Ebdurrehman Xan - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Əbdürrəhman xan (1844[1] və ya 1840, Kabil – 1 oktyabr 1901, Kabil) — Barakzay sülaləsinən əfqan əmiri (1880–1901).
Əbdürrəhman xan | |
---|---|
puşt. عبد رحمان خان | |
1880 – 1901 | |
Əvvəlki | Əyyub xan |
Sonrakı | Həbibulla xan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1844[1] və ya 1840 |
Doğum yeri |
|
Vəfat tarixi | 1 oktyabr 1901 |
Vəfat yeri |
|
Dəfn yeri | |
Milliyyəti | puştun |
Fəaliyyəti | siyasətçi |
Atası | Əfdal xan |
Ailəsi | Barakzay sülaləsi |
Dini | sünni İslam |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəƏbdürrəhman xanın uşaqlığı Kabildə keçmişdir. 1850-ci ildə atası Bəlx valisi təyin olunandan sonra o atası ilə birlikdə Bəlxə köçmüş və gəncliyini əfqan Türküstanında yaşamışdır. Babası Əmir Dostməhəmməd xanın Bədaxşan, Kataqan, Dərvaz və Pamir bölgələrini də hakimiyyətinin sərhədləri içinə alan hərəkatında o da iştirak etmişdir. 1863-cü ildə babası öləndən sonra əmisi vəliəhd Şirəli xan əfqan taxtına çıxmışdır. Amma atası Əfdal xan ilə digər əmisi Azam xan, Şirəli xanı əmir olaraq tanımamışlar. Onların bu mövqeyi Əfqanıstanda 1868-ci ilə qədər davam edən qanlı vətəndaş müharibəsinin başlamasına səbəb olmuşdur. O, bu müharibədə əmisi Şirəli xana qarşı vuruşmuş, hətta Kabili işğal edərək atası Əfdal xanın əmirliyini elan etməsinə zəmin hazırlamışdır. Amma 1867-ci ilin oktyabrında atası vəfat edəndən sonra əmisinin əmirliyini qəbul etmək məcburiyyətində qalmışdır. Bir müddət sonra isə Şirəli xanın qüvvələrinə məğlub olaraq əvvəlcə İrana, oradan da Türküstana qaçmışdır. Bundan sonra o, ruslardan yardım istəmiş, amma onun bu müraciəti cavabsız qalmışdır; ona sadəcə Səmərqənddə yaşamağa icazə verilmişdir. Bu ərəfədə Şirəli xanın ingilislərlə arasının dəyməsi və ruslara meyllənməyə başlaması, Əbdürrəhman xanın ruslardan yardım alma ümidlərini puça çıxarmışdır. Ancaq bir müddət sonra hadisələrin gedişi onun xeyrinə dəyişməyə başlamışdır. Osmanlı hökumətinin vasitəçi olmasına baxmayaraq ikinci əfqan-ingilis müharibəsi başlamış və ingilislərə qarşı çıxa bilməyən Şirəli xan, Əfqanıstandan qaçaraq ruslara sığınmaq məcburiyyətində qalmışdır; bir müddət sonra o da vəfat etmişdir.
İngilislər onların istədikləri siyasəti yürüdəcəyi şərti ilə Əbdürrəhman xanın əmirliyini qəbul edərək Əfqanıstanı ona tapşırmaq qərarına gəlmişlər. 11 avqust 1880-ci ildə Səmərqənddən əfqan Türküstanına dönən Əbdürrəhman xan ilə ingilislər arasında razılaşma imzalanmışdır. Bu razılaşmaya görə Əbdürrəhman xan əfqan əmiri olacaqdı, ancaq xarici siyasətini ingilislərin istəklərinə uyğun şəkildə yürüdəcəkdi. Bunun əvəzində ingilislər Əfqanıstanı tərk edəcək, amma Hindistanın müdafiəsi üçün böyük strateji əhəmiyyətə malik Xeybər keçidi, Kurram vadisi və Kuvatta kimi mövqeləri əllərində saxlayacaqdılar.
Hakimiyyətə yiyələnən Əbdürrəhman xanın ilk işi ordu quruculuğu olmuşdur. Bundan sonra o, ölkədə üsyana qalxan türk əsilli gilzaylar (Gılzay) ilə İshaq xanı və həzarələri özünə tabe etdirərək Əfqanıstana nəzarəti tam ələ almışdır. O, hərbi islahatlarla yanaşı ölkə idarəçiliyində də dəyişikliklər etmişdir; ali məşvərət şurası və ümumi məclis qurmuşdur. Amma Əbdürrəhman xanın ölkənin mütləq hakimi olmaq istəyi bir müddət sonra məclisin öz funksiyalarını itirməsi ilə nəticələnmişdir. İngilislər bu yolla Əfqanistanda hakimiyyəti tamamilə öz əlinə alan Əbdürrəhman xanın ölkənin cənubunda və cənub-şərqində yaşayan qəbilələri onların üzərinə qaldırdığını iddia edərək ondan hind-əfqan sərhəddinin müəyyənləşdirilməsini istəmişlər. Əbdürrəhman xan əvvəlcə ingilislərin təklifini rədd etsə də, güclü təzyiqlər nəticəsində müzakirələrə başlamaq məcburiyyətində qalmışdır. İngilislərin Kabilə gələn nümayəndəsi Ser Mortimar Durand ilə 12 noyabr 1893-cü ildə imzalanan və Durand razılaşması kimi tanınan razılaşma ilə bugünkü Əfqanıstanın cənub və cənub-şərq sərhərləri müəyyənləşdirilmişdir.
Əbdürrəhman xan daha sonra Əfqanıstanın "Kafiristan" adlandırılan bölgəsində hərəkat başlatmış və orada yaşayan əhalini müsəlmanlaşdırmışdır. O bu hərəkatın ardınca "Nuristan" adını alan bölgənin əhalisinin bir hissəsini ölkənin digər yerlərinə köçürmüşdür.
Əbdürrəhman xan iyirmi il hakimiyyətdə olmuş, 1901-ci ilin may ayında qəflətən xəstələnmişdir; sağ tərəfi iflic olduğu üçün hakimiyyətini sürdürə bilməmiş, 28 sentyabr 1901-ci ildə dövlətin digər yüksək vəzifəli şəxsləri qarşısında əmirliyi böyük oğlu Həbibullah xana təhvil vermişdir. Bundan cəmi üç gün sonra — əlli altı yaşında vəfat etmişdir. Əbdürrəhman xan daxili çəkişmələrin və xarici müdaxilələrin viran qoyduğu Əfqanistanı, bir-birinə düşmən kəsilərək üz-üzə duran əfqanları öz nəzarət altına almağı bacarmışdır. Onun Əfqanistanın idarə edilməsi ilə bağlı oğluna verdiyi məsləhətlər uzun illər ölkənin daxili və xarici siyasətinin əsaslarını təşkil etmişdir.