Eli Fitret - Wikipedia
Əli Məhəmməd oğlu (Əli Fitrət) - Cənubi Azərbaycanın tanınmış şairlərindən, "Azərbaycan şair və yazıçılar cəmiyyəti"nin təşkilatçılarından biri.
ƏLİ FİTRƏT | |
---|---|
Əli Məhəmməd oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Təbriz, Cənubi Azərbaycan |
Vəfat tarixi | |
Vəfat səbəbi | qətlə yetirilmişdir |
Fəaliyyəti | şair |
Əli Fitrət Vikimənbədə |
Həyatı
redaktəƏli Məhəmməd oğlu Fitrət 1890-cı ilin baharında Cənubi Azərbaycanda, Təbriz şəhərində ruhani ailəsində anadan olmuşdur[1]. İbtidai təhsilini mollaxanada almışdır. Lakin atası Molla Məhəmməd ona klassik ədəbiyyatı, elmi-bilikləri və ərəb dilini mükəmməl öyrətmişdir. 15 yaşında ikən atası vəfat etdiyindən təhsilini yarımçıq qoyub mürəttib işləmişdir. Bədii yaradıcılığa bu dövrdən başlamışdır. Səttarxan hərəkatına qoşulmuş, fədai kimi əldə silah cəbhələrdə döyüşmüşdür. "Səttarxan medalı" ilə təltif olunmuşdur. İyirmi beş yaşında mürəttibliyi tərk edib, Təbriz-Culfa dəmiryolu idarəsində çalışmışdır. Gənclik dövründə farsca şeirlər yazsa da, sonra imtina edib, ana dilində yazmağı üstün tutmuşdur. Təbriz və Tehran dövrü mətbuatında ("Şahin", "Təbriz", "Səhənd", "Kanuni-Şüəra", "Xavər-no", sonra isə "Azərbaycan", "Şəfəq", "Vətən yolunda" məcmuə və qəzetlərdə) şeirləri işıq üzü görmüşdür. Satirik şeirlərini gizli imzalarla dərc etdirmişdir. İlk şeir kitabçasında ("Bayquş və bülbül" (1932)) təmsilləri toplanmışdır. "Şairlər məclisi"nin, Milli hökumət yaranandan isə "Azərbaycan şair və yazıçılar cəmiyyəti"nin təşkilatçılarından biri olmuşdur. Gənc ədəbi qüvvələrə məsləhətlər verməsi, yığıncaqlarda, ədəbi gecələrdə çıxışları ona rəğbət qazandırmışdır. Yaradıcılığının birinci dövründə (1906-1947) "Bumu bülbül", "Divani Fitrət" (1937) kitabları nəşr olunmuşdur. Yaradıcılığının ikinci mərhələsində dolğun yaradıcılıq dövrü keçirmiş, ictimai-siyasi lirikası və qəzəlləri ilə tanınmışdır.
1941-1946-cı illərdə Respublikamızın ziyalıları tərəfindən Təbrizdə nəşr olunmuş Vətən Yolunda (qəzet) qəzetində bir çox serləri dərc olunmuşdur.
Milli hökumət məğlub edildikdən sonra İran hakim dairələri onu zindana salmış, əzab və işgəncələr vermiş, 1948-ci ildə zindanda qətlə yetirmişdir.[2][3]
İstinadlar
redaktə- ↑ Cənubi Azərbaycan Ədəbiyyati Antologiyası. III. Bakı: Elm nəşriyyatı. 1988. səh. 24. 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-20.
- ↑ Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. Archived from the original on 2022-07-18. İstifadə tarixi: 2017-07-08.
- ↑ Balayev, Xaqan. Azərbaycanın sosial-siyasi həyatında cənublu mühacirlərin iştirakı (1947-1991) (az.). Bakı: Elm və təhsil nəşriyyatı. 137. ISBN 2018.