Elesger Novruzov - Wikipedia
Ələsgər Xanlar oğlu Novruzov (1 avqust 1949, Kürdhacı, Laçın rayonu – 26 fevral 1992, Xocalı) — Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi.
Ələsgər Novruzov | |
---|---|
Ələsgər Xanlar oğlu Novruzov | |
Doğum tarixi | 1 avqust 1949 |
Doğum yeri | |
Vəfat tarixi | 26 fevral 1992 (42 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Şəhid olmuşdur (erməni separatçıları tərəfindən işgəncələr verilərək qətlə yetirilmişdir)[1]. |
Dəfn yeri | |
Uşağı | üç övlad |
Fəaliyyəti | hərbi qulluqçu |
Mükafatları |
Həyatı
redaktəƏləsgər Novruzov 1 avqust 1949-cu ildə Laçın rayonunun Kürdhacı kəndində anadan olmuşdur. 1966-cı ildə Kürdhacı kənd orta məktəbini(hal-hazırda Kürdhacı kənd Ə. Novruzov adına orta məktəb) əla qiymətlərlə bitirmişdir. 1968–1970-ci illərdə Ermənistan Sovet Sosialist Respublikasının Leninakan şəhərində hərbi xidmətdə olmuşdur. 1971-ci ildə Şuşa Pedaqoji Texnikumuna daxil olmuş və 1973-cü ildə oranı bitirərək bədən tərbiyəsi müəllimi ixtisasını almışdır. Həmin ildən öz doğma kəndlərindəki məktəbdə ixtisası üzrə əmək fəaliyyətinə başlamışdır. İşlədiyi müddət ərzində müəllim və şagird kollektivinin böyük hörmətini qazanmıdır. Əmək fəaliyyətinə başladığı ilk günlərdən məktəbin futbol və voleybol meydançalarında yenidənqurma işləri aparmış, uşaq və gənclərin idmana marağını artırmışdır. Ələsgər müəllim kənd camaatı arasında da dərin nüfuz sahibi olmuş, yaxşı müəllim olmaqla yanaşı kiçiklərə qayğı, böyüklərə hörmət göstərən nəcib bir insan kimi tanınmışdır. 1979-cu ildə Xocalıya gəlmiş, 1 saylı məktəbdə ixtisası üzrə müəllimlik fəaliyyətini davam etdirmişdir. 1990-cı ildən şəhid olana qədər Xocalı RTŞ-nin təsərrüfat bürosunun müdiri işləmişdir.
Döyüşlərdə iştirakı
redaktəƏləsgər Novruzov məsuliyyətli bir işçi olmaqla bərabər Qarabağ döyüşlərində özünü qorxmaz döyüşçü, mahir atıcı, gözəl idmançı, qayğıkeş komandir və dostluqda əvəzedilməz bir insan kimi tanıtmışdır.
Birinci Qarabağ müharibəsinin başlandığı ilk günlərdən tam gizli şəkildə yaradılmış Xocalının müdafiə komitəsinin ilk 5 nəfər üzvündən biri olmuşdur. O, 1988-ci ilin fevralından müdafiə üçün gizli silahlı dəstələrin yaradılmasında və onların silahlandırılmasında böyük rol oynamışdır.
1988-ci il sentyabrın 18-də Xankəndidən minlərlə erməni qulduru Xocalıya hücüm edərkən onlara qarşı silahlı müqavimət göstərən 30–40 nəfər igid Xocalı oğlanlarından biri də Ə. Novruzov oldu. Mahir atıcılıq məharətini burada ilk dəfə nümayiş etdirdi, onlarla ermənini məhv etdi və erməni quldurlarının geri oturdulmasında yaxından iştirak etdi.
Həmin günlərdə Xankəndidə azərbaycanlılar döyülüb, təhqir edilir, qovulur, ələ salınırdılar. Bu vaxt Ə. Novruzov öz şəxsi maşını ilə həyatını təhlükəyə ataraq bir neçə dəfə Xankəndiyə girib qızları, qadınları xilas etmişdir.
Getdikcə vəziyyət gərginləşdiyindən yaradılmış gizli silahlı dəstələrdən birinə Ə. Novruzov rəhbərlik etmiş, qeyri-rəsmi komandir kimi tanınırdı.
Xocalının ilk özünümüdafiə dəstələrinin, sonralar isə batalyonun döyüşçülərinə atıcılıq məharətinin, silahlardan istifadə etmək bacarığını öyrədirdi.
Xocalı müdafiə komitəsinin üzvləri ilə birlikdə ermənilərin atəş nöqtələrinin dağıdılması, erməni quldur dəstələrinin məhv edilməsi üçün əməliyyat planlarının hazırlanması və həyata keçirilməsində daima fəal iştirakçı olmuşdur.
1989-cu ilin payızında Daşbulaq kəndində erməni quldurları azərbaycanlılara hücüm edərkən Ə. Novruzov döyüş yoldaşı M. Şükürovla birlikdə ermənilərə arxadan hücüm etmiş, atəşi öz uzərlərində götürərək döyüşə girmişlər. Ermənilər qəfil hücümdan özlərini itirmiş, onlarla itki vermişlər. Ə. Novruzov döyüş yoldaşı ilə sağ-salamat aradan çıxmış, Daşbulaq kəndindən olan 300 nəfərə qədər əhalini sağ-salamat qurtarmışlar.
1990-cı ildə İrəvandan Xankəndinə uçan təyyarələrin qarşısını almaq üçün Ə. Novruzov döyüş yoldaşlarından R. Həsənovla birlikdə uçuş zolağını parıldadıb xeyli müddət təyyarələrin enməsinin qarşısını almışdır.
1991-ci ildə keçirilən əməliyyatların əsas iştirakçılarından biri olmuş Ə. Novruzov dəmir yolunu dağıdılıb Xankəndinə gedən yolun bağlanmasında Xankəndi-Norağuğ yolunda 2 maşın 20-yə qədər erməninin məhv edilməsində yaxından iştirak etmiş, misilsiz qəhrəmanlıq göstərmişdir.
25 fevral 1992-ci il tarixində Ə. Novruzov öz rəhbərlik etdiyi dəstəyə bildirdi ki, döyüş ağır olacaq, ona görə də patrona qənaət etmək lazımdır, havayı güllə atıb mövqeyimizi bildirməmək lazımdır. Təxminən gecə saat 11-ə qalmış başlanan döyüşdə Ə. Novruzovun dəstəsi misilsiz qəhrəmanlıqlar göstərdi. Ə. Novruzov sərrast atıcı olduğundan 20-yə qədər erməni quldurunu məhv etdi. Səhər saat 5-ə qədər öz mövqelərindən çəkilməyən döyüşçülər artıq ermənilərin cinahından çəkilməyə məcbur oldular. Xocalıda olan yeganə beşmərtəbə binaya tərəf döyüşə-döyüşə çəkilərkən Ə. Novruzov ağır güllə yarası almışdır. O son gülləsinə qədər döyüşmüş sonra huşsuz qalmışdır. Ermənilər onu huşsuz halda işgəncələr verərək qətlə yetirmişlər (Bu haqda Respublika Prokurorluğunun istintaq qrupunda izahat və məlumatlar vardır).
Ailəsi
redaktəAiləli idi, üç övladı yadigar qalıb.
Milli Qəhrəman
redaktəAzərbaycan Respublikası prezidentinin 25 fevral 1997-ci il tarixli, 533 saylı fərmanı ilə Novruzov Ələsgər Xanlar oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Ölümündən sonra "General Məhəmməd Əsədov" mükafatına layiq görülmüşdür.
Ələsgər Novruzovun meyidi 4 nəfər erməni əsiri ilə dəyişdirilib alınmışdır. Laçın rayonunda, doğma kəndi Kürdhacıda dəfn edilib.
Ədəbiyyat
redaktə- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 232.
- Şahin Aydəmir, "Milli Qəhrəman adına layiq görülmüş müəllim", "Azad hüquqşünas" qəzeti, 18–27 may 2011-ci il.
- Niftalı Manafov, "Milli qəhrəman Ələsgər Novruzov", "Laçın yurdu" jurnalı. 2012-ci il.
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Ходжалинский геноцид – 1992 (в документах, фактах и прессе). Баку – 2006. Издательско-полиграфичкский Дом "Абилов, Зейналов и сыновья". стр.419.
… открылась дверь и в камеру бросили человека. Я его спросил: "кто ты". И он вдруг ответил: "А ты разве меня не узнал? Я Алескер Ханлар оглы – учитель из Ходжалы". У него было пулевое ранение тазобедренного сустава, нижняя часть у него не работала. Он попросил воды, но я не мог ему помоч, воды не было. Он попросил, чтобы я поплакал, чтобы капли слез упали на его губы, чтобы он спокойно умер. Я взял его на руку и дал ему потрогать мой язык, что он сухой. Тогда он попросил взят его на руки. Я лег на землю и положил его на себя, обнял и качал как маленького ребенка. Так он умер. Через 2 дня в камеру крикнули: "вы живы?". Я ответил, что один умер. Зашли армяне, при мне выбили у мертвого золотой зуб, потом его унесли.