Serq Qadini Jurnali - Wikipedia
Azərbaycan qadını — Azərbaycanda ədəbi, ictimai və siyasi qadın jurnalı. Jurnal 1923-cü ildə təsis edilmiş və 1938-ci ilə qədər "Şərq qadını" adlandırılmışdır. "Şərq qadını" Azərbaycanda qadın hüquqlarını müdafiə edən və qadınlar arasında azadlıq ideyalarını yayan ilk jurnal olmuşdur.[1] Jurnal Azərbaycan “Jenotdel”inin əsas nəşriyyat orqanı idi. “Şərq qadını” müsəlman qadınları üçün nəzərdə tutulmuşdu və onları öz hüquqları haqqında maarifləndirmək, həmçinin Kommunist partiyasının Azərbaycanda müsəlman qadınların sosialist dövlətin iqtisadi, siyasi və sosial həyatına daxil edilməsinə dair gündəliyini təbliğ etmək məqsədi daşıyırdı.[2]
Azərbaycan qadını | |
---|---|
| |
Baş redaktor |
Fatma Abdullazadə (1997–bu günə kimi) |
Növ | ictimai jurnal |
Təsis tarixi | 1923 |
Ölkə | Azərbaycan |
Qərargah | Bakı şəhəri |
Dil | azərbaycan, rus |
a-q.az | |
Vikianbarda əlaqəli mediafayllar |
"Şərq qadını” jurnalına bəzi mənbələrdə Azərbaycanda ilk qadın nəşri kimi də istinad edilir. Buna səbəb isə “İşıq” qəzetinin uzun illər diqqətdən kənarda qalmasıdır.[3][4]
Jurnal hal-hazırda Bakıda Fatma Abdullazadənin redaktorluğu ilə yeni formatda nəşr olunur.[5]
Tarixi
redaktəArxa fon
redaktə1920-ci illərdə Azərbaycanda Sovet rəhbətləri qadınlara qarşı cinsi ayrı-seçkiliyə, çadraya, savadsızlığa və yetkinlik yaşına çatmayanların nikahlarına son qoymağı qarşılarına məqsəd qoymuşdular. Onlar ictimai həyatda, iş həyatında, əmək haqqında və torpaq mülkiyyətində müsəlman qadınlara kişilər ilə bərabər hüquqlar verərək və bu prosesi məhkəmələr və hüquq-mühafizə orqanları vasitəsilə dəstəkləyərək bu istiqamətdə əhəmiyyətli addımlar atdılar. Kommunist liderlər dəstək toplamaq üçün nəşriyyatdan istifadə edir, bu yolla müsəlman qadınların sosialist dövlətinin iqtisadi, siyasi və sosial həyatına inteqrasiyasını təbliğ edirdilər.[2]
1914-cü ildə Vladimir Leninin göstərişi ilə Jenotdel-in rəsmi nəşri kimi "Rabotnitsa" jurnalı fəaliyyətə başladı. “Rabotnitsa”nın ardınca daha geniş auditoriyaya çatmağı hədəfləyən Kommunistka (1920-1930), Krestyanka (1922) və Deleqatke (1927) kimi nəşrlər qadın əməyini, işləyən qadınların problemlərini və burjua feminizmini müzakirə etməyə başladı. Lakin bu nəşrlər rus dilində yazıldığına və müxtəlif regionların dinamikasına uyğunlaşmadığına görə daha sonralar hər bir regionun öz ana dilində yazılmış və regionun spesifik dinamikasını əks etdirən “Krasnaya Sibiryaçka” (Novosibirsk), “Rabotnitsa i Krestyanka” (Simbirsk və Leninqrad), “Trujenitsa” (Tiflis), “Rabotnitsa Armenii” (İrəvan), “Svobodnaya Jenşina” (Kazan) imi jurnallar nəşr edildi.[6]
Təsis edilməsi
redaktə“Şərq qadını” 1920-ci ildə qadınlar üçün iki həftəlik divar qəzeti kimi nəşrə başlamış, yarandığı ilk illərdə azərbaycanlı “Jenotdel” rəsmiləri tərəfindən “Əli Bayramov” kimi qadın klublarında yayılmışdır.[2] 1923-cü ilin iyununda Azərbaycan Kommunist Partiyasının katibi Əliheydər Qarayev, “Komunist” qəzetinin redaktoru Həbib Cəbiyev və partiyanın qadınlar şöbəsinin üzvü Ayna Sultanova Azərbaycan dilində qadın jurnalının yaradılması ideyasını irəli sürüb.[7][8] “Şərq qadını” jurnalı 1923-cü il iyulun 2-də Azərbaycan KP Mərkəzi Komitəsi tərəfindən “Jenotdel”in əsas mətbuat orqanı kimi rəsmi olaraq təsis edilmişdir. Jurnalın məqsədi Azərbaycan qadınlarının sovet üslublu müasirliyi qəbul etməsinə təsir etmək idi.[2][9]
Nəşrin ilk nömrəsi 30 noyabr 1923-cü ildə işıq üzü görmüşdür.[1] Partiya rəsmiləri jurnalı “Şərq qadını” adlandırmaqla nəşrin maarifləndirici məqsədini vurğulamışdılar: bütün sovet-müsəlman qadın və qızlarını cəhalətdən azad etmək.[2] “Şərq qadını” aylıq olaraq,[10] ilkin dövrlərdə ərəb qrafikasında çap olunurdu.
Jurnalın baş redaktoru azərbaycanlı ictimai-siyasi xadim Ayna Sultanova idi.[11] O, jurnala 1923-1931-ci illər arasında rəhbərlik etmişdir.[2] Redaksiya heyəti isə Şəfiqə Əfəndizadə, Mədinə Qiyasbəyli, Mina Mirzəyeva və Xanımnaz Əzizbəyovadan ibarət idi.[12] Jurnalın 1000 nüsxə tirajla nəşr olunmuş, 40 səhifədən ibarət olan birinci nömrəsində publisist Səməd ağa Ağamalıoğlunun, yazıçı-publisist Şəfiqə Əfəndizadənin, pediatr, Azərbaycan Xalq Cümhuriyyətinin keçmiş səhiyyə naziri Yevsey Gindesin və ədəbiyyatşünas, professor İsmayıl Hikmətin məqalələri dərc olunmuşdu.[1]
Repressiyalar və ad dəyişikliyi
redaktəJurnal 1930-cu illərdə əmək fəallığı, o cümlədən kolxoz və sovxozların yaradılması kimi mövzulara xüsusi diqqət ayıraraq sənayeləşmə və kooperasiyanın müdafiəsinə yönəldi.[11] Stalin repressiyaları dövründə “Şərq qadını” jurnalının bir çox yazıçı və jurnalisti həbs olundu və nəticədə jurnalın nəşriyyatında böhran yarandı. 1931-1937-ci illərdə jurnalın baş redaktoru olan Gülarə Köylüqızı da repressiya nəticəsində həbs edilərək sürgün edilmiş və bu vəzifəni 1937-1940-cı illərdə müvəqqəti olaraq Zəhra Kərimova, Barat Kərimova və Züleyxa Əliyeva icra etmişdir.[12]
1930-cu illərdə sovet liderlərinin yeni siyasəti gender və etnik mənsubiyyəti birləşdirmək, Avropa və Azərbaycan qadınları arasındakı fərqləri aradan qaldırmaq idi. Məmurlar yerli qadınları sırf mədəni və ya dini mənşəyinə görə təsnif etmək əvəzinə, Azərbaycan qadınlarını dövlət quruculuğunun əsas iştirakçıları kimi tanıtmağa başladılar. Bu transformasiya 1938-ci ildə “Şərq qadını” jurnalının adının “Azərbaycan qadını” olaraq dəyişdirilməsi ilə nəticələndi.[2] 1938-ci ilin fevralında jurnalın adı dəyişdirilərək “Azərbaycan qadını” adlandırıldı və o, Azərbaycan KP MK-nın aylıq ictimai-siyasi və ədəbi-bədii jurnalına çevrildi.[11]
İkinci Dünya müharibəsi və sonrakı dövr
redaktə"Azərbaycan qadını"nın nəşri II Dünya müharibəsi səbəbiylə 1940-cı ilin iyulundan 1951-ci ilin martına qədər müvəqqəti olaraq dayandırıldı.[12][13]1951-ci ilin martında jurnal yenidən nəşrə başladı və qadınların elm, mədəniyyət, incəsənət, təhsil, sahibkarlıq, sosial məsələlər kimi müxtəlif sahələrdə əldə etdiyi nailiyyətləri işıqlandırdı. Jurnal qadınların məişət şəraitinin yaxşılaşdırılmasına da diqqət yetirilmişdir.[12]
1965-1972-ci illərdə jurnalın nəşrinə Şəfiqə Ağayeva, 1972-1996-cı illərdə isə yazıçı Xalidə Hasilova rəhbərlik edib. Bu dövrdə jurnalın tirajı 320 000 nüsxəni ötmüş,[12] jurnalın fəaliyyətində Mirvari Dilbazi, Həbibə Fəxri, Ələviyyə Babayeva, Sabir Gəncəli və başqaları fəal iştirak etmişdirlər.[5] 1973-cü ilə qədər jurnalın ümumilikdə 575 nömrəsi nəşr edilmişdir.[13]
1973-cü ildə jurnalın 50 illik yubileyi dövlət səviyyəsində qeyd olunmuş, yubiley mərasimində dünyanın ilk qadın kosmonavtı Valentina Tereşkova da iştirak etmişdir.[14]
SSRİ-nin dağılmasından sonra
redaktə1990-cı illərin iqtisadi çətinlikləri jurnalın tirajının 1992-ci ildə 5000-ə qədər azalmasına səbəb oldu və o, ayda iki dəfə nəşr olunmağa başladı. 1994-cü ildə buraxılan nömrələrin ümumi sayı cəmi 4 idi və 1995–1996-cı illərdə jurnal cəmi iki nömrəsini çap etdirə bildi.[11] Bu illərdə jurnalın redaktoru Xalidə Hasilova olub və o, 1996-cı ildə dünyasını dəyişdikdən sonra nəşrin fəaliyyəti müvəqqəti dayandırılıb.[8][13] "Azərbaycan qadını" 1997-ci ilin aprelində Fatma Abdullazadənin baş redaktor və Flora Xəlilzadənin redaktorluğu ilə yenidən nəşr edilməyə başlayıb.[13]
İndiki dövr
redaktə2009-cu ildən başlayaraq “Azərbaycan qadını” jurnalı yeni çap formatında və tərtibatda nəşr olunmağa başlamışdır.[14] Hazırda jurnal Fatma Abdullazadənin redaktorluğu ilə nəşr olunur. Jurnalda ölkənin ictimai həyatında mühüm rol oynayan müxtəlif layihələr, elmin və mədəniyyətin inkişafına töhfə verən hadisələr, eləcə də öz fəaliyyəti və yaradıcılığı ilə daim diqqət mərkəzində olan müasir Azərbaycan şəxsiyyətlərinin müsahibələri haqqında mövzulara yer verilir. "Azərbaycan qadını" ildə dörd dəfə: yay, payız, qış və yaz aylarında, hər nömrəsi Azərbaycan və rus dillərində olmaqla 5000 nüsxə tirajla nəşr olunur.[5]
Çap detalları
redaktə“Şərq qadını” jurnalı "Qırmızı Şərq" mətbəəsində, A4 (210 x 297 mm) ölçüsündə çap olunub. Jurnal 1923-cü ildən 1925-ci ilə qədər ağ-qara rəngdə çap olunmuş, 1925-ci ildə rəngli çapa keçilmişdir.[6]
Sovet hökuməti 1926-cı ildə Azərbaycanda dini təhsil ocaqlarının bağlanmasını və ərəb əlifbasının ləğvini müdafiə edərək din xadimlərinə qarşı kampaniya başlatdı. "Şərq qadını" və respublikanın əsas nəşriyyat orqanı olan “Kommunist” qəzeti ərəb qrafikasından latın qrafikasına keçən ilk qəzetlər olmuş, bu prosesə 1926-cı ildə başlayaraq 1928-ci ildə tamamilə latın qrafikasına keçmişdir. Azərbaycanın əsasən keçmiş Rusiya İmperiyası və AXC xadimlərindən ibarət olan siyasi elitası imperiya keçmişindən uzaqlaşmaq və modernist ideallara uyğunlaşmaq məqsədi ilə kiril qrafikası yerinə latın qrafikasını seçmişdilər.[2]
1923-1926-cı illər arasında jurnalın üz qabığında kommunizmi təmsil edən məşhur qırmızı ulduz və orağın altında çıxan günəşə dalğınlıqla baxan şərqli qadın təsvir edilmişdir. 1926-cı ildən etibarən jurnalın üz qabığı kommunist mədəni ambisiyalarına həsr olunmuş məqalələrin rəsmiyyətinə uyğun olaraq sadələşdi və yalnız başlıq və nömrə əks edilməyə başladı. 1928-ci ildə Azərbaycan SSR qadınların çadradan imtinası təşəbbüsü ilə çıxış edərkən "Şərq qadını" jurnalının da hər nömrəsinin üz qabığında çadralarını çıxaran müasir Azərbaycan qadınları təsvir edilirdi. 1920-ci illərin sonlarına doğru jurnalın üz qabığında şən azərbaycanlı qadın işçilər, pilotlar, mühəndislər, idmançılar və tələbələr yer alır, bununla da Kommunist Partiyasının sosialist dövlətin qurulmasında müsəlman qadınlarına kişilərlə bərabər hüquqlar verdiyi vurğulanırdı.[2]
Məqsədlər və təsirlər
redaktə“Şərq qadını” jurnalının nəşrə başlaması Azərbaycandakı qadın hərəkatı tarixində əlamətdar hadisə idi.[15] Jurnal qadınlar üçün azadlıq və bərabərlik ideyalarını təbliğ edir, təhsil və mədəniyyətlə bağlı mövzuları işıqlandırırdı.[11] "Şərq qadını" qadın hüquqlarının müdafiəsində və sosial dəyişikliklərdə mühüm rol oynamışdır. Jurnal Marksist-leninist perspektivlə qadınlara təsir edən siyasi, sosial, iqtisadi və mədəni problemləri işıqlandırırdı.[16] O, yarandığı gündən cəmiyyətdəki yerindən asılı olmayaraq bütün müsəlman qadınların sovet üslublu azadlığını dəstəkləyirdi. Jurnal Azərbaycan qadınlarını kasıb və varlı kimi fərqləndirməmiş, daha çox onlar arasındakı savad və yaşadıqları yer kimi fərqlərə diqqət çəkmişdir. Jurnalın yazarları qadın azadlığına qarşı duran köhnə fikirlərə və İslam adət-ənənələrinə qarşı mübarizə aparırdılar. Rusiyanın “Kommunistka” jurnalından fərqli olaraq, "Şərq qadını" köhnə inanclarla din arasındakı fərqi görərək, sovet sistemində qadınlar üçün təhsilin vacib olduğunu demişdir. Kommunistka bütün dinlərə qarşı olduğu halda, "Şərq qadını" yalnız qadınların azadlığına maneə olan dini liderləri tənqid edirdi.[2]
“Şərq qadını” təkcə Azərbaycanda deyil, Özbəkistan, Türkmənistan, Tacikistan, Gürcüstan, Tatarıstan, Dağıstan, İran, Türkiyə, Əfqanıstan, Hindistan və başqa ölkələrdə də oxunurdu.[14][17] Jurnal Özbəkistan və Tatarıstanda qadın jurnallarının nəşrinə böyük təsir göstərmiş və bu prosesə Bakıda keçirilən Birinci Türkoloji Qurultay müstəsna təsir göstərmişdir.[18] “Şərq qadını” jurnalının təsiri ilə 1925-ci il dekabrın 1-də özbək qadınları üçün “Seodat” jurnalı təsis edilmişdir. İldə səkkiz dəfə nəşr olunan bu jurnal ədəbiyyat, mədəniyyət, incəsənət, elm, təhsil və idman mövzusundakı məqalələri ilə qadınları bilik əldə etməyə həvəsləndiridi.[18]
Jurnal həmçinin elm, mədəniyyət, incəsənət və tibb kimi müxtəlif sahələrə maraq göstərən qadın və qızların ilkin məqalələrinə yer verməklə cəmiyyətdə mühüm rol oynayıb. Burada Azərbaycanın qabaqcıl qadın yazıçıları və jurnalistləri ilə yanaşı, C.Məmmədquluzadə, S.S.Axundov, A.Şaiq, S.Hüseyni, Y.V.Çəmənzəminli, T.Şahbazi və H.Cavid kimi Azərbaycanın digər görkəmli ədəbiyyat xadimlərinin də hekayə və şeirləri tez-tez dərc edilirdi.[12] Jurnalın 1923-cü ildə 11, 1930-cu ildə 188, 1933-cü ildə isə 242 müəllifi var idi.[13]
İrsi
redaktə“Azərbaycan qadını” jurnalının 1923-1938-ci illərdə nəşr olunmuş nömrələri bu gün Azərbaycan Milli Kitabxanasının fondunda qayğı ilə qorunub saxlanılır.[5] 21 dekabr 2013-cü ildə Azərbaycan Beynəlxalq Muğam Mərkəzində jurnalın 90 illik yubileyi qeyd olunmuşdur.[19]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 Алмас Мурадова. Вовлечение женщин Азербайджанской сср в органы государственной власти (20-30-е годы XX века). Б.: Нурлан. Под ред. Т. А. Мусаевой. 2007. 5 (иллюстрации).
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 Abdullayeva, Yelena, Literature and the Journal "Sharg Gadini" as a Mirror of Gender Reforms in Azerbaijan // Crafting the Modern Woman in Azerbaijan: Muslim Women, the State, and Modernity, 1900–1939 (ingilis), Vaterloo, Ontario, Kanada: Vaterloo Universiteti, 2020, 158–173
- ↑ Hüseynova, Ülkər. ""İşıq" hayandan gəlir?..." 525-ci qəzet. 2023-02-04. 20–21. 2024-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-19.
- ↑ Qasimova, Amaliya. ""İşıq" - qadın azadlığının bayraqdarı". Ayna. 2011-01-29. 19. 2022-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-19.
- ↑ 1 2 3 4 Əliyeva, Aytən. ""Sovetdənqalma" jurnallar-3: "Mədəni-Maarif" adından imtina edir, "Azərbaycan qadını" hər fəsildə bir dəfə çıxır". modern.az. 2011-03-01. 2024-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-07.
- ↑ 1 2 Köse Kizir, Elanur. "Azerbaycan'da Sosyalist Bir Kadın Dergisi: 'Şark Kadını (1923-1938)'". Türk Dünyası Araştırmaları (türk) (268). February 2024: 51–68. doi:10.55773/tda.1348215. ISSN 0255-0644.
- ↑ Tunalı Uçar, Büşra, Şark kadının dergisinin dil incelemesi (türk), Nevşehir: Nevşehir Hacı Bektaş Veli University, July 2022
- ↑ 1 2 İsmayıl. "Sovetləşmənin ilk illərində Azərbaycanın qadın mətbuatı". Şərq qəzeti. 2019-03-08. 11. 2024-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-04.
- ↑ Tahirqızı, Ülviyyə. "Azərbaycan qadınını azadlığa səsləyən nəşrlər". Xalq Cəbhəsi. 2014-04-09. səh. 11. 2024-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-04.
- ↑ ""Azərbaycan qadını" jurnalının 90 illiyi qeyd olunmuşdur". Azərbaycan Dövlət İnformasiya Agentliyi. 2013-12-21.
- ↑ 1 2 3 4 5 Sultanova. ""İşıq"ın davamçıları, yaxud Azərbaycanda qadın mətbuatı". 525-ci qəzet. 2011-08-05. 2024-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-04.
- ↑ 1 2 3 4 5 6 "AZƏRBAYCAN QADIN MƏTBUATININ TARİXİ...Sovet dönəmində nəşr olunan "Şərq qadını" zəngin irsə malikdir". Şərq. 2016-02-16. 5.
- ↑ 1 2 3 4 5 İsmayıl. "Kiçik bir otaq, rəngsiz stol ətrafında çalışan dörd qadın...". Şərq qəzeti. 2020-04-28.
- ↑ 1 2 3 Nəcəfxanlı, Əli. "Milli mətbuatımızın "ağbirçək" nəşri". Xalq qəzeti. 2023-11-30. 2024-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-04.
- ↑ Balakishiyeva, Ilaha. "The Development of The Women's Movement and The Place of Gender Equality and Women's Issues in Legal Documents in Azerbaijan". International Journal of Political Studies (ingilis). 9. December 2023: 33–45. doi:10.25272/icps.1358093. eISSN 2149-8539.
- ↑ Köse Kizir, Elanur. "Azerbaycan'da Sosyalist Bir Kadın Dergisi: 'Şark Kadını (1923-1938)'". Türk Dünyası Araştırmaları (türk). 136 (268). 2024: 51–68. doi:10.55773/tda.1348215.
- ↑ Azadi, Sevinc. "Azərbaycan qadını 100 il əvvəl". ikisahil.az. 2021-02-12. 2024-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-07.
- ↑ 1 2 Rzayeva, Parvana. "Influence of "Sharg gadini" magazine on regional cultural events". "Ancient Land" International Online Scientific Journal (ingilis). 5 (9): 27–32. doi:10.36719/2706-6185/27/27-32 (inactive 2024-07-15). eISSN 2709-4197. ISSN 2706-6185.
- ↑ ""Azərbaycan qadını" jurnalının 90 illiyi qeyd olunmuşdur". Azərbaycan Dövlət İnformasiya Agentliyi. 2013-12-21.
Xarici keçidlər
redaktə- "Azərbaycan qadını "jurnalının yay buraxılışının təqdimatı olub Arxivləşdirilib 2012-10-04 at the Wayback Machine
- Официальный сайт журнала
- «Азербайджан гадыны»: образы с характером Arxiv surəti 4 sentyabr 2014 tarixindən Wayback Machine saytında
- Официальный сайт журнала
- "Азербайджан гадыны": образы с характером