Senbi Qazan - Wikipedia
Şənbi-Qazan, Şam Qazan və ya Qazaniyyə (fars. شنب غازان) — Təbriz şəhəri yaxınlığında yerləşən qədim yaşayış məskəni. Günümüzdə Şənbi-Qazan Təbrizin qərbində yerləşən məhəllərdən biridir və şimaldan Axoni meydanı, cənubdan Rahahan, qərbdən isə Qarqar küçəsi ilə əhatələnir. Elxanilər döründə Şənbi-Qazan Təbrizdən 6–10 km məsafədə yerləşən kənd idi. Arqun xan dövründə burada müxtəlif binalar, memarlıq abidələri tikilmişdi. Buna görə də şəhərin ilk adı Arquniyyə olmuşdur, lakin daha sonra Qazan xan dövründə Şənbi-Qazan türbəsinin inşaası ilə bura Qazaniyyə və ya Şənbi-Qazan adlandırılmağa başlandı. Qazan xanın vəfatında sonra cənazəsi Təbrizə gətirilərək Qazaniyyə qübbəsinə dəfn edilmişdir. Şənbi-Qazan İran, Azərbaycan və Osmanlı tarixində mühüm rola malik şəhərlərdən biridir.
Şənbi-Qazan | |
---|---|
Ölkə | |
Vikianbarda əlaqəli mediafayllar |
Etimologiyası
redaktəQaynaqların verdiyi məlumata əsasən şəhərin ilk adının Arquniyyə olduğu bizə məlumdur, lakin ehtimal olunur ki, şəhər hələ salınmazdan əvvəl bu ərazi Şam adlanırdı. Şam sözünün mənası isə hamar və bərəkətli yer deməkdir. Burdan da anlaşıldığı kimi Şam Qazan — Qazan xana aid bərəkətli torpaq mənasını daşıyır.[1]
Şəhərin bir digər adı olan Şənbi-Qazan sözünün mənası ilə bağlı isə bir neçə variant mövcuddur. Bunlardan ilki Şənb sözünün günbəz və qübbə kimi tərcüməsidir.[2] Bu zaman Şənbi-Qazan Qazan xanın türbəsi kimi tərcümə edilir, lakin bəzi tarixçilər bu fikrə qarşı çıxaraq, sözügedən ərazinin hələ türbənin tikintisindən əvvəl Şənb adlandırıldığı fikrini irəli sürürlər.
Bir digər variant isə professor Məhəmməd Rövşənə aiddir. Onun fikrincə "Şənb" sözü monqol dilində "cənnət" mənasını verən "Şomb" sözünün abbreviaturasıdır. Şam-Şomb-Şənb sözləri hər üçü monqol dilində "cənnət" deməkdir. Belə ki, Şam Qazan və Şənbi-Qazan "Qazan xanın cənnəti" mənasını daşıyır.[3]
Tarixi
redaktə1284-cü ildə (hicri 683) Arqun xan taxta çıxdıqdan sonra Təbrizin Şam bölgəsində Arquniyyə adlı şəhərin tikilməsini əmr etdi. Şəhərin mərkəzində isə görkəmli bir Buddist məbədi inşa edildi. Məbədin ətrafında aristokrat evləri o cümlədən qalıqları günümüzə qədər gəlib çatmış Köşk-i Ədliyyə tikdirildi.[4] Lakin qaynaqların verdiyi məlumata görə Arqun xanın əmri ilə 1290-cı ilin sentyabr ayında tikintisinə başlanan Arquniyyə və ya Kök-i ədliyyə adlandırdığı bu şəhərin inşaası yarımçıq qalmışdır.[4]
1295-ci ildə Sultan Mahmud Qazan xanın taxta çıxması ilə Elxani tarixində yeni bir dövr başlayır. İslam dinini qəbul edən Qazan xan Təbrizə gələrək şəhər ətrafındaki bütün qeyri-islami abidələrin dağıdılmasını əmr edir. Bu məbədlərin arasında atası tərəfindən tikdirilən Arquniyyə məbədi də var idi. İnkişaf və tərəqqi ilə yaxından maraqlanan Qazan xan bu abidələrin yerində məscid və xeyirxah işlər görmək məqsədilə Əbuab əl-Bərr adlanan xeyriyyə binası tikdirdi. Yeni şəhərin böyüməsi üçün isə Anadolu və Avropadan gələn səyyahlara mallarını burada açmaları tapşırıldı. Çıxa biləcək çaxnaşamaların qarşısını almaq məqsədi ilə isə Şənbi-Qazan Təbriz tamğacısına tabe etdirildi.[5]
Daha sonra Qazan xan buradakı digər imarətləri nümunə alaraq içərisində özünün də dəfn ediləcəyi yeni bir kompleks tikilməsi əmrini verdi. Kompleksin tikintisinə 1297-ci ilin oktyabr ayında başlanıldı. Qaynaqlarda Qazan xanın usta və köməkçilərinin işinə şəxsən nəzarət etdiyi barədə məlumatlar var.[6]
Şənbi-Qazan kompleksi
redaktəŞənbi-Qazanın tikintisi təxmini 7 il davam etdi və tikintidə 14 minə yaxın işçi çalışdı. Rəşidəddinin verdiyi məlumatlara görə "Tarixi mübarəki Qazan" əsərini qələmə alarkən türbənin çöl qisimlərinin tikintisi artıq başa çatmışdı. 1303-cü ildə imarətin böyük bir hissəsinin tikintisi sona çatdı.[7] Vassafın qeydlərinə görə istifadə edilən alət və avadanlıqların əsas hissəsi Anadoludan gətirilmişdi. Yenə bu müəllifə görə divarlar 3 kərpiç qalınlığında idi. Bu kərpiçlərin isə hər birinin ağırlığı 8 kq-a yaxın idi. Kompleksin ən vacib tikintilərindən biri olan qübbənin uzunluğu 32 m eni isə 20 metrə çatırdı. Türbənin forması Olcaytu xanın Sultaniyyə şəhərindəki türbəsi ilə oxşarlıq təşkil edir. [8]Vassafın qeydlərində yazılır ki, kompleksin divarlarından 4300 kq ağırlığında lampalar asılmışdı və bu divarların qalınlığı 3,75 m, hündürlüyü isə 32,5 m idi. Nadir Mirzənin məlumatlarına görə Qazan xan türbəsi kompleksin mərkəzində yerləşirdi. Tarixçi və səyyahların qeydlərinə görə qübbənin divarlarına Qurandan ayələr yazılmışdı. Bundan başqa "Qazan xan" və "Halledellahu mulkehu" kəlimələri və kufi hərfləri ilə Allahın adı da divarlara işlənmişdi.[9]
Lakin kompleksin və türbənin inşaası tamamlanmadan Qazan xan vəfat etdi. 17 may 1304-cü ildə Qəzvində vəfat edən xanın cənazəsi kompleksə gətirilərək burada dəfn edildi. Dəfndən 3 il sonra baş verən bie qəzada qübbənin inşaası üçün nəzərdə tutulan taxtaların çökməsi nəticəsində bir çox gürcü, erməni və müsəlman işçilər vəfat etmişdi, lakin Abdullah Kaşaninin qeydlərindən anlaşılır ki, Qazan xanın dəfn edildiyi hissəyə heç bir ziyan dəyməmişdi.[10]
Elxani qaynaqları və səyyahların verdiyi məlumatlardan başqa 1318-ci ilə aid Cəmi ət-Təvarix nüsxəsində Şənbi-Qazanın miniatürlərinə rast gəlinir. Miniatürdəgiriş qapısı, geniş həyəti və yüksək divarları ilə kompleks açıq şəkildə təsvir edilmişdi. Həyətin 3 tərəfi binalarla əhatə olmuşdu. Bu binalardan sağda yerləşən binanın kitabəsində "Sultan Mahmud Qazan Xan halledellahu mulkehu və dövlətehu", soldaki binanın kitabəsində isə " La ilahə illa Allah və Muhammədun Rəsul Allah" sözlərinə rast gəlinir. Həyətin mərkəzində türbə yerləşir. Bu "Künbəti Əli" adlandırılan Qazan xan türbəsidir. Miniatürün müəllifi məlum deyil.[11]
Şənbi-Qazanın hissələri. Böyük bir mədəniyyət və təhsil müəssisəsi olan Şənbi-Qazan aşağıdakı hissələrdən ibarət idi:[12][6]
1. Günbed-i Ali (böyük günbəz, Qazan türbəsi),
2. Məscidi-Cami (Məscid),[12]
3. Mədaris (Hənəfi və Şafililər üçün mədrəsələr),[12]
4. Dərvişlər üçün xanəgah (Xanqah, təkkə)[12]
5. Darus-Siyadə (seyidlər üçün mehmanxana),[12]
6. Rəsədxana,[13]
7. Daruş-Şəfa (xəstəxana)[12]
8. Beytül-Kutub (kitabxana)[12]
9. Beytül-Qanun (qanunların toplandığı yer, dövlət arxivi),
10. Beytül-Mütəvəlli (mütəvəlli və məmurların qaldığı yer),
11. Hovuzxana (hovuz, dəstəmaz yeri)[6]
12. Gərmabə-yi Səbil (isti su-hamam).[6]
Komleksdə bu hissələrlə yanaşı "Həkemiyyə", "Bostan" və "köşk-i Adiliyyə" adlanan qisimlər də mövcud idi. Kompleksdə xeyir işləri üçün aşağıdakı məsələlərə də vəsait ayrılırdı:[14]
- Ziyarət üçün bura gələcək monqol komandirləri və digərləri üçün Köşki-i Adiliyyədə veriləcək ziyafət yeməyi o cümlədən günlük yeməkləri üçün ərzaqların alınması. Yemək hazırlayan şəxslərin maaşları
- Hər il Qazan xanın vəfat ildönümündə türbəni ziyarət edən imamların və qonaqların xərcləri, Quran xətimləri zamanı veriləcək sədəqələr.
- Cümə günlərində məscid, xanəgah, mədrəsə əhli üçün paylanılan şirniyyat üçün vəsait
- Aşura, Mövlüd bayramı və digər dini günlərdəki xərclər
- İllik 100 kimsəsiz uşağın təhsili ilə məşğul olan məktəblərin xərcləri
- Hər il kasıb və ehtiyac sahibi şəxslərə paylanılan paltarların xərcləri
- 100 uşağın bayram geyimləri, illik xərcləri, sünnət edilməsi və bunlarla məşğul olan təhsil işçilərinin xərcləri
- Hər il 100 cild Quran alınması üçün çəkilən xərclər
- Küçəyə atılan uşaqların toplanılması, onların gündəlik xərcləri, peşəyə yiyələnmələri üçün çəkilən xərclər. Bundan başqa bu uşaqlarla məşğul olan işçilərin maaşları
- 6 aylıq qış mövsümü zamanı qarlı günlərdə quşların yemlənməsi üçün çəkilən yem xərcləri
- Dul, kimsəsiz qadınlardan işlləməsi üçün 500 nəfərinə illik 4 batman(3,5 kq) təmizlənmiş pambıq verilməsi
- Qul, xidmətçi və balaca uşaqların su daşıyarkən qırdıqları su qabılarının sahiblərinə söylənilmədən yeniləri ilə dəyişdirilməsi üçün çəkilən xərclər və bu işlə məşğul olan şəxslərin maaşı.
- Təbriz şəhərinin yollarının 8 fərsənglik məsafəyə qədər daşdan təmizlənməsi, su kanallarının və arxların təmizlənməsi üçün çəkilən xərclər. Bəzi qaynaqlara görə Qazan xan Fəzlullah Rəşidəddini Şənbi-Qazana mütəvəlli kimi təyin etmişdi.[15] Lakin Rəşidəddinin Cəmi ət-Təvarix əsərində bu məlumatlara rast gəlinmir. Buna baxmayaraq Rəşidəddinin əsərində Şənbi-Qazan vəqfiyyəsi haqqında verdiyi ətraflı məlumatlar onun vəqfiyyənin əslini gördüyü barədə şüphəyə yer buraxmır.[16]
Şəhərin və kompleksin aqibəti
redaktəŞənbi-Qazanın taleyi də banisi Qazan xan kimi parlaq və qısa oldu. Qazan xanın ölümündən əvvəl verdiyi fərmanda Əbvabul-Birrdəki vəqflərin qorunmasını və xeyriyyə işlərinin davam etdirilərək diqqətdən kənar qalmamasını özündən sonrakı varislərinə vəsiyyət edir.[17] Lakin şəhərin inşaasından 50 il belə keçmədən Qazan xanın ölümü ilə başlayan çaxnaşma və Cəlarilər, Müzəffərilər, Çobanilər arasında hakimiyyət savaşları, eləcə də Elxani dövlətinin süqutu şəhərin də köhnəlib, dağılmasına səbəb olmuşdur. Buna baxmayaraq elmi fəaliyyətlərin davam etdirilməsi burada yetişdirilən alimlərin istifadə etdiyi nisbələrdən bizə məlumdur. Şənbi-Qazan ilk qurulduğu vaxtdan etibarən Təbrizin bir məhəlləsi olmaqla yanaşı, bu şəhərlə bağçalar vasitəsilə birləşən müstəqil bir kənd idi.[18]
XIV–XV əsrdə baş verən hadisələrdə şəhərdən orduların düşərgə saldığı yer kimi bəhs olunur. Əmir Teymurun Sultan Əhməd Cəlairi ilə mübarizəsində qonaqladığı Şənbi-Qazan həmçinin Qaraqoyunlu hökmdarı Qara Yusiflə Miranşah arasında baş verən döyüşün də baş verdiyi ərazi idi.[18] Şənbi-Qazan adlanan bu döyüş 1408-ci ildə baş vermişdi. Yenə mənbələrdə Səfəvi və Osmanlı ordularının da burada qaldıqları haqqında məlumatlar qarşımıza çıxır. Şənbi-Qazanın hərbi məqsədlər üçün istifadəsi buranın stratejik əhəmiyyəti ilə yanaşı güclü divarlar ilə əhatə olunması ilə də bağlı idi.[18]
Səfəvi hakimiyyətinin ilk illərində Əmir Əbu əl-Vəli və qardaşı Mir Əbu əl-Məhəmmədin Qazan xanın vəqflərində mütəvəlli vəzifəsini yerinə yetirməsi bizə məlumdur. Hafiz Hüseyn Kərbalayinin verdiyi məlumatlara görə bu dövrdə şəhər xalqın ümumi istfadəsinə və ziyarətinə açıq hala gətirilmiş bir məhəllə idi. Müəllifin qeydlərindən aydın olur ki, sözü gedən dövrdə imarət hələ də öz ehtişamını qoruyub saxlamışdı.[19]
Rus şərqşünas alim Vladimr Minorski Təbriz və ətrafındaki şəhərlərin dağılmasını iki başlıca hadisəyə əsaslandırır. Bunlardan birincisi şəhərdə baş verən zəlzələlər, digəri isə sünnilər tərəfindən tikilən abidələrə göstərilən münasibətdir. Bu iki səbəblə yanaşı Osmanlı və Səfəvi dövlətləri arasında tez-tez baş verən müharibələri də qeyd etmək olar. Belə ki, XVI əsrin sonu XVII əsrin əvvəllərində baş verən döyüşlər, Təbrizin bir neçə dəfə Osmanlı hücumuna məruz qalması Şənbi-Qazandakı kompleks və divarlara da ciddi ziyanlar vurmuşdu, lakin buna baxmayaraq anonim bir Osmanlı tarixçisinin şəhərin təsviri ilə bağlı qeydlərinə rast gəlirik. Çağdaş mənbələri də təsdiq edən bu təsvirdə XVI əsrin sonunda şəhərin hələ də mövcud olması faktı bizə məlumdur.[19]
Türkiyənin Osmanlı arxivlərində Şənbi-Qazanın mahiyyəti ilə birbaşa bağlı olmasa da, adının keçdiyi bəzi arxiv sənədlərinə rast gəlmək mümkündür. Bunlardan Təbriz şəhərinin nüfus və hasilatı ilə bağlı III Murad dövrünə aid bir sənəddə Şənbi-Qazanın adı "Nahiyyə-i Küçəy-i Bağat-ı Təbriz" daxilində "Küçə-yi Bağ-ı Şənb-i Qazan" formasında qarşımıza çıxır.[20]
Bu dövrdə kompleksin qübbəsində böyük çatlar meydana gəlsə də tavan hələ də çökməmişdi. Qaynaqlarda Səfəvi şahı I Təhmasibin qübbəni təmir etdirməsi ilə bağlı məlumatlar öz əksini tapır. 1610-cu ildə I Şah Abbas tərəfindən Rəşidiyyə məhəlləsində inşa edilən bir qüllənin tikintisində Şənbi-Qazandan gətirilən materiallardan istifadə edilmişdi. XVII əsrin ilk yarısında Səfəvi ölkəsini ziyarət edən səyyah Adam Oleari Şənbi-Qazanı İstanbuldakı Qalata qülləsinə bənzədir.[21]
XVII–XVIII əsrdə Təbrizdə meydana gələn güclü zəlzələlər şəhərə böyük ölçüdə ziyan vurur. 1641-ci ildə baş verən zəlzələdə şəhər ətrafı demək olarki dağılmışdı. 1636-cı ildə Tavernyenin qeydlərində kompleksin dağıntılara baxmayaraq nə qədər hündür olması ilə bağlı məlumatlar var.
XIX əsrdə imarətin taleyi ilə bağlı məlumatları Nadir Mirzənin qeydlərindən almaq mümkündür. Müəllif iki dəfə buranı ziyarət etmiş (1869–1870,1883–1884) və son 15 il ərzində kompleksin qalıqlarının xeyli miqdarda azaldığı, müxtəlif çuxurların meydana gəldiyi, qazıntılar nəticəsində aşkar edilən kərpiclərin bir çox alimə pul qarşılığında satılması ilə bağlı məlumatlar verir.[22]
1935–1937-ci illərdə burada tədqiqatlar aparan sənət tarixçisi Donald Vilber imarətin qalıqlarının belə təsbit edilməyəcək vəziyyətdə olduğunu bildirir. Hac Hüseyn Naxçıvani də Şənbi-Qazanın aqibəti ilə bağlı verdiyi məlumatlarda buranın böyük bir torpaq yığınına çevrildiyini, yerlərdə kərpiclərdən başqa bir şey qalmadığını qeyd edir.[23]
1995,1997, 1998-ci ildə türk tarixçi, professor Osman Özgüdənli Şənbi-Qazana olan ziyarətindən burada Qazan xanın türbə və imarətindən geriyə heç nə qalmadığını, Şam-Qazan adının məhəllə adına çevrildiyini bildirir. O həmçinin qeyd edir ki, türbənin yerləşdiyi yerdə hal-hazırda "İmam Hüseyn" meydanı yerləşir. Burada kompleksə aid daş və kərpiclər isə əhali tərəfindən evlərin tikintisində istifadə edilmişdir.[24] Professor 1998-ci ildə etdiyi 3-cü səfərində üzərində kompleksə aid naxışların olduğu daşların tapılması xəbərini verir. Günümüzdə Təbrizdə "İdarə-i Kull-i Miras-i Ferhengi-yi Azərbaycan-i Şərqi" adlanan yerdə olan daşlar komleksdən günümüzə qədər gəlib çatmış yeganə qalıqlardır.[24]
Burada doğulan məşhurlar
redaktə- Husaməddin Salar Şami
- Mövlanə Bəxşaiş Şami
- Mövlanə Nizaməddin Şənbi-Qazani
- Cəlaləddin Yaqut Qazani (Elxanilər dövrü Ərzurum hakimi)
- Cəlaləddin Əmir Çaxmaq Şami (Timurlu dövründə Yəzd hakimi)
- Mövlanə Əmir İsmayıl Şənbi-Qazani
- Mirzə Məhəmməd Hüseyni
- Professor Yəhya Ədl
- Şeyx Hüseyn Ağa Şənbi-Qazani
- Məhəmməd Sahibnəzər
- Məhəmməd Rza Zonuzi
- Rəhim Şəhriyari
- Məhəmməd Hüseyn Əfşari
Tarixi abidələr
redaktəŞənbi-Qazan hamamı — hicri 1345-ci ildə Mirzə Abbas Əli Şənb Qazani tərəfindən tikdirilmiş tarixi hamam. Eyni yerdə inşa edilən Hammam Sabel adlı qədim hamamın Təbrizdə baş verən zəlzələlər nəticəsində dağılması ilə Şənb Qazan əhalisinin səyləri və köməyi vasitəsi ilə Ağa Mirzə Abbas və Məşhədi Həsən tərəfindən yeni hamam tikilmişdir. Binada Qacar memarlığının xüsusiyyətləri gözə çarpır. Hamamın sahəsi 300 m² dir .
Hamam 2013-cü ildə Şərqi Azərbaycan ostanının Tarix və Mədəniyyət abidələrinin qeydiyyatı şurası tərəfindən 29526 nömrəsi ilə milli abidələr siyahısına daxil edilib.
Əzəm-əl Mehdiyyə məscidi- Qazan xanın dövründə tikilən sonradan zəlzələ nəticəsində dağılan Böyük Məscidin yerində inşa edilmişdir. Yenə yerli əhalini səyləri ilə inşa edilən məscid köhnə məscidin yerləşdiyi yerin bir neçə metr şərqindədir. Binada islam memarlığı və azəri üslubu diqqətə çarpır.
Şənbi-Qazanda yerləşən mərkəzlər
redaktəDini mərkəzlər
redaktə- Əzəm-əl Mehdiyyə məscidi
- Rəzəvi məscidi (Aşağı məscid)
- İmam Səccad məscidi (Ara məscid)
- Mina məscidi
- Həsən Baqqal məscidi
- Bab əl-Həvayic məscidi
- Hz. Əbülfəz Xeyriyyə Evi
Tibb mərkəzləri
redaktə- Şəhid Taleqani xəstəxanası
- Şənbi-Qazan xəstəxanası
Təhsil mərkəzləri
redaktə- Şənb Qazan məktəbi
- Nəbi Əkrəm Universiteti
- Üsvə Universiteti
İstinadlar
redaktə- ↑ Naxçıvani, hicri 1328. səh. 82
- ↑ Naxçıvani, hicri 1328. səh. 83
- ↑ Özgüdenli, 2009. səh. 43
- ↑ 1 2 Karl Yahn, 1957. səh. 77
- ↑ Karl Yahn, 1957. səh. 206
- ↑ 1 2 3 4 Wilber, 1967. səh. 136
- ↑ Özgüdenli, 2002. səh. 256
- ↑ Naxçıvani, 1957. səh. 38
- ↑ Nadir Mirzə, 1994. səh. 132
- ↑ Kaşani, 1969. səh. 65
- ↑ Boyle, 1962. səh. 134
- ↑ 1 2 3 4 5 6 7 Özgüdenli, 2002. səh. 260
- ↑ Wilber, 1967. səh. 137
- ↑ Özgüdenli, 2002. səh. 262
- ↑ Boyle, 1962. səh. 137
- ↑ Özgüdenli, 2008. səh. 19
- ↑ Kaşani, 1969. səh. 11-14
- ↑ 1 2 3 Əliyarlı, 1996. səh. 342
- ↑ 1 2 Özgüdenli, 2002. səh. 269
- ↑ Özgüdenli, 2002. səh. 271
- ↑ Özgüdenli, 2002. səh. 273
- ↑ Nadir Mirzə, 1994. səh. 143
- ↑ Wilber, 1967. səh. 155
- ↑ 1 2 Özgüdenli, 2002. səh. 276
Mənbə
redaktə- O.G. Özgüdenli. “Reşidüddin Fazlullah-ı Hemedani”. İstanbul: Diyanet İslam Ansiklopedisi (DİA),. 2008. 19–21.
- O.G. Özgüdenli. XIV YÜZYILDA TEBRİZDE BİR HAYIR VE KÜLTÜR KURUMU : ŞENBİ-GAZAN. İstanbul. 2002. 253–290.
- O.G. Özgüdenli. Gazan Han ve Reformları (1295-1304) & Moğol İranında Gelenek ve Değişim. İstanbul: KAKNÜS YAYINLARI. 2009. səh. 524. ISBN 9789752562127.
- M.Şemseddin Günaltay. Türk tarihinin ana kaynaklarından Camiüttevarih ve Fazlullah Reşiduddin. 1937. 165–179.
- Amitai-Preiss, Reuven. Ghazan, Islam and Mongol Tradition: A Vıew from the Maml𝑢̅k Sultanate. 59. London: Oxford University Press. 1996. 23–37.
- Boyle,John Andrew. Juvaynî and Râshîd al-din as Sources on the History of the Mongols. London: Oxford University Press. 1962. 133–137.
- Sheila S. Blair. Ilkhanid Architecture and Society: An Analysis of the Endowment Deed of the Rabʿ-i Rashīdī. 1984. 67–90.
- Donald.N. Wilber. Mimari-i Islami-yi der-dovre-yi Ilhanan. 1967. səh. 136.
- Nadir Mirzə. Tarix-i coğrafi-yi Daru-s-Saltana Tebriz. 1994. səh. 132.
- Abdullah Kaşani. Tarix-i Olcaytu Sultan. 1969.
- A.Sayılı. Gazan han turbesi hakkında bir manzume. İstanbul. 1971. 385–395.