Ehmed Qaraca - Wikipedia
Əhməd bəy Qaraca (22 sentyabr 1929, Türkiyə – 16 may 2005, Ankara) — Azərbaycanın müstəqilliyi uğrunda uzun illər boyu mücadilə aparmış böyük dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin yaxın silahdaşı, Azərbaycan Kültür Dərnəyinin baş katibi.
Əhməd Qaraca | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 sentyabr 1929 |
Doğum yeri | |
Vəfat tarixi | 16 may 2005 (75 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | jurnalist |
Həyatı
redaktəƏhməd Qaraca 1929-cu il sentyabr ayının 22-də Türkiyənin Hakveyis kəndində anadan olmuşdur. Azərbaycanın bolşeviklər tərəfindən işğalından sonra Ə.Qaracanın ailəsi 1924-cü ildə İrəvan yaxınlığındakı Persi (sonradan Buravet) kəndindən Türkiyəyə köçüb. İqdırda orta məktəbi, 1947-ci ilin yayında isə Atatürk Litseyini bitirib. Sonra Ankara Universitetinin Dil və Tarix-Coğrafiya Fakültəsinin klassik filoloji bölümünə daxil olub. Əhməd Qaraca 1949-cu ildə yaradılan və Məhəmməd Əmin Rəsulzadə Ocağı adlandırılan Azərbaycan Kültür Dərnəyinin üzvü olub. 1955-ci ildən vəfat etdiyi günədək dərnəyin baş katibi postunu daşıyıb.
Ə.Qaraca ali təhsil aldıqdan sonra əllinci illərdən başlayaraq Azərbaycan davasına qoşulmuş, Məhəmməd Əmin Rəsulzadənin yaxın əqidə dostlarından biri olmuşdur. Həmin illərdə Məhəmməd Əmin Rəsulzadənin əsasını qoyduğu Azərbaycan Kültür Dərnəyinin işində fəallıq göstərmiş, "Azərbaycan" jurnalının baş yazarlığını etmişdir.
Ötən əsrin 60–80-ci illərində Ə.Qaraca Sovetlər Birliyinin yürütdüyü imperiya siyasətini öz yazılarında və çıxışlarında ifşa etmiş, çoxlu sayda tədbirlərin təşkilatçısı olmuşdur.
Ə.Qaraca Azərbaycanın mədəniyyəti, tarixi, siyasəti, çağdaş durumu ilə bağlı dəyərli əsərlərin də müəllifidir.
Əhməd Qaraca ayrı-ayrı vaxtlarda Türkiyədə mühacirətdə olan Müsavat Partiyasının Divan üzvü, baş katibi olaraq kommunist-rus işğalına qarşı verilən milli mücadilənin içində olub.
1992-ci ildə Bakıda Müsavat Partiyasının III Bərpa Qurultayında iştirak edən Ə.Qaraca təşkilata rəhbərlik estafetini Azərbaycan Respublikasının Müsavat əqidəli siyasətçilərinə təhvil vermişdir.
Ə.Qaraca həm də təcrübəli jurnalist, dəyərli pedaqoq idi. Ankara Universitetində "Qəzetçilik"dən dərs verən Ə.Qaraca jurnalist kadrlarının hazırlığında önəmli rol oynamışdır.
Ə.Qaraca 2005-ci il may ayının 16-da Türkiyənin paytaxtı Ankara şəhərində dünyasını dəyişib.