Ebulula Gencevi - Wikipedia
Əbülüla Gəncəvi[1][2][3] yaxud Əbüləla Gəncəvi[4][5] (XI əsr, Gəncə – bilinmir) — mənşəcə Azərbaycan türklərindən olan şair.
Əbülüla Gəncəvi | |
---|---|
| |
Doğum tarixi | |
Doğum yeri | Gəncə |
Vəfat tarixi | |
Fəaliyyəti | şair |
Əbülüla Gəncəvi Vikimənbədə |
Həyatı
redaktəSəlcuq türkləri Azərbaycana gələndən sonra XI–XII əsrlərdə, ölkənin Ərəb xilafətinə daxil olduğu illər ərzində toplanmış nəhəng elmi-mədəni potensialın istifadəsi üçün, elm və mədəniyyətin inkişafı üçün səmərəli sosial-iqtisadi şərait yaranmışdı. Şəhərlərdə mədrəsə və məktəblər açılır, şəxsi və ictimai kitabxanalar fəaliyyət göstərirdi. Kağız istehsalı, kitabların üzünü köçürmək və cildləmək üçün mərkəzlər yaranırdı. Rəsədxanalar, ictimai xəstəxanalar işləyir, Şamaxı, Ərdəbil, Təbriz kimi şəhərlər çiçəklənirdi. Bu şəhərlər içərisində Gəncənin xüsusi yeri və mövqeyi vardı. O zaman beş yüz mindən artıq əhali məskunlaşmış bu şəhərdə türk, ərəb, fars, alban, yəhudi, gürcü, erməni və başqa dillərdə danışıqlar eşitmək mümkündü. Nizami Gəncəvi təsadüfən "Mənim Babilim" deyə öymürdü. Bir çox ölkələrdən buraya tacirlər, alimlər, şairlər, sənətkarlar gəlirdi. XI əsrin ortalarında görkəmli Azərbaycan şairi Qatran Təbrizi də Gəncəyə köçür. O, burada tez bir zamanda Şəddadilərin sarayına dəvət olunur və saray şairləri içərisində seçilərək, böyük rəğbət qazanır.
Qatran Təbrizi poetik ənənələrinin davamçısı, Əbülüla Gəncəvi XI əsrin sonunda Gəncədə anadan olub. Təhsilini bitirdikdən sonra o, müsəlman Ərmənşahlar dövlətinin paytaxtı Xilat şəhərinə gəlir. Akademik Krımskinin mülahizələrinə görə, o, "Ərmənşahlar sarayında şeir qoşurdu." Əbülüla burada çox qalmır və Şamaxıya köçür. Şamaxıda da fitri istedadına və yüksək hazırcavablığına görə o, tezliklə şairlərin böyük himayədarı Şirvanşah I Mənuçöhrün (1120–1149) yanında xidmətə götürülür.
Şairin əsərlərinin təhlili göstərir ki, Əbülüla poetika, fəlsəfə, astronomiya və tibb elmləri sahələrində hərtərəfli biliklərə sahib olmuşdur. Əbülülanın poeziyası akademizmi və bədii kamilliyi ilə seçilir. Sarayda o, öz ətrafına qabiliyyətli cavanlar toplayaraq, rəsmən "məliküşşüəra" (şairlərin hökmdarı) adını qazandıqdan sonra faktiki olaraq, məşhur farsdilli Şirvan poeziya məktəbinin əsasını qoyur. Əbülülanın şagirdləri içərisində bütün Şərqdə məşhur olan Xaqani Şirvani və Fələki Şirvani kimi şairlər vardı.
Yaradıcılığı
redaktəÖzündən qabaqkı ədəbi,elmi fikri yaxşı bilən Əbülüla dövrünün qabaqcıl ziyalılarından idi, dövrünün məlik-üş-şüərası idi. Ədəbi irsindən "Andnamə"(Sövqəndnamə) adlı bir qəsidəsi və bir neçə kiçik qitəsi qalmışdır. Təkcə "Andnamə" qəsidəsi onun qüdrətli şair olduğunu göstərir:
Ürək bulud, sözüm inci, könülsə bir dərya,
Dilim bu gövhərə carçı, zəmanə isə baha.
Mənəm həməsrlərimdən qabaq gedən ustad,
Mənimlə gəncəlilər fəxr edir, deyil bica.
Bir parçasını nümunə göstərdiyimiz bu qəsidədəki əzəmət, obrazlılıq Xaqani və Nizami qəsidələrini xatırladır. Şairin özünü "Tay-tuşundan qabaq gedən ustad"adlandırması bu baxımdan lovğalıq təsiri bağışlamır. Əbülülanın Əbu Əli ibn Sina və Əbu Əli Dəqqaq kimi qabaqcıl şəxsiyyətləri xatırlatması, özünü onlarla müqayisə etməsi onun dövrün ideoloji döyüşlərində mövqeyini göstərən maraqlı faktdır.
Əbülüla Gəncəvinin Xaqani ilə münasibətləri
redaktəƏbülüla xüsusən, Xaqaninin taleyində böyük rol oynamışdı. O, ilk olaraq, bu gəncin istedadını kəşf edir və onu Şirvanşahlar sarayına qulluğa düzəldir. Görünür, gənc şairə əvvəllər götürdüyü "Həqaiqi" təxəllüsünü "Xaqani" ilə dəyişməsini də Şirvanşahın arzusu ilə məhz o məsləhət görmüşdü. Artıq Xaqaninin istedadı özünü türk adətincə, xaqan adlandıran I Mənuçöhr tərəfindən də qiymətləndirilirdi və şairin özünü Xaqani adlandırması həm Şirvanşaha, həm də sənətkara fəxr gətirərdi. Hicri qəməri ilə 550-ci illərin ortalarında Əbülüla və Xaqani arasında ziddiyyətlər yaranır və bu iki sənətkar bir-birinə həcvlər yazır. Əbülüla Xaqani Şirvaniyə "Xaqani" təxəllüsünü özünün verdiyini deyirdi və belə yazırdı: "Mən sənin təhsil almağın üçün qayğı göstərdim. Mən sənin dilini şairliyə açdım. Sənin həqiqi şair olduğunu görəndə Mən səni xaqanın (şirvanşah Mənuçöhrün) yanına gətirdim. Mən sənə Xaqani adını verdim." Şeirində bu haqda məlumata rast gəlirik:
Sən adi bir dülgər oğlu idin, Xaqani oldun,
Sənin təliminə bel bağlamışdım,
Sənin şairlikdə dilini açdım,
Səni o xaqana özüm göstərdim,
Xaqani adını sənə mən verdim.
Bu vaxta qədər Əbülüla başqa bir şamaxılıya – şair və astronom Cəlal əd-Din Fələkiyə (öl. 1181) himayə göstərmişdi. Rəvayətə görə, hətta Əbülüla öz qızını da ona verməyi vəd etmişdi. Lakin sarayda yeni və daha bir parlaq ulduz görsənəndən sonra Əbülüla öz qərarını dəyişir və onun qızı Xaqaniyə qismət olur. Pərişan olmuş Fələkiyə təsəlli olmaq üçün ustad ona 20 min dirhəm pul verir və əlavə edir ki, "Oğlum, sən bu pula hər biri mənim qızımdan daha gözəl əlli Türkistan kənizi ala bilərsən." Həmin rəvayətin əksinə olaraq, Xaqani haqqında iri həcmli əsərində Qafar Kəndli onun Əbülülanın qızı ilə nigahı faktını təkzib etmişdir.
"Məliküşşüəra"ya layiq görülən bütün üstünlüklərinə baxmayaraq, sarayda Əbülülanın həyatı heç də təhlükəsiz keçmirdi. Onu istəməyənlər və hətta ona açıq düşmən kəsilənlər də az deyildi.Hətta ustadın sevimli şagirdi Xaqani də tezliklə onun bədxahlarından birinə çevrilir. Ustadla şagird arasında mütəmadi şer atışmaları baş verir. Bütün bunlar haqda Əbülüla ömrünün son dövrlərində belə yazır: [6]
Mənə həsəd aparır hər tərəfdə min düşmən
Çuğullayır məni hər yanda min rəzil, ədna.
Mənim tək arif olanlar həsəddən olmaz iraq,
Mənim tək alim olanlar çəkir həmişə cəfa.
İstinadlar
redaktə- ↑ "Əbülüla Gəncəvi". 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-21.
- ↑ "Firidun bəy Köçərli — Əbülüla Gəncəvi haqqında". 2021-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-21.
- ↑ "Nizami Gəncəvi 875 illik yubileyi". 2021-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-21.
- ↑ AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI TARİX İNSTİTUTU. Еlmi əsərlər 60-cı cild (PDF). 2016. səh. 23. Arxivləşdirilib 2022-01-30 at the Wayback Machine "Arxivlənmiş surət" (PDF). Archived from the original on 2022-01-30. İstifadə tarixi: 2021-05-21.
- ↑ Məhəmməd Rza Kərimi. AZƏRBAYCAN MƏDƏNİYYƏTİ VƏ ƏDƏBİYYATINDA MƏŞHUR QADINLAR. 2014. səh. 62. Arxivləşdirilib 2022-08-06 at the Wayback Machine "Arxivlənmiş surət". Archived from the original on 2022-08-06. İstifadə tarixi: 2021-05-21.
- ↑ Əlyar Səfərli,Xəlil Yusifli. Azərbaycan Ədəbiyyatı Tarixi. Bakı. 2008. səh. 91.