Sagan - Wikipedia
Şağan — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində qəsəbə. Şağan Abşeronun şimal-şərqində Xəzər sahillərində, 0-5 metr hündürlükdə yerləşir. Abşeronun ən qədim kəndlərindən biridir. Coğrafi cəhətdən Şağan şimal və şimal-qərbdən Buzovna, şərqdən və cənub tərəfdən Mərdəkan, qərb istiqamətində isə Binə qəsəbəsi (Təmənnis torpaqları) ilə həmsərhəddir. Qəsəbənin sahəsi təqribən 1500 km²-dir. 1933-cü ildə Şağan kəndi Mərdəkan kənd sovetinin tərkibinə daxil edildi. 1945-ci ildə ayrılsad a, 1948-ci ildə yenidən birləşdirildi. 1990-cı ildə Şağan qəsəbə statusu aldı.[1] Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Bakı şəhərinin Əzizbəyov rayonunun Şağan qəsəbəsi şəhər tipli Mərdəkan qəsəbəsindən ayrılaraq, şəhər tipli qəsəbə kimi rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş, Şağan şəhər tipli qəsəbəsi mərkəz olmaqla Şağan qəsəbə ərazi vahidi yaradılmışdır.[2]
Şağan | |
---|---|
40°29′38″ şm. e. 50°07′50″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Tarixi
redaktəAbşeron yarımadasının ən qədim yaşayış məskənlərindən biri də Şağandır. Arxeoloji qazıntıların nəticələrindən məlum olmuşdur ki, hələ e.ə.3000 il əvvəl bu ərazidə əhali məskunlaşmışdır. Yaşayış məskəninin Banağan adlanan sahəsində tunc dövrünə aid müxtəlif qayaüstü təsvirlər, o cümlədən astral dünyabaxışını özündə ehtiva edən Günəş, Ay, yerin cəhətləri, kainat simvolları, təsərrüfat və məişət əşyalarının təsvirlərinin qeydə alınması bu həqiqəti təsdiqləməkdədir. XI-XII əsrlərdə kəndin həm əhalisi, həm də ərazisi xeyli genişlənmişdir. Coğrafi məfhum kimi Şağan toponiminin bir neçə izah variantından ən çox həqiqətə uyğun gələni adın məhz etnotoponim olaraq Çağan oğuz eli ilə bağlılığıdır. Ümumiyyətlə, Şağanı yer, məkan, coğrafi məfhum və ya toponim kimi bir çox alimlər tədqiq etmişlər. T.Q. Səlimov «Şağan» adlı monoqrafiyasında bu haqda araşdırmalarını təqdim etmişdir [41]. Xalq etimologiyasına görə, burada Şahxan (Şahqan) adlı bir nəfər öz nəsli ilə məskunlaşmış və onun adının təhrif olunmuş şəkli kəndə verilmişdir. Azərbaycan toponimiya elminin ən görkəmli nümayəndələrindən olan Q. Qeybullayev Şağan toponimini Şəkinin «sak» tayfaları ilə əlaqələndirir və Şağan sözünü «Sakan» adlı tayfanın adının təhrif olunmuş forması kimi izah edir.[1]
Əhalisi
redaktəBu kəndin əhali sayı haqqında ilk məlumatlar XIX əsrin əvvəllərinə aid olsa da, tarixi dövrün təhlillərinə görə, orta əsrlərdə kənd əhalisi çox olmuşdur. Şağanda evlərin sayı 1849-cu ildə 78, 1886-cı ildə 93 və 1921-ci ildə 121 idi. Əhali sayı 1842-ci ildə 285 nəfər idi və Bakı kəndləri arasında bu saya görə 26-cı olsa da, sonrakı illərdə zəif sürətlə artmış, 1904-ci ildə 600, 1926-ci ildə 845 və 1939-cu ildə 1034 nəfər olmuşdur. Əhali sayı 1999-cu ildə 3,2 min, 2009-cu ildə 3,3 min və 2016-ci ildə 3,5 min nəfər olmuşdur. Qəsəbənin hazırda əhali sayı 10 min nəfərə yaxındır. Əslində mövcud və ya qeydiyyata alınmayanların sayı 5 mindən çoxdur. Laçın qəsəbəsində məskunlaşan köçkünlərin sayı 3 mindən artıqdır. Şağanın Qızılqum sayılan bağ yerlərinin böyük hissəsi daimi yaşayış yerlərinə çevrilmişdir. Burada 1 məktəbdə 756 şagird təhsil, 1 uşaq bağçasında 60 uşaq tərbiyə alır (2011). Məktəb qəsəbənin köhnə hissəsində yerləşdiyi üçün yeni salınan məskəndə məktəb və uşaq bağçalarına böyük ehtiyac vardır. Şağanda müasir ticarət mərkəzi fəaliyyət göstərir və gələcəkdə bu qəsəbə mühüm dənizkənarı iqlim kurortu ola bilər.[1]
İnfrastrukturu
redaktəAbşeronun digər sahilboyu kəndləri kimi, Şağanın şəhərsalma strukturu XII əsrin sonu, XIII əsrin əvvəllərində inşa edilmiş, hündürlüyü 23-24 metrə bərabər dördkünc bürclü qalanın təsiri altında formalaşmışdır. Burada məscid, pir, ovdan və d. abidələr vardır.[1] Şağanda bir sıra dəyərli tarixi-memarlıq abidələri qeydə alınıb. Bunlardan XII əsrin sonu XIII əsrin əvvəllərində inşa edilən 24 metr hündürlükdə dördbürclü (hazırda qalanın bir bürcü salamatdır) qalanı, tarixi 1320-1321-ci illərə aid olan qubala-türbəni (alban abidəsi), 1658-ci ildə inşa olunan piri, 1889-cu ildə tikilən məscidi, tarixi 1894-1895-ci illərə təsadüf edilən mədrəsəni, 1895-ci ildə Hacı Atababanın tikdirdiyi hamamı, kənd qəbiristanlığında olan dördsütunlu türbəni (1907), sayı 40 olan sərdabələri (amanat qəbirlər) qeyd etmək olar.
Kəndxudarı
redaktəTanınmış şəxsiyyətlər
redaktəAbşeron yaşayış məntəqələri içərisində istər ərazisinə, istərsə də əhalisinin sayına görə kiçik qəsəbələrdən olmasına baxmayaraq buradan respublikamızın ictimai, siyasi, mədəni həyatında kifayət qədər əhəmiyyətli rol oynayan bir çox şəxsiyyətlər çıxmışdır.
- Məmmədyusif Cəfərov – Rusiya VI Dövlət Dumasının üzvü.
- Heybətqulu Məmmədbəyli – keçmiş Müsavat hökumətinin parlament üzvü.
- Hacıbəy Sultanov – akademik, Şamaxı Astrofizika Rəsədxanasının fəxri direktoru.
- Qəmər Almaszadə – SSRİ xalq artisti.
- Bəbir Məmmədzadə – şair.
- Adil Gəray – bəstəkar, əməkdar incəsənət xadimi.
- Rəşid Məmmədbəyov – Azərbaycanın ilk olimpiya mükafatçısı.
- Hamlet Xanızadə – respublikanın əməkdar artisti.
- Bəxtiyar Xanızadə – Xalq artisti.
- Təvəkkül Səlimov – tarixçi etnoqraf.
- Bəhruz Zeynalov – AzSSR xalq artisti.
- Zaur Zeynalov – Azərbaycan Ortodontlar Cəmiyyətinin sədri.
- Hacımurad Pənahov - Tanınmış gəmi kapitanı. SSRİ ali sovetinin deputatı.
- İsa Fərmanov- Tanınmış gəmi kapitanı.
- Yarməmməd Əsədullayev-Tanınmış təyyarəçi.
- Tofiq Nəbiyev- Tanınmış təyyarəçi.
- Akif Cəbrayılov- Tanınmış təyyarəçi.
- Bahadır Eyvazov(Sübhan)-Tanınmış şair,publisist.Bir çox kitabların redaktoru.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 R.Əliyeva, E.Bədəlov "Abşeronda məskunlaşma və memarlıq". Bakı - "Avropa" - 2016.264 səh.
- ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişiklik edilməsi, yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi və qeydə alınması haqqında Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı". 2022-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-26.
Xarici keçidlər
redaktə- Şağan rəngi Arxivləşdirilib 2011-09-30 at the Wayback Machine