Elesger Taliboglu - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Ələsgər Talıboğlu — şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Məmməd Araz mükafatı lauratı.
Ələsgər Talıboğlu | |
---|---|
Ələsgər Talıb oğlu Novruzov | |
Doğum tarixi | |
Doğum yeri | Kərimbəyli, Şərur rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
İxtisası | filologiya |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsi |
Fəaliyyəti | şair |
Mükafatları | Məmməd Araz mükafatı |
Həyatı və yaradıcılığı
redaktəŞair–publisist Ələsgər Talıboğlu 20 iyun 1959-cu ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Kərimbəyli kəndində doğulub. Uşaqlıq illəri Dərələyəz mahalının Çivə kəndində keçib. Hətta birinci və ikinci sinifləri o kənddə oxuyub. Sonra ata yurdu olan Şərur rayonunun Kərimbəyli kəndinə qayıdıb və təhsilini orada davam etdirib. 1970-ci ildən ailəsi ilə birgə taleyini ana kəndi olan Axaməd kəndinə bağlayıb. 1975-ci ildə doğulduğu Kərimbəyli kəndində orta təhsilini başa vurub[1].
Sovxozda fəhlə işləməyə başlayıb. 1977–1979-cu illərdə hərbi xidmətdə olub. 1980–1986-cı illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin qiyabi şöbəsində təhsil alıb. Eyni zamanda sovxozda azad komsomol təşkilat katibi, səkkiz illik məktəbdə pioner baş dəstə rəhbəri, universiteti bitirdikdən sonra isə ayrı-ayrı məktəblərdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib.
İlk şeirlərini 1974-cü ildən yazmağa başlayıb. 1976-cı ildən bədii və publisistik yazıları ilə mətbuatda çıxış etməyə başlayıb. İlk şeiri 1977-ci ildə Şərur rayonunda çıxan "İşıqlı yol" və Muxtar Respublikanın ali orqanı olan "Şərq qapısı" qəzetlərində işıq üzü görüb. 1977-ci ildə "Araz sahilində bir kənd var" və "Arpaçayın Sarvanı" adlı oçerkləri Azərbaycan radiosunun dalğalarında səsləndirilib.
Fəaliyyəti
redaktə80-ci illərdən etibarən respublikanın ayrı-ayrı qəzet və jurnallarında dərc olunur. 1983-cü ildən isə publisistik yaradıcılığını davam etdirsə də, şeir sahəsində durğunluq əmələ gəlib. Hətta o dövrə qədər yazdığı şeirləri belə doğru-dürüst qoruyub saxlaya bilməyib. Nəhayət 2011-ci ilin son günlərindən yenidən poeziya aləminə atılıb. Ustad şairimiz Adil Mirseyidin təbirincə desək "Ələsgər Talıboğlu otuz ildən sonra vulkan kimi püskürdü". Bu yeddi il yarımlıq yaradıcılıq dövründə hər şairə nəsib olmayan bir yaradıcılıq yolu keçib.
Sərbəst şeirlə bərabər, iki hecadan tutmuş on altı heca da daxil olmaqla heca vəzninin müxtəlif formalarında şeirlər yaradıb. Aşıq şeirimizə daha yaxından bağlı olub. Bayatı, cinas bayatı, gəraylı, qoşma, dodaqdəyməz gəraylı, dodaqdəyməz qoşma, təcnis, cığalı təcnis, ustadnamə, deyişmə kimi Aşıq şeirimizin ayrı-ayrı çeşidlərində qələmini uğurla sınayıb. Aşıq Tanrıverdi və sənətkar Mikayıl Əzablıdan sonra gəraylı üstündə, yəni gəraylı qafiyə formasında iki, üç, dörd və beş hecalı şeirlər yazmışdır. Hətta bu formada altı hecalı şeir qələmə almışdır ki, bu da ədəbiyyatımızda ilk uğurlardan sayıla bilər.
Ələsgər Talıboğlu 2013-cü ildə atalığına ithaf etdiyi "Əsl insan haqqında elegiya" adlı şeiri ilə Azərbaycan ədəbiyyatında müsbət atalıq obrazının əsasını qoyub. Şair eyni zamanda, uşaq şeiri sahəsində də qələmini sınaqdan keçirib. Uşaq ədəbiyyatımıza zənginlik qata biləcək uşaq şeirləri, laylalar, nazlama və oxşamalar, yanıltmaclar, sevməcələr, tapmacalar, öcəşmə və sataşmalar yarada bilmişdir. "Ömrün 60 yarpağı" adlı məqalələr toplusunun müəllifidir. Min iki yüzdən artıq şeiri və üç poeması isə hələlik işıq üzü gözləyir. Şeirləri fransız, gürcü, rus, alman, ingilis dillərinə tərcümə olunmuş və özbək türkcəsinə uyğunlaşdırılmışdır.
Kitablar
redaktə- Ələsgər Talıboğlu "Qəm karvanı"(2013)
- "Vətən nəğmələri"(2014)
- "Bir kəhər kişnəyir yuxularımda"(2015)
- "O yurd mənim yurdum idi"(2018)
- "Şeir göyərçin dənidi"(2019)