Elekber Talibov - Wikipedia
Ələkbər Talıbov (tam adı: Talıbov Ələkbər Hacı Məmmədəli oğlu; d. 7.08.1953, Neftçala rayonu, Bankə qəsəbəsi - ö. 8 mart, 2020, Neftçala rayonu, Bankə qəsəbəsi) - "Azadlıq uğrunda mübariz" fəxri adına layiq görülmüş 20 yanvar qazisi, Qarabağ müharibəsi iştirakçısı, 2 dəfə (2000 və 2011-ci illər) Prezident təqaüdçüsü, Fövqəladə Hallar Nazirliyinin Xəzər hövzəsi Qəza Xilasetmə Xidməti idarəsində gəmi kapitanı.
Ələkbər Talıbov | |
---|---|
Ələkbər Hacı Məmmədəli oğlu Talıbov | |
Doğum tarixi | |
Doğum yeri | Neftçala rayonu, Bankə qəsəbəsi |
Vəfat tarixi | 8 mart, 2020 |
Vəfat yeri | Neftçala rayonu, Bankə qəsəbəsi |
Atası | Hacı Məmmədəli |
Tanınır | 20 yanvar qazisi |
Mükafatları | İki dəfə Prezident təqaüdçüsü; Azadlıq uğrunda mübariz. |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəƏləkbər Hacı Məmmədəli oğlu Talıbov 1953-cü il, avqust ayının 7-də Neftçala rayonu, Bankə qəsəbəsində anadan olub. Babası Əsədulla Talıb oğlu Dividil Azərbaycanın Güneyində Miyana fədailərindən olub. 1946-cı ildə Əsədulla Dividil oğlu Hacı Məmmədəli ilə birlikdə Azərbaycanın Quzeyinə mühacirət edib. Azərbaycan Demokrat Firqəsinin üzvü olan Əsədulla Dividil 1979-cu ildə Neftçalada vəfat edib. Ələkbər Talıbovun atası - Hacı Məmmədəli isə artıq 17 yaşında Miyanada Azərbaycan Demokrat firqəsinin üzvü olub, sonradan isə Azərbaycanın Quzeyində baş verən azadlıq hərəkatında iştirak edib.
Azərbaycanın bütövlüyü uğrunda mübarizə ruhunda tərbiyə görən Ələkbər Talıbov gənclik illərində cavanlar arasında mövcud olan, Azərbaycanın müstəqilliyi amalı ətrafında birləşən gizli qruplarda fəaliyyət göstərib. Heç vaxt kommunist partiyasının üzvü olmayıb. Ümumiyyətlə ailə mənsubları əsla Kommunist Partiyası sıralarına qoşulmayıb. Ələkbər Talıbov demokratik ruhda böyüyərək bu Azərbaycanın bütövlüyü uğrunda çalışıb. 1990-cı ildə 20 yanvar hadisələri zamanı təcavüzkar sovet ordusunun hərbçiləri tərəfindən yaralanmışdır.
Dinc əhaliyə divan tutmaq üçün Bakıya yeridilmiş qoşun hissələri bir neçə gün sonra cənub istiqamətinə - Neftçala, Cəlilabad və Lənkərana doğru səmt götürdü. Yanvarın 25-i və 26-da sovet qoşunları həmin bölgələrdə yerli əhali ilə müxtəlif bəhanələr altında qarşıdurmalara gedir, günahsız insanları həbs edir və güllələyirdilər. Hadisə Yanvarın 25-i saat 18:32 radələrində başladı. Hadisələr baş verənə qədər Neftçalada Azərbaycan Xalq Cəbhəsinin Neftçala şöbəsində Milli Azadlıq Hərəkatı fəalları hərbçilərin hər hansı qırğın ehtimalını, qarşıdurma yaratmasını önləmək üçün danışıqlar aparırdı. Lakin, Neftçalada təxribat planını həyata keçirən sovet hərbçiləri etiraz dalğasının önündə gedənləri danışıqlar aparmaq adı altında Qarabağı Müdafiə Komitəsinin binasına toplayaraq hədə-qorxu gəlməyə, hansısa silahları təhvil verməyi tələb etməyə başlamışdılar. Adamlar binanın içərisinə toplandıqdan sonra çöldə partlayış səsləri eşidilməyə başladı. Binadan çölə qaçanlar da atəşə tutuldular. Ələ keçən fəallar qolları bağlı vəziyyətdə Bankə qəsəbəsinə aparıldı. Onlara olmazın işgəncələr verildi. Xıllı qəsəbəsində isə tank və PDM-ləri şübhələndikləri adamların qapısına sürür, həyətlərdəki ot tayalarını yandırırdılar. İbrahim Nurlu "Neftçalada yanvar qırğını" adlı kitabında yazır ki, əsarətin son günləri şəhərin küçələrində tanklar gəzir, sovet əsgərləri vəziyyətə nəzarət edirdilər. Neftçala rayon hərbi komendantı O.Şeluxinin imzası ilə yayılan riyakar məlumatda göstərilirdi ki, xüsusi qoşun hissələri Neftçalaya daxil olan zaman rayon müdafiə şurasının üzvləri silah işlətmiş və xüsusi qoşun hissələri buna cavab olaraq atəş açmışlar. Leytenant Aksyonov ölmüş, bir əsgər yaralanmışdır. Eyni zamanda şəhər sakinlərindən bir nəfər ölmüş, üç nəfər xəstəxanaya düşmüşdür. Guya əhalidə pulemyot, avtomat, tapança və qumbara var və axtarış davam edir.
1990-cı il 25-26 yanvar faciəsi vaxtı gedən döyüşlərdə Neftçalada 10 nəfər - Ramiz Cəfər oğlu Hüseynov, Novruz Allahverdi oğlu Dadaşov, Ələkbər Məmmədəli oğlu Talıbov, Bəxtiyar Ağahüseyn oğlu Ağayev, Məhəmməd Təzəxan oğlu Fərziyev, Fərman Kamran oğlu Hüseynov, Oqtay Əbilhəsən oğlu Orucov, Əliheydər Xanəhəd oğlu Məmmədov, Abdulla Xanalı oğlu Ağayev, İmamverdi Ağaməhəmməd oğlu Zeynalov yaralanıb, bütövlükdə isə 30 nəfər zərər görüb.[1]
Azərbaycanın müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərin fəal iştirakçısı olmuş 20 yanvar qazisi Ələkbər Talıbov Milli Azadlıq Hərəkatında fəaliyyəti illərini belə xatırlayır:
Milli Azadlıq Hərəkatında fəaliyyətim 1988-ci ilin noyabr ayından başlayaraq 1993-cü ilə qədər davam edib. Neftçalada 20 yanvar hadisələrinə etiraz vaxtı ümumiyyətlə silahımız yox idi. Sadəcə xalq üsyanına qalxıb Bakıda 20 yanvar hadisələrinə öz etirazımızı bildirirdik. Həmin ərəfədə bizə məlumat gəldi ki, hərbi hissə komandiri sizinlə görüşmək istəyir. Biz də görüşə razılıq verdik və düşünürdük ki, təki bizimlə görüşsünlər əhaliyə xətər toxundurmasınlar. Bundan da bir gün qabaq Neftçalada vertolyotlar uçuşur, işıq saçan güllələr atılır və yaxud da özləri təxribat törədirdilər. Atəş açıb camaatın boynuna yıxırdılar ki, guya ki əhali təxribat törədir. Məlumatımız var idi ki, SSRİ Silahlı Qüvvələrinin Alfa Xüsusi təyinatlıları Neftçalaya gəlib kəşfiyyat aparır. Bizə məlum idi ki, Neftçalada da bu hadisəni törədəcəklər. Neftçalanı hərtərəfli blokadaya almışdılar. Amma bizlər bunu vaxtında duyduq və yeni qırğınların olmasına imkan vermədik. Lakin xalqın iradəsi hökm sahibi olsa da, sovet ordusu bizlərə də divan tutdu. Neftçalada 2 nəfər şəhid oldu.. Bakıda da baş verən qanlı hadisələr vaxtı sovet qoşunlarının qırğınının qarşısını almaq üçün balıqçı gəmilərinin təşkil etdiyi blokada da iştirak etmişəm. Bakı buxtasında sovet qoşunlarına qarşı müqavimət göstərmişik. Sipər çəkib şəhərə daxil olmalarını önləməyə çalışmışıq. Ruslara tabe olmayıb öz bayrağımızı gəmimizin körpücüyündə yüksəltmişdik… dəfələrlə sərhədçilər tərəfindən təqiblərə məruz qalmışam. O vaxt iki SSRİ DTK-çısı tərəfindən təqib edilmişəm… Lakin haqq yolunda, xalq yolunda namərdlik ola bilməz deyib əqidəmdən dönməmişəm və dönmərəm… Bir müddət Neftçalada baş verən qanlı hadisələrdən sonra məni öldü sanırdılar. Çünki bizi əvvəlcə Bankə qəsəbəsindəki hərbi hissədə sıraya düzüb güllələmək istəyirdilər, lakin son anda fikirlərindən daşınıb vertolyotla Bakıya gətirmişdilər. Xəzər dənizi üzərindən keçərkən dənizə atmaq fikrinə düşsələr də sonradan bu fikirlərindən də əl çəkmişdilər. Həmin vaxtı bizi - fəalları qalaq kimi üst-üstə vertolyota yükləmişdilər. Bizi dənizə atmayıb Binə Hava limanına gətirdilər. Yenidən bizi sırayla düzüb güllələmək istədilər. Bu anda Azərbaycan Deputat İstintaq Qrupu (Arif Məlikov, Fikrət Əmirov, Ədilə Namazova və b.) hadisə yerinə gəlib bizi sovet hərbçilərindən alıb Şüvəlanda yerləşən Tağıyev təcridxanasına apardılar. Vəziyyətimiz ağır olduğuna görə bizi ordan 26 nömərli Mərdəkan şəhər xəstəxanasına gətirdilər. Xəstəxanada da kəndinə əhalisi bizə kifayət qədər diqqət və qayğı göstərdi. Dərmanla, pal-paltarla təmin etdi… Həmin ərəfədə həqiqətən də millət birlik nümayiş etdirirdi. 26 nömərli Mərdəkan şəhər xəstəxanasının həkimlərinə, tibb bacılarına, oranın sakinlərinə təşəkkürümü bildirirəm. Bizə çox yardım etdilər. Sağalandan sonra yenidən mübarizəyə qoşulduq. |
1990-cı ilin yanvar hadisələri zamanı Bakı şəhərinə və respublikanın bir sıra rayonlarına keçmiş SSRİ Silahlı Qüvvələrinin təcavüzkar basqını zamanı yüksək vətəndaşlıq, mərdlik və hünər nümunələri göstərərək Azərbaycanın istiqlaliyyəti uğrunda yaralanmış bir qrup şəxsə Azərbaycan Respublikasının "Azadlıq uğrunda mübariz" fəxri adı verilib. Neftçala rayonu üzrə Ələkbər Talıbov da daxil olmaqla 12 nəfər bu ada layiq görülüb:
- Ağahüseynov Nürəddin Aslan oğlu (ölümündən sonra)
- Cəfərov Əbülfəz Böyükağa oğlu (ölümündən sonra)
- Orucov Şəmsəddin Əbilhəsən oğlu (ölümündən sonra)
- Ağayev Bəxtiyar Ağahüseyn oğlu
- Talıbov Ələkbər Məmmədəli oğlu
- Dadaşov Novruz Allahverdi oğlu
- Məmmədov Əliheydər Xanəhəd oğlu
- Nəcəfov Nizami Əbil oğlu
- Hüseynov Natiq Mirzağa oğlu
- Hüseynov Fərman Kamran oğlu
- Hüseynov Ramiz Cəfər oğlu
- Fərziyev Məhəmməd Təzəxan oğlu[1]
Ələkbər Talıbov 1993-cü ildə Qarabağ müharibəsinin də iştirakçısı olmuşdur. Üzvü olduğu batalyon üzvləri əsasən Neftçaladan olanlar idi. Hərbçilərə könüllülər kimi humanitar yardımlar göstərirdi. Bu işdə onlara xüsusi şəxslər kömək edirdi. Bu könüllü batalyonunun fəaliyyət dairəsi Ağdamdan, Füzulidən, Qubadlıdan, Laçından, Ağdərədən və digər od-alovlu yerlərdən keçib. Xüsusi olaraq Ağdamın Abdal Gülablı, Quzanlı, Çəmənli, Qaradağlı, Füzulinin Aşağı və Yuxarı Veysəlli kəndlərini qeyd oluna bilər. Ələkbər Talıbov Çəmənlidə Orucov qardaşlarının tank diviziyasında da iştirak edib.
Bir müddət Azərbaycan Balıq təsərrüfatı gəmilərində kapitan, daha sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xəzər hövzəsi Qəza Xilasetmə Xidməti idarəsində gəmi kapitanı vəzifəsində işləməyə başlamışdır. Hal-hazırda həmin idarədə fəaliyyətini davam etdirir.[2]
Təltif və mükafatları
redaktə- 1993-cü il 3 iyun tarixində Azərbaycan Respublikasının prezidenti Əbülfəz Elçibəyin 625 №-li fərmanı ilə "Azadlıq uğrunda mübariz" fəxri adına layiq görülmüşdür.[3]
- 2000-ci ildə qanlı "20 yanvar" hadisələrinin on illiyi ilə əlaqədər Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev tərəfindən prezident təqaüdünə layiq görülmüşdür.[4]
- 2011-ci ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən prezident təqaüdünə layiq görülmüşdür.[2][5]
Ailəsi
redaktəAiləlidir, 2 oğlu və 1 qızı vardır. Böyük oğlu Sübhan Talıblı AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçi olub, tarix üzrə fəlsəfə doktoru və dosentdir[6], qızı Qönçə Talıblı Azərbaycan Tibb Universitetini bitirib, həkimdir. Kiçik oğlu Pünhan Talıblı isə kiçik bizneslə məşğul olur. Ələkbər Talıbovun 2 nəvəsi var. Oğul nəvəsi onun adını daşıyır.[2]
Xarici keçidlər
redaktə- 60 ildir döyüşən insan (Paylaşılma tarixi: 07.08.2013)
- Nəcəfxanlı Ə. 20 Yanvar faciəsinin cənub bölgəsində əks-sədası. Xalq qəz., 2015, 25 yanvar, s. 4 (Paylaşılma tarixi: 25.01.2015)
- Neftçalada Yanvar qırğını (Paylaşılma tarixi: 23.01.2014)
- "Neftçalada Yanvar qırğını" kitabı (Paylaşılma tarixi: 23.01.2014)
- "1990-cı ilin yanvarında neftçalalılar da qanına-qəltan edildi" – 20 Yanvar qazisi (Paylaşılma tarixi: 20.01.2015)
- Subhan Talıblı: Atam Talıbov Ələkbər Məmmədəli oğlu "20 Yanvar" faciəsinin şahidi olub (Paylaşılma tarixi:19.01.2018)
- Sübhan Talıblının 20 yanvarla bağlı çıxışı - video (Paylaşılma tarixi: 20.01.2016)
- Faciə qurbanlarının xatirəsi Neftçala, Masallı, Lənkəran və Astara rayonlarında da anılıb - video (Paylaşılma tarixi: 20.01.2018)
- Talıbov Ələkbər: Sovet ordusu əsgərinin güllələri ona Bakıda yox, Neftçalada tuş gəlib (Paylaşılma tarixi: 20.01.2018)
- 20 Yanvar qazisi: "1990-cı ilin yanvarında neftçalalılar da qanına-qəltan edildi" Arxivləşdirilib 2015-04-19 at the Wayback Machine (Paylaşılma tarixi: 23.01.2015)
- 25 yanvar Neftçala rayonunda şəhidlərin anım günü ilə bağlı - ANS-dən qısa reportaj
- Tragedy and Heroism: Azerbaijanis Remember January 20 (Paylaşılma tarixi: 20 yanvar, 2018)
- "Черный январь" Баку 1990: воспоминания о кровопролитии (Paylaşılma tarixi: 20 yanvar, 2018) - Из архивов газеты ЭХО
- Neftçala - 20 yanvar-video
- LiderTV - Yanvar qətliamları bölgələrdə də törədilib - video
Həmçinin bax
redaktəMənbə
redaktə- Ələkbər Zahidov. Müstəqillik yollarında (Düşüncələr, xatirələr, sənədlər) 3 saylı. Bakı Mətbəəsi, ASC, Bakı, 2019, 448 s.
- İbrahim Nurlu. I Hissə. İman və inam yerimiz. II hissə. Xeyirxahlıq insanı ucaldan əməldir. Bakı, Mütərcim, 2017, 312 s.
İstinadlar
redaktə- ↑ 1 2 İbrahim Nurlu. Neftçalada Yanvar qırğını. Bakı: Azər nəşriyyatı, 2004, 58-62
- ↑ 1 2 3 Subhan Talıblı: Atam Talıbov Ələkbər Məmmədəli oğlu "20 Yanvar" faciəsinin şahidi olub[ölü keçid] (Linkdən istifadə müddəti: 19.01.2018, saat 23:52)
- ↑ Azərbaycan Respublikasının prezidenti Əbülfəz Elçibəyin 1993-cü il 3 iyun tarixli 625 №-li fərmanı.
- ↑ "20 Yanvar hadisələrində şəhid olanların, itkin düşənlərin ailələrinə və əlil olan şəxslərə birdəfəlik dövlət yardımı haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı. Bakı şəhəri, 17 yanvar 2000-ci il № 308". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-23.
- ↑ "1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı. 19 yanvar 2011-ci il, № 370". 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-23.
- ↑ "Talıblı Sübhan Ələkbər oğlu". 2020-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-19.