Esger Abdullayev Alim - Wikipedia
Abdullayev Əsgər Ələkbər oğlu (1 yanvar 1927-ci il, Eyvazlı, Qubadlı rayonu, Azərbaycan SSR) — avtomatika sahəsində Azərbaycan alimi, mühəndis-elektrik, AMEA-nın müxbir üzvü (1969), SSRİ Dövlət mükafatı laureatı (1969), Azərbaycan SSR Əməkdar mühəndisi (1964), texnika elmləri doktoru(1969), professor (1970), SSRİ Nazirlər Soveti Mükafatı laureatı (1988).[1][2][3]
Əsgər Abdullayev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Eyvazlı, Qubadlı rayonu |
Vəfat tarixi | |
Vəfat yeri | |
Elmi dərəcəsi | |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları |
|
Həyatı
redaktəƏsgər Abdullayev 1 yanvar 1927-ci ildə Qubadlı rayonunun Eyvazlı kəndində anadan olmuşdur. 1943-cü ildə Kəlbəcər şəhərində orta məktəbi bitirən Əsgər Abdullayev 1944-1949-cu illərdə Azərbaycan Neft və Sənaye İnstitutunun Energetika fakültəsində təhsil almışdır.[1][2]
İnstitutu bitirdikdən sonra Azərbaycan EA-nın Energetika İnstitutunun əyani aspiranturasına qəbul olan Abdullayev 1951-ci ildə SSRİ EA-nın Avtomatika və Telemexanika Elmi-Tədqiqat İnstitutunun (Moskva) aspiranturasına ezam edilmişdir.[1][3]
Fəaliyyəti
redaktəƏmək fəaliyyəti
redaktəƏsgər Abdullayev üç il (1951-1954) ATİ-da kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1953-cü ildən Sovet İttifaqı Kommunust Partiyasının üzvü olmuşdur. 1954-cü ölkəyə qayıdan Əsgər Abdullayev Azərbaycan Neft Maşınqayırma Elmi-Tədqiqat İnstitutunda "Avtomatika və telemexanika" laboratoriyasını yaratmış və ona rəhbərlik etmişdir. 1956-cı ildən böyük elmi işçi vəzifəsində çalışmışdır. Abdullayeva 1957-ci ildə yaratdığı "Avtomatika və telemexanika" bölməsi əsasında Sumqayıtda neft və neftkimya sənaye sahələrinin kompleks avtomatlaşdırılması üzrə Elmi-Tədqiqat və Layihə İnstitutu (Neftkimyaavtomat ETLİ) yaratmaq həvalə olunmuş və 1959-cu ildə instituta direktor təyin edilmişdir.[1][2]
Əsgər Abdullayevin rəhbərliyi ilə hazırlanmış 500-dən artıq qurğu hal-hazırda Azərbaycan, Qərbi Sibir, Qazaxıstan, Türkmənistan, Başqırdıstan və Tatarıstanın neft mədənlərinin quyularında istifadə edilir.[1]
Əsgər Abdullayev avtomatik idarəetmə sistemi üzrə SSRİ Milli Komitəsi Bakı ərazi qrupunun, SSRİ Cihazqayırma Nazirliyinin İdarəetmə Sistemləri və Vasitələri Elmitexniki Şurasının, ASE Redaksiya Heyəti, Kimya Redaksiya Şurasının üzvü, Bilik Cəmiyyətinin Sumqayıt şəhər şöbəsinin sədri olmuşdur.[1]
Əsgər Abdullayev 1980-ci ildə Əli Bayramlıda (indiki Şirvan) "Cihazqayırma" və "Avtomatika və telemexanika" zavodları, Sumqayıtda təcrübə bazası işə salınmış, Horadiz qəsəbəsində, Cəbrayılda, Şuşada (Malıbəylidə), Qubadlıda, Lənkəranda zavod filialları, Qroznıda, Volqoqradda institutun filialları yaradılmışdır. 1985-ci ildə Bakı şəhərindəki Təcrübə zavodu və Şirvandakı iki zavod əsasında "Neftqazavtomat" Elmi İstehsalat Birliyi yaradılmış, Əsgər Abdullayev orada əvvəlcə baş direktor, 1994-cü ildən isə baş elmi məsləhətçi vəzifəsində çalışmışdır.[1][2]
Elmi fəaliyyəti
redaktəƏsgər Abdullayev 1953-cü ildə "Ümumi qida magistralı ilə birləşmiş kompressor quyu qruplarının avtomatik tənzimlənməsi" mövzusu üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. Həmin institutda işlədiyi illərdə adi aspirantdan yüksəkixtisaslı mütəxəssis səviyyəsinə qədər yüksəlmişdir.[1][2][3]
1969-ci ildə dissertasiya müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsini, 1970-ci ildə professor elmi adını almışdır. O, 1969-cu ildə Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.[1][2][3]
Əsgər Abdullayevin rəhbərliyi altında 200-dən artıq texnika elmləri doktoru və namizədi yetişmişdir. Alim 10-dan çox monaqrafiyanın, 300 elmi məqalənin, 60-dan artıq ixtiranın müəllifidir.[1]
Beynəlxalq konfranslarda, o cümlədən ABŞ-da (Boston - 1975, Alyaska - 1987), Hollandiya (Haaqa) - 1977, Macarıstanda (Budapeşt) - 1982-ci ildə keçirilən konfranslarda məruzələrlə iştirak etmişdir.
SSRİ avtomatlaşdırma və idarəetmə sistemlərinin cihazqayırma nazirinin müavini E.B.Smirnovun sözlərinə görə, Ə.Ə.Abdullayevin əsərləri "neft-qaz sənayesində idarəetmənin avtomatlaşdırılması nəzəriyyəsi və praktikasını zənginləşdirmiş, sistemli və çoxsəviyyəli idarəetmənin əsasını qoymuş və neft sənayesinin avtomatlaşdırılmasına vahid texniki, informasiya və təşkilati dəstəyə əsaslanan çoxdövrəli yanaşma təklif etmişdir". V. A. Trapeznikov (akademik, İdarəetmə Problemləri İnstitutunun fəxri direktoru) və İ. V. Pranqişvili (GSSR Elmlər Akademiyasının akademiki, İdarəetmə Problemləri İnstitutunun direktoru) qeyd etmişlər ki, "o və onun elmi məktəbi tərəfindən karbohidrogen tərkibli xammalın emalı proseslərinin ümumi idarəetmə prinsiplərinin əsası qoyulmuş, yeni istiqamət olan texnoloji idarəetmə obyektlərinin modellərinin parametrlərinin qiymətləndirilməsində struktur uyğunlaşma inkişaf etdirilmişdir"; "neft hasilatı birlikləri və müəssisələri üçün avtomatlaşdırılmış idarəetmə sistemlərinin qurulmasının nəzəri əsasları hazırlanmış, informasiya-nəzarət kompleksləri yaradılmışdır. Neft və neft məhsullarının daşınması və saxlanması obyektlərinin avtomatlaşdırılması və idarə edilməsinin nəzəri və praktiki əsasları işlənib hazırlanmışdır".
Pedaqoji fəaliyyəti
redaktəƏsgər Abdullayev AzİNEFTEXİM-də mühazirə oxumuş, avtomatik idarəetmə nəzəriyyəsi üzrə Azərbaycan dilində dərslik hazırlamışdır. Onun Azərbaycan dilində yazılmış “Avtomatik tənzimləmə” kitabı indiyədək ali məktəb tələbələrinin əsas tədris vəsaitlərindəndir. [3]
Vəfatı
redaktəƏsgər Abdullayev 1998-ci il 15 aprel tarixində Bakı şəhərində vəfat etmişdir.[1]
Mükafatları
redaktə- "Şərəf nişanı" (1966) ordeni;
- "Oktyabr inqilabı"(1976) ordeni;
- "Əmək igidliyinə görə" (1970) medalı;
- "Qırmızı əmək bayrağı"(1971) ordeni;
- "Azərbaycan SSR Əməkdar mühəndis" fəxri adı;[3]
- SSRİ Dövlət mükafatı laureatı (1969);[3]
- SSRİ Nazirlər Sovetinin mükafatı (1988);
Əsgər Abdullayev Azərbaycanda texnika sahəsində ilk elm xadimidir ki, SSRİ Dövlət mükafatı laureatı adına layiq görülmüşdür. 2007-ci ilin sonunda Ə.Ə.Abdullayevin anadan olmasının 80 illiyi münasibətilə Bakının "Elm" nəşriyyatında "Azərbaycan elm və mədəniyyət xadimləri" böməsində "Əsgər Abdullayev – 80" biblioqrafik kitab nəşr edilmişdir.[1][2]
Ədəbiyyat siyahısı
redaktə- Avtomatik tənzimləmə:nəzəri əsasları: ali texniki məktəblər üçün dərs vəsaiti /Ə.Ə.Abdullayev; elmi red. T.Əliyev.-Bakı: Maarif, 1972.-471, [1] s.
- Əsgər Ələkbər oğlu Abdullayev: Biblioqrafiya /AMEA; elmi red.T.A.Əliyev; tərtibçi G.Ə.Abdullayeva.-Bakı: Elm, 2007.-184 s.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 "Əlamətdar və tarixi günlər təqvimi" (PDF) (Azərbaycan). anl.az. 25.12.2020 tarixində arxivləşdirilib (PDF).
- ↑ 1 2 3 4 5 6 7 "Abdullayev Əsgər Ələkbər oğlu" (Azərbaycan). science.gov.az. 2023-05-09 tarixində arxivləşdirilib.
- ↑ 1 2 3 4 5 6 7 "Avtomatik idarəetmə sahəsində elmi məktəb yaratmış görkəmli alim - Əsgər Abdullayev". azertag.az. 12.01.2023. İstifadə tarixi: 13.05.2024.