Simali Amerika Medeniyyeti - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Amerika mədəniyyəti haqqında ilkin təsəvvürlər adətən müasir mədəni nailiyyətlərlə əlaqədar olsa da, bu ölkənin qədim və orta əsrlərini əhatə edən bir sivilizasiya mövcud olmuşdur. 28–30 min il əvvəl ilk dəfə olaraq müasir tipli insanlar Alyaska və Çukotka arasındakı Berinqiya adlanan quru körpüdə məskunlaşmışdırlar. Məhz bu dövrdən Amerika mədəniyyətinin tarixi başlayır. Müasir elm hesab edir ki, bu qitənin ilk sakinləri genetik cəhətlərinə görə protomonqoloid, yaxud protoasiya qrupuna mənsub olmuş Altay, fin-uqor, Tibet xalqlarına daha yaxındırlar. Özünün təsdiqini tapmış bu fikirlər linqvistik və antropoloji əlamətlərə əsaslandırılmaqdadır. Avropalılar tərəfindən Amerika qitəsinin kəşfi və işğalı digər çoxsaylı xalqların həmin ərazidə məskunlaşması ilə nəticələndi. Bunların ümumi sayı təxminən 15–20 milyona bərabər idi. İlk dəniz səyyahlarının səhvən Hindistan torpağı kimi başa düşdükləri bu qitənin sakinləri XVI əsrdən "hindular" adlandırılmağa başlandı. Bu dövrdə qitənin müxtəlif hissələrində məskunlaşmış sakinlərin inkişaf səviyyəsi bir-birindən fərqli idi. Avropalılar amerikanı yeni dünya olaraq adlandırırdılar.
Amerika hinduları
redaktəQitənin şimal hissəsində məskunlaşmış tayfa və xalqlar ibtidai yaşayış səviyyəsində idi. Texas, Nevada, Kaliforniyada (Lyüisvill, Tyul-Sprinqs, Santa-Ros adası), Sandia rayonunda (b.e.ə. 25–15-ci minillik) od və daş silahları ilə davranmağı bacaran yığıcılıq və ovçuluqla məşğul olanların düşərgələri tapılmışdır. Arizona və Nyu-Meksikada tapılmış ilk kənd təsərrüfatı qəsəbələrinin tarixinin b.e.ə. VII–VI minilliyə aid olması sübuta yetirilir. XVI əsrdə Şimali Amerika xalqlarının inkişaf səviyyəsi yekcins deyildi: ibtidai icma cəmiyyətinin ayrı-ayrı inkişaf səviyyələrində yaşayan bu xalqları məskunlaşdıqları yerlərə, ərazilərə görə bir neçə qrupa bölmək olar: birinciyə Arktika zonasına aid ovçu və balıqçılar – aleut və eskimoslar (hinduca: çiy ət yeyən) daxil idi. Bu ərazidə yaşayanların başlıca məqsədi yaşamaq üçün mübarizə aparmaq idi. Bu məqsədin reallaşdırılmasına yönəldilmiş özünəməxsus təsərrüfat-mədəni tip formalaşmışdı. Bu tip mürəkkəb iqlim şəraitinə uyğun təşəkkül taparaq dəniz heyvanlarının, maral, sığın, quşların ovlanması, balıqçılıq, meyvə və müxtəlif ot bitkilərinin yığılması kimi peşələrdə təzahür edirdi. Dəri və ya qabıqla örtülmüş yaşayış yerləri yayda, iqlular (buz komalar) isə qışda sakinləri soyuqdan və pis havadan qoruyurdu. İki laydan ibarət dəri geyim (geyimin içi və səthi dəridən ibarət olur). Dəridən tikilmiş uzunboğaz çəkmələr, balıq dərisindən plaşlar, tozağacından şlyapalar arktika adamının geyimi idi. Bu ərazinin sakinləri bədii yaradıcılığa da biganə deyildilər. Bu yaradıcılıq mahnı, rəqs, ağac üzərindəki oyma, geyim ornamentlərində və s. təzahür tapırdı. Arktika qrupuna Kanadanın şimali meşəlik hissələrinin və Sakit okean sakillərinin şimali-qərb hissəsindəki sakinləri (tlinkit, xayda və s.) də aid edilirdi. Burada məskunlaşmışların həyat tərzi ilə əvvəlkilərin müəyyən yaxınlığı da var idi: məşğuliyyət növü, istifadə edilən əmək alətləri (yay-kaman, ox, harpun, tələ, balıq tutmaq üçün xüsusi çəngəl aləti), yaşayış məskənlər və s. Alqonkinlərin karkası ağacdan, üzəri tozağacı qabığı və ya dərilə örtülən konus formalı tikililəri də (viqvamlar) mühüm yer tuturdu.
Hindular qış mövsümü üçün dəridən, yay üçün isə zamşdan (yumşaq maral dərisi) geyimlər hazırlayırdılar. Əsas geyim köynək (kişilər üçün dizdən aşağı, qadınlar üçün topuğa qədər) və tuman hesab edilirdi. Bu geyimlər mokasina adlanan çəkmələrlə geyinilirdi. Başı və əlləri qışda soyuqdan, yayda isə, həşəratlardan qorumaq üçün kapyuşon adlı üst geyim ilə örtürdülər. Şimal-qərb rayonlarının sakinləri dəridən hazırlanmış geyimlərə dağ keçilərinin yunundan istehsal olunmuş parçalar da əlavə edirdi. Tlinkitlərin parçadan xüsusi naxışlarla bəzədilmiş çiyinlikləri fəxr hesab edilirdi. Geyimlər saçaqlarla, maral tükləri, dəniz balıqqulaqlarından hazırlanmış rəngarəng naxışlarla bəzədilirdi. Meşə hinduları nadir balıq sümüklərindən düzəldilmiş boyunbağıları, molyuskadan çıxarılmış çəhrayı və yaşıl incilərdən ibarət sırğaları, sidr ağacının təmizlənmiş köklərinin hörüklərindən, tülkü quyruğu və qartal lələklərindən hazırlanmış baş örtüklərini istifadə edirdilər. Onlar öz sifət və bədənlərini tatuirovka ilə bəzəyirdilər. Zəngin qadınlar alt dodaqlarından ziynət əşyası taxırdılar ki, bu qeyri-adi şəkildə zərif və incə görünürdü. Qeyd etmək lazımdır ki, bu xalq ağac üzərində işləmə sahəsində şöhrət tapmışdır. Belə ki, onlar ağacdan müxtəlif məişət ləvazimatları (qaşıq, qablar, boşqab), rituallar üçün əşyalar – qalxan, döyüşlər üçün dəbilqə maska, şamanlar üçün əsa, totem maska və dirəklər hazırlayırdılar. Bunlar sehrə malik olan müqəddəs əşyalar kimi dərk olunurdu. Dəbilqə insanın daxili, mənəvi gücü, şəxsi ləyaqətinin təzahürü kimi başa düşülürdü. Qalxan öz sahibinə xoşbəxtlik və müvəffəqiyyət gətirən qüvvə kimi dərk edilirdisə, şamanın əsası ona ruhi aləmə daxil olmaq üçün qüvvə gətirir və bu əşya vasitəsilə ruhları çağırmaq mümkün idi. Maska əcdad və ya fövqəltəbii qüvvələrin təzahürü kimi dərk edilirdi. Müxtəlif heyvanların rəmzi fiqurları tayfanın totemləri hesab edilirdi. Çox zaman bu fiqurların incə və zərif işlənməsi, bəzədilməsi yüksək bədii səviyyə ilə izah edilir. Qumdaşından hazırlanmış yonucu alət və akula dərisinin hissələrindən polirovka zamanı istifadə olunurdu. Tlinkitlər qurğuşundan müxtəlif bəzək və ziynət əşyalarının hazırlanmasında məşhur idilər. Soyuq döymə üslubunu tətbiq edərək ustalar sırğa, üzük, qolbaq, boyunbağı kimi əşyalar düzəldirdilər. Şimali Kanada, Sakit okean sahillərinin şimalında məskunlaşmış sakinlər qəbilə inkişafı səviyyəsində olduğu halda şimal-qərb hinduları artıq quldarlıq çağında idilər. Kaliforniya hindularına şoşon, penut, xoka, yeukilər və d. aid idi. Bu tayfalar ya rütubətli və yumşaq, ya da isti və quru iqlimi olan meşə rayonlarında məskunlaşmışlar. Onların başlıca məşğuliyyəti – qoz, meyvə, yabanı bitkilərin toxum və köklərinin yığımı idi. Ovçuluq və balıqçılıq bu yığıcılıq işini tamamlayırdı. Qida axtarışı ailələrin köçəri həyat sürməsinə əsas səbəb idi. Ağac budaqları və otlardan hörülmüş örtüklər bu insanları günəş şüalarından, qazma komalar isə qış küləyindən qoruyurdu. Hər bir düşərgənin əsas tərkib hissələrini hamam, buxarxana təşkil edirdi. Dulusçuluq sənətinə yiyələnmədən, kaliforniyalılar spiralvari toxumanın qədim texnikasını tətbiq edərək çox gözəl səbətlər hörürdülər. Söyüd ağacının köklərindən sındırılmış çubuqlarını və ya qırmızı ağacın budaqlarını təmizləyərək hörmə formasına salınaraq sümük və ya taxta iynələr ilə tikilirdi. Bunları qəhvəyi-qırmızı və ağ rənglərin vəhdətilə ikirəngli ornamentlərlə bəzəyirdilər. Toxunma o qədər sıx və möhkəm idi ki, hətta suyu belə özünə buraxmırdı. Bu cür səbətlərdə hətta qida hazırlanırdı. Od üzərində möhkəm qızdırılmış daşlar içi su ilə dolu səbətlərə xüsusi maqqaşlarla qoyulurdu. Soyumuş daşları yeniləri ilə əvəz edirdilər. Məhz, bu cəhətə görə kaliforniyalıları "daşbişirənlər" də adlandırırdılar. Kaliforniyalı hindular tikişi bacarmadıqlarına görə çox yüngül geyinirdilər: kişilər maral dərisindən hazırlanmış yan sarğılardan, qadınlar isə ağac qabığı, lifindən qısa yubkalar geyinirdilər. Yalnız ağsaqqallar, xüsusi hallarda quş lələklərindən hazırlanmış plaşlar geyinmək hüququna malik idilər. Kaliforniyalı hindular Şimali Amerikanın qədim sakinlərinin daha primitiv qrupuna məxsus idilər.
Şimali Amerikanın Şərq vilayətlərində yaşayanlar
redaktəŞimali Amerikanın şərq vilayətlərində yaşayan irokez, delavarlar, magikan, mosgen tayfaları Missisipidən başlamış Atlantik okeanına qədərki meşəliklərdə məskunlaşmışlar. Onlar oturaq həyat tərzi keçirirdilər. Bu tayfalar ovçuluq, balıqçılıq, yığıcılıq məşğuliyyəti ilə yanaşı, kərkiçiliklə də (bostançılıq) məşğul olurdular. Qitədə torpaq təsərrüfatının təşəkkülü hələ b.e.ə. 6500–1500-cü illərdə baş vermişdir. Təsərrüfatçılar lobya, yunan qabağı, qarğıdalı, günəşəbaxan, balqabağ, qarpız yetişdirməklə məşğul olurdular. Onların qidasına yırtıcılar istisna olmaqla digər vəhşi heyvanların əti, meşənin yeməli bitkiləri və s. daxil idi. Sevimli şirniyyat növləri ağcaqayın şirəsindəki patka (tam şəkərləşməmiş nişastadan ibarət qəliz maddə) və şəkər idi. Bunlardan kefləndirici içkilər hazırlanırdı. Qoz və ayı yağı kimi məhsullardan da istifadə olunurdu. Şərq vilayətlərinin sakinləri sənətkarlıqları ilə şöhrət tapmışdılar: lələklər, hörmə, dulusçuluq, toxuculuqla məşğul olan sənətkarlar başlıca yer tuturdu. Parçaları sənətkarlar gicitkən, oduncaq qabığı, hind toyuğunun lələkləri və ya tükündən hazırlayırdılar. Ən maraqlısı isə bu sənətkarların tozağacının qabığı ilə işləmək ustalığı idi. Bundan səbət, maye məhsullarını saxlamaq üçün xüsusi qablar, mücrülər hazırlamaqla yanaşı, kanoe (yüngül idman qayığı) və kağız da istehsal olunurdu. Məhsullar üzərinə həkk olunmuş piktoqrafik yazılar yazının təşəkkülündən xəbər verir. Bu cür yazı xronikasına "gerçək rəngkarlıq" mənasını verən "Valam olum" yazısı aiddir. Mürəkkəb informasiya verən əşyalardan biri də vampum adlanan bel toqqaları idi. Bu toqqalar qiymətli, dəyərli mal sayılırdı. Toqqanın xüsusi məsamələrində rəsmi sənədlər qeydə alınırdı. Belə sənədlərdən biri 1682-ci ildə hindular ilə Şimali Amerikada ingilis müstəmləkəsinin əsasını qoyan Vilyam Pennon ilə torpaq haqqındakı saziş idi ki, bu indiyə qədər saxlanılmaqdadır. Ərazinin qonaqpərvər və əliaçıq əkinçiləri yeri gələndə irokezlər liqasına uyğun intizam və nizamlı, məğlubedilməz əsgərlərdən ibarət bir ordu yarada bilərdilər. Onlar özlərini "uzun evin adamları" adlandırırdılar. Çünki irokezlər 100 adamı tutan və çox otaqdan ibarət qabıqdan tikilmiş evlərdə yaşayırdılar. Amerikalılar irokezlərlə fəxr edirdilər.
Bu tayfalarda qadının cəmiyyətdəki rolu və statusuna yüksək qiymət verilirdi, xüsusilə, qadının ana olması ən şərəfli hadisə kimi dəyərləndirilirdi. Qadını təhqir və ya töhmət etmək, təbiətin, həyatın özünə qarşı çıxış etmək kimi qarşılanırdı. Ona görə də ailədə əsas icraçı sima qadın hesab edilirdi. Məhz icraçı qadın və analar şurası qəbilənin hərbi ağsaqqalını seçirdi. Birlikdə onlar tayfanın şurasını təşkil edirdilər.
Böyük Düzənlik hinduları
redaktəŞimali Amerikada məskunlaşmış Böyük Düzənlik (preriya, yəni çöl, düz) hinduları – appaçilər, navaxo, komançe və digərlər avropalıların yaddaşına canilər kimi həkk olunmuşdur. Xüsusilə onların döyüş zamanı sifətlərinin rənglənməsi, əllərində saçı ilə birgə insanın baş dərisinin çıxarılması onların qəddar olması təsəvvürünü yaradırdı. Preriya sakinlərinin piylə qarışdırılmış boyalardan hazırlanmış qarışığın dəriyə çəkilməsi adətən çox geniş yayılmışdı. Bu təkcə insanın bəzədilməsini deyil, həm də qoruyuculuq funksiyasını yerinə yetirirdi. Rənglərə boyanmış bədən guya müvəffəqiyyət qazana biləcəyi inamı təlqin edir, digər tərəfdən isə, bədən zəhərli təsirlərdən qorunurdu. Bu həm də hindunun qəbiləsi, tayfası, sosial mənsubiyyəti, habelə şəxsi keyfiyyətləri haqqında da məlumat verirdi. Hərbi rənglənmə döyüş zamanı həm düşməni, həm də bəd, şər ruhları qorxutmaq məqsədinə qulluq edirdi. Qırmızı rəngə daha çox üstünlük verildiyindən hindular "qırmızıdərilər" kimi də adlandırılır.
Döyüş zamanı bu hinduların düşmənin saçı ilə baş dərisinin soyulub ələ götürülməsi hərbi vuruşun əsas məqamlarından hesab edilirdi. Hinduların təsəvvürünə görə düşmənin saçı ilə birgə baş dərisinin soyulması malik qüvvəyə, sehrə malik idi. Bununla guya onlar özlərinə sağlamlıq, mənəvi ruh və güc qazanırdılar. Qətlə yetirilmiş düşmən nə qədər güclü, qiymətli olarsa, magik, sehrli qüvvə də bir o qədər dəyərli, güclü hesab edilirdi.
İnsan ovu hərbi dövrün səciyyəvi xüsusiyyətlərindən hesab edilirdi. Adi günlərdə preriya hinduları bizon ovlayır, əkinçilik və sənətkarlıqla məşğul olmur, adətən heyvan sürülərinin ardınca gedərək, əldə etdikləri qənimətləri itlər üzərində daşıyırdılar. Bu hindular ovu əlləri ilə, ox-kaman, nizə ilə piyada həyata keçirirdilər. Bizonları ayaqdan vurmaq vacib sayılırdı. Bu cür ov çox çətin, təhlükəli olsa da, ondan əldə edilən qənimət bir o qədər dəyərli idi. Belə ki, bizonlar qida ilə yanaşı, piyindən yanacaq, dərisindən geyim, səyyar ev, qayıqlar hazırlanmasına görə çox qiymətli ov məhsulu idi. Köçəri ovçuluq məişəti ilə yanaşı salnaməçilik də özünəməxsus şəkildə təşəkkül tapmışdır. Dəri üzərində çəkilmiş təsvirlər il ərzində görülmüş işlərin, baş vermiş hadisələrin hesabatını xatırladırdı. Rəmzlərdən geniş istifadə olunur, təsviri sənət inkişaf etməyə başlayırdı. Dəri üzərində toxuma, onun rənglənməsi əsas sənət sahəsi hesab edilirdi.
Din
redaktəRegionun əhalisinin dini heykəltəraşlıq nümunələrinə papiros qəlyanlarını aid etmək olar. Bunlar müxtəlif ölçü və formada hazırlanaraq ritual xarakteri kəsb edirdi. Bu haqda, hətta belə bir əfsanə də mövcud idi ki, guya qəlyan insanlara ildırım vasitəsilə verilib ki, onlar bundan müqəddəs ruhların çağırılmasında istifadə etməklə özləri ilə həmin qüvvələr arasında əlaqə yarada bilsinlər. Ona görə də qəlyan həm müdafiə, həm də ruhların rəmzi hesab edilirdi. O, öz qüvvə və enerjisi ilə insanları mühafizə və müdafiə edirdi. Onun adı elə belə də adlanırdı – Sülh Qəlyanı. Bu əşyaya sahib olanlar bütün hindu tayfalarının dostu hesab edilirdi və qəbilələri səyahət etmək səlahiyyətinə malik idi.
ABŞ-nin cənub-qərb hissəsinin şimalında məskunlaşan sonuncu sakinləri qrupunu pueblo adlandırırdılar. Bu söz ispanca "əhali", "xalq" mənasını verir. Bunlara zuni, xoxokam, xöpi və d. daxil idi. Həmin qrupun məskunlaşdığı vilayət və tikililər də Pueblo adlandırılırdı. Pueblolar minə yaxın insanı əhatə edə bilən çoxsaylı tipik ailələr üçün yaşayış yerləri idi. Xaricdən şaquli divar, daxili divardan isə, amfiteatrı xatırladan pillələr yaşayış yerləri təsəvvürü verən bağlı həyat mənzərəsini yaradırdı. Puebloların hamısında torpaq və ovçuluq təsərrüfatları mövcud idi. Buradakı insanlar öz mühəndis və aqronomları ilə məşhur idilər. Bu hinduların zəhməti nəticəsində bütün səhralar gülzara çevrilir, balqabaq, pambıq, qarğıdalı, lobya kimi məhsullar yetişdirilirdi. Tüklərindən bəzək, müxtəlif adət-ənənələrdə istifadə üçün nəzərdə tutulan ev heyvanlarından it və hind toyuğu da saxlanılırdı. Cənub-qərbin sakinləri yaxşı təsərrüfatçı, inşaatçı olmaqla yanaşı, əvəzsiz sənətkarlar idi. Xüsusilə bu sənətkarların dulusçuluq məhsulları öz bədii dəyərinə görə regionun ən gözəl sənət nümunələri idi. Bu nümunələr çəhrayı, sarı, açıq sarı rəngə boyanmış çox zərif və incə formalı, gözəl təsvirə malik, müxtəlif, antropo və zoomorf fiqurlarla bəzədilmiş məhsullar idi. Bu dulusçuluq nümunələrinin Qədim Şərq və Avropa sənətkarlarının hazırladıqları məhsullarla müəyyən oxşarlığı hiss olunmaqda idi. Yüksək səviyyədə hazırlanmış bu gil məhsullar insanlardan yüksək peşəkarlıq və sənətkarlıq tələb edirdi. Bunların istehsalı həm də çox vaxt tələb edirdi. Hazırlanmış bu nümunələr təkcə məişət əşyaları deyildi, burada hinduların fəlsəfi dünyagörüşü və təsəvvürləri öz təzahürünü tapırdı. Bu əşyaların bəzədilməsində Kosmosun təsviri qədim hinduların həyat haqqında düşüncələrərindən xəbər verirdi. Hindular bu mənada dulusçuluğu Dünyanı yaradanın — Allahın sənəti kimi dəyərləndirir və peşəyə xüsusi məhəbbətlə yanaşırdılar. Pueblolar arasında toxuculuq sənəti də populyarlıq əldə etmişdi. Onların hazırladıqları örtüklər, çiyinliklər, toqqa, döş önlükləri, yubkalar indiyə qədər şöhrətini itirməmişdir.
Cənub-qərb hinduları
redaktəCənub-qərb hinduları cəmiyyətində ana xətti üstünlük təşkil edirdi. Lakin buna baxmayaraq ailə başçısı ata hesab edilirdi.
Şimali Amerika hindularının müxtəlif həyat tərzi bir-birindən fərqlənən dini görüşlərin formalaşmasına təsir göstərmişdir: köhnə ovçuluq dinləri və yeni əkinçilik dinləri.
Birinci dini təsəvvürlərdə hindu ovçuluq üçün ona zəruri olan kömək və müdafiəni fövqəltəbii qüvvələrdə təkbaşına axtarırdı. Yalnız qeyri-adi, ekstremal hallarda hindu təbibə, kollektiv ritualın köməyinə müraciət edirdi. Aqrar cəmiyyətlərdə isə, əksinə, fərdiçilik deyil, kollektivizim, ritualizm aparıcı xətt kimi təzahür tapmışdır. Nailiyyət ümumi tayfa üzvlərinin birgə səyi ilə qazanılırdı.
Məişət və ritual tərzinin müxtəlifliyinə baxmayaraq hinduların birləşməsi üçün müəyyən əsas mövcud idi. Bu əsas İlahi təbiət, Allah və insanların birliyi, bütün canlı və cansızların yaradıcısı olan İlahi köklərin olması ilə izah edilirdi. İnsanın vəzifəsi gözəllik və nizamı pozmamaq şərtilə yeni bir sivilizasiya yaratmaqdır.
Hinduların inamlarına görə Kainat üç əsas təbəqədən ibarətdir:
1) ali təbəqə – səmavi;
2) alt təbəqə – yeraltı;
3) orta təbəqə – yer üstü.
Bu təbəqələri birləşdirən Dünya Ağacı kosmos modeli və əlaqə rəmzidir. Onun kökləri cəhənnəmə gedir, çətirləri səmaya çatır, gövdəsi onları birləşdirərək eyni vaxtda insan dünyasını təmsil edir.
Kainatın bütün təbəqələri mərkəzdə yerləşən fövqəlallah fiqurunun ətrafında düzülmüşlər. Bunu çox zaman "Naş Ata" adlandırırlar. Qeyd etmək lazımdır ki, ayrı-ayrı tayfa və xalqlarda bu ayrı adla da çağrılır (Məsələn, şoşonlar Tam Apo, lakotasiular Yakan Tanka, zunilər Auonavilon və s. adlandırırlar.) Ali varlıq öz gücünü ulduz, ay, günəş vasitəsilə ifadə etmək qüdrətinə malik idi. Bu varlıq dünyanı, insanı yaratmış, kainatı idarə etməklə, ilbəil onu təzələyir. Onun yanında həyatın davamına, gedişinə kömək edən digər allahlar da mövcuddur: Günəş-Ata, Ay-Ana, Yer-Ana, həmçinin Şimşək, Yağış, Külək allahları və s. Bunlar həm xeyir, həm də şər işlər törətməyə qadirdir. Həmçinin insana yaxın olan çox sayda digər İlahi ruhlar da mövcuddur. Onlar müxtəlif formalara girməklə, müxtəlif xeyir və şər qüvvələrə malik ola bilirlər. Onlar Yerin hər tərəfində məskunlaşmışlar. Onların daha çox məskunlaşdıqları məkan dağlar, sular, meşələr, qeyzerlər və s. idi. Hinduların ətrafında daim ölən hinduların kölgələri fırlanır. Bütün bu deyilənlər qədim hinduların Kainat haqqındakı dini görüş və inamlarıdır. Fövqəltəbii qüvvələrin dünyası insanı daim həyat yollarında müşayiət edir, onlar insanlara müxtəlif yerlərdə istənilən zaman kömək etməyə hazır idilər. Bu qüvvələrlə hinduların əlaqələrinin, münasibətlərin yaranmasında dualı lələklər, qırmızı söyüd ağacından hazırlanmış dualı əsalar mühüm yer tutur. Adətən onu əldə saxlayıb sehrli sözləri ifadə etməklə yerə sancırlar.
Hindu tayfalarının həyatında şamanlar xüsusi rol oynayırdı. Onlar kahin, həkim, filosof, təbib, ekstrasens, cadugər funksiyalarını yerinə yetirirdilər. Şamanlar şəxsi arzularından çıxış edərək müəyyən üsulları yerinə yetirməklə (qarğışlar oxumaqla, təbil, tütək çalmaqla, rəqs etməklə) özünü ruhlarla əlaqəli olan xüsusi ruhi aləmə gətirir. Bunların vasitəsilə şaman gizli aləmə daxil olaraq başqalarına kömək etmək üçün biliklər əldə edir. Bu "fəaliyyət" çox qorxulu bir hadisə hesab edilirdi, çünki magik qüvvələrlə qeyri-düzgün rəftar, ruhlarla düşünülməmiş münasibət xəstəliklə, hətta ölümlə də nəticələnə bilərdi.
Hinduların dünyagörüşlərində yaranış haqqındakı əsatir başlıca yer tuturdu. Bu əsatirdə nəql olunur ki, bir dəfə Ata-Səma (və ya Ata-Günəş) ibtidai dünyaya dumanlar içərisindən gəlmiş və Ana-Yer ilə yaşamağa başlamışdı. Nəticədə – Yerin ən dərin qatında həyatın başlancığı qoyulur. Bu, müəyyən dərəcədə insan mənşəli varlıqlar idi. Səma övladları insanları işıqlı dünyaya gətirənə qədər dünya boş idi. İnsan mənşəyindən olanlar bir-birini dərk etməyə başlayırlar. Daha sonra planetin ibtidai sakinlərinin bir çoxu heyvan və quşlara çevrilir. Ancaq insanlar özlərinin ilkin simalarını saxlayırlar.
Qədim hinduların həyatında totemlər aparıcı həyat vasitəsi hesab edilirdi. Belə ki, bu tayfalar heyvan və quş aləmini dərindən sevir və onları öz hərəkət və geyimlərində təqlid edirdilər: özlərini quş tükü və lələkləri ilə, heyvan quyruqları ilə bəzəyir, onların hərəkətlərini rəqslərlə ifadə etməyə çalışırdılar. Belə hesab olunurdu ki, onlar magik xüsusiyyətlərə, qüvvəyə yiyələnirlər. Belə ki, ayı daxili güc, dovşan nailiyyət, bayquş sehr, ilan primitiv enerji, maral qaçış zamanı cəldlik bəxş edir. Hər bir qəbilə kollektivinin onu himayə edən heyvanı var idi. Ona görə də Bəbir, Şahin, Bizon qəbilələri adı altında qruplar mövcud idi. Bu heyvanlar qohum kimi dərk olunaraq totemlər adlandırılırdılar. Onların şərəfinə bayram, təntənələr qeyd olunur, müxtəlif ifalar həyata keçirirdilər.
Hinduların dünyagörüşündə həyatın inkişafı üç mühüm komponentin – təbiət, insan və fövqəltəbii qüvvələrin nisbətindən doğurdu. Bu işdə müqəddəs görüntülərə başlıca yer verilirdi. Bunun baş verməsinə kömək edən bir çox vasitələrdən — psixi təsiredici bitkilərdən, məsələn, kaktusun kiçik növləri olan meskal və peyotdan istifadə olunurdu. Bu bitkilər Texas və Meksika ştatında bitirdi. Guya bu bitki insanı ruhi aləmə daxil olmağa və öz himayəçi ruhunu görməyə kömək edir. Belə hesab edilirdi ki, əgər ruh kiminsə gözünə görünüb, onunla danışırsa, deməli, ruh həmin adama himayədarlıq etmək istəyir. Ruh özünəxas keyfiyyətləri himayəyə götürdüyü şəxsə ötürür, onu öz mahnı və rəqsləri ilə təmin etdirir.
Şimali Amerika hinduları qəti əmin idilər ki, kimin himayəçi ruhu yoxdur, deməli, o kəs həyatda müvəffəqiyyətdən məhrumdur. Yuxarıda qeyd edilən kimi, Şimali Amerika hindularının dünya haqqındakı düşüncə və təsəvvürləri əsatir və əfsanələrdə öz əksini tapmışdır. Elə bir təbiət qüvvəsi yox idi ki, o öz poetik təcəssümünü tapmasın. Hinduların təbiətə olan incə və həssas duyğulu hissləri elə buradan başlayırdı.
Əsatir və əfsanələrdə nəqletmə dili elə hinduların mənəvi aləmləri kimi zəngin və obrazlı idi. Mətnlərdə "Məhəbbət", "Sevgi" sözlərinin tez-tez işlənilməsi onların daxili zənginliyindən xəbər verir. Poetik nümunələrdə sədaqət, məhəbbət, sevgi aparıcı ideya, bədii motiv rolu oynayırdı. Qızın valideynlərinə sədaqətindən danışan "Boz rəngli alaqapı", ata borcundan bəhs edən "Sivaş qayası", qadın sədaqətindən bəhs edən "Yeddi ağ qu quşu" əfsanələrinin adlarını çəkmək olar.
Hindu xurafat ədəbiyyatı xüsusilə böyük maraq doğurur. İnsan qəlbinə təsir edən xeyir və şərin nağılından bəhs edən əsərlər də çox maraqlıdır. Bu əsərlərdə ədalətlik qanunlarına, əsasən kafir, qəddar, qaniçən insanlar daşa çevrilir, məhəbbət, xeyirxahlıq isə, əbədi yaşayaraq insanlara gözəllik bəxş edir. "Stenli-Parkdan olan cadugər" adlı əfsanə, məhz belələrindəndir. Xeyirxahlıq hindular tərəfindən ləyaqət, comərdlik timsalı kimi dərk edilirdi. Hinduların düşüncəsinə görə, dünyadakı hər şey xeyirxah insanların ixtiyarındadır.
Əfsanələrdə nifrət doğuran bir çox insan keyfiyyətləri – tamahkarlıq, acgözlük, xəsislik də ifşa edilir. Məsələn, irokez tayfalarında yeməyin qonşuda deyil, öz evində olması eyib sayılan əxlaqi normalardan biri hesab edilirdi. Hindu əxlaqına görə asan, zəhmətsiz qazanc, gəlir ən mənfi mənəvi keyfiyyətdir.
Şimali Amerika hindu əfsanə və əsatirlərində qarğa obrazı sehrlənmiş insan təsəvvürünü verir. Bəzi əsatirlərdə bu obraz, hətta yaradıcı fövqəltəbii başlanğıc kimi də təsvir olunur. Hinduların bütün nağıl, əfsanə və əsatirlərində insan qəlbinin ən ali istək və arzuları təcəssüm olunur. Bütün bunlarla hindu xalqının gözəl mənəviyyatı, daxili dünyası öz təzahürünü tapır.