Sah Abbas Meydani - Wikipedia
Şah Abbas meydanı — Gəncə şəhərinin tarixi mərkəzində yerləşən meydandır. Şah Abbas meydanı vaxtilə Gəncə qalasının forştadtının əsas memarlıq kompleksi olmuşdur. Şah Abbas meydanı kompleksi ilk dəfə Gəncə qalasının 1797-ci ilə aid planında qeyd edilir. Forştadtın mərkəzində yerləşən bu memarlıq ansamblı məscid, hamam və digər tikililərdən təşkil olunmuşdu.
Şah Abbas meydanı | |
---|---|
40°40′40″ şm. e. 46°21′31″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Gəncə |
Yerləşir | Gəncə |
Memar | Şeyx Bəhai |
Tikilmə tarixi | XVII əsr |
Vəziyyəti | yaxşı |
Şimal-şərq və cənub-qərb istiqamətində 65x320 metr uzunluğunda uzanan meydan qeyri-düzgün dördbucaqlı formasına malikdir. Şah Abbas məscidi meydanın dar olan cənub-şərq hissəsində yerləşir. Meydanın şimal-qərb və cənub-şərq hissəsi dükan kimi istifadə olan tağlı binalarla tikilmişdir. Dükanlardan cənub-şərq tərəfdə qarışıq daxili həyətlərə malik bir neçə tikili mövcud olmuşdur.
Tarixi
redaktəŞah Abbas meydanı kompleksi ilk dəfə Gəncə qalasının 1797-ci ilə aid planında qeyd edilir. Forştadtın mərkəzində yerləşən bu memarlıq ansamblı məscid, hamam və digər tikililərdən təşkil olunmuşdu.[1] Şimal-şərq və cənub-qərb istiqamətində 65x320 metr uzunluğunda uzanan meydan qeyri-düzgün dördbucaqlı formasına malikdir. Şah Abbas məscidi meydanın dar olan cənub-şərq hissəsində yerləşir. Burada meydanın eni 54 metrə qədər daralır, qarşı tərəfdə isə 85 metrə qədər genişlənir. Meydanın dörd bir tərəfi çinar ağacları ilə əhatə olunmuşdur. Meydanın şimal-qərb və cənub-şərq hissəsi dükan kimi istifadə olan tağlı binalarla tikilmişdir.[1] Dükanlardan cənub-şərq tərəfdə qarışıq daxili həyətlərə malik bir neçə tikili mövcud olmuşdur. Onların bir neçəsi 1797-ci il planında bazar, bir neçəsi isə “ipək və kağız fabriki” kimi qeyd edilmişdir.[1]
Meydanın şimal-qərb tərəfini, planda kvadrat formya malik və mərkəzi qapısı Şah Abbas meydanına açılan böyük bazar kompleksi tuturdu. Şah Abbas məscidi ətrafında Gəncə mədrəsəsi yerləşirdi. Məscidin arxasında qəbirsanlıq, qərb tərəfində bir qədər aralıda isə Çökək hamam yerləşirdi.[1]
Meydan ətrafındakı tikililər
redaktəGəncə xan sarayı
redaktəGəncə şəhərinin tarixi mərkəzində mövcud olmuş tarixi saray kompleksi. Kompleksə bir neçə saray binası, tağlı daş qalereya, daxili həyətlər və fontanlar, o cümlədən köməkçi tikililər daxil idi. Kompleksin bəzi tikililəri 1970-ci illərin əvvəllərinə kimi xaraba vəziyyətdə qalsa da, 1974-cü ildə onlar da tamamilə sökülmüş və kompleksin yerində Bakı kinoteatrı inşa edilmişdir.[2] 2012-ci ildə Bakı kinoteatrı da sökülmüş və ərazidə Gəncə Dövlət Filarmoniyasının yeni binası inşa olunmuşdur.
Gəncə xan sarayı qəsr formalı yaşayış kompleksi olmaqla, bir neçə yaşayış binası, həmçinin, xəritədə “xan tikilisinə aparan tağlı daş qalereya” adlandırılan tağlı tikilidə ibarət olmuşdur. Bu tikili saraya aparan xüsusi qapı və ya dəhliz rolunu oynamışdır.[5] Kompleks daxili həyətlərə və bir neçə fontana malik idi.[3]
Gəncə Dövlət Filarmoniyası
redaktəGəncə Dövlət Filarmoniyasının təməli 21 yanvar 2012-ci ildə İlham Əliyevin Gəncə səfəri zamanı qoyulmuşdur.[4] 10 noyabr 2017-ci ildə İlham Əliyevin iştirakı ilə filarmoniyanın yeni binasının açılış mərasimi keçirilib.[5]
Klassisizm üslubunda inşa edilmiş altımərtəbəli binada inzibati, məşq, qrim, rejissor və istirahət otaqları, bufet yaradılıb.[5] Burada, eyni zamanda, 1200 nəfərlik konsert və 300 yerlik iclas zalları, 10 loja və 1 VİP loja vardır. Binanın üçüncü mərtəbəsinin eyvanında Üzeyir Hacıbəyovun, Fikrət Əmirovun, Qara Qarayevin, Niyazinin və Arif Məlikovun heykəlləri qoyulub. Ərazidə açıq havada yay konsert meydançası, baxış qülləsi və digər tikililər yerləşir.[5]
Şah Abbas məscidi
redaktəXVII əsrdə Arran memarlıq üslubunda inşa edilmiş tarixi məsciddir. Gəncə Cümə məscidi ümumi memarlıq kompozisiyası, planlaşdırma, konstruktiv və bədii-dekorativ xüsusiyyətlərinə görə orta əsr Azərbaycan memarlığının portal-günbəz ənənələrini davam etdirir.[6] Binanın memarlığında, xüsusilə günbəz və portalların həll edilməsində Azərbaycan və qonşu ölkələrin zəngin memarlıq ənənələri uğurla istifadə olunmuşdur.[6] Bununla yanaşı binanın memarlığında forma və detalların sadə təkrarlanmasına da yol verilməmiş, Arran memarlıq məktəbi üçün xarakterik olan lakoniklik, ifadəlik və aydınlıq əks etdirilmişdir.[6]
Kompleksin əsas binası inşası 1606-cı ilə aid edilən məscid binasıdır. C. Aleksandroviç yazır: “...məscid qapısı üzərindəki kitabədə onun inşa tarixi “Kilidi-Şamaxi” [qeyd. 1] ifadəsi ilə bildirilmişdir ki, bu da əbcəd hesabı ilə hicri 1015-ci il, yəni bizim eranın 1606-cı ili deməkdir.” [7]
Cavad xan türbəsi
redaktəŞah Abbas meydanının mərkəzində, Gəncə xanlığının sonuncu monarxı olan Cavad xanın məzarı üzərində inşa edilmiş türbədir. Cavad xanın məzarı və yazılı baş daşı 1962-ci ildə meydanın mərkəzində fəvvarə inşa etmək məqsədi ilə aparılan qazıntılar zamanı təsadüfən aşkara çıxarılmışdır.
Türbə Arran memarlıq məktəbi üslubunda, bişmiş kərpicdən dördkünc formada inşa edilmiş və üstü gümbəzlə örtülmüşdür. Türbənin mərkəzində Cavad xanın məzarı durur, baş daşı isə Gəncə Tarix-Diyarşünaslıq Muzeyində saxlanılır.
Gəncə mədrəsəsi
redaktəGəncə şəhərinin əsas meydanında vaxtilə mövcud olmuş mədrəsə binasıdır. Şah Abbas məscidini əhatə edən mədrəsə binasının dövrümüzə yalnız məscidin qərb tərəfində həyə boyunca yerləşən dörd otaq və divarlar qalmışdır.[8]
Mədrəsənin dövrümüzə çatmış qalıqları çox da böyük olmayan bir mərtəbəli otaqlardır. Bu otaqların hər biri böyük oxvari tağ vasitəsiylə həyətə açılan müstəqil girişə malikdir. Otaqlar, aralarında inşa edilmiş kar divarlar vasitəsiylə bir-birindən ayrılmışdır. Otaqların tağvari örtüyü ara divarlara söykənir. Mədrəsənin kənar divarları onu ətraf küçələrdən tamamilə izolyasiya edir ki, bunun da nəticəsində qapalı daxili həyət yarnır.[8] Gəncə mədrəsəsi yaxınlıqda yerləşən Şah Abbas məscidi kimi bişmiş kərpic və gəc məhlulundan inşa edilmişdir.[8]
Çökək hamam
redaktə1606-cı ildə Şeyx Bəhainin planı əsasında inşa edilmiş və Gəncə şəhərinin tarixi mərkəzində yerləşən günbəzli hamamdır. Binanın tikintisində gil-əhəng qatışığı və qırmızı kərpicdən istifadə olunub.
Onun «Çökək hamam» adlandırılması texniki quruluşdan irəli gəlir. Suyun təzyiqini təmin etmək üçün bu hamamı çökəkdə inşa ediblər, tikilinin altında olan zırzəmi isə qızdırıcı soba rolunu oynayır. Belə ki, su qızdırılan zaman qazanın altında yandırılan odunun tüstüsü zirzəmiyə yönəldilir, buxar vasitəsi ilə hamamın altının və divarlarının qızdırılmasını təmin edilirdi. Digər tərəfdən isti suyun özünü də kirəmit borularla divarın içərisindən dolanma yolllarla istifadə nöqtəsinə çatdırırmışlar.
Qeydlər
redaktə- ↑ Kilidi-Şamaxı ifadəsi Gəncəni Şirvan-Şamaxının açarı hesab edən I Şah Abbas tərəfindən işlədilmişdir: Ətraflı bax: İskəndər Münşi – Tarixi Aləm ara-i Abbasi, Tehran, 1896, səh. 48
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Саламзаде, 1964. səh. 126
- ↑ "Tarixin qaranlıq məqamlarına işıq salan yeraltı yollar". medeniyyet.az. Mədəniyyət qəzeti. 07-07-2010. 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyul 2019.
- ↑ Саламзаде, 1964. səh. 125
- ↑ "Ölkə rəhbərimiz İlham Əliyev Gəncə şəhərinə növbəti dəfə səfər edib". gencekitab.az. 2019-04-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 noyabr 2017.
- ↑ 1 2 3 "İlham Əliyev Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışında iştirak edib". president.az. 10 noyabr 2017. 2020-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 noyabr 2017.
- ↑ 1 2 3 Алиев, 1954. səh. 673
- ↑ Александрович (Насыфи), Дж. Гянджа и могила Низами (Известия Азербайджанского археологического комитета, вып. 2). Баку. 1926.
- ↑ 1 2 3 Алиев, 1954. səh. 672
Ədəbiyyat
redaktə- Алиев, М. Джума-мечеть в Кировабаде (Искусство Азербайджана, Т. 4). Баку. 1954.
- Саламзаде, А. Архитектура Азербайдана XVI-XIX вв. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1964.