümü.." qəzəlinin müəllifidir. M. F. Köprülü tərəfindən Avropa şərqşünası Kramersin yaxından köməkliyi ilə üzə çıxarılan yeddi beytlik qəzəl Seyfi Sarayinin "Gülüstan" tərcüməsinə əlavə edilmişdir. Qəzəlin poetik forması (daxili mükalimə) klassik şərq şeirində daha qədim dövrlərdə işlənmiş "Rəddül-əcəz" formasıdır. Əsl adı "Rəddül-əciləsul-sədr"dir. Yəni əvvəlin inkarı və ya onun izahıdır. Qəzəl əruzun bütov həzc bəhrində, məfAİlün təfiləsinin 4 dəfə təkrarlanması ilə başa çatdırılıb.[14]
Apardı könlümü bir xoş qəməryüz canfəza dilbər;
Nə dilbər, dilbəri-şahid, nə şahid, nə şahidi-sərvər.
"Apardı könlümü" qəzəlində işlənən nə əvəzliyi beytin ikinci misralarında (onların sayı 7-dir) suallıqdan çıxır, misraya heyranlıq, məftunluq məzmunu gətirir. Lirik qəhrəman "canfəza dilbər"in, "qəməryüz"ün gözəlliyi qarşısında dərin hisslər, duyğular içərisindədir. O, bu gözəllik, füsunkarlıq, bənzərsizlik qarşısında vəcdə gəlmişdir.[14]
Mən ölsəm sən, büti-şəngül, sürahi eyləmə qülqül,
Nə qülqül? Qülqüli-badə. Nə badə? Badeyi-əhmər.
Sənətkar bu beytdə bir müqayisə – bənzətmə yaradır. Belə ki, gözəlin qaməti sürahiyə bənzədilir. Bu dilbərin boyu da sürahi kimi uca, mütənasib və zərifdir. Boğazı sürahininki kimi incə və xoşagələndir. Sürahinin içərisindəki şərab badəyə süzülərkən onun dar boğazından keçən maye "qül-qül" deyə zərif səs çıxarır. Gözəl də danışarkən onun da boğazından gələn səs lətif və ürəyəyatan "qül-qül" avazını xatırladır. Deməli, gözəlin həm boyu, həm də danışığı sürahi və ondan süzülən şəraba bənzədilir. [15]
İ. Həsənoğlunun haqqında danışdığımız qəzəli lirik-aşiqanə mövzuda yazılmışdır. Lakin son dövrlərdə yazılmış bir sıra əsərlərdə o, sufi şeiri kimi də qiymətləndirilir. Məsələn, "XII-XVI əsrlər Azərbaycan şeirində təsəvvüf" adlı monoqrafik tədqiqatında X. Hümmətova yazır: "Apardı könlümü" adlı qəzəli məna semantikası baxımından şairin sufiyanə görüşlərini əks etdirən bir qəzəldir". Bu qəzəllə bağlı A. Rüstəmova yazır: "Şairin "Apardı könlümü" qəzəli onun istedadlı bir şəxs olub, azəri türkcəsində kamil əsərlər yaratdığına dəlalət edir. İlahi eşqin simvollarla əyaniləşdirilməsi kimi, dildən uzun əsrlər ərzində formalaşa biləcək ifadə imkanı tələb edən mürəkkəb bir formada mükəmməl qəzəl nümunəsi olan Həsənoğlunun bu şeiri qəzəl janrının tələbləri baxımından kamildir".[16]
Qəzəldə işlənən "dilbər", "Dilbəri şahid", "şahidi sərvər", "büt", sürahi, "badə" və s. söz-simvollardan istifadə edilməsi klakssik şeirimizə xas olan xüsusiyyətlərdir. Həmçinin, "sevgili", "sultan", "məhbub", "şərab", "ağız", (dəhan) "qönçeyi-xəndan" və s. kimi söz və ifadələr də bədii təsvir vasitələridir".[17]
Qəzəldə Ərəb-fars söz və ifadələri Azərbaycan dilinin sintaktik sisteminə və cümlə quruluşuna məharətlə uyuşdurulmuşdur. "Apardı könlümü…", "başımdan getm ədi", "canım içində yazıldı" və s. kimi ifadələr sadə və canlı xalq dilindən xəbər verir. Həsə noğludan s onra istər türk və istərsə də fars dilində "Apardı könlümü…" qəzəlinə çoxlu sayda nəzirələr yazılmışdır. Türk dilində bənzətmə yazanlardan Seyfi Sarayini, XV əsrin Anadolu şairi Əhməd Daini, Azərbaycan sənətkarlarından Möhnəti Bakuini (XIVəsr), Şəkili Nəbini (XVIII əsr), Şirvanlı Salehi (XVIII əsr), Əbdülxalıq Cənnətini (1855–1931) və s., farsca nəzirə qələmə alanlardan isə "Ima" təxəllüslü bir şairi, Tüfeylini (XV-XVI əsrlər), XVII yüzillikdə Hindistanda ömür sürmüş Bidili və b. göstərmək olar.[18]
"Bənim" rədifli qəzəli
redaktəİzzəddin Həsənoğlunun bizə məlum olan türkcə ikinci qəzəli isə "Necəsən, gəl ey yüzü ağum bənüm" misrası ilə başlayan qəzəlidir. Həmin şeiri alman şərqşünası, Hamburq Universitetinin professoru Barbara Flemminq aşkara çıxarmış, 27–29 sentyabr 1972-ci il tarixlərdə Türkiyədə keçirilmiş I Türk Dili Bilimsəl Qurultayında etdiyi "Sultan Qavri divanında naməlum şeirlər" adlı məruzəsində bu barədə elmi ictimaiyyətə məlumat vermişdir.[19] Daha sonra Azərbaycan alimi Fərhad Zeynalov alman şərqşünası B. Flemminqin aşkarladığı qəzəl barədə Bakıda çıxan "Ədəbiyyat və incəsənət" qəzetinin 25 noyabr 1972-ci il tarixli sayında dərc olunmuş "Həsənoğlunun azərbaycanca yeni şeiri" adlı yığcam məqaləsində məlumat vermiş, şeirin mətnini də oxuculara çatdırmışdır.[20]
"Necəsən, gəl, ey yüzü ağum bənüm?
Sən əritdün odlara yağum bənüm."
Bu şeirdə Apardı könlümü qəzəli kimi məhəbbəd mövzusundadır. İlk beytdə qəhrəman sevgilisinə xitab edir, onun gəlişini arzulayır, bildirir ki, nigarın eşqinin ucbatından aşiqin bədəninin yağı odlarda ərimişdir.[21][22]
"And içərəm səndən artuq sevməyəm,
Sənün ilə xoş keçər çağum bənüm."
Bu beytdə qəhrəman sevgilisinə öz sədaqətini vurğulayır, onunla keçən günləri xoş sayır.[22]
"Hüsn içində sana manənd olmaya,
Əsli yuca, gönlü alçağum bənüm."
Üçüncü beytdə aşiq sevgilisinin tərənnümünə yer vermişdir. Onun gözəlliyi ilə yanaşı mənəvi keyfiyyətlərini mədh edir.[23][22]
"Al əlimi irəyim məqsuduma,
Qoma yürəkdə yana dağum bənüm"
Bu beytdə aşiq çəkdiyi hicrandan danışır, vüsal arzusunu ifadə edir.[22]
"Sən rəqibə sirrini faş eylədün,
Anun ilə oldu şiltağum bənim."
5-ci beytdə aşiqin giley-güzarı görünür.[22]
"Qışladum qapunda itlərün ilə,
Оldu kuyin uşda yaylağum bənüm."
6-cı beytdə aşiq sevgilinin yaşadığı yerin önündə daimi məskən salmışdır, qışı onun qapısında itlərlə qışlayır, yayda isə yar yaşayan küçəni özünə yaylaq edir.[22]
"Bən ölücək yolına gömün bəni,
Baxa dursun yara toprağum bənüm
Toprağumdan bitə həsrətlə ağac,
Qıla zari cümlə yaprağum bənüm."
7–8-ci beytlərdə aşiq hətta dünyasını dəyişəndən sonra da bu eşqə sadiqliyinin, nigara hüdudsuz məhəbbətinin bilinməsini istəyir.[24]
"Bu Həsənoğlu sənin bəndəndürür,
Anı rədd etmə, yüzi ağum bənüm."
Sonuncu beytdə İzzəddin Həsənoğlu özündən bəhs edərək özünü onun bəndəsi sayır və eşqinə cavab gözlədiyini bildirir.[22]
İ. Həsənoğlunun "Apardı könlümü…" şeiri ilə müqayisədə "Necəsən, gəl…" qəzəlinin dili daha sadədir. Bunun bir səbəbi ilk qəzəldə subyekt-atribut münasibətlərinin təqdiminə xidmət göstərən poetik strukturun, ifadə tərzinin xüsusiyyətlərinə uyğun olaraq bütün beytlərin ikinci misralarının izafət birləşmələri üzərində qurulmasıdır ki, bu da özlüyündə şeirin dilində müəyyən ağırlaşma yaratmışdır. Beytlərdə ilk misralarla müqayisədə ikinci misraların nisbətən qəlizliyi, onlarda alınma sözlərin çoxluğu (hərçənd ki, bunların da böyük əksəriyyəti dilimizdə əsrlərdən bəridir ki, vətəndaşlıq hüququ qazanmışdır) da ilk növbədə bununla bağlıdır.[25]
Türkiyəli alim Ersen Ersoy 2013-cü ildə yayınlanmış "XIV-XVI. yüzyıllar arasında yazılmış bazi şiirleri ihtiva eden bir mecmua ve İbn-i Ömerin şiirleri" məqaləsində Parisdə milli kitabxanada saxlanılan bir əlyazmada bir sıra şairlərin əsərləri ilə yanaşı, İ. Həsənoğlunun vaxtı ilə Barbara Fleminq tərəfindən aşkarlanmış qəzəlinə də rast gəldiyini nəzərə çatdırmışdır. E. Ersoyun yazdığına görə, Paris kitabxanasındakı əlyazmada qeydə alınan Həsənoğlu qəzəli B. Flemminq nüsxəsi ilə müqayisədə bir neçə beyt artıqdır.[26]
İzzəddin Həsənoğlunun Azərbaycan türkcəsində bilinən 3-cü qəzəli "Kim" rədifli qəzəlidir.[27]
Əcəb bilsəm, bəni şeyda qılan kim?
Bana bu eşq odun peyda qılan kim?
Əcəblərəm, əcəb qaldum ilahi
İman əhlin dutub tərsa qılan kim?
Bu şeiri ritorik sual üzərində qurulmuş lakonik və məzmunlu tövhidnamə adlandırırlar. Qəzəl sadə, axarlı və ekspressiv bir dilə malikdir.[27]
"Kitabi-Sirətin-Nəbi" məsnəvisi
redaktəƏsər İlhan Şimşək tərəfindən 2009-cu ildə Finlandiyadakı şəxsi kolleksionerdən satın alınaraq Türkiyəyə gətirilmiş, Türk Dil Qurumuna verilmiş və qurumun kitabxanasında "əlyazma 766, 15/2554" nömrə ilə qeyd edilmişdir. Əsərin ölçüsü 17x23,5–12x18 sm, 366 vərəqdən ibarətdir. Filiqranlı Avropa kağızına hərəkəli nəsx xətti ilə yazılıb. Əsərin hərəkəli olması orijinal nüsxədə də hərəkələrin olması fikrini gücləndirir. Məsnəvinin əsli indiyədək tapılmayıb. Əsər 12390 beytdən ibarətdir. Qissə başlıqları, ayələr qırmızı hərflərlə yazılıb.[28][29]
Həsənoğlunun Kitab-i Sirətin-Nəbi adlı məsnəvisi Hz. Məhəmmədə həsr olunmuş dini-ədəbi əsərdir. Məsnəvinin dili XIII əsr Azərbaycan türkcəsidir. 17 Səfər 1217 (miladi 1802) tarixində İstanbulda köçürülüb tədqiq edilmiş və hazırlanmış bir nüsxədir. Mənzum şəkildə olan əsərin mövzusu Əbül Həsən əl Bekri əl-Kasasinin Sirətün-Nəbi adlı əsərindən götürülüb. Həsənoğlu bir neçə beytə "Əbül Həsən Bəkri rəvayət edir ki" cümlələri ilə başlayır. Müəllif əsərin xətiməsində "Həsənoğlu bu xidmətin eşiyində, Üzün oldu türab əl-həmdü li-l-lah" yazıb, öz imzasını atmışdır.
Məsnəvinin bölmələri aşağıdakılardır:[30]
- Ağazı qissə-i vəladeti Seyyidil Mürsəlin ve Ḫətəmi Nəbiyyin ve Həbibi Rəbbil Aləmin;
- Qissə-i Resul Həzrətinin mübarək gözləri ağrıyub kəndü ağız yari şefa olduğı qissədir;
- Qissə-i kiştəni giriftani Mustafa bə Əbu Cəhil leini-bi-vəfa;
- Qissə-i mühacirəti Mustafa berayi Xədicə əl Kübra radiallahi anha;
- Qissə veladət əmirül möminin ve imami əl müttəḳin imam Əli kərrəmallahü vəchə;
- Qissə-i-amiden vəhyi Peyğəmbər sellallahu əleyhə və səllləm;
- Qissə-i Müselman şidden Əbu Bəkir ve Osman ibn Affan radiallahü anhuma;
- Zikr-i İslam Ömər radiallahü anha;
- Zikr-i mirac Rəsūlullah səlləllahü əleyhi vəsəlləm;
- Zikr qissə-i inşikakı kəmər və Həbib Müsəlman olduğı;
- Qissə-i ərzə kərdən Rəsulullah ḫud ra bər kəbaili ərəb;
- Zikr-i ta Pəyğəmbərin ḳaftani olan Yəhudi Tayan qissəsidir;
- Qissə-i hicrət Pəyğəmbər səllallahu əleyhi ve səlləm;
- Qissə-i Miḳdad-ı ibn Əsvəd əl kəndi ba siyasə dəhdər həbbə birin məzahim;
- Zikri qəza-i Bədir ba küffarı Qureyş ve həlak şoden-i Əbu Cəhl-i lein;
- Zikr-i qəza-i Uhud və şəhid şodeni Həmzə pəhləvan radiyallahu anha;
- Zikr-i qissə-i qəzai Xeybər;
- Zikr-i qəzayə Bəni Qureyzə Şah-ı Mərdan mancılığa qoyub qalaya atdıqları qissədir;
- Əmirül möminin Əbu Bəkrin oğlu Əbdürrəhman Müsəlman olduğu qissədir;
- Tanrı qılıcı Xalid ibn-i Vəlid müsəlman olduğu ve Tanrı düşmanı Vəlid ibn-i Muğərəylə cəngi qissəsidir;
- Qurab qalasının alındığı qəza ve andağı əcayiblər ve Samam olduğu ve Zatil Nəvar ağacın kəsdikləri ve Şah-ı Mərdanun cəngi qissəsidir;
- Mirkal ibn-i Fəṣahül-Əbtal qəzasının qissəsidir ve Şahın ulu cəngidür;
- Zatil-Əbatilde Əsəd ve Qeys leinle olan cəng qissəsidir ve Tuḳun qız ile olan qəzasıdır;
- Məkkənin Şərəfellahu Təala fəth olduğu qezadur bu qissə.
Əsər İslam dininin ilk dövrlərində cəngnamələrinə və ədəbiyyatımızda cəngnamələrin görünməyə başladığı dövrlərə aiddir. Həmin dövrdə bu cür əsərlərin yazılmasında əsas məqsəd, bir tərəfdən, türk cəmiyyətində davam edən müharibələr dövründə türklərə İslamı qəbul etmə prosesində köməklik etmək, digər tərəfdən isə, Türk cəmiyyətində fəth ruhunu təşviq etmək idi. Əsərin bir çox yerində "Dədə Qorqud dastanları" və ilkin dini-əfsanəvi məsnəvilərin üslubu üstünlük təşkil edir.[31]Məs:
"Dedi sənə söylərəm ey can igid
Canım olsun yoluna qurban igid"
Əsərdəki bəzi hekayələr müstəqil əsər xarakteri daşıyır. Bunlar "Qissə-i Miḳdad-ı ibn Əsvəd əl kəndi ba siyasə dəhdər həbbə birin məzahim", "Zikr-i qissə-i qəzai Xeybər", "Zikr-i qəzayə Bəni Qureyzə" bölmələridir. Əsərdə türk dili baxımından diqqət çəkən mühüm məsələ bu gün Güney Azərbaycanda danışılan dilin, hətta Bakı kəndlərində danışılan ləhcənin bütün əsərə hakim olmasıdır. Əsrlər boyu Cənubi Azərbaycanda yazılı ədəbiyyata icazə verilməsə də, hətta Səlcuqlu imperiyasının dövlət dilinin fars dili olması və sonrakı əsrlərdə bu coğrafiyaya hakim olan siyasi güclər müstəsna illər istisna olmaqla, eyni vəziyyəti davam etdirmiş, xalq öz dilini şifahi ədəbiyyat vasitəsilə işlətmiş, mifoloji dövrlərdən bu günə qədər toxunulmaz şəkildə daşımışdır. Bu fikrə əsaslanaraq, İzzəddin Həsənoğlunun Xorasan bölgəsində doğulsa da, Cənubi Azərbaycanda, xüsusən də Təbriz bölgəsində yaşamış olduğu və orada yaşayan türk dilini mənimsədiyi güman edilir.[32]
Bir qoxusu var ki, müşkə bənzəməz
Dünyada olmaz o qoxuya dəyməgəz
--
Handa gedərsin bəri gəl bərivə
Müstafa bəs döndü baxdı yuxarıva
Bu beytlərdəki qoxuva, bərivə, yuxarıva sözləri Təbriz bölgəsində istifadə edilir.
Əsərin bir çox yerində kosmik anlayış və mifik ifadələr öz əksini tapmışdır. Bu onu göstərir ki, Həsənoğlunun yaşadığı dövrdə türk millətinin min illərdir qorunub saxladığı Göy Tanrı inancı və səma anlayışı yeni qəbul olunmuş İslam dini daxilində davam etmişdir.[32]
Gök atamız yer anamızdır yəqin
Ol ikinizin oğluyuz biz uş həmin
--
Şu kim dedin ki kimün oğlusan sən
Atam göydür anam yer oğluyam mən
Bu cür ifadələr məsnəvidə bir çox yerdə istifadə edilmişdir.[32]
İstinadlar
redaktə- ↑ H. Javadi and K. Burrill. AZERBAIJAN x. Azeri Turkish Literature Arxivləşdirilib 2013-02-01 at the Wayback Machine:"It was in the 13th and 14th centuries that a stylized poetry began to develop, partly due to Eastern Turkic traditions brought from Khorasan during the Mongol occupation. An early example is a couple of verses of Turkish and Persian poetry attributed to the late-13th-century minor poet Sheikh ʿEzz-al-Din Esfarāʾini, known as Ḥasanoḡlu or Pur-e Ḥasan (cf. Heyʾat, 1979, p. 26)."
- ↑ 1 2 Sadıqova, 2011. səh. 33
- ↑ "History of Azerbaijan-Information about Azerbaijan history". Oriental Express Central Asia. 2016-12-02 tarixində arxivləşdirilib.
- ↑ "ORTA ƏSRLƏR ƏDƏBİYYATI" ( (az.)). azerbaijan.az. 2015-02-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-14.
- ↑ A. Caferoglu, "Adhari (azeri)", in Encyclopedia of Islam, (new edition), Vol. 1, (Leiden, 1986).
- ↑ Даулет-шах Алайе Самарканди, Тезкерет-ош-шаорае, Тегеран, 1337 с. г. х. (1958).
- ↑ Mustafa Zərir, "Yusif və Züleyxa", Bakı, 1991, səh. 157–158
- ↑ http://zaman.az/site/shownews.php?news_id=14975 [ölü keçid]
- ↑ 1 2 Bababyev, 2009. səh. 15
- ↑ Demiroğlu, 1994. səh. 244
- ↑ Flemming, 2018. səh. 73, "The Turkish poem bearing the taḫalluṣ Ḥasan oġlï, which according to general consensus belongs to Şayḫ ʿIzzed-dīn Asfarāʾinī, has been preserved in an appendix to Sayf-i Sarāyī’s Turkish translation of Saʿdī’s Gulistān, which was completed in Egypt in 1391 and has survived in a single manuscript written in that country"
- ↑ "Həsənoğlunun məzarının dağıdılması İranın iyrənc simasını göstərir – Azərbaycanl alım". 2023-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-10.
- ↑ Altaylı, 2023. səh. 183
- ↑ 1 2 Ercan, 2017. səh. 179
- ↑ Bababyev, 2009. səh. 19
- ↑ Əliyev, 2017. səh. 8
- ↑ Ercan, 2017. səh. 183
- ↑ Bababyev, 2009. səh. 22
- ↑ Həşimli, 2016. səh. 3
- ↑ Zeynalov, 1972
- ↑ Ercan, 2017. səh. 180
- ↑ 1 2 3 4 5 6 7 Həşimli, 2016. səh. 4
- ↑ Ercan, 2017. səh. 181
- ↑ Ercan, 2017. səh. 184
- ↑ Həşimli, 2016. səh. 5
- ↑ Həşimli, 2016. səh. 8
- ↑ 1 2 Babayev, 2009. səh. 25
- ↑ Altaylı, 2023. səh. 242
- ↑ Altaylı, 2021. səh. 83
- ↑ Altaylı, 2021. səh. 85
- ↑ Altaylı, 2021. səh. 86
- ↑ 1 2 3 Altaylı, 2021. səh. 87
Mənbə
redaktə- Əlibəyzadə E. M. Azərbaycan dilinin tarixi. İki cilddə. I cild. Bakı: Azərbaycan Tərcümə Mərkəzi, 2007, s. 620–625.
- Sadıqova, Sevda, Bədii mətnin linqvistik təhlili, Bakı: Bakı Universiteti, 2011
- Həşimli H. M. Azərbaycan dilində lirik poeziyanın inkişaf yolu (XIII əsr-XIV əsrin əvvəlləri). Dərs vəsaiti. Bakı: "Elm və təhsil" NPM, 2017, s. 37–118.
- Hüseyn Həşimli. İzzəddin Həsənoğlunun ədəbi irsi. Bakı: Elm və təhsil, 2016, 136 səh.
- Flemming, Barbara. Essays on Turkish Literature and History (ingilis). Brill. 2018.
- Əliyev, Məmməd. İlk anadilli qəzəlimiz (az.). 525-ci qəzet. 13 sentyabr 2017. 8.
- Seyfəddin Altaylı. İzzeddin Hasanoğlu ve Altı Balkan Şairinin Şiirlerinde Türk Mitolojisine Ait Bazı Ortak Motifler. 5. Balkanlarda Türk Dili ve Edebiyatı Araştırmaları. BALTED. 2023. 181–203.
- Seyfəddin Altaylı. MİTOLOJİDEN İZZEDDİN HASANOĞLU’NA GÖK ARKETİPİ. 17. Milli Folklor Dergisi. 2021. 72–89.
- Seyfəddin Altaylı. İZZEDDİN HASANOĞLU’NUN “KİTAB-I SİRETÜ’N NEBİ” MESNEVİSİNDE HZ. ALİ CENKNAMELERİNİN İZLERİ. XX. Karadeniz Araştırmaları. 2023. 237–258.
- HÜSEYN HƏŞİMLİ. İZZƏDDİN HƏSƏNOĞLUNUN BİR QƏZƏLİ HAQQINDA. 4. Naxçıvan: NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. Qeyrət nəşriyyat. 2016. 3–9.
- Babayev Y. M. XIII-XIV əsrlər ana dilli lirik şeirimizin inkişaf yоlu. Bakı: "Elm və təhsil" NPM. 2009. səh. 256.
- Özlem Ercan. AZERÎ ŞAİR HASANOĞLU’NUN BİR GAZELİNE AHMEDÎ VE AHMED-İ DÂ’Î TARAFINDAN YAZILMIŞ NAZİRELER. 12. Turkish Studies (Elektronik). 2017. 177–192.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- İzzəddin Həsənoğlu Rasexun saytı