Sah Sefi Karvansarasi - Wikipedia
Şah Səfi karvansarası — Balaxanı qəsəbəsində yerləşən XVII əsrə aid tarix-memarlıq abidəsi. Şah Səfi karvansarası 1635–1636-cı ildə usta Bürhan və sərkər Behbud tərəfindən inşa edilmişdir. Karvansarayın inşasını I Şah Səfi sifariş etmişdir.
Şah Səfi karvansarası | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | Balaxanı |
Aidiyyatı | AMEA |
Memar | usta Bürhan və sərkər Behbud |
Sifarişçi | I Şah Səfi |
Tikilmə tarixi | 1635-1636 |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Vəziyyəti | Qənaətbəxş |
Tipi | Mədəni |
İstinad nöm. | 3220 |
Kateqoriya | karvansara |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Şah Səfi karvansarası planda, tərəfləri 1:3 nisbətinə malik uzadılmış düzbucaqlı formasına malikdir. Karvansarayın giriş qapısı şimal-şərq istiqamətinə yönəlmişdir.
Tarixi
redaktəŞah Səfi karvansarası 1635–1636-cı ildə usta Bürhan və sərkər Behbud tərəfindən inşa edilmişdir. Karvansarayın inşasını Səfəvi hökmdarı I Şah Səfi sifariş etmişdir. Yerli əhalinin "Xacə Ruhulla imarəti" də adlandırdığı abidə qəsəbənin mərkəzində yerləşir. Sovet işğalından sonra uzun illər bu karvansaradan anbar kimi istifadə edilib.[1] Müstəqilliyin ilk illərində isə restoran kimi istifadə olunub.[1] Sonradan qəsəbə sakinlərinin səyi nəticəsində karvansaranın içi təmizlənərək ətrafında abadlıq işləri aparılıb.[2]
Abidənin çatma tağlı taxta qapısı üzərində vaxtilə kitabə olmuşdur. Hal-hazırda bu kitabə yerində olmasa da onun foto-neqativi AMEA-nın Tarix İnstitunun elmi arxivində "Şah Səfi karvansarası" adı altında 68–14 saylı inventar kimi saxlanılır.[2]
1968–1969-cu illərdə abidədə restavrasiya işləri aparılmışdır. Abidənin kitabəsində yazılmışdır:
Bu binanı inşa etməyi əmr etdi. Əzəmətli sultanım, şöhrətli şahanşahımızın hakimiyyəti günlərində: Şah Səfiəddin əl-Hüseyn əl-Bahadır xan tanınmış Haca Ruhullanın dayağı: Mövlanə Hikmət Allah Badu-Kubeyi, Rəcəb ayı - min qırx beşinçi Hicri ilində, ustad - Burhan, Sərkar Behdud düzəldib.[2] |
Memarlıq xüsusiyyətləri
redaktəŞah Səfi karvansarası planda, tərəfləri 1:3 nisbətinə malik uzadılmış düzbucaqlı formasına malikdir. Karvansarayın giriş qapısı şimal-şərq istiqamətinə yönəlmişdir. Tikilinin uzadılmış həcmi daxildən bel çıxıntıları vasitəsiylə üç hissəyə bölünmüşdür. Tikilinin bir divarından çıxan bel, qarşı tərəfdəki divara keçərək onu üç hissəyə bölür və dəhlizvari formanın yaranmasının qarşısını alır. Eyni zamanda həmin bellər oxvari tağ kimi də fəaliyyət göstərərək binanın həm divarlarını, həm də tavanını möhkəmləndirir. Binanın künclərində (əsas fasad istisna olmaqla) və yan fasadların ortalarında qüllələr yerləşir. Bütün qüllələr eyni diametrə malik olmaqla yuxarı qalxdıqca daralır.[3]
Karvansarayın əsas fasadındakı oxvari tağın içində yerləşdirilmiş giriş qapısınnın üstündə kitabə yerləşdirilmişdir. Kitabədə binanın inşa tarixi qeyd edilmişdir.[3]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Elşən Məmmədəliyev. "Nobeli və Rokfelleri varlandıran Balaxanı" (az.). musavat.com. 18.09.2019. 2022-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.05.2022.
- ↑ 1 2 3 "Balaxanı qəsəbəsi" (az.). sabunchu-ih.gov.az. 24.01.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.05.2022.
- ↑ 1 2 Salamzadə, Əbdülvahab. Архитектура Азербайджана XVI-XIX вв (rus). Bakı: Издательство Академии наук Азербайджанской ССР. 1964. 71. 2023-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-31.
Ədəbiyyat
redaktə- Саламзаде, А. В. Архитектура Азербайджана XVI-XIX вв. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1964.