Seyx Sefi Meqberesi - Wikipedia
Şeyx Səfi kompleksi (fars. آرامگاه شیخ صفیالدین اردبیلی) — İranın Ərdəbil şəhərində yerləşən tarixi-dini memarlıq kompleksi. Kompleks Səfəviyyə Sufi təriqətinin şeyxi Səfiəddinin məzarı üzərində inşa edilmiş kompleks ətrafında formalaşmışdır. Səfəvilər sülaləsindən olan şahlar kompleksə böyük əhəmiyyət verərək onun genişləndirilməsi və zənginləşdirilməsini təşviq etmişlər. Şah İsmayıl Xətainin dövründə Şeyx Səfinin türbəsinin (sonradan şah özü də bu türbədə dəfn edilmişdir) fasadı nəfis kaşı işləmələrlə bəzədilmişdir. Onun oğlu I Təhmasibin dövründə Şeyx Səfinin xatirəsinə möhtəşəm memarlıq abidəsi olan məscid inşa edilmişdir. I Şah Abbasın dövründə isə kompleksə Çinixana binası əlavə edilmişdir. Nəfis çiniçilik nümunələrinin toplandığı və sərgiləndiyi bina böyük kitabxana ev sahibliyi etməklə yanaşı, I Abbasın dövründə həm də rəsmi görüşlərin keçirilməsi üçün istifadə edilmişdir. Kompleksin həyətlərindən birində isə Çaldıran döyüşü şəhidləri (həmin məzarların bir çoxu Pəhləvilərin hakimiyyəti zamanında dağıdılmışdır) dəfn edilmişdir.
Şeyx Səfi kompleksi | |
---|---|
fars. آرامگاه شیخ صفیالدین اردبیلی | |
38°14′55″ şm. e. 48°17′29″ ş. u.HGYO | |
Ölkə | İran |
Şəhər | Ərdəbil |
Yerləşir | Ərdəbil şəhristanı[3] |
Aidiyyatı | Səfəvilər imperiyası, Səfəvilik |
Əsas tarixlər |
XIII əsr - Səkkizbucaqlı məscid inşa edilib.[1] 1334 - Şeyx Sədrəddin Ərdəbilinin göstərişi ilə atası Şeyx Səfinin məzarı üzərində türbə inşa edilmişdir.[2] XVI əsr - I İsmayılın dövründə kompleksə daxil olan tikililər təmir edilmiş, Şeyx Səfi türbəsinin fasadı bədii kaşılarla bəzədilmişdir. XVI əsr - I Təhmasibin dövründə Şeyx Səfi türbəsi yaxınlığında Şah İsmayılın türbəsi inşa edilmişdir. XVI əsr - I Təhmasibin dövründə Şeyx Səfinin xatirə məscidi inşa edilmişdir. XVII əsr - I Şah Abbasın dövründə Çinixana binası inşa edilmişdir. |
Tikilmə tarixi | XIII-XVII əsrlər |
Üslubu | Naxçıvan-Marağa memarlıq məktəbi |
Sahəsi |
|
Material | daş[d][4][5], kərpic[4][5], kaşı[4][5] |
Rəsmi adı: Sheikh Safi al-din Khānegāh and Shrine Ensemble in Ardabil | |
Tipi | Mədəni |
Kriteriya | i, ii, iv |
Təyin edilib | 2010 |
İstinad nöm. | 1345 |
Dövlət | İran |
Region | Asiya |
Vikianbarda əlaqəli mediafayllar |
Kompleksin şimal-qərb tərəfində zəngin bəzədilmiş giriş portalı vardır. Həmin portaldan sonra yerləşən daha sadə dizaynlı, soldan üç tağlı, sağdan isə bir tağlı nişlərlə əhatələnmiş portal geniş bağa aparır. Tikili bağ tərəfdən də bazar meydanı tərəfdən olan görünüşünü təkrarlayır. Bağ həyətinin qarşı tərəfində yerləşən digər bir portal bağı böyük həyətlə əlaqələndirən kiçik həyətə açılır. Kiçik həyətin girişi 31 metr uzunluğa və 16 metr enə malik böyük həyətə açılır. Daşlarla döşənmiş bu həyətin mərkəzində hovuz yerləşir. Böyük həyət ətrafında səkkizbucaqlı plana malik məscid, ona birləşən dairəvi plana malik Şeyx Səfi türbəsi yerləşir. Çinixana binası birbaşa həyətlə əlaqələndirilməsə də bir tərəfdən məscid binasına bitişir. Məscidin arxasında, Şeyyx Səfi türbəsi ilə yanaşı daha bir neçə türbə binası, o cümlədən Şah İsmayıl Xətainin türbəsi yerləşir.
Şeyx Səfi kompleksi Bakıdakı Şirvanşahlar saray kompleksi ilə birlikdə Azərbaycanda orta əsr memarlıq komplekslərinin dövrümüzə tam şəkildə çatmış nadir nümunələridir. 2010-cu ildə kompleks UNESCO tərəfindən Ümumdünya irsi siyahısına daxil edilmişdir.[6]
Tarixi
redaktəXIV əsrdə Ərdəbil şəhəri yerli şeyxlərin iqamətgahına çevrilir. Ərdəbil şeyxlərinin əvvəl Azərbaycanda, daha sonra isə bütün İranda siyasi hakimiyyəti ələ keçirmələrindən sonra isə, XVI əsr boyunca şəhərin əhəmiyyəti daha da artır. Həmin dövrlərdə şəhərə səfər etmiş səyahətçilər onu onu böyük və canlı ticarət mərkəzi kimi təsvir edirlər.[7] 1623-cü ildə İrana səfər etmiş rus tacir Afanasi Kotov yazır ki, “...qonaq evlər və qala divarları Şamaxıdan daha böyükdür, bütün tikililər daşdan inşa edilmişdir, mağazalar da çoxdu, qonaq evləri də çoxdu, tərəvəzlər də gətirirlər, balıq da gətirirlər...”[8] Fransız tacir Jan Batist Tavernye (XVII əsrin ortaları) isə qeyd edir ki, Ərdəbil böyük ticarət yollarının kəsişmə məntəqəsi idi. Buraya 800-900 dəvədən ibarət iri karvanlar üz tuturdu.[9]
Səfəvilər sülaləsinin (1501-1736) ailə nekropolunun Ərdəbildə yerləşməsi də şəhərin əhəmiyyətinin artmasına təsir göstərən mühüm faktorlardan biri idi. XVI əsr ərzində Şeyx Səfinin şəhərdə yerləşən türbəsi ətrafında geniş dini-memarlıq kompleksi formalaşır.[7] Bu memarlıq kompleksi şiə müsəlmanlar arasında böyük nüfuz qazanmaqla mühüm ziyarətgaha çevrilir.[7] Böyük vəqf torpaqlarına malik olan kompleks təkcə Ərdəbilin deyil, həm də ətraf ərazilərin iqtisadi inkişafında mühüm rol oynayır. Şəhər karvansarayları, bazarları və ticarət sıralarından başqa Şeyx Səfi kompleksi həm də çoxsaylı kəndlər və əkin ərazilərinə malik idi.[10][11]
Dəfnlər
redaktə- Şeyx Səfi - Səfəviyyə təriqəti və Səfəvilər sülaləsinin banisi
- Şeyx Heydər - Səfəvi təriqəti və Ərdəbil hakimliyinin rəhbəri
- Aləmşah bəyim - Ağqoyunlu şahzadəsi, Uzun Həsənin və Dəspinə xatunun qızı, Şeyx Heydərin həyat yoldaşı
- Şah İsmayıl Xətai - Səfəviyyə təriqətinin şeyxi (1494—1524); Səfəvilər dövlətinin ilk şahı (1501-1524), Azərbaycan şairi.
- Şahbəyi Taclı Bəyim - Şah İsmayıl Xətainin həyat yoldaşı, Səfəvi dövlətinin Şahbanusu.
- I Şah Təhmasib - Səfəvilər dövlətinin ikinci şahı (1524-1576), Azərbaycan şairi.
- Sultan Ağa xanım – I Təhmasibin həyat yoldaşı, Şahhiran Pərixan Sultanın anası, Şəki hakimi Şamxal xanın bacısı.
Memarlıq xüsusiyyətləri
redaktəPlanlaşdırma
redaktəKompleksə müxtəlif dövrlərdə inşa edilmiş türbələr, məscid, Çinixana və yaşayış binaları daxildir.[7] Bütün bu tikililər bir neçə həyət ətrafında formalaşmışdır.[7]
Kompleksin yerləşdiyi ərazinin qarşısında kvadrat formalı bazar meydanı vardır. Kompleksin şimal-qərb tərəfində zəngin bəzədilmiş giriş portalı vardır. Həmin portaldan sonra yerləşən daha sadə dizaynlı, soldan üç tağlı, sağdan isə bir tağlı nişlərlə əhatələnmiş portal geniş bağa aparır. Tikili bağ tərəfdən də bazar meydanı tərəfdən olan görünüşünü təkrarlayır. Bağ həyətinin qarşı tərəfində yerləşən digər bir portal bağı böyük həyətlə əlaqələndirən kiçik həyətə açılır. 14 metr uzunluq və 6 metr enə malik olan kiçik həyət iki tərəfdən 1.5 metr dərinliyə malik nişkli və stalaktitli tağlarla əhatələnmişdir. Əvvəl həmin divarlar tamamilə kaşı işləmələri ilə örtülmüş olsa da, dövrümüzə həmin kaşının yalnız bir hissəsi çatmışdır.[7] Kiçik həyətin girişi 31 metr uzunluğa və 16 metr enə malik böyük həyətə açılır. Daşlarla döşənmiş bu həyətin mərkəzində hovuz yerləşir. Böyük həyət ətrafında səkkizbucaqlı plana malik məscid, ona birləşən dairəvi plana malik Şeyx Səfi türbəsi yerləşir. Çinixana binası birbaşa həyətlə əlaqələndirilməsə də bir tərəfdən məscid binasına bitişir. Məscidin arxasında, Şeyyx Səfi türbəsi ilə yanaşı daha bir neçə türbə binası, o cümlədən Şah İsmayıl Xətainin türbəsi yerləşir.[7]
Kompleksə daxil olan ən qədim tikili F. Zarrenin fikrincə XIII əsrdə inşa edilmiş, böyük həyətə açılan, portal nişinin ölçüsünə görə kompleksin digər tikililərindən fərqlənən səkkizbucaqlı plana malik məscid binasıdır.[1] Daha sonra məscid binası yaxınlığında Şeyx Səfi türbəsi inşa edilmiş, XVI-XVII əsrlərdə isə kompleksə digər tikililər əlavə edilmişdir. Beləliklə XVII əsrin sonlarında Şeyx Səfi kompleksi müasir plan formasını almış, sonrakı yüzilliklərdə isə tikililərdə əsaslı dəyişikliyə yol verilmədən kiik təmir-bərpa işləri həyata keçirilmişdir.[7]
Kompleksə daxil olan tikililər
redaktəPortal
redaktəKompleks ərazisinə girişi təmin edən portal kifayət qədər geniş ölçüyə malik olmaqla stalaktitli nişlə tamamlanır.[12] Portal kitabəsində verilən məlumata görə tikili hicri 1057-ci ildə (miladi 1647-1648) tamamlanmış, kaşı işləri isə usta İsmail Ərdəbili tərəfindən həyata keçirilmişdir.[1] Portalın ümumi sxemi həmin dövrdə Azərbaycanın digər şəhərlərində inşa edilmiş portalların sxemlərini xatırladır.[12]
Giriş qapısının yerləşdirilməsi xüsusi diqqət cəlb edir. Bir çox Azərbaycan abidələrində giriş qapıları en və hündürlük baxımından o qədər də böyük deyillər.[12] Burda isə giriş qapısı böyük ölçüdə həll edilmişdir ki, memarlıq tədqiqatçısı Ə. Salamzadə bunun tikilinin əhəmiyyətini vurğuladığını qeyd edir.[12] Tədqiqatçının fikrincə bu baxımdan portalı Bakıdakı Şirvanşahlar sarayının Murad darvazasının portalı ilə müqayisə etmək olar.[12]
Portalın yuxarı hissəsi ciddi dağıntıya məruz qalmış olsa da, onun tamamlanmasını aydın şəkildə izləmək mümkündür.[12] Tədqiqatçı qeyd edir ki, müstəqil dayanan bu portal-darvaza özünün ümumi həcm həllinə görə XIV əsrdən başlayaraq Abşeron yarımadasının müxtəlif hissələrində inşa edilməklə həm girişin həll edilməsi (Şirvanşahlar sarayı, XV əsr), həm də divarlarla əhatə edilmiş ərazinin qapısının göstərilməsi üçün (Kələxana türbələri, XVII əsr) istifadə edilmiş giriş portalları ilə oxşarlıq təşkil edir.[12] Lakin, Abşeron portaları əksər hallarda kiçik ölçüyə malik olduğundan (Şirvanşahlar sarayının portalı istisnadır) onlarda Ərdəbil portalında dominant təşkil edən stalaktitli tağdan istifadə edilməmişdir.[12]
Həm stalaktitlərin həm də portaın digər ərazilərinin səthi şirəli kaşılarla örtülmüşdü. Dekorativ bəzəklər arasında kifayət qədər realistik təfsirə malik nəbati motivlər üstünlük təşkil edir.[12] Stalaktitlərin altında yerləşən dayaz nişlər həndəsi xarakterli ornamental kompozisiyalarla bəzədilmişdir. Portalı bəzəyən tökülən güllərlə dolu vaza elementi xüsusi diqqət çəkir. Vazaların hər iki tərəfində mükəmməl çəkilmiş tovuzquşu təsvirləri yerləşir. Həmin motiv sonradan cüzi dəyişikliklərlə Azərbaycan divar rəssamlığının əsas motivlərindən birinə çevrilməklə Şəki xan sarayı, Şəkixanovların evi, Mehmandarovların evi, Qarabağ xan sarayı, Sərdar sarayı və sair tikililərdə də təkrarlanmışdır.[13]
Şeyx Səfi türbəsi
redaktəŞeyx Səfi türbəsi və ona bitişik səkkizbucaqlı məscid əzəmətli memarlıq abidəsi olmaqla Azərbaycanın qülləvari türbələrinin ən mükəmməl nümunələrindən biridir.[14] F. Sarre türbənin XIV əsrdə inşa edildiyini, XV-XVI əsrlərdə işə bəzədildiyini qeyd edir.[15] Ə. Salamzadə isə bildirir ki, əgər türbənin ilkin vəziyyətində XIV əsrdə inşa edildiyini qəbul etsək, onu da vurğulamalıyıq ki, sonrakı dövrlərdə onun yenidən qurulmuş portalı, geniş lent formalı friz yazısı və fasad bəzəkləri əsaslı dəyişikliklərə məruz qalmışdır.[14] Onun fikrincə XVI əsrin əvvəllərində aparılmış yenidənqurma işləri binanın xarici görünüşünü tamamilə dəyişmişdir.[14] Tədqiqatçı yazır ki, Azərbaycanın erkən qülləvari türbələrinin piramidal və konik dam hissəsinə malik olması, Şeyx Səfi türbəsinin də əvvəl belə örtüklə tamamlanmasını ehtimal etməyə əsas verməklə onun dövrümüzə çatmış oxvari gümbəz örtüyünün XVI əsr yenidənqurması zamanı inşa edildiyini göstərir.[14]
Türbənin silindrik korpusu qırmızı və şirələnmiş mavi kərpiclərin fiqurlu hörgüsü ilə bəzədilmişdir. Mavi şirələnmiş kərpiclərin düzümü nəticəsində türbənin fasadında “Allah” sözü çoxlu sayda təkrarlanır. Digər qülləvari türbələr kimi Şeyx Səfi türbəsinin də həcmi daş sokol üzərində dayanır.[14] Binanın xarici həcminin kompozisiyasında türbənin korpusundan günbəzinə keçidin tamamilə düz həll edilməsi də diqqət çəkir. Azərbaycan ərazisindəki digər qülləvari türbələrdə isə bu keçid yaxşı dizayn edilmiş stalaktitli kəmər-karniz şəklində həll edilmişdir. Bu baxımdan Şeyx Səfi türbəsi digər qülləvari türbələrdən fərqlənir.[14]
Karniz yerinə türbənin divarından günbəzinə keçid hissəsində geniş lent formalı yazılı friz yerləşir. Tünd göy fon üzərində ağ şirə ilə yaxşı çəkilmiş hərflər uzaqdan aydın oxunur. Hərflərin çəkilmə incəliyi, kitabənin diakritik işarələr və digər əlavələrlə zənginliyi onun ən erkən XV əsrdə, daha dəqiq isə XVI əsrin I yarısında türbəyə əlavə edildiyini deməyə əsas verir.[14]
Xatirə məscidi
redaktəŞeyx Səfi türbəsinin qarşısında yerləşən Şeyx Səfinin xatirə məscidi XVI əsrdə, I Təhmasibin (1524-1576) şahlığı dövründə inşa edilmişdir.[14] Bu məscid həm müstəqil məscid binası kimi quruluşuna, həm də böyük həyətə açılan fasadının dizaynına görə böyük memarlıq əhəmiyyətinə malikdir.[14] Onun orta həcminin – nefinin hər iki tərəfində üç dərin iki yaruslu nef yerləşdirilmişdir. Zalın sonunda apsidaya oxşar yarımsəkkizguşəli formaya malik dərin niş yerləşir. Həmin niş məscid binasını türbə ilə əlaqələndirir. Məscidin həll edilmə forması türbənin əhəmiyyətini bir daha vurğulayır. Belə ki, zalda ibadət edənlərin üzü türbəyə doğru çevrilmiş olur.[16]
Hazırda zaldan türbəyə keçid stalaktitli dayağa malik güzgü tağ vasitəsiylə bağlanmışdır. Bu əlavə məscid binasına XIX əsrin II yarısında edilmişdir.[16] Memarlıq-planlaşdırma həlli baxımından maraqlı olan xatirə məscidinin daxili həcmi yaxşı çəkilmiş detallar və divar rəsmləri ilə zəngin bəzədilmişdir. Daxili həcmin möhtəşəm memarlığı orta əsrlərə aid qiymətli metallardan hazırlanmış və daş-qaşlarla bəzədilmiş çilçıraqlarla tamamlanmışdır.[16]
Məscidin böyük həyətə açılan fasadı memarlıq həlli baxımından mühüm əhəmiyyətə malikdir.[16] İlk növbədə fasadın ümumi bölünməsi və portalın düz fasad həcmi ilə uyğunlaşdırılması diqqət cəlb edir. Fasad həcminin düzlüyü ilə əlaqədə portal kompozisiya baxımından müstəqil mövqe tutur.[16] Portalı kərpicdən hörülmüş yan çıxıntılarla əhatələmiş, yuxarıdan isə güclü inkişaf etdirilmiş stalaktitli tacla tamamlamış memar, bilərəkdən onun hər bir detalının müstəqilliyini və fasad həcminin düzlüyünü xüsusi vurğulamışdır.[17] Kompozisiya bağlılığı yalnız portalın daşla üzlənmiş sokol hissəsində zəif hiss olunur.[17]
Fasadın həllində maraqlı cəhətlərdən biri abidənin dini memarlıq üçün ənənəvi olmayan, sıx yerləşdirilmiş pəncərələrin zəngin həll edilməsinin də dəstəklədiyi saray memarlığına xas xüsusiyyətlərə malik olmasıdır.[17] Daxili planlaşdırmaya uyğun olaraq hər mərtəbədə üç niş və iki kiçik küc otağına uyğun olaraq beş pəncərə yeri vardır. Binanın daxili həllinin onun fasadında əks olunması bununla məhdudlaşmır. İbadət zalının nişlərinə diqqətlə baxdıqda aydın olur ki, iki yaruslu nişlərdən aşğı yarusda yerləşənlər yuxarıdakılara nisbətən daha çox hündürlüyə malikdirlər. Bunu fasadda daha dəqiq əks etdirən isə aşağı yarusun pəncərələrinin yuxarı yarus pəncərələrinə nisbətən daha hündür olmasıdır.[17] Bundan başqa aşağı yarusun pəncərə yerləri ikiişıqlıdır ki, bu da məscidin interyer həllinə uyğundur. İki yarusa bölünməsinə baxmayaraq məscidin nişləri üçhissəli bölünməyə malikdir ki, məscidin aşağı yarus pəncərələrinin ikiişıqlı həll edilməsi də bununla əlaqəlidir.[17]
Yuxarı və aşağı mərtəbə pəncərələrinin şirəli kaşıdan işlənmiş ornamentli çərçivələri bürünc çərçivələrlə birlikdə qırmızı kərpic divar fonunda dekorativ baxımdan zəngin polixrom ləkələr formalaşdırır. Fasad yuxarıdan iki elementlə tamamlanır: hər iki tərəfdən ornamental xəttlə bağlanan friz yazısı və üç yaruslu stalaktit kəmər.[17]
Portalın ümumi sxemi daha erkən dövrlərin portalları ilə uyğun olsa da, bəzi detallarda əsaslı fərqlərə də malikdir.[17] İlk növbədə portalın çox dartılmış – uzun nisbətlərini qeyd etmək lazımdır. Bu xüsusiyyət ona Şeyx Səfi, Bərdə və Qarabağlar türbələri nin polixrom portalları ilə müqayisədə daha böyük incəlik bəxş edir.[18]
Portalın tağ stalaktitinin həlli də mürəkkəbləşdirilmişdir. Bu cür mürəkkəblik və stalaktitlərin kiçik ölçüsü əsasən Şirvanşahlar saray kompleksinə daxil olan Divanxananın portalı kimi daş portallar üçün xarakterikdir.[18] Ə. Salamzadə qeyd edir ki, tamamilə fərqli materiallardan inşa edilmələrinə və bir sıra əsaslı inşa fərqlərinə baxmayaraq, Şeyx Səfi məscidinin portalı Şirvanşahlar Divanxanasının (XV əsr) portalı ilə oxşar xüsusiyyətlərə malikdir.[18] Tədqiqatçının fikrincə bu oxşarlıq özünü daha çox nisbətlərin dartılmış olmasında və niş həcmlərinin həllində büruzə verir.[18]
Portal tağının həm də Bakıdakı Şirvanşahlar sarayı üçün xarakterik olan daxili çərçivəsinin fərqləndirilməsi və onun dəstəklərinin həll edilməsi xüsusi diqqət çəkir.[18] Şeyx Səfi məscidinin stalaktitli tağının xarici dayağı eyniylə Qarabağlar və Bərdə türbələrinin portallarının xarici dayağını təkrarlayır.[18] Hər üç abidədə bəzədilmiş hissələrin sərhəddlərinin həll edilməsi eyniyyət təşkil edir.[18]
Çinixana
redaktəKompleksin şərq tərəfində yerləşən Çinixana binası bir tərəfdən xatirə məscidinə birləşmişdir. Xaricdən bina kəsik künclərə malik kvadrat formasına malikdir. Daxildən bina mərkəzi kvadrat formalı otaq və künclərdə yerləşən yarımsəkkizbucaqlı apsida formalı nişlərdən ibarətdir. Tağların nişlərlə birləşdirilməsi, o cümlədən hündür olmayan baraban üzərində yerləşdirilmiş günbəz ilə tamamlanması nəticəsində formalaşdırılmış mürəkkəb planlaşdırma özünəməxsus həcm-məkan həlli xüsusiyyəti təşkil edir.[19]
İnteryerlərin çoxplanlı həlli bir neçə zəngin bəzədilmiş səth yaradır. 2.5 metr hündürlüyə malik olan divarlar zəngin və nəfis işlənmiş şirəli kaşılarla üzlənmişdir.[19] Naxışlarda güldan və çiçəklər, o cümlədən fantastik varlıqların motivləri üstünlük təşkil edir.[19] Panel səviyyəsindən yuxarıda nişlərin bütün həcmi taxta stalaktit üzlüklə örtülmüşdür. Stalaktitlərdə yaradılmış dərin oyuqlar çini qablar üçün nəzərdə tutulmuşdur.[19] İnteryerin bütün həcmi – stalaktitlər, nişlər və günbəz divar rəsmləri ilə bəzədilmişdir.[19] Həm də kompleks kitabxanasına ev sahibliyi etmiş Çinixana binası XVII əsrdə I Şah Abbasın hakimiyyəti dövründə inşa edilmişdir.[19]
Həyətlərin memarlığı
redaktəHəyətlərin memarlığı müxtəlif məqsədli binaların birləşdirilməsindən yaradılmış Şeyx Səfi kompleksinin formalaşdırılmasında əhəmiyyətli rol oynayır. Kompleksin üç həyətindən ən böyük olanı Bazar meydanından tikililərə keçidi təşkil edən bağ həyətidir. Bağ 27 metr enə və 100 metr uzunluğ malikdir. Bağı dörd tərəfdən həll edən divarlaroxvaro tağlarla həll edilmişdir. Bağın mərkəzində iki simmetrik hovuz yerləşir.[20]
Bağı böyük həyətlə birləşdirən kiçik həyət dəhliz kimi həll edilmişdir. Onun divarları hər tərəfdən üç ədəd dərin nişlə həll edilmişdir. Əvvəl bu divarların hər yeri rəngarəng kaşılarla üzlənmiş olsa da, onların çox az hissəsi dövrümüzə çatmışdır. Dekorlarda naxışlarla yanaşı yazılardan da istifadə olunmuşdu.[20] Memarlıq kompleksinə aparan özünəməxsus vestibül kimi yaxşı nisbətlərə malik olması və zəngin dekorlarla bəzədilməsi kiçik həyəti Şeyx Səfi kompleksinin ən dəyərli hissələrindən birinə çevirmişdir.[20]
Kiçik həyətlə əlaqəli olan böyük həyət 16 metr enə və 31 metr uzunluğa malikdir.[20] Həyətin ortasında hovuz vardır. Həyət böyül daş plitələrlə döşənmişdir. O, bir tərəfdən xatirə məscidinin fasadı, digər tərəfdən isə portal-nişlərlə əhatələnmişdir. Məscidin qarşı tərəfində yerləşən dərin tağlı divarın mərkəzi tağı zəngin dekorla fərqləndirilmişdir ki, bu da böyük həyətin girişini təşkil edir. Bu həyətdən Şeyx Səfi türbəsinə də yaxşı mənxərə açılır.[20]
Şeyx Səfi xalçası
redaktəAvropa elmi ədəbiyyatında həm də Ərdəbil xalçası adı ilə tanınan Şeyx Səfi xalçası I Təhmasibin[21] sifarişi ilə 1539[21]-cu ildə Şeyx Səfi kompleksinə daxil olan Şeyx Səfi xatirə məscidi üçün[21] xalçaçı Məsud Kaşani[21] tərəfindən toxunmuşdur.
Ümumi sahəsi 56,12 kvadratmetr olan (10,51 m x 5,34 m) xalının bədii əsasını “Ləçək-türünc” kompozisiyası təşkil edir. Xalının mərkəzindəki onaltı guşəli göl – türünc günəşi, qübbələr isə ondan ayrılan şüaları andırır. Naxış örtüyü gül-çiçək rəsmlərindən ibarətdir. Naxış elementlərinin rəng çalarları arasındakı əlaqə ecazkarlığı ilə diqqət çəkir. Həmin kompozisiyanın yuxarı və aşağı hissələrində zəngin bəzəkli, qırmızı və şəkəri rəngli qəndil təsviri vardır. Ətrafdakı saysız hesabsız əlvan naxışlar kainatdakı ulduzların rəmzi kimi düşünülmüşdür.[22]
Ara sahənin künclərində yerləşdirilmiş üçbucaq şəkilli türünclərin istiqaməti mərkəzi sahəyə yönəldiyindən bütünlükdə kompozisiyanı çox yaxşı tamamlayır. Mərkəzlə bu künclər arasındakı əlaqəni isə sürməyi rəngli yerliyə ritmik şəkildə səpələnmiş müxtəlif rəngli (ağ, qırmızı və şəkəri) gözoxşayan nəbati naxışlar “seli” yaradır. Bu ecazkar görüntünü xalının enli haşiyəsindəki bulud rəsmləri ilə bəzədilmiş kətəbə silsiləsi, ensiz haşiyə və mədaxili təşkil edən bulud və “xətai” (formaca uzun olub, enli yarpağa bənzəyən, kənarları büzməli diliklər ilə əhatələnən naxış elmenti) elementləri əhatələyir. Xalının ara hissəsinin yuxarısında yerləşən kətəbədə şair Hafizin şeiri, müəllifin adı və toxunduğu il yazılıb.[22]
Tədqiqi və memarlıq əhəmiyyəti
redaktəŞeyx Səfi kompleksi Bakıdakı Şirvanşahlar saray kompleksi ilə birlikdə Azərbaycanda orta əsr memarlıq komplekslərinin dövrümüzə tam şəkildə çatmış nadir nümunələridir.[23] Şirvanşahlar kompleksinin öyrənilməsi zamanı ona daxil olan ayrı-ayrı binaların qarşılıqlı əlaqəsi haqqında bəzi ehtimallar irəli sürülmüşdür.[23] Tədqiqatçıların ortaq rəyinə görə Bakıdakı kompleks ilkin plan olmadan inşa edilmişdir.[24] Ə. Salamzadə isə qeyd edir ki, kompleksin bir insan ömründən daha az müddətdə inşa edilməsi ilkin planın olması ehtimalını da aradan qaldırmır.[23] Hər necə olsa da, kompleks vahid memarlıq strukturu təşkil etməklə, vahid ölçülər, kompozisiya həlləri, planlar, fasadlar və inşaat materiallarına malikdir.[25] Ə. Salamzadə qeyd edir ki, bu baxımdan Şeyx Səfi kompleksi və Şirvanşahlar kompleksi oxşardır.[26] Tədqiqatçının sözlərinə görə, “heç şübhəsiz ki, Ərdəbil kompleksi də ilkin plan olmadan inşa edilmişdir.”[26] Kompleks yekun planını bir əsr yarımdan çox müddətə qazanda da, onun binalarında vahid memarlıq ansamblı yaratmağa cəhd, yeni əlavə edilən binaların daha əvvəl inşa edilmiş binaların memarlığına uyğunlaşdırılması və vahid memarlıq prinsiplərinə tabe edilməsi aydın hiss olunur.[26] Məsələnin həll edilməsində əsas addımlardan biri ziyarətgaha aparan həyətlərin bir-birinin ardınca yerləşdirilməsidir. Bu cür yanaşma şərq saray kompleksləri üçün ənənəvidir.[26]
Bakı və Ərdəbil orta əsr komplekslərinin müqayisəsi zamanı əsas diqqət çəkən məqam Bakı kompleksində binaların relyefə uyğun olaraq daha pərakəndə yerləşdirilməsidir. Ərdəbil kompleksinin tikililəri isə ümumi plana daha sərt tabe edilmişdir. Hər iki kompleks üçün binalarda vahid tikinti və bəzək materiallarının inşası xarakterikdir.[26]
Orta əsr Azərbaycan memarlığında polixromiya tam inkişafına məhz Ərdənil tikililərinin dekorativ həllində çatmışdır.[26] XV əsrdə mayolik ornamentikası və nəbati naxışlara keçid (Təbriz Göy məscidinin simasında) Ərdəbil kompleksində inkişafını davam etdirmişdir.[27] Göy məsciddə bitki təsvirləri müəyyən stilləşdirmə elementləri daşısalar da, Ərdəbil kompleksində bu cür təsvirlər kifayət qədər realistik təfsirə malikdir. Ərdəbil kompleksində ən çox tətbiq edilmiş kompozisiya isə güldanlarla kompozisiyadır. Böyük mürəkkəbliyə baxmayaraq, bütün ornament kompozisiyaları müxtəlif yığma elementlərdən həyata keçirilmişdir.[27]
Şeyx Səfi kompleksinin əsas əhəmiyyətli cəhətlərindən biri də onun, aid olduğu tipin inkişafında mühüm əhəmiyyət kəsb portallarıdır.[27] Feodal dövrü şərq memarlığında geniş yayılmış portal kompozisiyaları Azərbaycan memarlığında ən bitkin nümunələri ilə təmsil olunmuşdur. Azərbaycan memarlıq abidələrinin portalları və onların özünəməxsus siması Azərbaycan orta əsr memarlığının mühüm stilistik əlamətlərindən biridir.[27] Müxtəlif inşa materialının istifadəsi və tikililərin müxtəlif xarakterli olmasına baxmayaraq, müxtəlif ərazilərdə və müxtəlif tarixi dövrlərdə inşa edilmiş Azərbaycan abidələrini portallar qədər birləşdirən ikinci memarlıq elementi tapmaq çətindir.[27] Marağa, Urmiya, Bərdə, Naxçıvan, Salmas, Gəncə, Şəki, Şuşa, Xoy, Bakı, Təbriz və Ərdəbil abidələri, aid ölduğu dövr və təyinatı ilə bağlı ortaya çıxan bu və ya digər fərdi xüsusiyyətlərinə baxmayaraq, əsas memarlıq kompozisiyasının ümumiliyi - Azərbaycan portallarının əsas tipi ilə ibirləşirlər.[27] O, tərəflərin 1:2 (bəzən isə 1:2,5) nisbəti ilə xarakterizə edilir ki, bu da ümumilikdə Azərbayca portallarının vertikal üzrə dartılmış nisbətlərə malik olmasını əsaslandırır. Azərbaycan abidələrində yayılmış bu cür portal tipinin formalaşması XII əsrin əvvəllərində başlamış və Bərdə türbəsinin (1322-ci il) şimal portalına əsasən artıq XIV əsrin əvvəllərində inkişaf etmiş formasına çatmışdır.[28] Bu tipin sonrakı inkişşaf mərhələsini əsasən Şirvanşahlar saray kompleksi tikililərinin portallarında izləmək mümkündür. Ərdəbil kompleksinə daxil olan tikililərin XVII əsrə aid olan portalları isə bu tipin yekun inkişaf mərhələsini əks etdirir.[28] Bu baxımdan Şeyx Səfinin xatirə məscidinin Şirvanşahlar sarayındakı Divanxana portalı ilə ümumi cizgilərə malik portalı xüsusi əhəmiyyət kəsb edir.[28] Ə. Salamzadənin fikrincə XVI əsrdə Bakıda Təbrizdən olan sənətkarların işləməsi faktını nəzərə aldıqda, Səfəvilərin vahid hakimiyyəti altında Azərbaycanın müxtəlif əraziləri arasında mədəni və incəsənət əlaqələrinin genişlənməsini və bunun da müxtəlif stillərin təkmilləşməsində mühüm rol oynadığını demək olar.[28]
Qalereya
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 Sarre, 1925. səh. 16
- ↑ "The Mausoleum of Sheikh Safi, Ardabil, Iran". kufic.info. Square Kufic in Architecture. 2016-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avqust 2018.
- ↑ Wiki Loves Monuments monuments database. 2017.
- ↑ 1 2 3 https://www.iranicaonline.org/articles/ardabil.
- ↑ 1 2 3 https://www.archnet.org/sites/1595.
- ↑ "Sheikh Safi al-din Khānegāh and Shrine Ensemble in Ardabil". whc.unesco.org. 2018-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avqust 2018.
- ↑ 1 2 3 4 5 6 7 8 Саламзаде, 1964. səh. 15
- ↑ Котов, А. Ф. О ходу в Персидское Царство («Временник Московского общество истории и древностей Росии», Москва, , кн. XV). 1852. 5.
- ↑ Tavernie, J. B. Vierzig-Jahrige Peise-Bescheibung in dreien Thelien. Nürnberg. 1681. 48.
- ↑ Стрейс, Я. Я. Три путешествия. Москва. 1935. 293–294.
- ↑ Петрушевский, И. П. Вакуфные имения Ардебильского мазара в XVII в. (Труды ин-та истории АН Азерб. ССР, т. I). Баку. 1947.
- ↑ 1 2 3 4 5 6 7 8 9 Саламзаде, 1964. səh. 16
- ↑ Саламзаде, А. В. К изучению стенных росписей Азербайджана XVIII-XIX вв (ДАН Азерб. ССР, т. X). 1954.
- ↑ 1 2 3 4 5 6 7 8 9 Саламзаде, 1964. səh. 17
- ↑ Sarre, 1925. səh. 17
- ↑ 1 2 3 4 5 Саламзаде, 1964. səh. 18
- ↑ 1 2 3 4 5 6 7 Саламзаде, 1964. səh. 19
- ↑ 1 2 3 4 5 6 7 Саламзаде, 1964. səh. 20
- ↑ 1 2 3 4 5 6 Саламзаде, 1964. səh. 21
- ↑ 1 2 3 4 5 Саламзаде, 1964. səh. 22
- ↑ 1 2 3 4 Azərbaycan Milli Ensiklopediyası, Bakı, 2007, səhifə.780.
- ↑ 1 2 Əliyev, Ziyadxan. "Gələcəyə göndərilmiş məktub: 500 yaşlı "Şeyx Səfi" xalçası hansı möcuzəni gizlədir?". “Mədəniyyət” qəzeti. ilkxeber.org. Dekabr 9, 2016. İstifadə tarixi: 29 avqust 2018.
- ↑ 1 2 3 Саламзаде, 1964. səh. 23
- ↑ С. Дадашев, М. Усейнов. Архитектурные памятники Баку. Москва. 1946. 28.
- ↑ С. Дадашев, М. Усейнов. Архитектура комплекса Дворца Ширваншахов в городе Баку (Сб. «Памятники архитектуры Азербайджана, т. II). 1950. 18.
- ↑ 1 2 3 4 5 6 Саламзаде, 1964. səh. 24
- ↑ 1 2 3 4 5 6 Саламзаде, 1964. səh. 25
- ↑ 1 2 3 4 Саламзаде, 1964. səh. 26
Ədəbiyyat
redaktə- Саламзаде, А. В. Архитектура Азербайдана XVI-XIX вв. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1964.
- Саламзаде, А. В. К изучению стенных росписей Азербайджана XVIII-XIX вв (ДАН Азерб. ССР, т. X). 1954.
- Sarre, Friedrich. Ardebil. Berlin. 1925.
- Петрушевский, И. П. Вакуфные имения Ардебильского мазара в XVII в. (Труды ин-та истории АН Азерб. ССР, т. I). Баку. 1947.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Şeyx Səfi məqbərəsi necə talan olundu[ölü keçid], e-derslik.edu.az