Ehmed Nureddin Efendi - Wikipedia
Əhməd Nurəddin Əfəndi (22 iyun 1901, Yıldız Sarayı, İstanbul ili – 1944, Paris) — 34. Osmanlı sultanı II Əbdülhəmidin altıncı oğlu, Osmanlı şahzadəsi.[1]
Əhməd Nurəddin Əfəndi | |
---|---|
أحمد نور الدين أفندي | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Yıldız sarayı, İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | (43 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | Bobigny Müsəlman məzarlığı, Paris |
Atası | II Əbdülhəmid |
Anası | Behicə Qadınəfəndi |
Həyat yoldaşı | Ayşə Əndəlib xanım |
Uşağı | Mehmed Bədrəddin Əfəndi |
Ailəsi | Osmanlı xanədanı |
Dini | Sünni, İslam |
Hərbi xidmət | |
Qoşun növü | süvari |
Həyatı
redaktəİlk illəri
redaktəAtası Sultan Əbdülhəmidin səltənətində 22 iyun 1901-ci ildə Yıldız sarayında dünyaya gəldi. Anası əslən gürcü olan Behicə xanım idi. Əkiz qardaşı Bədrəddin Əfəndidən bir neçə dəqiqə böyük idi. Yumurta əkizi olan qardaşından fərqlənməsi üçün birinə qırmız, digərinə mavi lent bağlanırmış. Ancaq əkiz tayı olan qardaşı Bədrəddin Əfəndi 2 yaşlarında meningitdən vəfat etdi və Yəhya Əfəndi məzarlığındadır.
8 yaşında ikən atası Sultan Əbdülhəmid 31 mart hadisələrinin ardından taxtdan endirildi. Yıldız sarayına basqın tərtibləyən üsyançı birliklər Sultan Əbdülhəmidi 5 xanımı, 3 qızı və 2 oğluyla birlikdə arabalara mindirib Salonikiyə sürgünə göndərdilər. Ancaq üsyan səbəbilə hərəm qapıları kilidləndiyi üçün sultanın ailəsinin bir qismi sarayda qaldı ki, bunlardan biri də Nurəddin Əfəndi idi. Yaranan qarışıqlıqda fəsini itirdiyi üçün başı açıq atasının hüzuruna çıxmaqdan çəkinən balaca şahzadə arabaya gecikmişdi.[2]
Yıldız sarayı boşaldılmış, bütün əşyalar və cəvahiratlar əsgərlər tərəfindən yağmalanmışdı. Burada yaşayan hər kəs — xidmətçilər, ağalar, sultanın xanımları və övladları saraydan atıldı. Nurəddin Əfəndi bir müddət böyük qardaşı Səlim Əfəndinin yanında qalmış, daha sonra anasıyla birlikdə babasının Beşiktaşdakı evinə sığınmışdır. Ardından bir mənzilə köçən ana-oğulun uzun mübarizədən sonra Maslak köşkündə məskunlaşmalarına icazə verildi.
Nurəddin Əfəndi Almaniyada təhsildə ikən, Birinci Dünya Müharibəsinin itirilməsinin ardından buranı tərk etdi və bacısı Ayşə Sultanın yanına İsveçrəyə getdi. Ardından bacı-qardaş birlikdə İstanbula qayıtdı. 5 may 1919-cu ildə 18 yaşında ikən atasının yavərlərindən abxaz əsilli Hüsnü Paşanın qızı Ayşə Əndəlib xanımla (1902–1980) evləndi. Ancaq bu evlilik ailə mənsubları tərəfindən qəbul edilmədi. Buna baxmayaraq qardaşı Əbdürrəhim Əfəndinin nikah günü, o da sevdiyi xanımla nikahlandı. Bəzi ailə mənsubları şahzadənin yaşının az olması səbəbilə bu evliliyə şübhəylə yanaşdılar. Belə ki, yayılan şayələrə görə, Əndəlib xanımın qardaşı Cəlal bəy, guya Behicə xanımı sevirdi və bu nikah bunu ört-bas eləmək məqsədilə bağlanmışdı. Əslində isə Cəlal bəy Behicə xanımın həm kəndxudası, həm də yerlisi idi. Üstəlik dul qalmaması üçün kağız üzərində Cəlal bəylə nikahlanmışdı. Ancaq bu nikah sadəcə kağız üzərində qalmışdı.
Sürgün illəri
redaktəNurəddin Əfəndi süvari başleytenantı ikən xanımı Əndəlib xanım və lələsi Xəlil İsmayıl Haqqı bəylə birlikdə sürgünə getdi. Anası Behicə xanım və Əndəlib xanımın qardaşı Cəlal bəy də məcbur olmadığı halda şahzadəylə birlikdə getdi. Roma, Nitsa və Neapolda yaşamış, bu müddət ərzində Əndəlib xanımın cəvahiratlarını sataraq dolanmışdılar. Bundan başqa Behicə xanımın anası Nazlı xanım da bəzi vaxtlar cüzi də olsa pul göndərirdi.
Sonralar Nurəddin Əfəndi anasını Neapolda Cəlal bəyə tapşıraraq, çalışmaq məqsədilə Parisdə yaşayan bacısı Şadiyə Sultanın yanına getdi. Ancaq münasib bir iş tapa bilmədi və digər qardaşları kimi, o da musiqiçiliklə məşğul oldu. İkinci Dünya Müharibəsinin başlamasının ardından xanımını da alaraq daha sakit olan İspaniyaya yola düşsə də, yolda xanımı ağır xəstələnmiş, bu səbəblə Parisə geri dönmüşdür. Ancaq çox keçmədən özü də xəstələnmiş və 2 iyun 1945-ci ildə Parisdə vərəmdən vəfat etmişdir. Cənazəsi Bobigny Müsəlman məzarlığına dəfn edilmişdir.[3]
Maraqlı faktlar
redaktə- Nurəddin Əfəndi ilə Əndəlib xanımın yeganə övladları olan Mehmed Bədrəddin isə Parisdə qundaqda ikən vəfat etmişdi. Başqa övladları olmamışdır. Sürgünə gedərkən sərhəddə peyvənd edildiyini söyləyən Əndəlib xanım, bu səbəblə övladlarının olmadığını söyləmişdir.
- Ayşə Sultanın xatirələrinə görə, xəlifə Əbdülməcid Əfəndinin ölümündən sonra cənazəsini yuyan 3 şəxsdən biri də Nurəddin Əfəndi olmuşdur.
Mənbə
redaktə- Oktay, İsmail Hakkı. "Yanya’dan Ankara’ya". İstanbul 1975, s. 451;
- Öztuna, Yılmaz. "Büyük Türkiye Tarihi", İstanbul 1979, 8/174.
- Adra, Jamil. "İki Şehzadeler", İstanbul 2019.
İstinadlar
redaktə- ↑ EKINCI, Ekrem Buğra. "Sürgündeki hânedan — Osmanlı ailesinin Çileli Asrı". Timaş Yayınları, Osmanlı tarihi dizisi, 101. 1. baskı. İstanbul 01–09–2015. 648 sayfa. 13,5x21 cm. ISBN 978-605-08-2049-2.
- ↑ Osmanoğlu, Ayşe. "Babam Sultan Abdülhamid", İstanbul 1984, s. 253–254.
- ↑ Mislimelek Hanım. "Haremden Sürgünü", Haz. Nemika Daryal Marşanoğlu, İstanbul 2011, s. 187–188.