Sah Abbas Mescidi Tovuz - Wikipedia
Şah Abbas məscidi və ya Yanıqlı məscidi — Tovuzun Yanıqlı kəndində yerləşən XVII əsrə aid tarixi məscid.
Şah Abbas məscidi | |
---|---|
Yanıqlı Məscidi | |
40°50′33″ şm. e. 45°40′30″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Tovuz |
Yerləşir | Yanıqlı kəndi |
Memar | Şeyx Bəhaəddin |
Tikilmə tarixi | XVII əsr |
Üslubu | Arran memarlıq məktəbi |
Vəziyyəti | Qəzalı |
İstinad nöm. | 4161 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
Tarixi
redaktəYanıqlı məscidi I Şah Abbasın Səfəvilər ərazisində inşasına fərman verdiyi 999 məsciddən biridir.[1] Məscidin kitabəsi günümüzə gəlib çatmasa da, memarlıq üslubu və tikilmə vaxtına görə bu məscidin də memar Şeyx Bəhaəddin[2] tərəfindən inşa edildiyi güman edilir.[1][3]
1930-cu illərə kimi fəaliyyət göstərən məscid binasından, Sovet dövründə anbar kimi istifadə edilib.[1] 1984-1986-cı illərdə tikilidə əsaslı təmir işləri aparılıb.[1]
Memarlıq xüsusiyyətləri
redaktəYanıqlı məscidi xarici görünüşünə görə kvadrat formasına malikdir; daxildən binanın şərq tərəfindəki künclərdə bir mərtəbəli, qərb tərəfindəki künclərdə isə iki mərtəbəli künc otaqları yerləşdirilmişdir.[4] Bina həcminin qalan hissəsini xaçvari ibadət zalı təşkil edir. Zalın mərkəzi hissəsi günbəzlə, xaçın qanadları isə tağ-tavanla örtülmüşdür.[4]
Məscidin dəqiq inşa tarixi naməlumdur.[4] Mərkəzi günbəzlə örtülmüş kvadrat həcmli məscid tipi onun memarlığını Gəncədəki Şah Abbas məscidinin memarlığı ilə yaxınlaşdırır.[5] Ə.Salamzadə tikilinin bu xüsusiyyətini və günbəz-tağ tipli tikililərə xas inşaat xüsusiyyətlərini nəzərə alaraq məscidin inşa tarixini XVII əsrə aid edir.[5]
Yanıqlı məscidi bəzi xüsusiyyətlərinə görə Gəncədəki Şah Abbas məscidindən fərqlənir. İlk növbədə Yanıqlı məscidinin xarici həcmində dərin portal nişləri yoxdur və onlar binanın daxili həxminə salınmışdır.[5] Nəticədə məscid Abşeronun planda xaçvari görünüşə malik olan XV-XVI əsr məscidləri ilə oxşar xarakter almışdır. Salamzadə Məscidin divarlarının Gəncənin Şah Abbas məscidi ilə müqayisədə əhəmiyyətli dərəcədə qalınlığa malik olması da xüsusi diqqət çəkir.[5]
Bina daxilində mehrabın yerləşdirilməsi xüsusi formada həll edilmişdir. Burda mehrab, adi divar səthi əvəzinə dərin niş daxilində yerləşdirilmişdir ki, bu da onun xüsusi vurğulanmasını təmin edir.[5]
Binanın divarları və dam örtüyü kvadrat formalı bişmiş kərpiclə tikilmişdir. Bünövrənin inşasında qumdaşından istifadə olunmuşdur.[5]
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ 1 2 3 4 Mustafa, İlham. "Azərbaycan 999-lardan daha birini itirir..." sputnik.az. 10:02 06.04.2017. 2017-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 oktyabr 2018.
- ↑ "Azərbaycandakı Şah Abbas məscidi tamamilə dağıla bilər". islam.az. APA. 30 Avqust, 2008. İstifadə tarixi: 1 oktyabr 2018.[ölü keçid]
- ↑ Mustafa, İlham. "Tarixin SOS siqnalı: 999-dan birini itiririk". Ayna.az (az.). 2024-02-18. 2024-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-26.
- ↑ 1 2 3 Саламзаде, 1964. səh. 28
- ↑ 1 2 3 4 5 6 Саламзаде, 1964. səh. 30
Ədəbiyyat
redaktə- Саламзаде, А. В. Архитектура Азербайдана XVI-XIX вв. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1964.