Emir Kazim Mirze Qovanli Qacar - Wikipedia
Əmir Kazım mirzə Bəhmən mirzə oğlu Qovanlı-Qacar (1 may 1853, Şuşa – 1920, Gəncə) — general-mayor.[1]
Əmir Kazım mirzə Qovanlı-Qacar | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 may 1853 |
Doğum yeri | |
Vəfat tarixi | 1920 |
Vəfat yeri | |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Qoşun növü | süvari |
Rütbəsi | general-mayor |
Döyüşlər | |
Təltifləri |
Həyatı
redaktəƏmir Kazım mirzə Bəhmən mirzə oğlu 1853-cü ildə Şuşa şəhərində anadan olmuşdu. İlk təhsilini Tiflis gimnaziyasında almış, 20 yaşında isə Peterburqdakı Nikolayev süvari məktəbini bitirmişdir. 1873-ildə kornet-zabit rütbəsində Əmir Kazım hərbi xidmət üçün Qafqaz Əlahiddə ordusunun ordusunun 44-cü Nijeqorod alayına göndərilmişdir. Ən yaxşı süvari zabitləri sırasinda mayor Əmir Kazım mirzə 1881-ci ildə imperator III Aleksandrın tacqoyma mərasimində iştirak etmişdi. Süvari podpolkovniki Əmir Kazım mirzə 1895-ci ildə eskadronun komandiri təyin olunur. XX yüzilin ikinci ilində alay komandirinin birinci müavini kimi yüksək vəzifəyə təyin edilən polkovnik Əmir Kazım mirzə 1910-cu ildə general mayor rütbəsinə ucaldılmışdı[2]. Əmir Kazım Mirzə Gövhər xanımla ailə qurmuşdu. Darab mirzə, Davud mirzə adlı oğulları, Mənicə xanım, Ziba xanım, Leyla xanım və Aliyə xanım adlı qızları vardı.[3]
Mədəni fəaliyyəti
redaktəƏmir Kazım Mirzə təkcə hərbçi deyildi. O, xalqımızın maariflənməsində də yaxından iştirak etmiş, Tiflisdə və ayrı-ayrı qəzalarda ibtidai məktəblərin açılmasına maddi cəhətdən kömək göstərmiş və kasıb balalarını öz xərcinə oxutmuşdur. 1910-cu ildən Qafqaz Müsəlmanları Xeyriyyə Cəmiyyətinin fəxri üzvü olmuşdur. Onun həyat yoldaşı Gövhər xanım Ağa Ələkbər qızı İsmayılova-Qacar (1862–1927) 1905-ci ildə yaradılmış xeyriyyə cəmiyyətin sədri idi. Onun ən böyük xidmətlərindən biri 1912-ci ildə Tiflisdə Azərbaycan dram cəmiyyətinin təsisi və tamaşa binasinin açılmasinda yaxından iştirak olmuşdur. 1911-ci ildə dramuturq M.F. Axundovun yüzillik yubileyi də general-mayor Əmir Kazım mirzə Qovanlı-Qacarın sədrliyi ilə keçmişdi. 1913-cü ildə "Molla Nəsrəddin" jurnalı daha bir məhkəməyə çəkiləndə, onun müdafiəsinə qalxanlar arasında Əmir Kazım Mirzə Qacar da vardı.
Mükafatları
redaktə25 il 44-cü Nijeqorod alayında qüsursuz xidmət edən Əmir Kazım imperiyanın yüksək orden və medalları ilə təltif olunmuşdu.1877–78-ci illərdə olan Rus-Osmanlı müharibəsində onun dördüncü dərəcəli "Müqəddəs Stanislav" ordenləri ilə mükafatlandırılmışdi. 1895-ci ildə o, Buxara əmirliyinin üçüncü dərəcəli "Parlayan ulduz" ordeni ilə mükafatlandırılır. XIX yüzilin 70-ci illərindən hərbi xidmətə sürətlə irəliləyən igid zabit Əmir Kazım mirzəni hökumət səxavətlə təltif etmişdir. O, 1879-cu ildə üçüncü dərəcəli "Müqəddəs Anna", ikinci dərəcəli "Müqəddəs Stanislav" (qilincla birgə) , 1881-ci ildə ikinci dərəcəli "Müqəddəs Anna", altı il sonra üçüncü və dördüncü dərəcəli "Müqəddəs Vladimir" 1890-cı ildə isə İranın dördüncü dərəcəli məşhur "Şiri-Xorşid" ordenləri ilə mükafatlandırılmışdır. Əmir Kazım mirzə 25 il orduda qüsursuz xidmət etdiyinə görə, üstündə tuncdan tökülmüş atlı fiquru olan stolüstü saatla mükafatlandırılıb. Saatın üstündə "Əmir Kazım mirzəyə əla xidmətinə görə" sözləri yazilib. 44-cü Nijeqorod alayinin marşını çalan saat indidə işləyir. Bu qiymətli hədiyyə general Əmir Kazım mirzəyə 1898-ci il, dekabrin 16-da verilmişdi.
Cumhuriyyət illərində fəaliyyəti
redaktəCümhuriyyət qurulandan bir az sonra – 1918-ci il dekabrın 1-də Əmir Kazım Mirzə hərbi nazir Səməd bəy Mehmandarova bir raport yazır. Şəmistan Nəzirlinin bildirdiyinə görə, həmin raport Respublika Yeni Tarix Mərkəzi Dövlət Arxivində saxlanılır. O, raportda döyüş xidmətlərini sadalayır. 34 il hərbi xidmətdə olduğunu, az müddət istefada olsa da, hərbi işi yadırğamadığını, müasir hərbi ədəbiyyatı daim izlədiyini, "hərbi qulluğun müasir tələblərinə uyğun olaraq xidmət borclarını icra etmək bacarığına və gərəkli fiziki qüvvəyə malik olduğunu" yazır. Azərbaycanın hər hansı bir hərbi idarəsində iş istəyir: "Zati-aliləri, bu, Vətənin keçdiyi bu ağır vaxtda öz xalqıma xeyir verər, həm də ailəmin zəifləmiş iqtisadi vəziyyətini yaxşılaşdırardı".[4] Onu ordu quruculuğuna cəlb edirlər. Səməd bəy Mehmandarovun əmri ilə Əmir Kazım Mirzə Gəncənin komendantı təyin olunur.
Ölümü
redaktəAprel çevrilişindən sonra Əmir Kazım Mirzə Qacar Gəncə üsyanında fəal iştirak edir, əsir düşür və 1920-cu ildə fövqəladə komissar Tixarelinin əmri ilə Gəncə şəhərində öldürülür. Onun kürəkəni Cahangir Qayıbov (Qafqaz müftisi Mirzə Hüseyn Qayıbovun oğlu) da 1937-ci ildə Tiflis fövqəladə komissiyasının əmri ilə güllələnmişdir.[5]
Ölümündən sonra Məhəmməd Əmin Rəsulzadə "Azərbaycan Cümhuriyyəti" əsərində Əmir Kazım Mirzə Qacarı da xatırlayır və onu "istiqlal şəhidi" adlandırır.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Xalq Cumhuriyyəti Ensiklopediyası II cild. Bakı: "Lider" nəşriyyat. 2005.
- ↑ Süleymanov, Mehman. Azərbaycan ordusu (1919-1920). Bakı: "Hərbi"nəşriyyatı. 1998.
- ↑ "Doğranmış generalımız – Əmir Kazım Mirzə Qacar". 2017-02-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-01-15.
- ↑ "Şahzadə Əmir Kazım Mirzə Qacarın Səməd bəy Mehmandarova raportu". 2019-01-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-01-15.
- ↑ Çingizoğlu, Ənvər. Qacarlar və Qacar kəndi. Bakı: Şuşa nəşriyyatı. 2008.