Eli Nazim - Wikipedia
Mahmudzadə Ələkbər Mahmud oğlu (Əli Nazim) (24 noyabr 1906, Təbriz, Qacar dövləti – 23 avqust 1941, Bakı) – Azərbaycan sovet tənqidçisi və ədəbiyyatşünası, 1934-cü ildən AYB-nın üzvü.[1]
Əli Nazim | |
---|---|
Ələkbər Mahmud oğlu Mahmudzadə | |
Doğum tarixi | 24 noyabr 1906 |
Doğum yeri | |
Vəfat tarixi | 23 avqust 1941 (34 yaşında) |
Vəfat yeri | |
Uşağı | |
Təhsili |
|
Fəaliyyəti | ədəbiyyat tənqidçisi, ədəbiyyat tarixçisi |
Əsərlərinin dili | Azərbaycan dili |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəƏli Nazim 1906-cı ildə Cənubi Azərbaycanın Təbriz şəhərində dünyaya gəlmişdir. İlk təhsilini də orada "Mədrəseyi-Nicat"da almış, farsca yazıb oxumağı öyrənmişdir. O, 1916-cı ildə Batumidə yaşayan ailəsinin yanına gedib, orada rus dilini öyrənir. 1922-ci ildə Səməd Ağaoğlunun Batumidə yeni əlifba komitəsi təşkil etdiyi zaman Ə. Nazim də komitənin işində fəal iştirak etmişdir. O, 1922-ci ildə Bakıya köçüb, burada pedaqoji texnikumda oxuyub. Texnikumda oxuduğu illərdə "Yeni yol" və "Kommunist" qəzetlərində məqalələr dərc etdirmişdir.
Texnikumu bitirdikdən sonra 1925-ci ildə Leninqrad Şərqşünaslıq İnstitutuna daxil olmuşdur. Ə. Nazim məşhur sovet şərqşünasları akademik A. N. Samoyloviç və professor Y. Bertelsin tələbəsi olub. O, institutda oxumaqla yanaşı, tənqidi fəaliyyətini də davam etdirmiş və müasir ədəbiyyatın aktual problemlərinə dair məqalələr yazaraq Bakıya göndərmişdir. Bu məqalələr "Kommunist", "Maarif və mədəniyyət" səhifələrində işıq üzü görüb. Əli Nazim 1927-ci ildə institutun son kursunda oxuyarkən Türkiyəyə elmi ezamiyyətə göndərilib. Beləliklə, Türkiyə mətbuatında onun müasir Azərbaycan ədəbiyyatı haqqında geniş məqaləsi çıxmışdır. Ezamiyyətdən qayıdandan sonra Əli Nazim Moskva Kommunist Akademiyasının aspiranturasına daxil olub. Burada ədəbiyyatşünas professor V. F. Pereverzevin mühazirələrini dinləmişdir.
Fəaliyyəti
redaktəƏmək fəaliyyəti
redaktəƏli Nazim 1930-cu ildə o, aspiranturanı əla qiymətlərlə bitirərək Kommunist Akademiyasının elmi işçisi, SSRİ xalqları ədəbiyyatı və incəsənəti bölməsinin elmi katibi vəzifələrində işləyib (1927–1932). Həmin il o, kommunist partiyası sıralarına daxil olub. 30-cu illərin əvvəllərində Ə. Nazim öz fəaliyyətini Bakıda davam etdirmişdir. O, Azərbaycan Elmi-Tədqiqat İnstitutunun ədəbiyyat şöbəsinin müdiri və Ali Pedaqoji İnstitutda kafedra müdiri vəzifələrində çalışmışdır. O, ədəbiyyat nəzəriyyəsi, poetika, poetika tarixi, ədəbiyyat tarixi və s. kurslar üzrə mühazirələr oxuyub, seminar aparıb. O, eyni zamanda, tənqidçi kimi də fəaliyyət göstərmişdir. Azərbaycan Sovet Yazıçıları İttifaqı İdarə Heyətinin və bir sıra mətbuat orqanı redaksiya heyətinin üzvü olmuşdur. Rus dilində nəşr olunan "Ədəbiyyat ensiklopediyası"nın şöbə redaktoru kimi fəaliyyət göstərən Əli Nazim burada Azərbaycan və türk ədəbiyyatı haqqında məqalələr dərc etdirmişdir.[2]
Yaradıcılığı
redaktəƏli Nazimin ilk məqalə və şeirləri 1921-ci ildə Batumidə çıxan "İştirak" qəzetində çap olunub. Onun tənqidi fəaliyyəti bütünlüklə on beş ilə yaxın bir vaxtı əhatə edir. İyirminci illərdə tənqidin ən aktual məsələsi ədəbiyyat və inqilab problemi, yeni ədəbiyyat və onun hansı yollarla yaradılması problemi idi. Ə. Nazim Azərbaycanda bu problemə müraciət edən ilk sovet tənqidçilərindən biri olmuşdur. Onun 1924–25-ci illərdə nəşr olunmuş məqalələrində — "Yeni yol" qəzetində dərc olunmuş "Ədəbi ehtiyaclarımız" (1924), "Yeni həyat və yeni ədəbiyyat" (1924), "Ədəbiyyatımız və ədəbiyyat tariximiz" (1925) kimi məqalələrində, sosialist çevrilişi ilə ölkədə əmələ gələn ictimai-siyasi və mədəni dəyişiklikləri əks etdirmişdir.
Tənqidçinin xüsusi diqqət yetirdiyi problemlər sırasında yeni ədəbiyyatın yaradıclıq siması, ədəbiyyatda ideyalılıq və sinfilik problemləri olmuşdur. Onun "Bugünkü ədəbiyyatımız haqqında", "Proletar ədəbiyyatı ətrafında", "Bugünkü Azərbaycan ədəbiyyatı və onun ictimai məfkurəvi siması", "Süleyman Rüstəm haqqında kiçik bir mülahizə", "Günəşi içirik… günəşlənirik", "Yeni vəzifələr qarşısında", "Mədəni inqilab və mədəni irs məsələsi", "Çığırdaşlarımız haqqında","Yeni Azərbaycan ədəbiyyatı", "Proletar ədəbiyyatımızın yaradıcılıq siması", "Ədəbiyyatımızı bolşevikləşdirmək və həqiqi proletar ədəbiyyatı yaratmaq…", "Şeirimizin və şüurumuzun xəstəlikləri haqqında", "Üç şeir" və məqalələri müasir ədəbiyyatın yaradıclıq məsələlərinə həsr olunmuşdur.
1930-cu iilərdə Plexanovun ətrafında tənqidlərin kəskinləşdiyi bir dövrdə Ə. Nazim yazırdı ki, "… Plexanov təsiri altında olmayan tənqidçimiz olomamışdır". Bilavasitə özündən danışarkən tənqidçi göstərirdi ki, "o, 1926-cı ildən 1930-cu ilə qədər öz məqalələrində böyük dərəcədə Plexanov təsiri altında olmuş, bir çox mühüm əsərləri Plexanov nöqteyi-nəzərindən qoyub həll etmişdir".[3]
Azərbaycan sovet poeziyasının bir sıra ciddi problemləri tənqidçinin "Şeirimizin və şüurumuzun xəstəlikləri haqqında" adlı çox geniş və dərin məzmunlu məqaləsində əsaslı şəkildə qoyulub işıqlandırılmışdır. 1920-ci illərdə onun mərkəzi mətbuatda məqalələri nəşr olunurdu. Məsələn, "Azərbaycan ədəbiyyatı"(1929), "Xırda burjua ziyalılığı proletar ədəbiyyatı pərdəsi altında" (1930) məqalələri Moskva jurnallarında çap olunmuşdur. Otuzuncu illərdə Ə. Nazim bu sahədə fəaliyyətini daha da genişləndirir, mərkəzi mətbuatda, Zaqafqaziya mətbuatında iştirak edir. Alimin 1933-cü ildə "Marks və Engelsin estetik görüşləri haqqında" məqaləsi Azərbaycanda bu sahədə ilk təşəbbüslərdən biri kimi qiymətləndirilir. 30-cu illərdə Ə. Nazimin yaradıclığında sovet ədəbiyyatının tarixən qısa dövr ərzində keçdiyi yolu ümumiləşdirmək meyli nəzərə çarpırdı və bu onun "Proletar diktaturası dövründə Azərbaycan ədəbiyyatı" oçerkində özünü büruzə verirdi.
Ə. Nazimin yaradıclıq yolunu və təkamülünü öyrənməyə xüsusi maraq göstərdiyi yazıçılardan biri Cəfər Cabbarlı olmuşdur. Onun "Almaz", "Yaşar"a doğru (1935), "Cəfər Cabbarlının yaradıcılıq yolu" (1934–35), "Cəfər Cabbarlı" (1935) mövcuddur. Alim həmçinin dünya və SSRİ xalqları ədəbiyyatları, Firdovsi, Nəvai, Xəyyam, Höte kimi şəxsiyyətlər haqqında məqalələr yazmışdır. Ə. Nazimin müraciət etdiyi sənətkarlar arasında Vladimir Mayakovski xüsusi yer tuturdu. O, yazırdı: "Biz hər şeydən əvvəl, Mayakovskinin böyük sənətini, onun necə, hansı yollarla inqilabın ən yaxşı, ən istedadlı şairi olmasını öyrənməliyik".[4]
Məqalələri
redaktə- "Aydın"
- "İblis"
- "Lahuti"
- "Şair qız"
- "Ömər Xəyyam"
- "M.A.Şoloxov"
- "Höte və biz"
- "Cəfər Cabbarlı"
- "Sabir Tahirzadə"
- "Mayakovskini öyrənək"
- "Ədəbiyyatmı? Xalqmı?"
- "Oktyabr və tənqidimiz"
- "Gənc qələmlər haqqında"
- "Əbdürrəhim Haqverdiyev"
- "Yeni üslub yaratmalıyıq"
- "Firdovsi və yaradıclığı"
- "Molla Nəsrəddin haqqında"
- "Simurqun yaradıclıq yolu"
- "Dramaturgiyamızın yolları"
- "Xəzərdən Qara dənizə qədər"
- "Yeni həyat və yei ədəbiyyat"
- "Rus Oktyabr ədəbiyyatı və biz"
- "Günəşi içirik... günəşlənirik"
- "Bugünkü ədəbiyyatımız haqqında"
- "Cəfər Cabbarlının yaradıclıq yolu"
- "Klassikləri Lenincəsinə öyrənməli"
- "Cəlil Məmmədquluzadə və yaradıclığı"
- "Ədəbiyyatımız və ədəbiyyat tariximiz"
- "Azərbaycan xalq ədəbiyyatından. Bayatılar"
- "Proletar ədəbiyyatımızın yaradıclıq siması"
- "Süleyman Rüstəm haqqında kiçik bir mülahizə"
- "Marks və Engelsin estetik görüşləri haqqında"
- "Molla Nəsrəddinin nəsri haqqında bir neçə qeyd"
- "SSRİ Yazıçıları İttifaqının III plenumunda nitq"
- "Ümumittifaq Sovet Yazıçıları qurultayında çıxış"
- "Firdovsi və "Şahnamə"nin ədəbi-tarixi əhəmiyyəti"
- "Proletar diktaturası dövründə Azərbaycan ədəbiyyatı"
- "Rekonstruksiya dövrü və millətlər incəsənətinin vəzifələri"
- "Bugünkü Azərbaycan ədəbiyyatı və onun ictimai-məfkurəvi siması"
Vəfatı
redaktə1937-ci ildə həbs olunmuş, 10 il müddətinə həbs cəzasına məhkum edilmiş, 1941-ci il avqustun 23-də həbsxanada vəfat etmişdi. 1957-ci ildə bəraət almışdır.
Ədəbiyyat
redaktə- Fikrin karvanı. Tərtib edəni Elçin, Bakı: Yazıçı, 1984, s.209–221
- Nizaməddin Şəmsizadə. Əli Nazim, Bakı: Tural, 2003, 256 s.
- Vaqif Sultanlı. Azərbaycan ədəni tənqidi, Bakı: Nurlar, 2019, s.183–185