Ekber Agayev Kimyaci - Wikipedia
Ağayev Əkbər Əli oğlu (26 fevral 1954, İrəvan) — Sumqayıt Dövlət Universitetinin professoru.
Əkbər Ağayev | |
---|---|
Ağayev Əkbər Əli oğlu | |
Doğum tarixi | |
Doğum yeri | İrəvan |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Elmi dərəcəsi | kimya elmləri doktoru |
Elmi adı | Professor |
İş yeri | Sumqayıt Dövlət Universiteti |
Alma-mater | Azərbaycan Neft və Kimya İnstitutu |
Təhsili | |
Mükafatları | Əməkdar müəllim |
Həyatı
redaktəAğayev Əkbər Əli oğlu 26 fevral 1954-cü ildə İrəvan şəhərində müəllim ailəsində anadan olmuşdur. 1961-ci ildə İrəvan şəhəri M.F.Axundov adına 9 saylı orta məktəbin birinci sinifinə getmiş və həmin məktəbi 1971-ci ildə bitirmişdir.
1971-ci ildə M.Əzizibəyov adına Neft və Kimya istitutunun (indiki ADNA) kimya-texnologiya fakültəsinə daxil olmuş və oranı 1976-cı ildə bitirmişdir. Mühəndis-kimyaçı texnoloqdur.Əmək fəaliyyətinə 1976-cı ildə başlamışdır. 1976–1983-cü illərdə Azərbaycan Elmlər Akademiyasının akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya prosesləri institutunda mühəndis, böyük mühəndis, kiçik elmi işçi vəzifələrində çalışmışdır. 1976–1980-ci illərdə həmin institutun qiyabi aspirantı olmuşdur.
1983-cü ildən Sumqayıt Dövlət Universitetində çalışır. 1983–1987-ci illərdə dosent, 1987-ci ildən bu günə qədər isə indiki "Neft kimyası və kimya texnologiyası" kafedrasının müdiridir. 1995–2000-ci illərdə beynəlxalq əlaqələr üzrə prorektor, 2004–2006-cı illərdə "İqtisadiyyat və İdarəetmə" fakültəsinin dekanı vəzifələrini də icra etmişdir.
Ə.Ə. Ağayev 1981-ci ildə "Neft kimyası" ixtisası üzrə namizədlik, 1992-ci ildə isə həmin ixtisas üzrə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1994-cü ildən "Üzvi maddələrin texnologiyası" kafedrası üzrə professorudur.
Əsas elmi nailiyyətləri
redaktəƏ.Ə.Ağayevin üzvi birləşmələrin, o cümlədən, arenlər, fenollar, naftollar və aromatik aminlərin alkilləşmə, dismutasiya, izomerləşmə, dehidrogenləşmə və polimerləşmə reaksiyalarının öyrənil¬məsi və bu proseslər üçün effektiv katalitik sistemlərin yaradılması sahəsində apardığı kompleks tədqiqatları neft-kimyasının və katalizin nəzəri və praktiki istiqamətlərinə yeni töhfələr vermişdir.
Prof. Ə.Ə.Ağayev tərəfindən Aromatik birləşmələrin aşağı spirt və olefinlərlə alkilləşmə reaksiyasının oksid və seolit katalizatorları iştirakı ilə tədqiqi nəticəsində krezolların, ksilenolların, etilfenolların etilkrezol və etilksilenolların, metilnaftolların, metilanilinlərin və s. kimi qiymətli yarımməhsullar və monomerlərin səmərəli alınma üsulları işlənmişdir. Katalitik sistemlərin tərkibi, səthi və məqsədli modifikasiyasının alkilləşmə reaksiyasına təsirinin qanunauy¬ğunluqları müəyyən edilmiş və bu proseslər üçün katalizatorun seçilmə prinsipləri hazırlanmışdır. Sintetik alkilfenolların alınma proseslərinin kinetik və riyazi modelləri işlənmiş və müasir optimallaşma üsulları tətbiq edilməklə texnoloji rejimin və göstəricilərin idarəetmə yolları araşdırılmışdır. Nəticədə krezol, ksilenol və etilfenolların fərdi izomerləri və izomer qarışıqlarının istehsalı üçün çevik texnologiya işlənib hazırlanmışdır. İlk dəfə olaraq nanoquruluşlu titan rutenium oksid sisteminin katalitik xassələri fenol və naftolların metanol və metilformiatla qarşılıqlı təsiri reaksiyasında tədqiq edilmiş və durulaşdırılmış reaksiya mühitində maraqlı nəticələr əldə edilmişdir.
Ferrit və seolit katalizatorları iştirakı ilə sintetik krezol və ksilenolların alınma üsulları Ufa şəhərində yerləşən "NIINeftexim" təcrübə zavodundakı yarımsənaye qurğusunda fasiləsiz texnologiya üzrə uğurlu sınaqlardan keçmiş və texnoloji reqlament hazırlanmışdır. C4 fraksiyası əsasında izooktanın alınması üçün tədqiq edilmiş üsul və seolit tərkibli alümosilikat katalizatorunun sintezində sistemin pH-nın idarə edilməsi məqsədilə işlənmiş metod "Azərneftyanacaq" (indiki H.Əliyev adına Neft emalı zavodu) zavodunda istifadə olunmuş və iqtisadi səmərə əldə olunmuşdur. Katalitik krekinq qazoylu və ağır piroliz qatranlarına əsaslanan 1- və 2- naftolların alkil törəmələrinin katalitik alınma üsulunun işlənməsi bir sıra qiymətli məhsulların (dərman preparatlar, vitaminlər və s.) istehsalı üçün xammal problemini həll edə bilər.
Pedaqoji fəaliyyəti
redaktə- 1983-cü ildən elmi-pedoqoji fəaliyyətə başlamışdır. Həmin il müsabiqə yolu ilə Az.NKİ-nin filialı — Sumqayıt ATTM-in (indiki Sumqayıt Dövlət Universiteti) "Qeyri üzvi və fiziki kimya" kafedrasına dosent vəzifəsinə seçilmişdir.
- 1987-ci ildən "Əsas üzvi və neft-kimya sintezinin texnologiyası" (indiki "Neft kimyası və kimya mühəndisliyi") kafedrasının müdiridir.
- 1995–2000-ci illərdə beynəlxalq əlaqələr üzrə prorektor.
- 2004–2006-cı illərdə fakültə dekanı vəzifələrini də icra etmişdir.
- 2009–2013-cü illərdə universitetin tədris işləri üzrə prorektoru olmuşdur.
Elmi – təşkilati fəaliyyəti
redaktə- Gələcək açıq təhsil üzrə Beynəlxalq təşkilatın üzvü (Oslo 2001) olub.
- 2004–2006-cı illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Atestasiya komissiyasının kimya bölməsi üzrə eksperti olmuş.
- Ə.Ə.Ağayev Sumqayıt Dövlət Universitetinin "Elmi xəbərlər" jurnalının və Avstriyada nəşr olunan "European Journal of Analytical and Applied Chemistry" jurnalının redaksiya şuralarının üzvüdür.
- Ə.Ə.Ağayev bir sıra Dissertasiya şuralarının üzvü olmuş.
- 2004–2006-cı illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) kimya elmləri bölməsinin eksperti kimi fəaliyyət göstərmişdir.
- 2011–2014-cü illərdə AAK-ın kimya elmləri üzrə ekspert şurasının sədri.
- 2014–2016-cı illərdə isə sədr müavini olmuşdur.
- O, AMEA-nın müxtəlif Problem şuraları¬nın üzvü olmuş, SDU-nun nəzdində Dissertasiya Şurasının sədridir.
- Hal-hazırda Azərbaycan MEA "Kinetika və kataliz" və "Yüksək molekullu birləşmələr kimyası" üzrə problem Şuralarının üzvüdür.
Elmi tədqiqatları
redaktəƏ.Ə.Ağayev 365 elmi işin, o cümlədən, 18 dərslik və dərs vəsaitinin, 24 tədris metodiki vəsaitin və işləmənin, 27 fənn proqramının, 18 ixtira və patentin müəllifidir. Elmi əsərlərinin 110-dan çoxu xarici ölkələrdə (Rusiya, ABŞ, Almaniya, Türkiyə, Avstriya, Norveç, Çexiya, Sloveniya, Polşa, Hindistan, Pakistan, Kipr, Gürcüstan və s.) nəşr olunmuşdur. Respublikanın hüdudlarından kənarda nəşr olunmuş bir sıra monoqrafiyalarda, jurnallarda və elmi məqalələrdə onun elmi əsərlərinə istinadlar verilmişdir.
Ə.Ə.Ağayev tədris prosesinin bacarıqlı təşkilatçısı və tanınmış pedaqoqdur. Boloniya prosesinə qoşulmuş universitetdə kredit sisteminin tətbiqi ilə bağlı təşkilatı, tədris və tədris metodiki sahələrdə həyata keçirilən çoxsaylı işlərə rəhbərlik edir və tədris prosesinin təkmilləşdirilməsində və müasirləşməsində əməyini əsirgəmir. Kafedraya rəhbərlik etdiyi dövrdə 1700-dən artıq ali təhsilli kadr hazırlanmışdır. O, dissertantura və doktorantura yolu ilə kadr hazırlanmasına da diqqət yetirir. Ə.Ə.Ağayev 5 elmlər namizədi, 6 fəlsəfə doktoru hazırlamış. Onun rəhbərliyi ilə 38 magistr hazırlanmışdır.
Ə.Ə.Ağayev bizim ölkəni xaricdə keçirilən elmi konfranslarda (Türkiyə, Almaniya, Rusiya, Çexiya və s.) və tədris probleminə həsr olunmuş beynəlxalq məclislərdə (Rusiya, Pakistan) ləyaqətlə təmsil edir. O, İslam ölkələri konfransı təşkilatının Pakistanda keçirdiyi universitet-istehsalat əlaqələrinə həsr edilmiş COMSTECH-İSESCO-97 forumunda və həmin ölkənin qabaqcıl universitet¬lərin¬də çıxışlar etmiş və ölkələrimiz arasında elm və təhsil əlaqələrinin yaradılması və ikitərəfli müqavilələrin imzalanmasında əməyini əsirgəməmişdir. O, Türkiyənin bir sıra universitetlərində (19 Mayis Universiteti-Samsun, Diclə Universiteti- Diyarbakır, İstanbul Universiteti) elmi məruzələr etmiş və mühazirələr oxumuşdur. Köln Tətbiqi Elmlər Universitetində (Almaniya), Hindistanın Elm İnstitutunda (Banqalor), İordaniya Universitetində (Amman) ezamiyyətlərdə olmuş və elmi araşdırmalar apararaq, universitetlər arasında elmi əlaqələrin yaranmasında öz töhfəsini vermişdir.
Təltif və mükafatları
redaktə- Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azad Həmkarlar İttifaqı Komitəsinin fəxri fərmanları ilə təltif edilmişdir.
- Vektor Beynəlxalq Elm mərkəzinin mükafat komissiyasının qərarı ilə "XXI əsrin tanınmış alimi" Beynəlxalq diplomu ilə təltif edilmişdir.
- Prof. Ə.Ə.Ağayevin yüksək keyfiyyətli kadrların hazırlanmasında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Təhsil işçiləri Azad Həmkarlar İttifaqı Azərbaycan Respublika Komitəsinin fəxri fərmanları ilə təltif edilmişdir.
- 2012-ci ildə respublikanın əməkdar müəllimi fəxri adına layiq görülmüşdür.
Xarici keçidlər
redaktə- Tədris işləri üzrə prorektor: Əkbər Ə. Ağayev Arxivləşdirilib 2012-03-07 at the Wayback Machine
İstinadlar
redaktəMənbə
redaktəNeft-Kimya Prosesləri İnstitutunun alimləri: bioqrafik portret, elmə və təhsilə töhfələr. "Müəllim" nəşriyyatı. Bakı 2019. s.19–22.