Sotlandiya Leyboristler Partiyasi - Wikipedia
Şotlandiya Leyboristlər Partiyası (ing. Labour Party of Scotland) — Şotlandiyada kiçik milliyətçi siyasi partiya. 1970-ci illərin əvvəllərində fəal idi. Şotlandiya Milli Partiyasının (ŞMP) Dandi şöbəsindən solçu təfqirəçi partiya kimi formalaşan Şotlandiya Leyboristlər Partiyası 1973-cü ildə Dandi-İst aralıq seçkilərində iştirakı ilə tanınır. Onun seçkilərə müdaxiləsi milliyətçi seçiciləri bölmüş və bu da nəticədə ŞMP-nin parlamentdə yer qazanmamasına gətirib çıxarmışdır. İki ay sonra partiya Dandi Şəhər Şurası seçkilərində iştirak etmiş, lakin uğursuz nəticələr əldə etmişdir. Qısa müddətdən sonra partiya ləğv edilmiş və 1974-cü ilin əvvəlində onun üzvlərinin əksəriyyəti ŞMP-yə qayıtmışdır. Bu dövrdə ŞMP-nin Şimal dənizinin neftli-qazlı hövzəsi ilə bağlı kampaniyaları Şotlandiyanın şəhərlərdə yaşayan seçiciləri arasında populyarlıq qazanmışdır. Şotlandiya Leyboristlər Partiyası heç vaxt rəsmi siyasi təmsilçiliyi olmamışdır.
Şotlandiya Leyboristlər Partiyası Labour Party of Scotland | |
---|---|
Quruluş tarixi | 1970-ci illərin əvvəlləri |
Dağılma tarixi | 24 may 1973 |
Baş qərargah | |
İdeologiya |
Fəhlə hərəkatı Şotlandiya milliyətçiliyi |
İdeoloji spektr | solçuluq |
ŞMP-nin ovaxtkı lideri Vilyam Vulf Şotlandiya Leyboristlər Partiyasının yaradılmasını yerli siyasətçilərin etdiyi fürsətçilik kimi qiymətləndirmişdir. Bu siyasətçilər arasında partiyanın ən görkəmli üzvü Corc Maklin də var idi. Maklinin 1979-cu il aralıq seçkilərində rəqibi Qordon Vilson Vulfun davamçısı olmuşdur.
Tarixi
redaktəQurulması
redaktəŞotlandiya Leyboristlər Partiyası 1970-ci illərin əvvəllərində Dandidən olan təfqirəçi bir qrup kimi Şotlandiya Milli Partiyasının (ŞMP) narazı fəalları tərəfindən təsis edilmişdir.[1] ŞMP-nin ovaxtkı lideri Vilyam Vulf bu parçalanmanın heç bir ideoloji fərqlilikdən qaynaqlanmadığını bildirmiş, əvəzində isə bunun yeni qrupun liderlərinin öz lokal siyasi karyeralarını irəliyə aparmaq məqsədilə partiyanı tərk etmələri ilə bağlı yaranan mübahisəyə görə olduğunu əlavə etmişdir. Bununla belə, tarixçi Piter Linç bu kiçik partiyanın ŞMP-dən daha radikal olduğunu qeyd etmişdir. Şotlandiya Leyboristlər Partiyası ümumiyyətlə solçu mövqedən çıxış edirdi və Şotlandiyada fəhlə hərəkatını güclü şəkildə dəstəkləyirdi.[2] Partiya 1971-ci ildə Qlazqoda yaradılmış və özünü "Şotlandiya Leyboristlər Partiyası" adlandıran fərqli bir qrup əsasında modelləşdirilmişdir. Buna baxmayaraq, bu fraksiya tezliklə Dandi qrupuna aidiyyəti ilə bağlı iddiaları təkzib etmişdir. Hər halda, Dandidə təsis edilmiş partiya öz təşkilatını inkişaf etdirməyə başlamış və ofis sahəsi icarəyə götürmüdür.[3]
Aralıq seçkiləri
redaktəŞotlandiya Leyboristlər Partiyasının baş qərargahı Qlazqoda yerləşən oxşarı yalnız Qlazqo Korporasiyası üçün keçirilən seçkilərdə iştirak etsə də, [4]artıq daha böyük olan, Dandidə mərkəzləşmiş partiya Birləşmiş Krallıq parlamentində yer əldə etmək uğrunda mübarizə aparmağa başlamışdı. Corc Tomsonun 1973-cü ilin yanvarında Avropa komissarı təyin edildiyinə görə o, Dandi-İst seçki dairəsindəki vəzifəsini tərk etməli olmuşdur. Bu, iki ay sonra aralıq seçkilərinin keçirilməsinə səbəb olmuşdur.[5] Şotlandiya Leyboristlər Partiyası öz namizədi kimi Corc Maklini seçmişdi.[1] Bu seçkilərdə onun rəqibləri Leyboristlər Partiyasından Corc Maçin, ŞMP-dən Qordon Vilson[6] və Mühafizəkarlar Partiyasının namizədi Vilyam Fitscerald idi.[7] Eyni dərəcədə nikbin olan, Liberal Partiyadan namizəd Nataniel Qordon kampaniyası zamanı Ceremi Torpu şəhərə gətirmişdir.[8] Leyboristlərin səs payının 15,6% azalmasına baxmayaraq, rəqabətli seçkilərdə Corc Maçin 1,141 səs toplayaraq əksər səsləri qazanmış, parlamentdə yer əldə etmişdir. Bu, böyük ölçüdə ŞMP-nin seçkilərdə daha uğurlu çıxış edərək öz seçici kütləsini 21,2% artırması ilə bağlı idi.[9] Odur ki, ŞMP-nin seçki kampaniyasının daha uğurlu olması partiyanın Şimal dənizinin neftli-qazlı hövzəsinin şəhər əhalisnin xeyrinə Şotlandiya tərkibində saxlanılmasına çağırışlar etməsinə əsaslanırdı.[10] Oxşar platformadan həmin ilin sonunda keçirilən Qlazqo-Qovan aralıq seçkilərində istifadə edilmişdir. Burada Marqo MakDonald müvəffəqiyyətlə İcmalar palatasına seçilmişdir.[10][11]
Politoloq Devid Butroyd hesab etmişdir ki, Şotlandiya Leyboristlər Partiyasının Dandidə keçirilən aralıq seçkilərinə müdaxiləsi milliyətçilərə verilən səsləri bölmüş və oxşar nailiyyətin qarşısını almışdır. Odur ki, Maklinin qazandığı 1,409 səs Maçinin ŞMP-dan olan rəqibi Qordon Vilsondan çox idi.[1] Butroyd daha sonra əlavə etmişdir ki, "seçicilərin partiyanın mənşəyindən əmin olması şübhəlidir". Buna baxmayaraq, ŞMP-nin 1973-cü ildə keçirilən hər iki aralıq seçkilərində qazandığı populyarlıq "Bu, Şotlandiyanın neftidir" siyasi kampaniyasına müqəddimə rolunu oynamışdır.[12] Kampaniya o vaxtdan partiyanın Şotlandiyanın müstəqilliyi üçün iqtisadi arqumentləri ilə sinonim halına gəlmişdir.[13]
Şura seçkiləri və ləğvi
redaktə2 may 1973-cü ildə Dandi Şəhər Şurasına seçkilər başlamışdır. Şotlandiya Leyboristlər Partiyası şəhərin 12 rayonundan səkkizində ümumilikdə doqquz namizəd irəli sürmüşdü. Maklin yenə Daunfield rayonundan namizəd olmuş, 242 səs (ümumi səslərin 6,1%-i) toplayaraq partiyanın ən yaxşı nəticəsini əldə etmişdir. Kamperdaunda iki partiya namizədindən biri olan MakQarri 123 səs (ümumi səslərin 1,6%-i) əldə edərək ən uğursuz nəticəni ortaya qoymuşdur.[14] Partiyanın namizədlərindən heç biri şəhər şurasına seçilməmişdir və bu səbəbdən partiya 22 gün sonra səssizcə ləğv edilmişdir.[15][14] Bu qərar "milli hərəkat vahid cəbhə təqdim etsin" deyə daha əvvəl onun tərkibində olmayan və Qlazqoda yerləşən partiya ilə birgə qəbul edilmişdi. Şərhçilər Endrü Mürrey Skott və İen Makley bu qərarın arxasındakı səbəb kimi sadəcə olaraq "qrupların heç birinin uğurlu olmaması"nı göstərmişdir.[15] Yeddi lehinə və yalnız bir əleyhinə səs ilə partiya ləğv edilmişdir. Şotlandiya Leyboristlər Partiyasının keçmiş üzvlərinin çoxu lazımi qaydada ŞMP-yə qayıtmış, bəziləri hətta partiyanın pirat radiostansiyası olan "Radio Free Scotland" tərkibində çalışmışdır.[1][15] Daha kiçik olan Dandi qrupunun müdaxiləsi olmadığından Qordon Vilson növbəti ilin fevralında keçirilən parlament seçkilərində Dandi-İst seçki dairəsindən millət vəkili seçilmişdir. O, eyni zamanda, partiyanın sədr müavini vəzifəsində çalışmışdır.[16][17] Vilson bundan sonra, 1979–1990-cı illərdə Vilyam Vulfun davamçısı kimi ŞMP-nin lideri vəzifəsində xidmət etmişdir.[17][18]
Seçki nəticələri
redaktəİcmalar palatası
redaktə1973-cü il Dandi-İst aralıq seçkiləri[9] | |||||
---|---|---|---|---|---|
Partiya | Namizəd | Səslər | % | ±% | |
Leyboristlər | Corc Maçin | 14,411 | 32.74 | -15.60 | |
ŞMP | Qordon Vilson | 13,270 | 30.15 | +21.22 | |
Mühafizəkarlar | Vilyam Fitscerald | 11,089 | 25.19 | -17.17 | |
Liberal | Nataniel Qordon | 3,653 | 8.30 | N/A | |
Şotlandiya Leyboristlər Partiyası | Corc Maklin | 1,409 | 3.20 | N/A | |
Bitərəf | Con S. Tomson | 182 | 0.41 | N/A | |
Əksəriyyət | 1,141 | 2.59 | -3.39 | ||
İştirak | 44,014 | 70.0 | -5.97 | ||
Leyboristlər | Yellənən | -18.41 |
Bələdiyyə
redaktəRayon | Namizəd | Səs sayı | Səs %-i | Nəticə |
---|---|---|---|---|
Kerd | C. Feyrvezer | 134 | 3.5 | Məğlubiyyət |
Kamperdaun | A. M. Donaldson | 227 | 3.0 | Məğlubiyyət |
Kamperdaun | D. MakQarri | 123 | 1.6 | Məğlubiyyət |
Kregi | C. MakKenzi | 209 | 4.6 | Məğlubiyyət |
Duqlas | H. Danninq | 94 | 2.0 | Məğlubiyyət |
Daunfild | C. Maklin | 242 | 6.1 | Məğlubiyyət |
Harbor | L. MakKvin | 81 | 2.8 | Məğlubiyyət |
Hilltaun | C. Aleksandr | 57 | 2.6 | Məğlubiyyət |
Loxi | D. MakTaqqart | 112 | 2.3 | Məğlubiyyət |
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 Boothroyd, 2001. səh. 138
- ↑ Lynch, 2002. səh. 127
- ↑ Scott, MacLeay, 1990. səh. 61
- ↑ "Labour gain four seats in Glasgow" [Leyboristlər Qlazqoda dörd yer qazandı]. The Glasgow Herald. 2 may 1973. səh. 2.
- ↑ Smout, 1992. səh. 216
- ↑ William. "East Dundee voters may upset form book" [Dandi-İst seçiciləri seçki kitabını poza bilərlər]. The Glasgow Herald. 1 mart 1973. səh. 3.
- ↑ "Tory choice for East Dundee" [Torilərin İst-Dandi üçün seçimi]. The Glasgow Herald. 30 noyabr 1972. səh. 13.
- ↑ Clark, William. "Dundee Tory gives pledge to yard men" [Torilərdən Dandi namizədi həyətlilərə söz verir]. The Glasgow Herald. 27 February 1973. səh. 3.
- ↑ 1 2 Craig, 1983. səh. 582
- ↑ 1 2 Fitjar, 2009. səh. 112
- ↑ Smout, 1992. səh. 217
- ↑ Smout, 1992. səh. 216–217
- ↑ Steven, Brocklehurst. "Who has a right to claim North Sea oil?" [Şimal dənizinin neftli-qazlı hövzəsini kimin tələb etmək hüququ var?]. BBC News. 16 aprel 2013. 27 dekabr 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2022.
- ↑ 1 2 3 "Labour still in majority in Dundee" [Leyboristlər Dandidə hələ də əksəriyyəti təşkil edir]. The Glasgow Herald. 2 may 1973. səh. 2.
- ↑ 1 2 3 Scott, MacLeay 1990. səh. 61
- ↑ Waller, 1983. səh. 525
- ↑ 1 2 Lynch, 2002. səh. 156
- ↑ Lynch, 2002. səh. 192
Ədəbiyyat
redaktə- Boothroyd, David. Politico's Guide to the History of British Political Parties ["Politico"nun Britaniya siyasi partiyalarının tarixinə dair bələdçisi]. London: Politico's Publishing. 2001. ISBN 1-902301-59-5.
- Craig, Frederick Walter Scott. British Parliamentary Election Results, 1950–1973 [Birləşmiş Krallıqda parlament seçkilərinin nəticələri. 1950–1973-cü illər] (2). London: Parliamentary Research Services. 1983. ISBN 978-0-90-017827-6.
- Fitjar, Rune Dahl. The Rise of Regionalism: Causes of Regional Mobilization in Western Europe [Regionalizmin yüksəlişi: Qərbi Avropada regional səfərbərliyin səbəbləri]. London: Routledge. 2009. ISBN 978-1-13-520330-6.
- Lynch, Peter. SNP: The History of the Scottish National Party [ŞMP: Şotlandiya Milli Partiyasının tarixi]. Cardiff: Welsh Academic Press. 2002. ISBN 978-1-86-057003-2.
- Scott, Andrew Murray; MacLeay, Iain. Britain's Secret War: Tartan Terrorism and the Anglo-American State [Britaniyan;n gizli müharibəsi: Tartan terrorizmi və Anqloamerikan dövləti]. Edinburgh: Mainstream Publishing. 1990. ISBN 978-1-85-158306-5.
- Smout, T. Christopher. Scotland and the Sea [Şotlandiya və dəniz]. Maryland: Rowman & Littlefield. 1992. ISBN 978-0-85-976338-7.
- Waller, Robert. The Almanac of British Politics [Britaniya siyasətinin almanaxı] (2). London: Croom Helm. 1983. ISBN 0-7099-2789-4.