Ehmed Berdici - Wikipedia
Əhməd Bərdici — fiqh, hədis alimi.[1]
Əhməd Bərdici | |
---|---|
Əbubəkr Əhməd Harun oğlu Bərdəi Bərdici | |
Doğum yeri | Bərdic (Bərdə) |
Vəfat tarixi | |
Milliyyəti | Azərbaycan türkü |
Həyatı
redaktəAzərbaycanda Əhməd Bərdicinin irsini ilk dəfə tədqiq edən AMEA-nın müxbir üzvü Zakir Məmmədov yazır ki, alim vaxtilə Kür çayı sahilində Bərdənin 14 fərsəxliyində yerləşən Bərdic şəhərində anadan olmuşdur. Əbubəkr Əhməd Harun oğlu Bərdəi Bərdici doğma yurdunda dövrünün zəruri biliklərinə yiyələndikdən sonra müxtəlif yerlərə -İran, İraq, Suriya, Misir, Əlcəzair, Hicaz və başqa ölkələrə səyahətlər etmiş, təhsilini artırmışdır. Mənbələrin verdiyi məlumata görə o, sakin olduğu yerlərdə həm öyrənir, həm də öyrədirmiş. Əhməd əl-Bərdici nüfuzlu müəllim sayılanda hələ iyirmi beş yaşı tamam deyilmiş. Bir tarixçi yazır: Əbu Əmr əl-Müstəmlinin xəttində oxudum ki, o, Əhməd ibn Harun əl-Bərdicini 255 (869)-ci ildə Zəhli məscidində dinləmişdir.[2][3]
Elmi yaradıcılığı
redaktəƏhməd əl-Bərdicinin yaradıcılığı dini ideologiyaya həsr olunmuşdur. Əbülhəsən əd-Darəqütni (918–995) onu "hədis dayaqlarından biri" sayıb, "inanılmış", "nüfuz sahibi" adlandırmışdır. ə-Xətib əl-Bağdadi (1002–1071) və Əbu Səd əs-Səmani (1113–1167) onun haqqında "fəzilətli", "zəkalı" və "hafiz" (Quranı əzbər bilən) sözlərini işlətmişlər. İbn əl-İmad əl-Hənbəli (öl. 1078) yazır ki, Əhməd əl-Bərdici "axırıncı nüfuz sahiblərindən və dünya alimlərinin məşhurlarından idi". Başqa mənbələrdə isə o, "təkzibedilməz nüfuz sahibi", "müsəlman hüququnu dərindən bilən" alim kimi təqdim olunur.[4]
Tarixi mənbələrdə Əhməd əl-Bərdicinin əsərlərindən üçü haqqında xüsusi məlumat verilir: "Mən rəvaan in-Nəbi (s) fi-1-kəbair" ("Böyük günah barədə Peyğəmbər əleyhissəlamın sözlərini nəql edənlər"), "Mərifət əl-müttəsil min əl-hədis və-l-mursəl və-l-məqtu va bəyan at-turuq as-sahiha" ("Hədis, mürsəl və məqtudan ayrılmamışın idrakı və düzgün yolların bəyanı") və "Təbəqat əl-əsma əl-müfrədə min əs-sahabə va-t-tabiin və əshab əl-hədis" ("Əshablar, ardıcıllar və hədis müəlliflərindən nadir adların təbəqələri").
Bunlardan "Əshabələr, ardıcıllar və hədis müəlliflərindən nadir adların təbəqələri" traktatı daha məşhurdur. Burada 426 Peyğəmbər əshabının, ardıcılının, davamçının və hədis aliminin adı, onların mənsub olduqları yerlər göstərilir. Əhməd əl-Bərdici traktatın əvvəlində onun yeniliyinə işarə edərək yazır: "Mənim [araşdırdığım] nadir adlardır. Onlar Peyğəmbər əleyhissəlamın əshablarıdır. Alimlərdən heç birinin həmin adlardan hansınısa çəkmiş olduğunu bilmirik".[4]
Əsər əsrlər boyu islam ideoloqlarının marağını doğurmuşdur. İbn Bükeyr əl-Bağdadi (938–998) ona şərh və kiçik əlavələr verməklə özünün "Nəqd təbəqat əl-əsma əl-müfrədə" ("Nadir adların təbəqələrinin tənqidi") traktatını qələmə almış, bir sıra hüquqşünas, ilahiyyatçı alimlər ilk mənbə kimi ondan geniş bəhrələnmişlər.[4]
İstinadlar
redaktə- ↑ Zakir Məmmədov. Azərbaycanda XI–XIII əsrlərdə fəlsəfi fikir. Bakı, 1978. səh.18
- ↑ Zakir Məmmədov. Orta əsr Azərbaycan filosofları və mütəfəkkirləri. Bakı, 1986. səh. 6
- ↑ Zakir Məmmədov. Azərbaycan fəlsəfəsi tarixi. Bakı, 1994. səh. 27–28
- ↑ 1 2 3 Zakir Məmmədov. Azərbaycan fəlsəfəsi tarixi. Bakı, 1994. səh. 28