Ellame Semseddin Amuli - Wikipedia
Əllamə Şəmsəddin Məhəmməd ibn Mahmud Amuli: (XIII əsr) — İslam alimi və təbib.
Əllamə Şəmsəddin Məhəmməd ibn Mahmud Amuli | |
---|---|
Doğum tarixi | XIII əsr |
Doğum yeri | Amul, Mazandaran |
Vəfat tarixi | |
Dəfn yeri | Şiraz |
Həyatı
redaktə“Şəmsəddin Amuli” ləqəbi ilə tanınan Əllamə Məhəmməd ibn Mahmud XIII-XIV (hc.VII-VIII) əsrlərdə yaşayıb-yaratmış islam təbib və alimlərindən biri olmuşdur. Onun dəqiq doğum tarixi bizə məlum deyil, amma XIII (hc.VII) əsrin ikinci yarısında Amulda (Mazandaran vilayəti) anadan olduğu deyilir. O, Ulcaytu xanın dövründə (1304-1317) Sultaniyyə şəhərinə dəvət olunmuş, ora getdikdə Ulcaytu xan və onun vəziri Fəzlullah Rəşidəddinin rəğbətini qazanaraq Sultaniyyə mədrəsəsinin müdərrisi və müəllimi vəzifəsinə təyin edilmişdir.
Elmi fəaliyyəti
redaktəƏllamə Şəmsəddin Amuli ərəb və fars dillərində bir neçə dəyərli əsərin müəllifidir. Amma bu alimin ən məşhur əsəri fars dilində yazdığı «Nəfaisül-fünun fi Əraisil-üyun» (Çeşmələr incilərində nəfis elm sahələri) əsəridir. Onun çap olunmuş nüsxəsi əlimizdə olduğuna görə, bu kitabda onun qiymətli məlumatlarından nisbətən geniş formada istifadə etməyə çalışmışıq. Üç cilddən ibarət bu kitab sözügedən dövrün müfəssəl elmi-ensiklopedik məlumatlar kitabı hesab olunur. Belə ki, əsərdə 120-yə yaxın elm və onların müxtəlif şaxələri böyük bacarıqla işıqlandırılmış, elmin mürəkkəb məsələləri sadə bir dildə şərh edilmişdir. Orta əsr müəllifləri bir qayda olaraq tarixi hadisələri daha öncə yazılmış əsərlərdən tənqidi yanaşmadan, bir çox hallarda isə birbaşa köçürərək nəql etmişlər. Amma bir üstün cəhət olaraq sözügedən mənbədə bu ənənə pozulmuşdur. Şəmsəddin Amuli ilk öncə giriş sözü ilə çıxış etmiş, birinci fayda olaraq elmin üstünlükləri, ikinci fayda kimi elmin müxtəlif sahələrə bölünməsi və üçüncü fayda olaraq əsərin hazırlanması barədə orijinal məlumatlar vermişdir.[1]
Müəllif əsərlərində XIII-XIV əsrlərdə Azərbaycan və İslam alimlərinin elmi səviyyəsi, onların dünyəvi elmlərə yanaşma tərzi kimi mühüm məsələləri geniş şəkildə işıqlandırmışdır. Əsərlərindəki ensiklopedik məlumatlardan belə nəticəyə gəlmək olur ki, bəzi müasir tədqiqatçıların haqsız ehtimallarının əksinə olaraq, Azərbaycan İslam alimləri hələ qədim dövrlərdən etibarən metafizika sahəsi ilə yanaşı, dünyəvi elmlərə də xüsusi rəğbətlə yanaşmış, elmin heç bir sahəsinin əleyhinə çıxış etməmişlər.
Vəfatı
redaktəMənbələrə görə Sultan Əbu Səidin (1316-1335) vəfatından və Azərbaycanda baş qaldırmış hərc-mərclikdən sonra Şəmsəddin Amuli Sultaniyyədən Şiraza getmiş, 1352-ci ildə orada vəfat etmişdir. «Şəddül-əzar» əsərində verilmiş məlumata görə, onun Şiraz şəhərində dəfn olunduğu qeyd edilir.
Əsərləri
redaktə- "Nəfaisə əl-fünun fi Ərais əl-üyun" (Çeşmələr incilərində nəfis elm sahələri)
- "Şərh-e kulliyat-e qanun-e İbni Sina" (İbn Sinanın "Qanun" əsərinin şərhi)
- "Şərh bər muxtasərü-l üsul İbni Sahib" (İbn Sahibin "Muxtasərul üsul" əsərinə şərh")
İstinadlar
redaktə- ↑ Elxan Quliyev.Əllamə Şəmsəddin Məhəmməd İbn Mahmud Amulinin «Nəfais Əl-Fünun Fi Ərais Əl-Üyun» adlı əsəri orta əsr Azərbaycan elm tarixi üzrə mənbə kimi. Bakı Universitetinin xəbərləri, humanitar elmlər seriyası, No.3, 2011, s.174