Ekber Ferzeliyev - Wikipedia
Əkbər Fərzəlidin oğlu Fərzəliyev (1 oktyabr 1932, Qusar, Hil rayonu – 15 may 1999) — Azərbaycan kino aktyoru, hüquqşünas.
Əkbər Fərzəliyev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Köhnə Xudat, Qusar rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (66 yaşında) |
Fəaliyyəti | aktyor |
Həyatı
redaktəƏkbər Fərzəli oğlu Fərzəliyev 1 oktyabr 1932-ci ildə Qusarın Köhnə Xudat kəndində anadan olub. 1953-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinə daxil olub. Buradakı təhsilini III kursdan sonra dayandırmalı olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini qurtarıb ömrünün sonuna kimi vəkil işləyib. Azərbaycan Dövlət Dram Teatrında kütləvi səhnələrdə çıxış edib.
Əkbər Fərzəliyev 1963-cü ildə Ləzgi Xalq Teatrını təşkil edib və həmin ilin mayından teatrın rejissoru, 1965-ci ildən 1970-ci ilədək Qusar rayon Mədəniyyət evinin direktoru işləyib. 1966-cı ildə Əkbər Fərzəliyevin rəhbərliyi altında Qusar rayon Mədəniyyət Evinin nəzdində "Ləzgi mahnı və rəqs ansamblı" təşkil olunub. 1967-ci ildə yenə də Ə. Fərzəliyevin rəhbərliyi ilə Xalq teatrının səhnəyə qoyduğu "Qisas" tamaşası Bakıda özfəaliyyət incəsənət festivalının laureatı olub.
Əkbər Fərzəliyev rejissor kimi 1969-cu ildə "30 qəpiklik cərimə", "Müqtədir", 1971-ci ildə "Dağlar şahiddir" tamaşalarına quruluş verib. 1977-ci ildə Ə. Fərzəliyev tərəfindən "Yarımın atası", 1996-cı ildə "İmam Şamil" əsərləri səhnəyə qoyulub. "İmam Şamil" Şeyx Şamilin anadan olmasının 200 illiyinə həsr edilmişdi və ilk dəfə olaraq Qusar Ləzgi Dram Teatrında oynanılmışdı.
O, uzun illər nəsr və poeziya yaradıcılığına da maraq göstərib. Onun "Pələng", "Baxışlar", "Rus qızına", "Qusarım", "Hər şeydən şirin", "Sınaq", "Gəl barışaq", "Zalım fələk", "İntizar" və s. şeirləri var. "İntizar" şeirinə bəstəkar Ruhəngiz Qasımova musiqi bəstələyib və həmin mahnı bu gün də müxtəlif müğənnilərin ifasında səslənir.
Ə. Fərzəliyev 1971-ci ildə Qusar rayon İstehlak Cəmiyyətləri İttifaqında hüquqşünas təyin olunub və 1993-cü ilin sonunadək bu vəzifədə çalışır. 1978-ci ildə Qusar rayon Xalq Məhkəməsində müvəqqəti olaraq xalq hakimi, təqaüdə çıxandan sonra Xalq məhkəməsində tərcüməçi işləyib.
Əkbər Fərzəliyev ağır xəstəlikdən sonra 1999-cu ildə 67 yaşında dünyasını dəyişib. Əkbər Fərzəliyev Rusiya istehsalı olan "Al yelkənlər" (Mosfilm, 1961, rej: Aleksandr Ptuşko) bədii filmində dalğıc rolunda çəkilib.