Emanulla Xan Naxcivanski - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Əmanulla xan Naxçıvanski (15 iyun 1845, Naxçıvan, Gürcüstan-İmeretiya quberniyası – 1891) — polkovnik, sonuncu Naxçıvan xanı Ehsan xan Kəngərlinin nəvəsi, və hərbi xadim, general-leytenant İsmayıl xan Naxçıvanskinin oğludur. Natəvanın qızı Xanbikə xanımla ailə həyatı qurmuşdur. Əkbər xan Naxçıvanski, Bəhram xan Naxçıvanski atasıdır.
Əmanulla xan Naxçıvanski | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 iyun 1845 |
Doğum yeri | |
Vəfat tarixi | 1891 |
Həyat yoldaşı | |
Uşağı | |
Atası | İsmayıl xan Naxçıvanski |
Həyatı
redaktəAman xan (Əmanulla) İsmayıl xan oğlu Naxçıvanski 15 iyun 1845-ci ildə Naxçıvan şəhərində anadan olub[1]. Onun doğum tarixi haqqında məlumat atası tam süvari generalı İsmayıl xanın 1895-ci ildə yazılmış xidmət kitabçasında göstərilibdir. İsmayıl xanın xidmət kitabçası 1895-ci ildə tərtib olunmuşdur və Rusiya Dövlət Hərbi Tarix Arxivinin 409-cu fondunda saxlanılır. İlk təhsilini ailə mühitində və babası I Ehsan xanın açdırdığı şəhər məktəbində alıb.
Rusiya Dövlət Hərbi Tarix Arxivinin 330-cu fondunda saxlanılan sənəddən məlum olur ki, ilk dəfə hərbi xidmətə Rusiya çarının xüsusi mühafizə dəstəsinin dördüncü manqasında silahdaşıyan kimi başlayıb. Həmin xidmətin tarixi də qeyd edilib: 1 may 1865-ci il. Qeyd edək ki, o vaxt onun 20 yaşı vardı. Bu vaxta qədər harada hərbi təhsil alması haqqında hələlikdə sənədlər tapılmayıb. Rusiya arxivindəki sənəddə "təhsil almayıb" yazılması inandırıcı deyil. Çünki Aman xanın atası Qafqazın həm məşhur generalı, həm də tanınmış ziyalılarından biri idi. Aman xanın təhsili ilə bağlı sənədləri axtarırıq. 13 sentyabr 1865-ci ildə Aman xan Sankt-Peterburqda mühafizə dəstəsində fəaliyyətə başlayır. Həmin il noyabr ayının 1-də yunker (gənc zabit) olan Aman xan özünün fəallığı ilə seçilir. Burada dörd il xidmət edəndən sonra ordudan tərxis olunur və Naxçıvana qayıdır. 1869-cu il avqustun 21-də Naxçıvan polisində gizir kimi fəaliyyətini davam etdirir. Çar sarayında xidmət edərkən "İmperator Aleksandr Nikolayeviçin mühafizə xidmətinə görə" adlı gümüş medalla təltif olunmuşdur. Bu medal Anna lenti ilə birgə verilmişdi və boyundan asmaq üçün idi.
Naxçıvan şəhərində işləyən və yaşayan Aman xan 1872-ci ildə Qarabağ xanı Mehdiqulu xanın nəvəsi Fatmabikə (Xanbikə) ilə ailə qurur. Xanbikənin anası şairə Xurşidbanu Natəvan Qarabağda atasının mülklərini idarə edirdi. Xurşidbanu həm ata, həm də ana tərəfdən Naxçıvan xanları ilə qohum idi. Onun atası Qarabağ xanları olmuş Cavanşirlərdən, anası isə Ziyadoğlu Qacarlardan olan Gəncə xanı Cavad xanın nəvəsi Bədircahan bəyim idi.
Aman xanın atasının nənəsi Tükəzban xanım İrəvan xanlarından – Dəvəli Qacarlardan olduğundan Kəngərlilərlə bu tayfalar arasında qohumluq, bir növ, təzələnmişdi. Elə bu səbəbdən də Xurşidbanu Natəvan qızını ata-babalarının (hər iki tərəfdən) qohumları və sədaqətli dostları olan general İsmayıl xanın oğlu Aman xana ərə vermişdi. Xanbikənin atası Dağıstanın Qaraqaytaq (kunuk) usmilərindən (xanlıqlarından) olan knyaz Xasay xan idi.
1877-ci ildə rus-türk müharibəsi başlayanda Aman xan İrəvandakı qeyri-nizami süvari polkuna səfərbərliyə çağırılır. 1877–1878-ci illərdə Aman xan atası İsmayıl xanla, əmisi II Kalbalı xanla və digər yaxın qohumları ilə birlikdə bu müharibədə iştirak etmişdir. 6 iyun 1877-ci ildə Bəyazid ətrafında gedən döyüşlərdə Aman xan ağır yaralanır. 23 gün atası İsmayıl xanla birlikdə Bəyazid qalasında mühasirənin sözlə ifadə edilə bilməyəcək dəhşətlərini və faciələrini yaşayır. 1877-ci ilin 19 dekabrında Rusiya çarının fərmanı ilə Saray Qvardiyasına məxsus kazak polkunda kornet (çar Rusiyasının süvari qoşunlarında zabit) rütbəsində hərbi xidmətə dəyişdirilir. 1878-ci il aprelin 25-də üçüncü dərəcəli Müqəddəs Anna (qılıncla və bantla birlikdə) ordeni ilə təltif edilir.
Bir vaxtlar onun nəvəsi Əxtər xanım (Əkbər xanın qızı) bu sətirlərin müəllifinə söyləmişdi ki, babası Aman xan Vladiqafqazda kazak polkunda hərbi xidmətdə olub, özü də yüksək rütbədə. Hətta nəql edirdi ki, babama Naxçıvanda hamı "Ataman Aman xan" deyirdi. Aman xan Naxçıvanski ilə Xanbikə xanım Usmiyevanın nikahından Bəhram xan (1872 — ?), Əkbər xan (1873–1961), Xaqan xan (? – ?), Kamran xan (? – ?), Ənvər xanım (? – 1910), Sənubər xanım (1888–1958) adlı övladları olmuşdur. Aman xanın Rusiya arxivlərindəki bəzi sənədlərdə familiyası Ehsanxanov kimi göstərilmişdir. Yəqin ki, bu, babası I Ehsan xanın şərəfinə belə yazılmışdır.
Aman xanın Naxçıvan şəhərində bir neçə mülkü olmuşdur. Əxtər xanımın dediyinə görə, Sovet hakimiyyəti onun mülklərini müsadirə etmiş, həbsxanaya çevirmişdi.
Ömrünün son illərini Naxçıvanda yaşayan, hərbi və mülki işlərlə məşğul olan Aman xan həm də Xok və Qıvraq kəndlərini idarə etmişdir. Xidmətləri müqabilində Rusiya hökuməti bu kəndləri tiyul olaraq ona bağışlamışdı. O, bu kəndlərdə maarif, mədəniyyət, quruculuq, təsərrüfat, ticarət işlərinə ciddi fikir vermiş və kənd sakinlərinə yaxından köməklik göstərmişdir. Məlumat üçün deyək ki, bu kəndlərin əhalisinin əksəriyyəti kəngərlilərdir (bu haqda sənədlər var – müəllif). Qıvraq kəndi Şahtaxtı gömrük-keçid məntəqəsinə yaxın yerləşdiyindən, o, burada qonaqlar üçün bir karvansara tikdirmişdi.
Aman xan Naxçıvanski təxminən 1891-ci ildə Naxçıvan şəhərində vəfat etmişdir. "Təxminən" ifadəsini ona görə yazırıq ki, onun vəfatı ilə bağlı hərbi məlumatı təsdiqləyəcək sənəd əldə etməmişik. Bununla bağlı Tiflisdə, Moskvada və Vladiqafqazda axtarışlarımız davam edir. Burada bir məsələni də hökmən qeyd etməliyik. Tədqiqatçı alim Bəylər Məmmədov yazdığı monoqrafiyada onun vəfatı tarixini 1884-cü il göstərir. Son illərin axtarışları göstərdi ki, bu fakt doğru deyil. Çünki onun sonbeşiyi Sənubər xanım 1888-ci ildə anadan olmuşdur. Aman xan Naxçıvan şəhərinin cənubunda yerləşən, İmamzadə türbəsinə bitişik olan I Kalbalı xan Kəngərlinin ailə sərdabəsində dəfn edilmişdir. Bu məlumatı ilk dəfə Əkbər xan Bəylər Məmmədova söyləmişdir. Burada bu incə məsələyə bir daha münasibət bildirmək yerinə düşərdi. Dindarlar belə deyirlər ki, türbədəki məzar imam qəbridir. Bu mübahisələrə son qoymaq üçün akademik İsmayıl Hacıyevlə birlikdə hazırladığımız əhatəli bir məqaləmiz "Şərq qapısı"nda işıq üzü görsə də, mütəxəssis memarlar, çox təəssüf ki, mübahisə doğuracaq məsələyə münasibətlərini bildirməyiblər. Axı burada tariximizin bir neçə yüzilinin səhifələrini yaratmış sərkərdələrin uyuduğu sərdabədən söhbət gedir. O sərdabədən ki, hələ 1926-cı ildə arxeoloq memar Sısoyev rəsmi olaraq onun Naxçıvan xanlarının məqbərəsi olduğunu bəyan etmişdir. Bunu naxçıvanlı ağsaqqallar və ağbirçəklər də təsdiqləyirdilər. Niyə bu mübahisəli məsələ sabaha qalsın, gələcək tədqiqatçılar üçün sual doğursun?! İmam türbəsinə xüsusi keçidlə bağlı olan iri günbəzli bina Naxçıvan xanlarının ailə sərdabəsidir.
Aman xan vəfat edəndə Əkbər xanın 18 yaşı vardı və o, atasının İmamzadə kompleksində dəfn olunduğunu yaxşı bilirdi. Çox təəssüflər ki, biz bu haqda vaxtilə yazmamışıq.
Aman xan vəfat edəndə atası İsmayıl xan sağ idi və onun Qafqaz Canişinliyində böyük nüfuzu vardı. Bir də ki, tapdığımız bir sənəddə Aman xan Bəyazid qəhrəmanı general İsmayıl xanın oğlu kimi yazılmışdır.
Məsələnin digər tərəfi də var. Həmin illərdə Qafqazın hər yerində xalq öz sevimli hərbçi oğullarını ibadətgahlarda dəfn edirdi.
Tiflisdəki Gürcüstan Milli Arxivindən tapdığımız sənədlərdə I Kalbalı xan İslamın tərəfdarı kimi göstərilmişdir. Bu, həqiqətdir. I Kalbalı xan da öz babaları kimi Şah İsmayıl Xətainin sədaqətli davamçısı olmuşdur və onun rəhbərlik etdiyi Kəngərli süvariləri atlarının başlarına qırmızı kaporlar bağlamışlar. 1920-ci ilədək döyüşlərdə belə, qızılbaşlar olduqlarını gizlətməmişlər. Bizcə, rəssamlar I Kalbalı xanın rəsmini çəkəndə bunu unutmamalıdırlar. Gürcü çarı II İraklinin papağına diqqət etsək, bir çox məsələlər biz tədqiqatçılara aydın olar. II İrakliyədək müsəlman gürcü çarları şiə təriqətində olmuşlar. Təsadüfi deyil ki, I Kalbalı xan II İraklinin müsəlmanlığı qəbul etmiş oğlu Aleksandrı (İskəndəri) Naxçıvanda və İrəvanda gizli terrorçulardan məharətlə qoruyurdu. Belə maraqlı bir haşiyədən sonra qayıdaq əsas mətləbimizə.
Aman xanın vaxtsız vəfatından sonra onun ailəsinə atası himayədarlıq etmişdir. 1908-ci ildə İsmayıl xan vəfat edir və Aman xanın övladları əziyyətlərlə üzləşməli olurlar.
Aman xanın övladları Naxçıvanın yağılardan müdafiəsi və tərəqqisi üçün böyük işlər görmüşlər.
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Aman xan Naxçıvanski: tanımalı və tanıtmalı olduğumuz şəxsiyyət". 2016-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-25.