Srek - Wikipedia
Şrek 1 (ing. Shrek) — 2000-ci il ABŞ istehsalı cizgi filmi. Animasiyası “DreamWorks Animation” studiyası tərəfindən hazırlanmışdır. Film Vilyam Steyqin 1990-cı ildə yazdığı eyniadlı rəsmli uşaq kitabının motivləri əsasında çəkilmişdir. Filmin rejissorları Endrü Adamson və Viki Censondur. Bu “Şrek” seriyasının ilk filmidir. Personajlar Mayk Mayers, Eddi Mörfi, Kameron Diaz və Con Litqou tərəfindən səsləndirilib. Filmdə qaş-qabaqlı oqr olan Şrek aşkar edir ki, onun sahib olduğu bataqlıqlar zalım hökmdar Lord Farkuad tərəfindən sürgün edilmiş nağıl qəhrəmanları tərəfindən ələ keçirilib. O, bu varlıqların başqa yerə köçürülməsini tələb etmək üçün Farkuadın yanına getməyə qərar verir. Şrek ona Duloka gedən yolu göstərsin deyə əvvəllər Farkuadın mühafizəçilərindən xilas etdiyi çoxdanışan yoldaşı Eşşəyin də gəlməsi ilə könülsüz razılaşır. Lord Farkuad Şrekə söz verir ki, əgər o, Şahzadə Fionanı əjdaha ilə mühafizə olunan qaladan xilas etsə, nağıl varlıqlarını başqa yerə köçürəcək və ona evini, yəni bataqlığı geri verəcək.
Şrek | |
---|---|
ing. Shrek | |
Janr | fentezi filmi[d], kitablar əsasında film[d], baddi-film[d], macəra filmi, kino nağılı[d] |
Prodüserlər | |
Ssenari müəllifləri | |
Bəstəkarlar |
|
İstehsalçılar | DreamWorks, Pacific Data Images[d], DreamWorks Animation[d] |
Distribütor | UIP-Dunafilm[d], DreamWorks |
İlk baxış tarixi | 5 iyul 2001[2], 22 aprel 2001, 18 may 2001[3], 2001 |
Müddət | 90 ± 2 dəq. |
Büdcə | 60.000.000 $ |
Gəlir | 488.351.320 $[4], 268.163.011 $[4] |
Ölkə | |
Dil | ingilis dili |
Sonrakı film | Şrek 2 |
Rəng | rəngli |
IMDb | ID0126029 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Məşhur kinorejissor Stiven Spilberq 1991-ci ildə Vilyam Steyqin müəllifi olduğu kitabın hüquqlarını satın almışdı. Spilberq əvvəlcə kitabın motivləri əsasında ənənəvi cizgi filmi çəkməyi planlaşdırırdı. Buna baxmayaraq prodüser Con H. Vilyams onun fikrini dəyişməyi bacarır. O, 1994-cü ildə layihəni yeni yaradılmış “DreamWorks” kinostudiyasına təhvil verməyə razı salır. Elə həmin il kinostudiya Spilberqdən kitabın hüquqlarını satın alır. 1995-ci ildə Jeffrey Katzenberg, Williams və Aron Warner “DreamWorks” kinostudiyasında “Şrek” filminin istehsalına başlayırlar. İlk olaraq baş qəhrəman Şrekin səsləndirilməsi işi Kris Farliyə həvalə edilmişdi. Aktyor personajın dialoqlarının yarısından çoxunu səsləndirirsə də təəsüf ki, 1997-ci ildə filmin istehsalı başa çatmamış dünyasını dəyişir. Bu hadisədən sonra aktyor Mayk Mayers onun yerini əvəz etməsi üçün kinostudiyaya dəvət edilir. Mayk Mayers, Şrekə simvolu olan şotland ləhcəsini bəxş edir. Başlanğıcda film “motion capture” (azərb. hərəkət yaxalama) texnologiyasından istifadə edilməklə çəkiləcəkdi. Lakin sınaqlar yaxşı nəticə vermədiyi üçün bu baş tutmur. Kinostudiya filmi kompüter animasiyasından istifadə edərək tamamlaması üçün “Pacific Data Images” şirkətini işə götürür. Şrek nağıllar əsasında çəkilmiş filmləri, xüsusən də “Disney” tərəfindən çəkilmiş filmləri parodiya edir.
“Şrek”in ilk təqdimatı Vestvuddakı “Mann Village Theatre”-da baş tutdu, ardınca film 2000-ci ildə Kann Film Festivalında nümayiş olundu. Bu, böyük bir iş idi, çünki, “Şrek” filmi “Disney”in 1953-cü ildəki “Piter Pen” filmindən sonra "Qızıl Palma Budağı" uğrunda mübarizə aparan ilk cizgi filmi olmuşdu. Film “DreamWorks Pictures” tərəfindən 18 may 2001-ci ildə buraxıldı və dünya üzrə 492 milyon dollardan çox gəlir əldə edərək 2001-ci ilin ən çox gəlir gətirən dördüncü filmi oldu. Film tənqidçilər tərəfindən rəğbətlə qarşılandı, onlar filmi animasiyası, səsləndirməsi, musiqisi, senarisi və hər yaşa uyğun olan yumoruna görə təriflədilər. “Şrek” "Oskar" mükafatlarında “Ən Yaxşı Uyğunlaşdırılmış Senari” kateqoriyasında nominasiya əldə etmiş və ilk dəfə “Ən yaxşı Animasiya Filmi”nə görə "Oskar" qazanmışdır. Bunlardan əlavə film, "BAFTA" mərasimində ümumilikdə altı kateqoriyada mükafata namizəd göstərilmiş və “Ən Yaxşı Uyğunlaşdırılmış Senari” nominasiyasında "BAFTA"ya layiq görülmüşdür.
Filmin qazandığı uğurlar göstərdi ki, “DreamWorks Animation” cizgi filmlərinin istehsalında “Pixar”-a güclü rəqib ola bilər. “Şrek”in üç davam filmi çəkilmişdir — “Şrek 2” (2003), “Üçüncü Şrek” (2006) və “Əbədi Şrek” (2010). Bununla yanaşı, franşizanın digər istehsalları da mövcuddur. Bunlara daxildir iki spin-off filmi: “Çəkməli pişik” (2012) və “Çəkməli pişik: Son arzu” (2022). “Şrek” həmçinin 2000-ci illərdə çəkilmiş ən yaxşı cizgi filmi kimi yadda qaldı. 2020-ci ildə Konqres Kitabxanası “Şrek” filmini Milli Film Reyestrində saxlamağı seçdi. Bu, XXI əsrdə bu ada layiq görülmüş ilk cizgi filmidir.
Məzmun
redaktəDyulok krallığı nağıllar və əfsanələr aləmindəki personajlarla zəngindir. Bu krallığa məxsus bataqlıqda "Şrek" adlı yaşıl rəngli div yaşayır. Şrekin div olmasına baxmayaraq onun qidasını insanlar yox, həşəratlar təşkil edir, lakin bataqlıq ətrafında yaşayan insanlar onu görən zaman vahiməyə düşürlər. Dyulokun kralı bəstəboy lord Farkuad torpağında yaşayan personajları Şrekin bataqlığına göndərir. Bu səbəbdən Şrek lord Farkuadla müzakirə etmək üçün onun sarayına yollanır. Bu zaman Şrek bir müddət əvvəl cəngavərlərdən xilas edən Eşşəyi özü ilə aparır. Farkuad isə krallığın qanunu varisi olmaq üçün şahzadə ilə evlənməlidir. Bu səbəbdən Farkuad Sehrli Güzgünün göstərdiyi üç şahzadədən (birinci Ağbəniz və ikinci Zoluşka) seçməlidir. Nəhayət, Farkuad Əjdahanın mühasirəsində olan qalada yaşayan Şahzadə Fionanı seçir. Bu zaman Sehrli Güzgü Fionanın lənətli olduğunu və gecə vaxtı divə döndüyünü bildirmək istəyir, lakin Farkuad onun sözünü yarımçıq qoyur və niyyətinin qəti olduğunu bildirir. Farkuad həyatını təhlükəyə istəmir və bu səbəbdən Şahzadəni xilas edə biləcək cəngavəri tapmaq üçün döyüş turniri hazırlayır.
Şrek və Eşşək Dyulok krallığına çatan zaman böyük bir şəhərlə qarşılaşırlar. Onlar uzaqdan gələn səsləri eşidərək turnirə gəlirlər. Şrek yaxşı niyyətlə gəldiyini lord Farkuada izah etmək istəyir, lakin Farkuad onu öldürmə əmrini verir. Şrek və Eşşək isə üzərlərinə hücum edən cəngavərlərin müavimətini dəf etməyi bacarırlar. Bu səbəbdən Farkuad Şreki dinləmək məcburiyyətində qalır. Kral, o günlərdə ancaq evlənsə gerçək bir kral ola biləcəyini eşitdiyi üçün şahzadə axtarışına çıxmışdır. Farkuad Şrekə istədiyi arzusunu yerinə yetirilməsi üçün saraya şahzadəni gətirməsini söyləyir. Bunun əvəzində isə Farkuad nağıl qəhrəmanlarının onun evini tərk edəcəyini Şrekə vəd edir. Şrek Farkuadın təklifini qəbul etmək məcburiyyətində qalır.
Şrek və Eşşək Əjdahanın müqavimətini dəf edərək Şahzadə Fionanı xilas edirlər. Şahzadə illərdir həyatının eşqini gözlədiyi üçün ona başındakı zirehi çıxarmasını istəyir. Şahzadə isə onun div olduğunu görür və vahiməyə düşür. Şahzadə Fiona Şrekə söyləyir ki, əgər lord Farkuad onu həqiqətən sevirsə, onda yalnız Farkuadın onu gəlib qurtarması lazım olduğunu söyləyir və geri dönmək istəyir, lakin Şrek Şahzadəyə icazə vermir.
Uzun bir səfərin sonunda Şrek, Fionaya qarşı sevgi hisslərinin keçirdiyini başa düşür, lakin sabahısı gün saraya çatacaqlarından nə edəcəyini bilmir. Şahzadə gecə vaxtı çirkin bir hala çevrildiyini Şrekdən gizləmək üçün qaranlıq düşməmiş yatmağa məcbur olur. Eşşək Fionanın bu halını görərkən, Şahzadə ona lənətli olduğunu bildirir. Bu müddətdə Şrek çiçəklə ona eşqini etiraf etmək fikrinə düşür. Qapıdaykən Şahzadənin söhbətini eşidir, lakin şahzadənin çirkin deyə bəhs etdiyi adamın özü olduğunu düşünür və bundan çox kədərlənir. Şrek bu kədərlə bütün gecə boyunca qalaya qədər gedir və günəş doğulduğunda kralla birlikdə gəlir. Fiona isə bu səfər ərzində Şrekdən xoşlanır və ona qarşı sevgi hisslərinin keçirdiyini bildirmək istəyir, lakin Şrek Şahzadə Fionaya qəzəbləndiyi üçün ona getməsini söyləyir. Şahzadə Fiona kədərlənərək lord Farkuadla birlikdə gedir.
Şrek bataqlığına qayıtdıqdan sonra nağıl qəhrəmanlarının burada olmadığını görür. Bir müddət sonra Şrek bataqlığa qayıdan Eşşəkdən Fiona haqqında həqiqətləri öyrənir və Fionaya sevgi hisslərini bildirmək niyyətinə düşür, lakin Şahzadə Fionanın evlənməsinə çox az qalmışdır. Onlara tez bir zaman ərzində çatmaq üçün Eşşək bataqlığa Əjdahanı gətirmişdir. Şrek Farkuadın toy mərasiminə gələn zaman onun cəngavərlərinin müqaviməti ilə qarşılaşır. Sonda Şrek və Şahzadə Fiona bir-birlərinə qovuşurlar. Farkuadı isə Əjdaha udaraq, qarnında saxlayır. Şrek Fionadan lənəti aradan qaldırmaq üçün onu öpür, lakin Şrek div olduğu üçün Fiona əvvəlki gözəl halına dönmür və yenidən div halına qayıdır, lakin Şrek əvvəlki kimi ona sevgi hissləri bəsləyir və bir müddət keçəndən sonra onlar evlənirlər. Bu müddət ərzində Eşşək və Əjdaha bir-birinə aşiq olurlar.
Səsləndirənlər
redaktəAd | Rol | Qeydlər |
---|---|---|
Mayk Mayers | Şrek[5] | Div |
Kameron Diaz | Şahzadə Fiona[6] | |
Eddi Mörfi | Eşşək[7] | |
Con Litqou | Lord Farkuad[8] | |
Kodi Kameron | Pinokkio/Üç Kiçik Donuz | |
Konrad Vernon | Yumşaq adam | Külçəli oyuncaq adam |
Kris Miller | Ceppetto/Sehrli Güzgü | |
Vensan Kassel | Robert Hud |
İstinadlar
redaktə- ↑ Freebase Data Dumps. Google.
- ↑ IMDb (ing.). 1990.
- ↑ IMDb (ing.). 1990.
- ↑ 1 2 Box Office Mojo (ing.). 1999.
- ↑ Stars and Stories. "Mike Myers: how I nailed Shrek's accent". London: Telegraph. June 15, 2007. July 13, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 21, 2014.
- ↑ Itzkoff, Dave. "Mike Myers and Cameron Diaz on 'Shrek'". The New York Times. May 10, 2010. October 21, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 11, 2014.
- ↑ "Eddie Murphy: Hollywood's Million-Dollar Donkey : Tell Me More". NPR. May 2, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 21, 2014.
- ↑ Peter Bradshaw. "Shrek | Film". The Guardian. June 29, 2001. July 13, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 21, 2014.
Xarici keçidlər
redaktə- Şrekin Rəsmi saytı Arxivləşdirilib 2007-08-23 at the Wayback Machine
- Şrek — Internet Movie Database saytında