Semsi Bedelbeyli - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Şəmsi Bədəl bəy oğlu Bədəlbəyli (23 fevral 1911, Şuşa – 23 may 1987, Bakı) — tanınmış Azərbaycan aktyoru və rejissoru, Azərbaycan SSR xalq artisti (1964).
Şəmsi Bədəlbəyli | |
---|---|
1976 – 1986 | |
Əvvəlki | Mehdi Məmmədov |
Sonrakı | Lütfiyar İmanov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 23 fevral 1911 |
Doğum yeri | |
Vəfat tarixi | 23 may 1987 (76 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | azərbaycanlı |
Partiya | |
Təhsili | |
Fəaliyyəti |
aktyor rejissor |
Atası | Bədəl bəy Bədəlbəyli |
Uşağı | |
Dini | islam |
|
|
Təltifləri |
|
shamsi.musigi-dunya.az/i… | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə23 fevral 1911-ci ildə – Şəmsi Bədəlbəyli Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərində görkəmli pedaqoq və ictimai xadim Bədəl bəy Bədəlbəylinin (1875–1932) və Rəhimə xanım Qacarın (1880–1966) ailəsində dünyaya gəlmişdir.
Bakıda orta məktəbdə ibtidai təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra Ş. Bədəlbəyli Azərbaycan Pedaqoji Texnikumuna daxil olur. Bu illərdə o, böyük həvəslə özfəaliyyət dərnəyində iştirak edir, aktyorluq istedadını sınayır.
1927-ci ildə – Azərbaycan Pedaqoji Texnikumunun məzunu olur.
1927–1932-ci illərdə – Azərbaycan Dövlət Konservatoriyasında təhsil alır: iki il xalq çalğı alətləri şöbəsində, daha sonra kompozisiya nəzəriyyəsi sinfində Üzeyir Hacıbəylinin tələbəsi olur.
Həmin illərdə Azərbaycan Dövlət Dram Teatrında böyük qardaşı, bəstəkar və dirijor Əfrasiyab Bədəlbəylinin rəhbərlik etdiyi orkestrdə tar çalır. Bəzən C. Cabbarlının "Od gəlini" və "Sevil" tamaşalarında səhnə arxasından aktyorları tarda müşayiət edirdi.
Eyni zamanda, dramaturq və rejissor Cəfər Cabbarlı ilə dostlaşaraq, ona səhnə ilə bağlı fəaliyyətində köməklik göstərir. Bu da onun rejissorluq sənətinə marağını artırır və o, C. Cabbarlının əsərlərinin tamaşalarında rejissor assistenti kimi çalışmağa başlayır.
1930–1932-ci illərdə "Gənc işçi" qəzeti redaksiyasında "İncəsənət və ədəbiyyat" şöbəsinin müdiri vəzifəsində çalışır, həmin qəzetin səhifələrində bir sıra tamaşalar haqqında məqalələri dərc olunur.
1932-ci ildən (may ayından başlayaraq) 1942-ci ilə kimi – Azərbaycan Dövlət Dram Teatrında rejissor assistenti və rejissor kimi fəaliyyət göstərir.
1933-cü ildə Ş. Bədəlbəyli Azərbaycan Xalq Maarif Komissarlığı tərəfindən Moskvaya rejissorluq üzrə təcrübə işinə göndərilir. Moskvada Malı Teatrda Şillerin "Don Karlos" əsərinin hazırlığında görkəmli rejissor K. Marcanaşvilinin rəhbərliyi altında rejissor assistenti kimi təcrübə keçir. Həmçinin, İnqilab teatrında rejissor A. Popovun yaradıcılıq emalatxanasında öz təcrübəsini zənginləşdirir, dramaturq N. Poqodinin "Mənim dostum" əsərinin tamaşasının hazırlanmasında iştirak edir.
1936-cı ildə Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Dram Teatrında rejissor kimi fəaliyyətini davam etdirir. Bir sıra səhnə əsərlərinin tamaşalarına quruluş verir. Onlardan C. Cabbarlının "1905-ci ildə", "Od gəlini" əsərlərinin tamaşalarının hazırlanmasında Ş. Bədəlbəyli rejissor assistenti kimi iştirak edir. Xüsusilə onun M. F. Axundovun "Müsyo Jordan və dərviş Məstəli şah" komediyasının səhnələşdirilməsi üzrə (rejissor M. Zeynalovla birgə) yaradıcılıq işi klassik komediyanın müasir təfsiri kimi qeyd olunur.
1939-cu il, 23 oktyabr — Azərbaycan Dövlət Dram Teatrında Ş. Bədəlbəylinin rejissor kimi ilk müstəqil işi olaraq, C. Məmmədquluzadənin "Ölülər" əsəri tamaşaya qoyulur. Bu, onun yaradıcılığında yeni mərhələnin başlanğıcı olur.
1941-ci il, 19 yanvar — həmin teatrda Ş. Bədəlbəylinin rejissorluğu ilə S. Rəhmanın "Xoşbəxtlər" əsərinin premyerası olur.
1941-ci ildə, iyunun 16-da – V. Şekspirin "Kral Lir", iyulun 8-də Lermontovun "İki qardaş" əsərləri Ş. Bədəlbəylinin rəhbərliyi ilə səhnədə oynanılır.
Sonrakı illərdə Ş. Bədəlbəyli digər teatrlarda çalışsa da Azərbaycan Dövlət Dram Teatrı ilə yaradıcılıq əlaqələrini davam etdirmiş, bu səhnədə yeni əsərləri tamaşaya qoymuşdur: o cümlədən, 1945-ci il, noyabrın 17-də Azərbaycan Dövlət Dram Teatrında Ş. Bədəlbəylinin rejissorluğu ilə S. Rəhmanın "Aşnalar" əsərinin premyerası olmuşdur.
1941–1942-ci illərdə Ş. Bədəlbəyli sovet ordusunun hissələri tərkibində İrana göndərilir, "Qırmızı Şərq", "Vətən uğrunda" qəzetlərinin müxbiri kimi Təbrizdə fəaliyyət göstərir. Burada Ş. Bədəlbəylinin rəhbərliyi altında həvəskar aktyorların iştirakı ilə Ü. Hacıbəylinin "Arşın mal alan", Z. Hacıbəyovun "Evliykən subay", "Əlli yaşında cavan" musiqili komediyaları tamaşaya qoyulur.
1943-cü ildə Ş. Bədəlbəyliyə Azərbaycan incəsənətinin inkişafında böyük nailiyyətlərinə görə Azərbaycan Ali Soveti Pəyasət Heyəti tərəfindən əməkdar incəsənət xadimi fəxri adı verilir. Ş. Bədəlbəyli bundan sonrakı illərdə də bir sıra hökumət mükafatlarına layiq görülmüş, fəxri fərmanlarla, orden və medallarla təltif olunmuşdur.
1943–1949-cu illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında bədii rəhbər vəzifəsinə təyin olunur. Həmin illərdə Ş. Bədəlbəylinin rejissorluğu ilə bu teatrın səhnəsində bir sıra Azərbaycan və xarici ölkə bəstəkarlarının musiqili komediyalarının premyerası olur.
1946-cı il, 17 iyul — Azərbaycan Dövlət Musiqili Komediya Teatrının səhnəsində F. Əmirovun "Gözün aydın" musiqili komediyası Ş. Bədəlbəyli tərəfindən tamaşaya qoyulur.
1948-ci il, 31 dekabr — Ş. Bədəlbəyli həmin səhnədə S. Ələsgərovun "Ulduz" musiqili komediyasına quruluş verir.
Sonrakı illərdə də Ş. Bədəlbəyli fasilələrlə bu teatrda işini davam etdirmiş, bir sıra əsərlərin səhnələşdirilməsinə rəhbərlik etmişdir.
Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Ş. Bədəlbəyli 1947-ci ildə Ü. Hacıbəylinin "O olmasın, bu olsun", 1956-cı ildə "Arşın mal alan" musiqili komediyalarına yeni quruluş vermişdir.
1947, 1956 və 1959-cu illərdə S. Rüstəmovun "Durna" musiqili komediyasının tamaşalarını hazırlamışdır.
1949–1956-cı illərdə Ş. Bədəlbəyli M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru və bədii rəhbəri vəzifəsində çalışır.
1950-ci il və sonrakı illərdə müxtəlif bayramlar və dövlət tədbirləri çərçivəsində konsertlərə quruluşlar verir: o cümlədən, 1950 və 1959-cu illərdə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüklərinin konsertləri, 1967-ci ildə Azərbaycan İncəsənət ustalarının konsertləri, 1972-ci ildə Aşıq Ələsgərin 150 illiyi, 1973-cü ildə İmadəddin Nəsiminin 600 illiyi, 1975-ci ildə Üzeyir Hacıbəylinin 90 illiyi münasibətilə yubiley konsertləri, 1974-cü ildə Fransada Azərbaycan mədəniyyəti günləri çərçivəsində keçirilən konsertlər, həmçinin, Bakıda təşkil olunan bir sıra konsertlər qeyd oluna bilər.
Həmin dövrdən o, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına da rejissor kimi dəvət olunur və bir sıra opera tamaşalarını səhnələşdirir:
1952-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Ü. Hacıbəylinin "Koroğlu" operasına yeni quruluş verir.
1956-cı ildə bu səhnədə Z. Paliaşvilinin "Daisi" operasını tamaşaya qoyur.
1958-ci ildə Ü. Hacıbəylinin "Əsli və Kərəm" operasının yeni səhnə quruluşunu hazırlayır.
1951-ci ildə Azərbaycan SSR Nazirlər Soveti nəzdində İncəsənət işləri idarəsi tərəfindən Ş. Bədəlbəyli Azərbaycan Dövlət Mahnı və rəqs ansamblının yaradıcı heyətinin ifaçılıq məharətini peşəkar səviyyəyə yüksəltmək üçün Komissiyanın sədri təyin olunur.
1953-cü il 15 noyabr – 1954-cü il 15 may – A. N. Ostrovski adına Leninqrad Dövlət Teatr İnstitutunda ixtisasartırma təlimi keçir və peşəkar rejissor kimi təcrübəsini artırır.
1956–1959-cu illərdə — yenidən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında bədii rəhbər və direktor vəzifəsində çalışır. Bu illərdə Ş. Bədəlbəylinin rejissorluğu ilə səhnəyə qoyulan yeni əsərlərdən:
1958-ci il, 11 iyul – V. Adıgözəlov və R. Mustafayevin "Hacı Qara" musiqili komediyasının;
1961-ci il 24 yanvar – S. Rüstəmovun "Rəisin arvadı" musiqili komediyasının premyerası olur.
1957-ci ildə — Aşqabada dəvət olunaraq, Türkmənistan Opera və Balet Teatrında Ü. Hacıbəylinin "Koroğlu" operasını tamaşaya qoyur.
1959–1965-ci illərdə — Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru və baş rejissoru təyin olunur.
Ş. Bədəlbəyli bu teatrda çalışdığı zaman dünya musiqi klassikasına müraciət edərək, 1962-ci ildə C. Rossininin "Sevilya bərbəri" operasını, 1964-cü ildə A. Borodinin "Knyaz İqor" operasını tamaşaya qoyur. Bu dövrdə həmin səhnədə Azərbaycan bəstəkarlarının yeni operaları da Ş. Bədəlbəylinin rəhbərliyi altında tamaşaya hazırlanır:
1961-ci il, 22 noyabr – S. Ələsgərovun "Bahadır və Sona" operasının;
1963-cü il, 19 aprel –V. Adıgözəlovun "Ölülər" operasının;
1971-ci il 14 mart – Ə. Bədəlbəylinin "Söyüdlər ağlamaz" operasının premyerası olur.
1964-cü il, 29 iyul – Ş. Bədəlbəyli Azərbaycanın xalq artisti fəxri adına layiq görülür.
1965–1974-cü illərdə Ş. Bədəlbəyli təkrarən Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru və bədii rəhbəri vəzifəsində çalışmışdır. Bu illər ərzində Ş. Bədəlbəyli bu teatrda V. Dolidzenin "Keto və Kote" əsərini iki dəfə yeni quruluşda tamaşaya qoyur. Ş. Bədəlbəyli tərəfindən Azərbaycan bəstəkarlarının yeni musiqili komediyaları səhnələşdirilir:
1967-ci il, 28 dekabr — həmin səhnədə A. Məlikovun "Ləpələr" operettası tamaşaya qoyulur. Operetta 1968-ci ildə teatr tamaşalarına Beynəlxalq baxışda I dərəcəli diplomla təltif edilir.
1970-ci il, 7 mart – S. Ələsgərovun "Sevindik qız axtarır" musiqili komediyasının;
1971-ci il, 30 sentyabr – S. Ələsgərovun "Həmişəxanım" musiqili komediyasının;
1971-ci il, 27 mart – V. Adıgözəlovun "Nənəmin şahlıq quşu" musiqili komediyasının;
1973-cü il, 31 mart – E. Sabitoğlunun "Hicran" musiqili komediyasının premyerası olur.
1974–1976-cı illərdə Ş. Bədəlbəyli yenidən M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru və bədii rəhbəri təyin olunur.
1976, 28 oktyabr – Ş. Bədəlbəyli Azərbaycan Teatr Cəmiyyəti İdarə Heyətinin sədri seçilir.
1978-ci il — Ş. Bədəlbəylinin təşəbbüsü ilə Bakıda Azərbaycan Teatr Cəmiyyətinin nəzdində "Dostluq" teatrı yaradılır – burada müxtəlif respublikaların tanınmış teatr kollektivlərinin qastrol tamaşaları təşkil olunur.
1987-ci il, 23 may — Şəmsi Bədəlbəyli vəfat etmiş, Bakıda Fəxri xiyabanda dəfn olunmuşdur.
Filmoqrafiya
redaktə- O qızı tapın (film, 1970)
- Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film) — rol: Şabanzadə
- Xatirələr sahili (film, 1972)
- Ömrün səhifələri (film, 1974)
- Tikdim ki, izim qala. III film (film, 1998)
- Maestro Niyazi (film, 2007)
Nəsil şəcərəsi
redaktəBəşir bəy Bədəlbəyli | Əzizə xanım | Şirinbəyim xanım (1853–1939) | Əbdülhüseyn bəy Hacıbəyov (1842–1901) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Bədəl bəy Bədəlbəyli (1875–1932) | Rəhimə xanım | Əhməd bəy Bədəlbəyli (1884–1954) | Zülfüqar bəy Hacıbəyov (1884–1950) | Üzeyir bəy Hacıbəyov (1885–1948) | Ceyhun Hacıbəyli (1891–1962) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Əfrasiyab Bədəlbəyli (1907–1976) | Davud Bədəlbəyli | Turqut Bədəlbəyli | Məsturə Bədəlbəyli | Şəmsi Bədəlbəyli (1911–1987) | Məmməd Ağdamski (d. 1934) | Telman Ağdamski (d. 1936) | Niyazi Hacıbəyov (1912–1984) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Fərhad Bədəlbəyli (d. 1947) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mənbə
redaktə- Ənvər Çingizoğlu. Bədəlbəylilər (Miriyevlər). "Soy" elmi-kütləvi dərgi, 2009, № 5, səh.34–48.