Serur Duzenliyi - Wikipedia
Şərur maili düzənliyi — Arpaçayın gətirmə konusundan ibarət düzənlik.
Bu düzənlik Vəlidağ-Dəhnə yüksəkliyindən Qarabağlar-Qıvraq tirəsinədək uzanaraq Arazboyu düzənliyin böyük bir hissəsini tutur. Dəniz səviyyəsindən 780–850 m mütləq yüksəklikdə yerləşməklə Araz çayı boyunca 14 km enində və 30 km uzunluqda olan bir ərazidə uzanır. Dağətəyi maili düzənlik olan Şərur düzənliyi cənub-şərqə doğru Qaraçoban, Tənənəm və Qarabağlar-Qıvraq kimi daha kiçik mailidüzənliklərə bölünür. Şərur düzənliyi tamamilə əkinçilik zonası olub, başdan-başa kənd təsərrüfatında istifadə edilir.[1]
Haqqında
redaktəŞərur maili düzənliyinin səthi Şərqi Arpaçay və ondan ayrılmış arxlar, kanallar vasitəsilə parçalanmışdır. Ərazinin torpaq örtüyü əsasən boz-qonur torpaqlardan ibarət olmuşdur. Hazırda dənli bitkilərin yayıldığı sahələrdə tarlalararası zolaqlarda iyli yovşan, barmaqvari çayır, çöl sarmaşığı, hələb kalışı, adi qamış, tülküquyruq acı biyan, tüksüz biyan, yatağan dəmirtikan, Rhaponticum repens, adi pıtraq, pərpərən, quşüzümü, əmənkömənci və s. yayılmışdır. Şərur düzü Naxçıvan MR-in əsas əkinçilik sahəsi hesab edilir. Burada demək olar ki, torpaqlar başdan-başa tütün, dənli bitkilər, yem bitkiləri, şəkər çuğunduru, üzüm və meyvə bağları ilə örtülmüşdür[2].
Şərur maili düzənliyinin hidrogeologiyası
redaktəDüzənlik Şərqi Arpaçayın allüvial-prolüvial çöküntülərdən ibarət gətirmə konusunun böyük bir hissəsini əhatə edir. Araz çayına doğru bu çöküntülərin qalınlığı artır, yanlara doğru isə azalır. Çöküntülərin qalınlığı demək olar ki, 20 m-lə 200 m arasında tərəddüd edir. Şərur düzünün hər yerində demək olar ki, qrunt suları yayılmışdır. Arazboyu hissədə isə həmçinin təzyiqli sular vüsət tapmışdır. Ümumiyyətlə, düzənliyin Dördüncü dövr çöküntülərinin əmələ gəlməsində Şərqi Arpaçay mühüm rol oynamışdır. Bu səbəbdən ərazidə çöküntülərin olmasında dağətəyi gətirmə konuslarına xas olan qanunauyğunluq - tədrici fraksiya dəyişikliyi müşahidə edilir. Düzənlik daxilində qrunt sularının yatım dərinliyi müxtəlif olub, şimal-şərqdən cənub-qərbə doğru dayazlaşır. Ən böyük yatım dərinliyi düzənliyin şimal –şərq dağətəyi hissəsində olub, 30 m-dən bir qədər artıqdır. Dağətəyi zonanın aşağı hissələrində qrunt sularının dərinliyi 20–30 m-ə çatır. Konusun aşağı hissəsində qrunt sularının yatım dərinliyi 10–20 m, düzənliyin orta hissəsində isə 3–10 m-dir. Arazkənarı zonada qrunt suları 3 m-dən dayazda yataraq, bəzən yer səthini rütubətləndirib, kiçik bataqlıq sahələri yaradır. Çöküntülərin süzülmə əmsalı onların mənşəyindən və litoloji tərkibindən asılı olaraq çox böyük hüdud daxilində dəyişir. Ən kiçik süzülmə əmsalı 1m/sut. olub, dağətəyi zonadakı deluvial çökntüləri əhatə edir. Düzənliyin Arazboyu hissəsində çöküntülərin süzülmə əmsalı 1–5 m/sut. olub, litoloji tərkibcə qumlu çınqılları, çınqıllı qumları və lilli çaqılları təmsil edir. Arpaçayın gətirmə konusunun mərkəz və yuxarı hissəsində həmin əmsal 10–15 m/sut. olub, Şərur düzənliyi üçün ən yüksək göstərici sayılır. Düzənliyin qrunt suları əsasən şirin olub, minerallaşması 0,3 q/l-dən 1,5 q/l –ədək dəyişir. Qrunt sularının codluğu düzənliyin əsas hissəsində 5 mq/ekv –dir. Araz kənarı hissədə codluq 10- 12 mq/ekv-dək dəyişir. Qrunt sularının temperaturu 9-14 °C arasında tərəddüd edir. Düzənliyin yeraltı sularının əmələ gəlməsində Şərqi Arpaçayın yerüstü və yataqaltı sularının, atmosfer çöküntülərinin, suvarmadan süzülən sular və dağətəyi zonanı təşkil edən süxurlardan süzülən suların mühüm rolu vardır. Yeraltı suların kimyəvi tərkib hissəsi hidrokarbonatlı-sulfatlı-kalsium-maqneziumlu və hidrokarbonatlı –sulfatlı-kalsium- natriumludur. Düzənliyin Dördüncü dövr çöküntülərinin orta və alt hissəsinə təzyiqli yeraltı sular müncər olmuşdur. Təzyiqli suların tutduğu sahə düzənliyin Arazkənarı hissəsinə uyğun gəlir. Təzyiqli sular düzənlik daxilində qazılmış tək-tək dərin kəşfiyyat quyuları vasitəsilə aşkar olunmuşdur. Təzyiqli suların yatım dərinliyi və təzyiqi müxtəlifdir. Muğanlı kəndinin şərq qurtaracağında qazılan kəşfiyyat quyusunda təzyiqli sular 38–230 m dərinlikdə aşkar edilmişdir. Təzyiqli sular qrunt sularından qalınlığı 2–20 m olan gil təbəqəsi ilə təcrid olunur. Sulu horizontda araları qumlu, qumca və gilcə ilə dolmuş çaqıl-çınqıllar intişar tapıb. Onların qalınlığı 0,5-95,6 m, süzülmə əmsalı 0,8-57,6 m/gün çox vaxt 15 m/günə qədər olur, sukeçiricilik əmsalı 40-1950 m² /gün, ərazinin əksər sahələrində 900 m² /gündür. Düzənlik ərazidə yaranan yeraltı axım Araz çayına doğru istiqamətlənmişdir və qrunt suları əsasən Araz çayı vasitəsilə sərf edilirlər[1].